Azərbaycanın seçimi:
İnkişaf Ləyaqət Humanizm Asayiş Məsuliyyət
Azərbaycan vətəndaşı növbəti seçim qarşısındadır.
Azərbaycan vətəndaşı 20 illik şərəf salnaməsinin yeni nailiyyət səhifələrini yazmaq, yaxud da
20 il əvvəlki məşəqqətlər dövrünə dönüş seçimi qarşısındadır.
Azərbaycan vətəndaşı xeyirlə şərin, haqqla ədalətsizliyin, uğurla faciənin, tərəqqi ilə böhranın, azadlıqla xaosun, real siyasətlə macəraçı avantüra seçimi qarşısındadır.
Azərbaycan vətəndaşı Heydər Əliyevin əmanəti olan müstəqil, qüdrətli dövlətini ya gücləndirmək, ya da ki yenidən tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşmək seçimi qarşısındadırE
Azərbaycan vətəndaşının seçim müdrikliyinə əsaslansaq, belə alternativlərlə olacaq seçimin namizədi də, nəticəsi də elə indidən bəllidir.
Seçim Azərbaycan naminədirE
Seçim Heydər Əliyev siyasi kursunun növbəti qələbəsi uğrundadırE
Seçim ümummilli etimad, inam ünvanınadırE
Seçimin qalibi isə əlbəttə ki, dəyişməzdir - İLHAM ƏLİYEV!
10 il öncə - 2003-cü ilin 15 oktyabrında seçki bülletenində seçicilərin mütləq əksəriyyətinin məhz "İlham Əliyev" qrafasına etimad nişanını həkk etdirmələrinin mühüm səbəbləri vardı. Əvvəla, dövləti dağılmaqdan, xalqını isə səfalətdən xilas edən ümummilli lider vətəndaşlarına son müraciətində Ona özü qədər inandığını bəyan etmişdi. Digər tərəfdən, xalq siyasi avantüristlərin, xaos daşıyıcılarının yenidən ölkənin müqəddəratını həll etmək səlahiyyətini qazana biləcəyi təhlükəsini dərk edərək belə gedişatın qarşısını ala biləcək şəxslə bağlı konkret iradə nümayiş etdirdi.
Bütün bu səbəblərlə yanaşı, xalqın seçimində bir vacib məqam da özünü ən qabarıq tərzdə göstərdi: İlham Əliyev ismi 1994-cü ildən etibarən ölkənin ictimai, siyasi, iqtisadi, diplomatik, hətta idman həyatında tədricən başlıca faktora çevrilmişdi. O, 9 il ərzində müxtəlif sahələr üzrə əvvəllər fəal icraçı, sonradan mahir təşkilatçı, ardından düzgün istiqamətverici, bir qədər sonra isə qətiyyətli rəhbər ampluasında öz bacarıq və qabiliyyətini təsdiq etmişdi. 2003-cü ilədək İlham Əliyev amili uğurlu fəaliyyət rəmzi sayılmaqla bərabər, eyni zamanda, nüfuz və etimadın təcəssümü idi. O, xalqın inamını qazanıb Milli Məclisə deputat seçilir, parlamentin dəstəyi ilə Azərbaycanı AŞ PA-da təmsil edir, avropalı deputatların etimadını əldə edərək bu beynəlxalq təşkilatın sədr müavinliyinə yüksəlir, ən nəhayət, 2003-cü ilin avqustunda Prezident və parlament xalqın sosial sifarişini rəsmiləşdirirlər: Baş nazir vəzifəsi Azərbaycanın texnokrat təfəkkürlü yeni birləşdirici liderinə, bacarıqlı iqtisadçısına, peşəkar diplomatına, mahir siyasətçisinə, bir sözlə, bu nailiyyət göstəricilərini bütünlüklə öz şəxsində uğurla tamamlayan İlham Əliyevə həvalə edilir.
İlham Əliyevin fəaliyyəti daim inam qazanmaq və bu inamı doğrultmaq missiyasını əks etdirir. O, xalqdan, ümummilli liderdən, parlamentdən, hökumətdən aldığı etimadı həmişə yüksək dəyərləndirib və bunu özü üçün ən mühüm öhdəlik kimi müəyyənləşdirib. Məhz bu baxımdan da 10 il öncə Azərbaycan xalqının mütləq əksəriyyətindən qazandığı dəstəyi doğrultmaq üçün "Əsl siyasət real və konkret iş görməkdən ibarətdir" - mülahizəsinə söykənərək tariximizin yeni nailiyyət səhifələrinin müəllifinə çevrildi. Cənab İlham Əliyev üçün etimadın realizəsi həmişə strateji sahələrin - iqtisadiyyatın inkişafı, sosial yüksəliş, demokratiyanın tam təmini, sabitliyin möhkəmlənməsi kimi məsələlərin həllinə yönəlib və uğurla yürüdülüb.
Prezidentin
konkret missiyası var: Heydər Əliyevin banisi olduğu
müstəqil Azərbaycanı daha da inkişaf etdirmək,
qüdrətləndirmək, dünya birliyinə sivil, modern
dövlət kimi daxil olmaq. Ötən 10 il ərzində bu
istəyə tam nail olundu. Bu gün Azərbaycan
inkişafın dinamikasına görə dünyada lider
ölkələrdəndir, bölgənin güc mərkəzi
və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi
siyasətinin başlıca təminatçılarındandır,
qitələri birləşdirən enerji və kommunikasiya dəhlizlərinin
"strateji dispetçeridir", Azərbaycanı özlərinin
marionet vassalına çevirmək istəyən fövqəldövlətlərin
arzularını gözündə qoyaraq onlarla strateji müttəfiqlik
yaradan respublikadır, ən nəhayət, azad və firavan
yaşayan, rəhbərinə və dövlətinə
güvənən xalqın qüdrətli dövlətidir.
Bütün bu faktlar isə Prezident İlham Əliyevin fəaliyyət
hesabatının yalnız bir hissəsidir.
Dörd
ay sonra seçki kabinəsinə girəcək hər bir vətəndaşımız
bülletendəki çoxsaylı namizədlərin
adlarını bir daha oxuyaraq son seçimini müəyyənləşdirəcək.
Bu insanların, şübhəsiz ki, mütləq əksəriyyəti
yenə də səsini, demək, həm də inamını,
ümidini İlham Əliyev seçiminə yönəldəcək.
Əlbəttə, hər bir seçici liderinə dəstəyini
bildirərkən öz şüuru, məntiqi, vicdanı
qarşısında "niyə məhz İlham Əliyevə
səs verməliyəm" - sualını qoyacaq.
Həqiqətən
də niyə məhz İlham Əliyev?
Bu sorğunu cavablandırmaq olduqca asan, eyni zamanda, çox çətindir! Asanlığı şərtləndirən məqam odur ki, konkret hər bir kəs son 10 ildə şəxsi konteksdə yanaşanda daim yüksələn güzaranını, geniş miqyasda isə qüdrətlənən dövlətini hər gün, hər saat müşahidə etmək imkanına sahib olduğundan və bu nailiyyətlərin səbəbkarını tanıdığından, cənab İlham Əliyevin xüsusi seçki təşviqatına əsla zərurət duyulmur. Bu işin çətinliyi isə bir qəzet məqaləsinə sığmayacaq fakt və arqumentlər bolluğunun qısa xülasəsini hazırlamaqdır. Mahiyyətində və inkişaf təmayülündə tarixin bir neçə onilliyini yaşadan son 10 ilin xronologiyasını tam əks etdirməyi isə biz ekspertlərin və salnaməçilərin öhdəsinə buraxırıq.
Fəqət, Prezident İlham Əliyevin fəaliyyətini qısaca da olsa təhlil edərkən bir neçə mühüm məqama diqqət yetirməmək olmur:
İlham Əliyev milli
inkişafın təkanvericisi
və təminatçısıdır
Prezidentin fəaliyyəti bütünlüklə inkişaf göstəricisidir. Tək bu faktlar ölkə başçısının fəaliyyətinə real qiymət vermək üçün kifayətdir: artıq neçə illərdir ki, ÜDM-in artım temrinə görə Azərbaycan dünyanın lider ölkələrindəndir. Bu gün Azərbaycanın büdcəsi Qafqazın digər iki dövlətinin birgə büdcəsindən bir neçə dəfə artıqdır. Ümumi daxili məhsulun həcmi 70 milyard ABŞ dolları olan respublikamız Cənubi Qafqaz regionunun iqtisadiyyatında 80 faizlik paya sahibdir.
Ölkə iqtisadiyyatına indiyədək 140 milyard dollar məbləğində sərmayə qoyulub, valyuta ehtiyatlarımız 48 milyard ABŞ dollarına çatıb. 40 mindən artıq yeni müəssisə, bir milyon yüz mindən çox iş yeri açılıb və beləliklə də işsizlik səviyyəsi 5,3 faizə enib, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizədək azalıb. Maaşlar, təqaüdlər mütəmadi olaraq artır, dövlətin ayırdığı sosial yardımlar çoxalır. Əhalinin batmış əmanətləri dövlət vəsaiti hesabına əmanətçilərə qaytarılıb. Ötən müddət ərzində dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, strateji valyuta ehtiyatları 29,1 dəfə, qeyri-neft sektorunda ÜDM istehsalı 2,4 dəfə, adambaşına düşən ÜDM istehsalının həcmi 2,7 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,6 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə, tikinti sektoru 3,8 dəfə, əsas kapitala yönəldilmiş investisiyaların həcmi isə 4 dəfə artıb. Azərbaycan rəqabətədavamlılığa görə dünyada 46-cı yerdədir.
MDB məkanında məhz Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuran ilk dövlət olaraq dünyanın maraqla öyrəndiyi "İnkişafın Azərbaycan modeli"ni formalaşdırmış və inkişaf etmiş ölkələr sırasına qoşulmaq məramını elan etmişdir.
İlham Əliyev daşıyıcı
olduğu yüksək əxlaq və mənəvi dəyərləri ilə
siyasətdə ləyaqətlilik
nümunəsi yaradan liderdir
Prezident, ümumiyyətlə, bütün siyasi fəaliyyəti dövründə əxlaq və mənəviyyatı özü üçün əsas istinadgah seçib. Əslində, Heydər Əliyev siyasi məktəbinin yetirməsi üçün bu prinsiplər prioritet olmalı idi. O, heç vaxt siyasi intriqalara yol vermədi və onların iştirakçısı olmadı. Daim şəffaf fəaliyyət yürütdü və yürüdür. Cənab İlham Əliyev siyasətçi üçün xəyanəti, məkri, avantüranı ən xəbis keyfiyyət sayır. Onun nəzərində xalqın inamını qazanmaq üçün yalnız bir vasitə var - əxlaqlı, ləyaqətli siyasətlə dövlətə və millətə xidmət. O, heç vaxt yolundan sapmadı, məqsədindən dönmədi, özü üçün müəyyənləşdirdiyi siyasi istiqaməti əsla dəyişdirmədi. Siyasi kursuna, strateji hədəflərinə daim sadiq qalan cənab İlham Əliyevlə görəsən, mövcud müxalifət rəhbərlərini - müttəfiqlərinə xəyanətə, siyasi separatçılığa, alınıb-satılmağa vərdiş etmiş adamları müqayisə etmək olarmı? Əsla, yox!!! Bir qrant üçün xarici havadarlarının hətta erməni əsilli olmasına baxmayaraq, onlara "ləbbeyk" deyən bu müxalifətçilər Prezidentin beynəlxalq təşkilatların, xarici dövlətlərin rəhbərləri ilə müzakirələrdə dövlətin maraqlarını necə prinsipial müdafiə etməsini, fövqəldövlətlərin Azərbaycanla bağlı hərbi, siyasi, energetik planlarını daim qətiyyətlə rədd etməsini görüb, bu ləyaqət və əxlaq nümunəsindən niyə örnək götürmürlər?!
İlham Əliyev əsl əqidə adamıdır. O, əyilməyi bacarmır, eləcə də əyməyi sevmir. Onun siyasi mübarizəsi də bir KİŞİLİK FƏDAKARLIĞIdır. Sözü ilə əməli uzlaşan, niyyəti ilə fəaliyyəti eyni olan Prezident artıq öz şəxsi nümunəsi ilə millətin ləyaqət göstəricisinə çevrilib.
İlham Əliyev qətiyyətli
olduğu qədər də
humanizm, mərhəmət prinsiplərinə söykənən rəhbərdir
Prezident ölkədə milli birliyi, vətəndaş sülhünü yaratmağı həmişə vacib sayıb və buna nail olub. Bu mühüm proseslərin təminində məhz ölkə rəhbərinin imzaladığı əfv və amnistiya aktlarının xüsusi rolu olmuşdur. Prezident üçün humanizm, mərhəmət sırf xarakterik dəyərdir. Bu baxımdan da dövlət başçısı bağışlamağı bacarır, islah olunmuş insanların ailələrinə, ictimaiyyətə sağlam ab-havada qayıtmaları üçün bütün tədbirləri həyata keçirir.
Cənab İlham Əliyev cəmiyyətin köməyə ehtiyacı olan təbəqələrinə yardım göstərməyi, onların problemlərinin həllini təxirəsalınmaz işlər sırasında dəyərləndirir. Bu şərəfli missiyanın gerçəkləşməsində dövlət başçısının ən böyük yardımçısı olan Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində artıq məlum zümrələrə dövlətin qayğısı, diqqəti sistemli hal alıb və genişmiqyaslı himayədarlıq siyasətinə çevrilib. Bu gün Prezidentin, eləcə də birinci xanımın poçtuna daxil olan və onlardan yardım uman vətəndaşların heç biri naümid qalmır. "Mən hər bir azərbaycanlının Prezidentiyəm" - kredosuna sadiq olan ölkə rəhbəri həm də qayğıya, dəstəyə ehtiyacı olan vətəndaşlarının səmimi dostu, etibarlı dayağıdır.
Bu ölkədə hər kəs bilir ki, Prezidentə edilən ən xırda müraciət belə diqqətdən kənar qalmayacaq. O, hamının ümid qapısıdır, Prezident bütün vətəndaşlarının inam ünvanıdır, İlham Əliyev hər bir azərbaycanlının mərhəmətli, humanist, qayğıkeş Prezidentidir.
İlham Əliyev dövlətinin, millətinin, vətəndaşının asayişinə, təhlükəsizliyinə cavabdehliyi ən vacib
öhdəlik kimi qəbul edərək bunları tam doğruldan Prezidentdir
Prezident böyük çətinliklər bahasına əldə edilən sosial-iqtisadi inkişafın əsas rəhni kimi ictimai-siyasi sabitliyi və ölkədəki asayişin möhkəmliyini qəbul edir. Bu baxımdan da bu məqamlar ölkə rəhbərinin fəaliyyətində daim diqqət mərkəzində durur. Azərbaycan vətəndaşları 1988-1993-cü illərdə həyatlarının daim təhlükədə olmasını, hər an oğurlanmaq, əsassız həbs olunmaq, əmlakını itirmək qorxusunu hələ də unutmayıblar. Xaosun həmin dövrdə asayişi üstələməsi bütün cəmiyyətdə xof yaratmışdı.
Heydər
Əliyevin böyük çətinliklər hesabına bərqərar
etdiyi sabitlik və asayiş bu gün cənab İlham Əliyev
tərəfindən daha da möhkəmlənib. 2003-cü ilin
prezident seçkilərinin növbəti günü paytaxtda
10 il öncə susdurulan xaos elementləri xarici təhrikçilərin
dəstəyi ilə baş qaldırmağa cəhd göstərilsə
də, bu zərərli meyil qətiyyətlə aradan
qaldırıldı. Sonrakı dövrdə də dəfələrlə
müstəqil dövlətimizin böyük nailiyyəti olan
möhkəm asayişə qarşı cəhdlər oldu,
lakin onlar da Prezidentin prinsipial səyləri ilə aradan
qaldırıldı. Sabitliyin davamlılığının,
dönməzliyinin təminatçısı olan Prezident
İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində
bu gün Azərbaycan asayişin qorunması sahəsində
MDB və Şərqi Avropa məkanında ən yaxşı
göstəriciyə malikdir.
İlham
Əliyev etimadını
qazandığı
xalqı və Ona özü qədər inanan ulu
öndərin
ruhu qarşısında daşıdığı məsuliyyəti
sözü, əməli, xarakteri ilə
doğruldan liderdir
İlham
Əliyev şərəfli bir missiya yürüdür - ləyaqətlə,
uğurla və məsuliyyətlə! Onun vətəndaşlarının
qarşısında daşıdığı öhdəliyə
necə əməl etməsini təsdiqləməyə, əslində,
zərurət yoxdur. Ən ucqar dağ kəndinə çəkilən
müasir yolun açılışı üçün
şəxsən avtomobil sürən, paytaxtdakı yolun keyfiyyətini
yoxlamaq üçün isə özü xüsusi aparatla
asfaltın dərinliyini ölçən, tarix boyu qaz görməyən
yaşayış məntəqələrində qaz pilitəsini
yandıran, kəndlərdə tikilən körpülərlə
yanaşı, Bakıda inşa olunan ən müasir
yolötürücülərinin də lentini kəsən, ən
sonuncu çadır şəhərciyindən yeni qəsəbəyə
köçən məcburi köçkünün
qonağı olan, Qafqazın ən güclü Ordusuna
çevirdiyi Silahlı Qüvvələrin zabit və əsgərlərini
səngərdə ziyarət edən, onlarla çörək
kəsən Prezident 10 il öncə verdiyi bütün vədləri
məsuliyyətlə doğrultdu. Bu gün məhz Prezident
İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi
olaraq, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür və dünya kosmik
klubunda layiqincə təmsil olunur. İndiyədək beş
mindən çox gənc dövlət hesabına xarici ölkələrin
tanınmış universitetlərində təhsil alıb.
Regionların
inkişafını əsas məqsəd elan edən ölkə
rəhbəri kəndə şəhər siması gətirdi,
rayon mərkəzlərini paytaxt səviyyəsinə yüksəltdi,
paytaxtın isə dünyanın ən müasir və
zövqlü meqopolisləri kimi yenidən qurulmasına nail
oldu. Abadlıq və quruculuq cəmiyyətdə insan hüquq
və azadlıqlarının tam təmini, demokratiyanın möhkəmlənməsi, vətəndaş
cəmiyyətinin və hüquqi dövlətin təşəkkülü
kimi mühüm proseslərlə müşayiət olundu.
Prezident cəmiyyəti yalnız zahirən müasirləşdirmədi,
həm də dövləti bütün mahiyyəti ilə
modernləşdirdi. İlham Əliyev komandasının
bütün üzvlərinə, rəhbər vəzifələrdə
çalışan məmurlara birmənalı bildirdi: mən
başda olmaqla, hamımız xalq qarşısında, bizə
etimad göstərən vətəndaşlar
qarşısında məsuliyyət daşıyırıq,
bu məsuliyyəti doğrultmayanların isə aramızda
yeri yoxdur! Son 10 ildə iqtidar komandası rəhbərin bu
göstərişinə əməl etdi. Öz
"metodları" ilə işləmək istəyənlər
iqtidardan kənarlaşdırıldı, korrupsiyaya
qurşanaraq vəzifə səlahiyyətlərini aşanlar,
beləliklə də Prezidentin məsuliyyətlə işləmək
tələbinə əməl etməyən, həm də
siyasi xəyanətə yol verənlər isə layiqli cəzalarını
aldılar.
Bu
baxımdan, Prezidentin ad abreviaturasını - İnkişaf, Ləyaqət,
Humanizm, Asayiş, Məsuliyyət məfhumları ilə əlaqəndirməyimiz
heç də ritorika əlaməti sayılmamalıdır.
Bu
ifadələr İlham Əliyevin fəaliyyət və
xarakter meyarlarıdır!
Bu gün tam əminliklə demək olar ki, əslində, İlham Əliyev şəxsiyyətinin bənzərsiz nüfuzu, Onun ümummilli və beynəlxalq miqyasda qazandığı yüksək imici heç də Prezident vəzifəsinin məziyyətləri ilə müəyyənləşməyib. Əksinə, cənab İlham Əliyevin şəxsi keyfiyyətləri, liderlik qabiliyyəti, diplomatik məharəti, xalqına və dövlətinə təmənnasız xidməti onu örnək rəhbərlər səviyyəsinə ucaltmış və beləliklə də Azərbaycan Prezidenti postuna şərəf, nüfuz bəxş etmişdir.
İlham Əliyev xarizması bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Onunla hesablaşırlar, onun rəyini öyrənirlər, onun dostluğunu qazanmağa, onunla münasibət qurmağa çalışırlar. O, aparıcı xarici təşkilatların, fövqəldövlətlərin ən yüksək səviyyədə qarşılanan qonaqlarındandır. Azərbaycan Prezidentinin sahib olduğu 18 akademiya və universitetin fəxri professoru, doktoru elmi adı (ABŞ-ın Linkoln Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ankara Universiteti, Ukrayna Milli Akademiyası, Belarus Dövlət Universiteti, Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universiteti, Macarıstan Korvinus Universiteti, İordaniya Universiteti, Qazaxıstan Avrasiya Milli Universiteti, Cənubi Koreya Kyung Nee Universiteti, Bilkənt Universiteti və s.), həmçinin 19 dövlətin və təşkilatın ən ali təltifləri (Rusiyanın I dərəcəli "Prerodobniy Serqiy Radoneyskiy" ordeni, Fransanın "Şərəf Legionunun Böyük Xaçı", "Rumıniya ulduzu", Gürcüstanın Şərəf ordeni, "Kral Əbdül Əziz" ordeni, Küveytin "Mübarək əl-Kəbir" ordeni, Ukraynanın I dərəcəli Knyaz Üaroslav Mudrı ordeni, Polşanın "Xidmətlərə görə" Böyük Xaç ordeni, Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı, Tacikistanın "İsmoili Somoni" ordeni, "Böyük Kordon" Şərəf ordeni, "İdman Əfsanəsi" ordeni və s.) onun beynəlxalq nüfuzunun əyani göstəricilərindəndir.
Prezidentə olan etimad artıq
ümummilli məna kəsb edir. İlham Əliyev
qarşıdakı prezident
seçkilərinə də
misilsiz güc və yüksək siyasi potensialla - xalqın yeganə namizədi olaraq gedir.
Onunla seçki yarışına
girəcək "siyasi
macəraçıların" isə sadəcə, bir məqsədləri var - tarixə İlham Əliyevlə mübarizə aparacaq şəxslər kimi düşmək!
Bu adamların ən yaxşı halda İlham Əliyevdən 10
dəfə az
səs toplayaraq birmənalı məğlubiyyətə
düçar olacaqları
da onlar üçün əslində,
böyük şans kimi qiymətləndirilməlidir.
Həqiqətən də İlham Əliyev kimi xarizmatik şəxsiyyətə
məğlubiyyət təsəllidir,
şansdır!
Cənab İlham Əliyevin
2013-cü ilin oktyabrında
qazanacağı qələbəni
bütün sosioloji sorğular, yerli və xarici ekspert rəyləri, ən əsası isə xalqın birmənalı mövqeyi indidən təsdiqləyir. Bu qələbə
artıq faktdır, özü də halal qələbədir!
Azərbaycan vətəndaşları, əslində, dörd ay sonra baştutacaq səsverməyə prezident
seçkilərindən daha
çox, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin fəaliyyətinə ümumxalq
etimad referendumu kimi yanaşır. Seçicilər bu aksiyada yalnız ictimai mövqelərini bildirməyəcəklər,
həm də tarixin arxivindən hələ də baş qaldırmağa çalışan məlum
qüvvələrə birdəfəlik
YOX deyəcək, ulu öndərin siyasi xəttinin alternativsizliyini
növbəti dəfə
təsdiqləyəcəklər.
Xalq geriyə
- xaosa, böhrana, fəlakətə deyil, sabaha - davamlı tərəqqiyə,
yüksələn rifaha, qüdrətli dövlətə səs
verəcək! Bu isə əsl vətəndaş münasibəti
olacaq!
Yolumuz
İlham Əliyevlədir!
Yolumuz yenə
də İnkişafa, Ləyaqətli siyasətə, Humanizmə,
Asayişin möhkəmliyinə, Məsuliyyətə
doğrudur!
Yolunuz,
yolumuz daim aydın olsun, cənab PREZİDENT!..
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 12 iyun.- S.3.