YENILƏŞƏN SUMQAYIT

 

Milli Qurtuluşun real nəticəsidir

 

 

 

Sürətlə paytaxt standartlarına yaxınlaşan və dinamik inkişaf mərhələsinə qədəm qoyan şəhərin sakinləri Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olub

 

 Tarixi təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında duruş gətirərək milli inkişafın əsasına çevrilir. Hər bir müstəqil dövlətin yaranmasına, möhkəmləndirilməsinə və qorunub saxlanılmasına doğru uzanan mürəkkəb ictimai-siyasi proseslərin episentrində isə məhz lider, şəxsiyyət amili dayanır.

 

 Xilaskarlıq missiyası

 

 Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharətini xüsusi vurğulamaq lazımdır. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı. Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Bu gün 1991-1993-cü illərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

 

 Milli inkişaf modelinin banisi

 

 Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmiş, ümumilikdə bu sektora 60 milyard dollar xarici sərmayə yönəldilmişdir.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Son 10 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

2003-cü ildən bu siyasəti uğurla həyata keçirən və yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi strategiya Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirmişdir. Mühüm siyasi qərarların qəbulu ilə əlamətdar olmuş Yeni Azərbaycan Partiyasının bir neçə gün əvvəl keçirilmiş V qurultayında dərin məzmunlu nitq söyləyən möhtərəm Prezident İlham Əliyev demişdir: "İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliyə görə dünya miqyasında 46-cı yerdədir... Artıq biz "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq".

Son 10 ildə iqtisadi inkişaf göstəriciləri ilə dünyanı heyrətləndirən, 2020-ci ilədək istehsal etdiyi ümumi daxili məhsulu 2 dəfə artırmaq, inkişaf etmiş dövlətlər sırasına yüksəlmək niyyətini bəyan edən Azərbaycan bu istiqamətdə sistemli tədbirlər həyata keçirir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün yaxşı imkanlar açır. Bu kontekstdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi tədbirləri də diqqət mərkəzində saxlanılmışdır. Paytaxtla yanaşı, bölgələrin, xüsusən də güclü potensiala malik iri şəhər və rayonların inkişafına göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulamaq lazımdır.

 

 Yeni Sumqayıt Bakı standartlarına yaxınlaşır

 

 Bütün bunların nəticəsidir ki, ümummilli lider Heydər Əliyevin vaxtı ilə "gənclər şəhəri" adlandırdığı, habelə müdrik qərarları ilə böyük sənaye potensialı formalaşdırdığı Sumqayıt şəhəri də özünün iqtisadi tərəqqi və yüksəliş mərhələsini yaşayır. Açıq demək lazımdır ki, 2011-ci ilədək Azərbaycanın strateji əhəmiyyətli bu sənaye şəhərinin inkişafı o qədər də diqqəti çəkmir, həyata keçirilən yenidənqurma tədbirləri kosmetik xarakter daşıyır, müasir standartlara cavab vermirdi. Abadlıq-quruculuq, yenidənqurma tədbirləri zamanı Avropanın ən müasir şəhərlərinin təcrübəsinin öyrənilməsi zərurətini diqqətə çəkən dövlət başçısı hətta icra başçılarının bir sıra xarici şəhərlərə ezamiyyətə göndərilməsini təmin etsə də, Sumqayıtın Bakı və digər iri şəhərlərlə müqayisədə geridə qaldığını sezməmək mümkün deyildi.

2011-ci ildə Sumqayıt şəhərinə yeni icra başçısının təyinatından sonra şəhərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuşdur. Ölkə başçısının tapşırığı ilə qısa müddətdə şəhərin inkişafı ilə bağlı strateji plan hazırlanmış,  Prezident İlham Əliyevin 2011-ci il iyulun 7-də Sumqayıta səfəri zamanı təqdim edilmişdir. Həmin görüşdə sakinlər qarşısında dərin məzmunlu nitq söyləyən dövlətimizin başçısı demişdir: "Sumqayıt Bakıya çox yaxındır. Sumqayıtlıların bəziləri Bakıda, Bakıda yaşayanların bəziləri Sumqayıtda işləyirlər. Yəni Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq.

...Hər bir vətəndaş, xüsusilə Sumqayıt sakinləri istəyirlər ki, Sumqayıt şəhəri gözəlləşsin, abadlaşsın. Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, vaxt gələcək, biz Sumqayıt haqqında da eyni sözləri deyə biləcəyik".

Sumqayıt sakinləri ötən 2 ildə ölkə başçısının siyasi iradəsi, yüksək diqqət və qayğısı, o cümlədən şəhər rəhbərliyinin müasir iş üslubu, çevik və səmərəli idarəetmə mexanizmi nəticəsində əldə olunan bu inkişaf və tərəqqini gündəlik həyatlarında hiss edir, böyük razılıq hissi ilə qarşılayırlar. Respublikamızın dinamik tərəqqisi, ictimai həyatın bütün sahələrində uğurla aparılan irimiqyaslı iqtisadi islahatlar gənclər şəhərinin müasirləşdirilməsinə, abadlaşdırılmasına, burada yeni,  istehsal sahələrinin yaradılmasına, sakinlərin rifah halının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Ölkə başçısının dəyərli tövsiyə və tapşırıqlarının, habelə şəxsi nəzarətinin məntiqi davamı olan maddi dəstəyi nəticəsində "Yeni Sumqayıt" quruculuğunda əsaslı irəliləyişlər müşahidə olunur: abadlaşan, gözəlləşən Sumqayıt modernləşir, metropoliya standartlarına yaxınlaşır. Yeni standartları tətbiq etmək, Sumqayıtı Bakının inkişaf səviyyəsinə çatdırmaq kifayət qədər gərgin iş tələb etsə də, şəhər rəhbərliyinin qarşıya qoyulmuş məqsədə yetişməklə bağlı hansısa narahatlığı, nigaranlığı yoxdur. Çünki bu qlobal inkişaf planı - abadlıq-quruculuq tədbirləri bilavasitə möhtərəm Prezidentin nəzarəti altında həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, ölkə başçısı iki il müddətində şəhərə 5 dəfə səfər etmiş, görülən işlərlə yaxından maraqlanaraq zəruri maliyyə dəstəyinin göstərilməsini təmin etmiş, müvafiq göstərişlərini vermişdir. Dövlət başçısının son 1 ildə 3 dəfə - 2012-ci ilin aprel və dekabr aylarında, habelə 2013-cü ilin may ayında Sumqayıtda olması deməyə əsas verir ki, cənab İlham Əliyev şəhərin Bakı standartlarına yaxınlaşması, burada insanları narahat edən problemlərin həlli üçün əlindən gələni əsirgəmir.

Son 2 il ərzindəki səfərləri zamanı Azərbaycan Prezidenti şəhərdə ulu öndər Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, ümummilli liderin adını daşıyan möhtəşəm parkın, habelə Sumqayıt Texnologiyalar Parkında bir sıra yeni sənaye müəssisələrinin, sosial-inzibati obyektlərin, müasir olimpiya kompleksinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanın, Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkının, Cümə məscidinin, "ASAN Xidmət" Mərkəzinin, "Gilan" Tekstil Fabrikinin və s. açılışında iştirak etmişdir.

Möhtərəm Prezident İlham Əliyev 2011-ci ilin iyul ayında Sumqayıtda olarkən demişdir: "Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq. Şəhərin inkişafı üçün master plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya qoyduğumuz hədəflər çox böyük görünür, ancaq həyat göstərir ki, biz bütün məqsədlərə çatırıq".

Şəhərin inkişafını nəzərdə tutan baş plan əsasında son illər Bayraq meydanının tikintisi başa çatdırılmış, stadionun inşasına başlanılmışdır. Həmçinin 500 mindən çox əhalisi olan Sumqayıtda kütləvi tədbirlərin keçirilməsi üçün xüsusi meydanın tikintisi də nəzərdə tutulur. Plan əsasında Nəsimi istirahət parkının dənizə doğru ərazisindən yeni magistral yolun çəkilməsi nəzərdə tutulmuşdur. Bu analoqu olmayan layihənin məqsədi həmin yerdə dəniz-yol-park-şəhər dördlüyünu tamamlamaq, şəhər sakinlərinin istirahəti üçün daha əlverişli şərait yaratmaqdır.

Sumqayıt bulvarının Bakı Dənizkənarı Milli Parkı səviyyəsində yenidənqurulması da möhtəşəm layihələr sırasındadır. Burada beşulduzlu mehmanxananın, yaxt-klubun, müasir istirahət komplekslərinin, funikulyorun tikintisi planlaşdırılır. 80 hektar əraziyə malik olan bu istirahət guşəsi yaxın perspektivdə bölgənin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir.  "Abad məhəllə" layihəsi çərçivəsində şəhərdə yaşayış binaları əsaslı təmir olunur, həyətlərdə insanların asudə vaxtlarını səmərəli keçirməsinə hər cür imkanlar yaradılır. 

Sürətlə icra edilən layihələr son illərdə qarşıya qoyulmuş başlıca hədəfə - şəhəri böyük sürətlə paytaxt standartlarına, habelə ən müasir Avropa şəhərlərinin səviyyəsinə yaxınlaşdırır. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun qeyd etdiyi kimi, başlıca məram Sumqayıtı müasir, zövq oxşayan şəhərə çevirməkdir.

 

 Möhtəşəm abadlıq və quruculuq layihələri

 

 

Son iki ildə şəhərin müxtəlif küçələrində, park və xiyabanlarında, məhəllələrində yüksək estetik zövqlə aparılan təmir-bərpa, yenidənqurma, abablıq işləri sakinlərin də ürəyincədir. Şəhərin yeni rəhbərliyinin ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrin həlli ilə bağlı müasir, mükəmməl, ünvanlı və sistemli səciyyə daşıyan inkişaf konsepsiyası, şəhərin bütün potensialının inkişaf məqsədinə səfərbər olunması, yenidənqurma işlərinin dünyanın ən müasir şəhərlərinin yetkin təcrübəsinin nəzərə alınmaqla həyata keçirilməsi əldə olunan nəticələrin miqyasını daha da genişləndirir. Şəhərlə tanışlıq əminliklə deməyə əsas verir ki, reallaşdırılan böyük abadlıq-quruculuq işləri kosmetik, görüntüyə hesablanmış təmir məqsədinə deyil, köklü dəyişikliklərə, ən müasir standartların tətbiqinə yönəlmişdir. Heydər Əliyev prospektinin, "Azərbaycan", "Nərimanov", "Sülh" və digər küçələrin abadlaşdırılması, şəhərə giriş yollarının müasirləşdirilməsi, baxımsız vəziyyətdə olan binaların fasadlarına təzə üzlük çəkilməsi, dam örtüklərinin dəyişdirilməsi, səkilərin, yolların əsaslı təmiri görülən işlərin yalnız bir qismidir. Xüsusən də gecə saatlarında Sumqayıtda olanlar şəhərin necə dəyişdiyini, burada müasir tələblərə cavab verən işıqlandırma sisteminin yaradıldığını aydın görürlər. Şəhərin giriş hissəsində bütün sosial obyektlərin görkəminin eyni memarlıq standartları əsasında müasirləşdirilməsi də ilk baxışdan diqqəti çəkir.

Hazırda şəhərə dəvət olunmuş bir neçə qrup yüksəkixtisaslı memarların iştirakı ilə ümummilli liderin adını daşıyan Heydər parkında Heydər Əliyev Mərkəzinin, tarixi abidələr siyahısına salınmış Nəsimi adına mədəniyyət və istirahət parkının abadlaşdırılaraq yenidən qurulması, yeni yaşıllıqların salınması, dekorativ kol və bitkilərin əkilməsi məqsədilə tərtib edilmiş layihələr üzrə işlər davam etdirilir.

Şəhərdə yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi məqsədilə mərkəzi küçələrin və prospektlərin simasının müasir dövrün tələblərinə uyğun dəyişdirilməsi, yaşıllaşdırılması, sıxlıq yaratmaqla günün tələblərinə cavab verməyən, şəhərin estetik görünüşünə xələl gətirən müxtəlif ölçülü köşk və quraşdırma obyektlərinin digər ərazilərə köçürülməsi, bardür və işıq sütunlarının yenidən qurulması, binaların dam örtüklərinin və fasad hissələrinin təmir işləri aparılır. Qeyd olunan istiqamətdə işlər hazırda H.Əliyev, Koroğlu prospektləri,  N.Nərimanov və 20 Yanvar küçələrində aparılır.

 

 Strateji əhəmiyyətli sənaye mərkəzi

 

 

Sumqayıt tarixən Azərbaycanın mühüm sənaye mərkəzi kimi tanınmış, burada strateji əhəmiyyətli fabrik və zavodlar, istehsalat müəssisələri fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmaqdadır. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Parkın yaradılması çoxsaylı iş yerlərinin açılmasına imkan verəcək və ixtisaslı mütəxəssislərə tələbat artacaqdır. Ötən il Prezident Ilham Əliyevin göstərişi əsasında Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində neft-kimya sənayesi üçün hər il yüzlərlə ixtisaslı fəhlə kadrın hazırlanacağı Təlim-tədris Mərkəzi fəaliyyətə başlamışdır.

Ötən il Sumqayıtda elektroenergetika sahəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilmişdir. Sumqayıt Texnologiyalar Parkında ümumilikdə 20-dən çox iri, müasir istehsal sahələri fəaliyyət göstərir. Hazırda burada 500 kv-luq kabel zavodunun üçüncü mərhələsinin, polikarbonat lövhələr istehsalı, kanalizasiya boruları istehsalı, polikarbonat dolğulu sendviç panelləri istehsalı, transformatorlar istehsalı, metaləritmə və şüşə emalı zavodlarının inşası davam etdirilir.

Ölkə başçısının 5 noyabr  2012-ci il tarixli fərmanı ilə Sumqayıt şəhərində informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi - Yüksək Texnologiyalar Parkı yaradılmasına başlanılmışdır.

Görülən işlər nəticəsində şəhər üzrə ümumi məhsul buraxılışı 200 milyon manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30,7 faiz olmuşdur. Sənaye sahələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz artaraq 142 milyon manatdan çox olmuşdur. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 70 faiz təşkil edir. Sosial-iqtisadi sahədə çalışan işçilərin orta aylıq əməkhaqqı 410 manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz artmışdır. Kimya sənayesi və metallurgiyada məhsul istehsalı 2 dəfə, yüngül sənayedə isə 1,4 dəfə artmışdır.

Ümumiyyətlə, şəhərin sənaye potensialının möhkəmləndirilməsi tədbirləri ilk növbədə sahibkarlığa göstərilən dəstəklə bağlıdır. Bu gün Sumqayıtda formalaşmış güclü sahibkarlar təbəqəsi şəhərin inkişafına hərtərəfli dəstək verir, ictimai-siyasi həyatda fəallıq nümayiş etdirir. Şəhər rəhbərliyinin yaratdığı normal işgüzar mühit biz sahibkarları razı salır, daha səylə işləməyə, yeni iş yerlərinin açılması prosesinə töhfə verməyə sövq edir.

Xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının bir neçə gün əvvəl keçirilmiş V qurultayında ölkə başçısı, partiya sədri cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi Sumqayıt sakinlərinin də böyük sevincinə səbəb olmuşdur. Bu qərar Azərbaycanı müasir, abad, inkişaf edən ölkə kimi görmək istəyən, sabahına biganə qalmayan vətəndaşların prinsipial və qətiyyətli seçimini özündə ehtiva edir. İnanırıq ki, məhz bu dəyişməz seçim nəticəsində müstəqil Azərbaycan qarşıdakı illərdə daha da inkişaf edəcək, müəyyənləşdirdiyi hədəflərə yetişəcəkdir.

 

 

Aslan MANAFOV,

Sahibkar

 

Azərbaycan.-2013.- 12 iyun.- S.4.