İLHAMLA İRƏLİ

 

Ölkə gəncliyi bu çağırış ətrafında sıx birləşib

 

 

Son on ildə Prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün siyasət nəticəsində artıq Azərbaycan regionda liderə çevrilmişdir. Bu gün Azərbaycanın iqtisadi gücü ümumilikdə Qafqazın iqtisadi gücünün 80%-ə yaxınını təşkil edir. Regionda Azərbaycanın iştirak etmədiyi heç bir siyasi iqtisadi layihə uğurlu sayıla bilməz. Bu gün Azərbaycan iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlər sırasındadır. Azərbaycan regionun təhlükəsizlik qarantıdır. Bütün bu sadalanan nailiyyətlər, əlbəttə ki, cənab İlham Əliyev tərəfindən aparılan düzgün siyasətin nəticələridir.

Cənab İlham Əliyevin son 10 ildə ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, müsbət imici formalaşıb. Artıq Azərbaycan deyəndə sadəcə bir neft ölkəsi deyil, tolerant bir cəmiyyət, güclü iqtisadiyyata malik etibarlı tərəfdaş başa düşülür. Məhz bütün bunların sübutu kimi Azərbaycanın BMT kimi mötəbər bir təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsini göstərmək olar. Həmçinin Azərbaycanın irəli sürdüyü reallaşmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin artan iqtisadi siyasi gücünün göstəricisidir.

Azərbaycanın təhsil sektorunda həyata keçirilən islahatlar nəticəsində təhsilin maddi-texniki bazası yaxşılaşmaqla yanaşı, həm sabahın gəncləri olacaq tələbələrimiz keyfiyyətli təhsil almaq imkanı qazanırlar.

Son 10 ildə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını şaxələndirməyi bacarmış, qeyri-neft sektorunun inkişafını surətləndirmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsinin nəticəsində iqtisadiyyatda qeyri-neft sektorunun payı əhəmiyyətli dərəcədə artmışdır. Regionların yol infrastrukturunun, enerji təminatının yaxşılaşdırılması nəticəsində və eyni zamanda vergi güzəştlərinin tətbiqi regionlarda sahibkarlığın inkişafını sürətləndirib, işsizlik probleminin həllində öz əhəmiyyətli təsirini göstərib.

Son 10 ildə İKT sahəsinin inkişafında böyük uğurlar əldə edilib. 2013-cü ilin İKT ili elan olunması və Azərbaycanın ilk milli peykini orbitə buraxaraq adını kosmik ölkələr sırasına yazması tarixi bir nailiyyətdir. Bundan başqa, elektron imza, elektron sənəd mübadiləsi, elektron hökumət layihələrinin həyata keçirilməsi, bir çox sahələrdə "bir pəncərə" sisteminin tətbiq edilməsi, ASAN xidmətin fəaliyyətə başlaması dövlət idarəetməsində innovativ meyillərə ən gözəl misallardır.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan etmişdir ki, hazırda ölkə qarşısında duran əsas məsələlərdən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Heç şübhəsiz ki, insan kapitalına yatırımın mərkəzində gənclər dayanır. Cənab Prezident Azərbaycanın gələcəyinin zamanın tələblərinə cavab verən ixtisaslı kadrlarla bağlı olduğunu qeyd edərək, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil almalarını reallaşdırdı.

Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin etmək və onlara yönəlmiş siyasəti keyfiyyətcə yeni mərhələyə qaldırmaq üçün gənclərlə bağlı dövlət proqramı qəbul edildi. Bu proqramın uzun ictimai müzakirələrdən sonra və gənclərin təşəbbüs və təkliflərinin nəzərə alınaraq qəbul edilməsi onu göstərir ki, cənab Prezident gənclərimizin ölkədə gedən inkişaf prosesində fəal iştirakında maraqlıdır.

Hazırda gənclərə özlərini realizə etmək üçün lazımi şərait yaradılmışdır. Biz Azərbaycanda gənclərin inkişafına göstərilən diqqətin nə qədər yüskək olduğunu digər ölkələrin gənclər siyasəti ilə müqayisə zamanı açıq-aydın görürük. Məhz bu səbəbdəndir ki, gənclər siyasətində Azərbaycan modeli yaranmağa başlayıb. Bu model resursları səmərəli və düzgün formada insan kapitalının inkişafına yönəldilməsi üzərində qurulub.

Son 10 ildə Prezident İlham Əliyev rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Bu uğurların kökündə əsası ulu öndər tərəfindən qoyulmuş uzaqgörən siyasət dururtam əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı hələ çox yüksəlişlər gözləyir.

Bu gün cənab İlham Əliyev gənclərin ən böyük dəstəkçisi və onların inkişafının təminatçısı olduğu kimi, gənclər də daim cənab Prezidentin yanındadır. 30 minə yaxın gənci ətrafında birləşdirən "İRƏLİ" İctimai Birliyinin üzvləri adından qeyd etmək istəyirəm ki, biz gənclərin seçimi yalnız İlham Əliyevdir. Qarşıdan gələn seçkilərdə biz İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəyinə inanırıq və buna tam  əminik. Bu zəfərin əldə olunması üçün hər bir "İrəli"çi bütün qüvvələrini səfərbər edərək, seçki kampaniyasında, təbliğat-təşviqat prosesində cənab Prezidentin sədaqətli əsgəri olacaq!

 

 

Rauf MƏRDİYEV,

"İRƏLİ" İctimai Birliyinin sədri

 

Azərbaycan.-2013.- 12 iyun.- S.5.