Gənclər səs verəcəkləri günü səbirsizliklə gözləyirlər
Bu gün Azərbaycan gəncliyi yaxşı başa düşür ki, ölkəmizin hazırkı yüksəlişinin davamlı olması üçün nüfuzlu siyasi lider kimi təkcə Cənubi Qafqazda və regionda deyil, bütün dünyada qəbul edilən İlham Əliyevin növbəti beş il üçün də Prezident seçilməsi ən düzgün yoldur. Bu, artıq inkar edilməsi mümkün olmayan bir reallıqdır. Əvvəlki prezident seçkilərində olduğu kimi, bu dəfə də xalqımız, o cümlədən gənclərimiz tərəddüd etmədən, böyük əminliklə İlham Əliyevə səs verəcək. Cənab İlham Əliyev bu inamı indiyəqədərki şərəfli missiyası, fədakar fəaliyyəti və tükənməz vətən sevgisi ilə qazanıb.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini cənab İlham Əliyev uğurla davam etdirir. Müasir və çevik siyasətçi kimi dünyada tanınan Prezident İlham Əliyev geniş dünyagörüşü, dərin və hərtərəfli biliyi, yüksək mədəniyyəti ilə seçilir. Məhz bu keyfiyyətləri ilə cənab Prezident gənclərin sevimlisinə çevrilmişdir.
İndiyədək dövlətimizin apardığı gənclər siyasəti hər bir gənci razı salır, nailiyyətlərə, qurub-yaratmağa ruhlandırır. Ulu öndərin formalaşdırdığı dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər həyata keçirilir. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları görülən işlərin davamlı xarakter daşıdığını göstərir. Dövlət gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər görür. Prezident İlham Əliyevin bölgələrə səfərləri zamanı Gənclər mərkəzlərinin, olimpiya idman komplekslərinin açılışlarında iştirak etməsi, gənclərlə, idmançılarla görüşüb onların qayğıları, arzu və təklifləri ilə maraqlanması ölkə gəncliyinə olan inamın və etimadın parlaq təzahürüdür.
Dövlət başçısının yüksək qayğısı sayəsində Şəki şəhərində də möhtəşəm abadlıq-quruculuq işləri görülür. Bütün küçə və prospektlər, park və meydanlar əsaslı şəkildə yenidən qurulur, tarixi binalar bərpa olunur, müasir işıqlandırma sistemləri quraşdırılır, yeni istehsal sahələri yaradılır.
Rayonda aqrar sahənin, heyvandarlığın inkişafı üçün müvafiq tədbirlər görülür, yeni zavodlar və müəssisələr fəaliyyətə başlayır, iş yerləri açılır. Bütün bunların müqabilində isə əhalinin rifahı yaxşılaşır, qurub-yaratmaq əzmi, vətən, torpaq təəssübkeşliyi artır. Əlbəttə, görülən işlərdə Şəki gəncləri də aktiv iştirak etməyə, vətənə öz layiqli töhfələrini verməyə çalışırlar.
Qarşıda görüləsi
işlər, nəzərdə tutulan tədbirlər
də çoxdur. Şəki gəncləri
bu vəzifələrin layiqincə yerinə
yetirilməsi, Azərbaycanın və onun
əsrarəngiz bölgələrindən olan
Şəkinin daha böyük
uğurlara nail
olması üçün yeganə yolu sınanılmış lideri
İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçməkdə görür.
Hər birimiz yaxşı bilirik ki, bu yolun,
bu seçimin alternativi yoxdur. Ona görə
də cənab İlham Əliyevə səs verəcəyimiz günü səbirsizliklə
gözləyirik.
Tural SƏFƏROV,
Şəki Şəhər Təhsil
Şöbəsinin metodisti
Azərbaycan.-2013.- 12 iyun.- S.5.