Azərbaycan gənclərinin alternativsiz namizədi
Gənclik birmənalı
olaraq Yeni Azərbaycan
Partiyasını siyasi sistemimizin əsas
sütunu kimi qəbul edir
"Yeni Azərbaycan Partiyası
siyasi sistemimizin ən əsas sütunudur və ən
böyük təsirə malik olan partiyadır. Ölkəmizdə
siyasi islahatların dərinləşməsində də Yeni
Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti
vardır. Biz on il ərzində iqtisadi islahatların
aparılması ilə dünyanın ən sürətli
iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə
ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat
üç dəfədən çox artsın və
bütün başqa statistik göstəricilər də ən
yüksək səviyyədə olsun. Hər bir ölkə
üçün bu, nümunə ola bilər".
Bu
fikirləri Yeni Azərbaycan Partiyasının V qurultayında
geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev
söyləmişdir. Bəli, bu gün fəxrlə deyə
bilərik ki, son on il ərzində Azərbaycanda bütün
istiqamətlər üzrə də böyük nailiyyətlər
əldə edilmişdir
Bütün
bu nailiyyətlərin təməli Heydər Əliyev siyasətidir,
onun müəyyənləşdirdiyi yoldur və partiyamızın
ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır.
Dahi lider Heydər Əliyevin bünövrəsini qoyduğu
siyasətin cənab Prezident tərəfindən uğurla davam
etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz
ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə
yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar
qazanırlar. Gənclər fəxr edirlər ki, mövcud
hakimiyyət inkişafın Azərbaycan modelini yaradaraq
yüksək və dinamik sosial-iqtisadi
sıçrayışa nail olmuş, geniş beynəlxalq
müqavilələr sisteminə qoşulmuş, nüfuzlu beynəlxalq
təşkilatların üzvü olmuş, özünün
demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə
tam formalaşdırmışdır.
2003-cü
ildə prezident seçilərkən "Mən hər bir Azərbaycan
vətəndaşının
Prezidenti olacağam. Milliyyətindən, dinindən,
siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşının Prezidenti olacağam və Azərbaycan
xalqının etimadını doğruldacağam!" deyən
cənab İlham Əliyevin ötən 10 ildəki fəaliyyəti
aşkar şəkildə göstərdi ki, o, fəaliyyət
dövrünü bu amalın reallaşmasına həsr etmiş,
ulu öndərin müstəqillik və azadlıq
ideyalarını dönmədən həyata keçirmiş,
Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik-hüquqi
dövlət quruculuğu və siyasi sabitlik baxımından
dünyanın sayılıb-seçilən dövlətlərindən
birinə çevirmişdir. Dövlət
başçısının vurğuladığı kimi, bu
gün ölkəmizdə yoxsulluq 6 faizə, işsizlik 5,2
faizə düşübdür. Bir milyon 100 mindən çox
yeni iş yeri açılıb. Son on il ərzində orta
aylıq əməkhaqqı beş dəfə, orta pensiya isə
səkkiz dəfə artıb. Bütün beynəlxalq reytinq
agentlikləri Azərbaycanın kredit reytinqlərini
artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliyə
görə dünya miqyasında 46-cı yerdədir.
Uğurlar isə davamlı olacaqdır. Çünki yeni
proqramlar, planların hazırlanması bunu deməyə əsas
verir. Prezident İlham Əliyev də bu məsələyə
toxunaraq demişdir: "Bir sözlə, bizim bütün
istiqamətlər üzrə konkret proqramlarımız,
planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz
vardır. O cümlədən regionlarda gedən işlərlə
bağlı gələn ilin əvvəlində
üçüncü dövlət proqramı icra ediləcəkdir.
Birinci və ikinci proqramların icrası nəticəsində
bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi.
Müasir infrastruktur yaradılır, kəndlərimiz
çiçəklənir, qalxır, bütün infrastruktur,
yollar, məktəblər, xəstəxanalar, olimpiya kompleksləri,
qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün
infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi
tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100
il bax bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin".
Dövlət başçısı partiyamızın artan nüfuzuna da toxunaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur.
Məhz
siyasi iradəsi, atdığı addımlar,
apardığı danışıqlar və digər
üstün keyfiyyətlərinə görə cənab
İlham Əliyevin namizədliyi yenə də Azərbaycan cəmiyyətinin
alternativsiz sosial-siyasi sifarişidir. Prezident İlham Əliyevin
çıxışı inkişafımızın növbəti
hədəflərini müəyyən etməklə ölkəmizi
qarşıdakı beş ildə gözləyən yeni, daha əzəmətli
uğurlara hamımızın inamını artırır.
Prezidentin qarşıya qoyulan vəzifələr və
onların yerinə yetirilməsi ilə əlaqədar konkret
proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki, cənab
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən Heydər Əliyev siyasəti təkcə
artıq tarixə çevrilmiş nailiyyətlərimizin
deyil, həm də gələcək uğurların həlledici
əsasıdır.
Amil CAVADOV,
Yeni Azərbaycan Partiyası
Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri
Azərbaycan.-2013.- 12 iyun.- S.5.