Dəyişməz seçim

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan adlı dövlətin var olması, müstəqilliyinin dönməzliyi üçün bütün zəminləri yaratmışdır. Ulu öndərin Azərbaycan xalqı, dövlətçiliyi üçün ən böyük töhfələrindən biri özündən sonra bu dövləti müdrikliklə idarə edə biləcək güclü bir siyasətçi yetirməsidir.

Respublika Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev siyasi kursunu yaradıcılıqla davam etdirir, rəhbərlik etdiyi Azərbaycanı dünyaya bacarıqla tanıdır. Heydər Əliyev kimi qüdrətli atanın məhz İlham Əliyev kimi qətiyyətli, yenilməz iradəli, uzaqgörən oğlu ola bilər. Yeni Azərbaycan Partiyasının V qurultayında cənab İlham Əliyevin qarşıdakı prezident seçkilərində namizədliyinin irəli sürülməsi ürəyimizcə olmaqla yanaşı, yaşamaq həvəsimizi daha da artırdı. Biz yaşlı nəslin nümayəndələri həyatda çox şeyin şahidləriyik.

Çətin günlər görmüşük, dolanışıq problemləri ilə üzləşmişik, zaman-zaman dövlətin qayğı və diqqətindən kənarda qalmışıq. Amma indi dövran dəyişib. Yaşamalı zamandı. Prezident İlham Əliyev sabirabadlıların hər qayğısına qalır. Kür çayı üzərində yeni körpü, böyük məsafədə kəndarası yolların asfaltlanması, yeni tikilən məktəblər, xəstəxanalar, Olimpiya İdman Mərkəzi, yaraşıqlı parklar, xiyabanlar, sel fəlakətindən zərər çəkənlərə yeni evlərin tikilməsi, içməli su probleminin həlli və s. məsələlər şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən, bölgə əhalisi üçün taleyüklü tədbirlərin bir qismidir. Bu gün dövlət qayğısından güc alan Sabirabad sözün həqiqi mənasında yenidən qurulur. Xalqımızın ən layiqli namizədi olan İlham Əliyevə səs verməklə biz əslində dövlətimizin daha da qüdrətlənməsini, Heydər Əliyev siyasi kursunun yeni zəfərlərini gerçəkləşdirəcəyik.

 

 

Böyükağa HƏMİDOV,

Sabirabad Rayon Ziyalılar Cəmiyyətinin sədri

 

Azərbaycan.-2013.- 12 iyun.- S.5.