Uşaqların rifahı cəmiyyətin
rifahının göstəricisidir
Azərbaycanda uşaqların
müdafiəsi istiqamətində hüquqi
baza təkmilləşdirilir
İyunun 11-də Milli Məclisin və
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Sosial
məsələlər, səhiyyə və davamlı
inkişaf komitəsinin birgə təşkilatçılığı
ilə "Uşaqların rifahı cəmiyyətin
rifahının göstəricisidir" mövzusunda konfrans
keçirilib. Tədbir Avropa Şurasının
"Uşaqlara qarşı cinsi zorakılıqla mübarizədə
parlamentlərin birliyi: "Hər beş uşaqdan biri"
kampaniyası" çərçivəsində təşkil
olunub.
Konfransda
çıxış edən Milli Məclis Sədrinin
müavini Bahar Muradova qeyd edib ki, Azərbaycanda uşaqlara
qarşı zorakılığın aradan
qaldırılması istiqamətində önəmli işlər
görülür və ölkədə uşaq
zorakılığı ilə mübarizə yüksək
sosial status əldə edib. Uşaq
zorakılığının yaranmasının əsas səbəbi
uğursuz ailələrin sosial vəziyyətidir və bu səbəbdən
maarifləndirmə işləri daha da genişləndirilməlidir.
Bahar Muradovanın sözlərinə görə, uşaq
hüquqlarının müdafiəsi, onlara yönəldilən
kapital gələcəyin təməli deməkdir və Azərbaycan
dövləti də bunu yaxşı anlayaraq uşaq
hüquqlarının təminatı məsələsinə
xüsusi əhəmiyyət verir: "Uşaq əməyinin
istismarı, uşaqlara qarşı zorakılıq bizi
çox narahat edir və bu sahədə Azərbaycan beynəlxalq
konvensiyalara qoşulub, qanunverici bazanı təkmilləşdirib".
Vitse-spiker bildirib ki, Azərbaycan müharibəyə cəlb
olunmuş ölkədir və bu, milyondan artıq insanı
qaçqın və məcburi
köçkün vəziyyətinə salıb. Bu isə
uşaqların rifahına
olduqca mənfi təsir göstərir.
Parlamentin
komitə sədrinin müavini, AŞ PA-nın Sosial məsələlər,
səhiyyə və davamlı inkişaf komitəsinin
üzvü Sevinc Fətəliyeva Azərbaycanda uşaq
hüquqlarının müdafiəsi, dövlətimizin
uşaqlara göstərdiyi qayğı barədə konfrans
iştirakçılarına ətraflı məlumat verib, bu
sahədə qarşıda duran vəzifələrdən
danışıb.
Konfrans
çərçivəsində AŞ PA-nın xüsusi Alt
komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan
qorunmaları üçün səmərəli tədbirlər,
kiber mühitdə uşaqların təhlükəsizliyi,
onlara qarşı zorakılıqla mübarizədə
müxtəlif ölkələrin təcrübəsi
mövzularında sessiyalar keçirilib.
AŞ
PA-nın məruzəçisi Silvia Eloisa Bone Pero isə
çıxışında AŞ PA-nın 2013-cü ilin
aprel ayında keçirilmiş sessiyasında uşaqlara
qarşı cinsi zorakılıqla mübarizədə
parlamentlərin birliyi məsələsinin qaldırıldığını
bildirib. Bu istiqamətdə "Hər beş uşaqdan
biri" kampaniyasının gedişatı haqqında məlumat
verən Bone Peronun sözlərinə görə, AŞ
üzvü olan ölkələr insan hüquqları sahəsində
yüksək göstəricilərə nail olmağa
çalışmalıdırlar: "Uşaqlar cəmiyyətin
zəif təbəqəsidir və hüquqların
pozulması hallarına məruz qalırlar. Uşaqlar özlərini
müdafiə edə bilmirlər, çünki onlar
yaxınları tərəfindən zorakılığa məruz
qalırlar".
Milli
Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək
bildirib ki, Azərbaycanda uşaqlara qarşı
zorakılıq hallarının aradan qaldırılması
istiqamətində mübarizə tədbirlərinin
artırılmasına ehtiyac var və bu çox vacibdir. O, bu
məsələdə internetin, xüsusilə sosial şəbəkələrin
mənfi rol oynadığını qeyd edib: "Ona görə
də uşaqlar arasında internetə, sosial şəbəkələrdən
istifadəyə müəyyən məhdudlaşdırmalar,
qadağalar qoyulmalıdır. Bu, o demək deyil ki, Azərbaycanda
internetə daxil olma məhdudlaşdırılır, sadəcə,
uşaqlarla bağlı təhlükəli məqamlar bu
addımın atılmasını zəruri edir".
Moldova
parlamentinin deputatı, AŞ PA-nın Sosial məsələlər,
səhiyyə və davamlı inkişaf komitəsi sədrinin
müavini Valeriu Qiletçi isə bildirib ki, müxtəlif
cinsi zorakılıq məsələsində məlumatlılığın
artırılması, ən yüksək hüquq
standartlarının təminatı əsas məsələdir.
O, Bakıda keçirilən iclas çərçivəsində
bu məsələlərin geniş şəkildə
müzakirə edildiyini vurğulayıb.
"Uşaq
hüquqlarının pozulması kimi faktlar bütün
dünyada mövcuddur". Bunu isə Ailə, Qadın,
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr
müavini Aynur Sofiyeva deyib: "Bu məsələdə əsas
istiqamət dövlətin mövqeyidir. Bu gün də bu məsələ
dövlətin prioritet istiqamətlərindəndir. Uşaq
hüquqları haqqında çoxsaylı qanunlar qəbul
olunsa da, cəmiyyətin bu məsələyə adekvat cavabını görməsək,
uşaq hüquqlarının müdafiəsi üçün
lazımi nəticə əldə edə bilməyəcəyik.
Problemin aradan qaldırılması üçün gənc
ailələrin maarifləndirilməsi lazımdır. Eləcə
də, erkən nikahların bağlanması aradan
qaldırılmalıdır".
"İl
ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin
"102 zəng xidməti"nə daxil olan 40 mindən
artıq müraciətin 30 faizi ailə-məişət zəminində
olan hüquqpozmalar ilə bağlıdır". Bu barədə
Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına
çatmayanlar arasında profilaktik işin təşkili
şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib: "Bu
ilin son 5 ayı ərzində ailə-məişət zəminində
uşaqların məruz qaldığı hüquqpozmalar ilə
bağlı 22 fakt qeydə alınıb. Buraya uşaqların
döyülməsi, incidilməsi, işgəncəyə məruz
qalması və sair daxildir. Bu faktlardan hər altısından
birində uşaqların özü tərəfindən polisə
məlumat daxil olub ki, bu da uşaqların
hüquqlarını bilməsi, müdafiəsi
baxımından bir yenilikdir. Statistik rəqəmlərə
görə, il ərzində uşaqlara qarşı törədilən
və müvafiq qaydada qeydiyyatdan keçərək
istintaqı tamamlanmış cinayətlərin sayı təxminən
500-550-dir. Ailə-məişət zəminində
uşaqların məruz qaldığı cinayətlər təxminən
7 faiz təşkil edir. Bu da təqribən 40-50 cinayət
faktı deməkdir və təbii ki, digər MDB dövlətləri
ilə müqayisədə böyük göstərici
deyil".
Konfransın
davamında Milli Məclis deputatlarının, xarici və yerli
QHT nümayəndələrinin iştirakı ilə fikir
mübadiləsi aparılıb.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 12 iyun.- S.7.