Vyanada «Azərbaycanın geosiyasəti
və Avropanın enerji təhlükəsizliyi»
mövzusunda konfrans keçirilmişdir
Vyanada
"Industrie magazin" nəşriyyatının təşəbbüsü
və Avstriyanın keçmiş federal kansleri Alfred
Quzenbauerin dəstəyi ilə "Azərbaycanın geosiyasəti
və Avropanın enerji təhlükəsizliyi"
mövzusunda konfrans keçirilmişdir.
Konfransda
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev,
Milli Məclisin deputatları Elxan Süleymanov, Fazil Mustafa,
Qüdrət Həsənquliyev, ARDNŞ-in Avstriyadakı
nümayəndəliyinin başçısı Gülmirzə
Cavadov, Avstriyanın siyasi xadimləri, "OMV" neft-qaz
şirkətinin əməkdaşları, Vyanada akkreditə
olunmuş diplomatik korpusun təmsilçiləri,
tanınmış ekspertlər və media nümayəndələri
iştirak etmişlər.
Avstriyanın
"Industrie magazin" jurnalının naşiri Florian Tsanqerl
tədbiri giriş sözü ilə açaraq Azərbaycanın
getdikcə artan nüfuzu, Avropa üçün mühüm tərəfdaşa
çevrilməsi və enerji təhlükəsizliyində
ciddi tərəfdaş olması barədə
danışmışdır.
Avstriyanın
keçmiş Baş naziri Alfred Quzenbauer Azərbaycanı zəngin,
sürətlə inkişaf edən, mühüm geosiyasi
mövqedə yerləşən, Avropa və Asiya arasında ənənəvi
körpü rolunu oynayan ölkə kimi dəyərləndirmişdir.
A.Quzenbauer, eyni zamanda, Azərbaycanın mövcud problemlərinə
də toxunmuş, Ermənistanın hərbi təcavüzü
nəticəsində ərazisinin bir hissəsinin işğal
olunduğunu, qaçqın və məcburi
köçkün problemləri ilə üzləşdiyini tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır.
A.Quzenbauerin
moderatorluğu ilə keçən konfransda sənaye və
energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatı Elxan
Süleymanov, İsrailin Avstriyadakı səfiri Aviv Şir-On,
"Farefuturo" Fondunun prezidenti, İtaliyanın ticarət və
sənaye nazirinin keçmiş müavini Adolfo Urso, İnsbruk
Universitetinin siyasi elmlər üzrə professoru,
tanınmış siyasi analitik Qerhard Manqott və Vyana Beynəlxalq
İqtisadi Tədqiqatlar İnstitutunun iqtisadçısı
Vasili Astrov çıxış etmişlər.
İnsbruk
Universitetinin siyasi elmlər üzrə professoru,
tanınmış siyasi analitik Qerhard Manqott Azərbaycanın
geosiyasi vəziyyəti, qonşu dövlətlərlə
qurduğu münasibətlər, xüsusilə Dağlıq
Qarabağ münaqişəsinin regional təhlükəsizliyə
yaratdığı ciddi təhlükə barədə məlumat
vermişdir. Məruzəçi supergüclərin Cənubi
Qafqazda maraqları, Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın rolu, regional və beynəlxalq münasibətlərdə
tutduğu mövqe barədə ətraflı söhbət
açmış, onu Avropa dəyərlərinə söykənən
və inteqrasiyada maraqlı olan dövlət kimi səciyyələndirmişdir.
Analitik Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran
və Azərbaycan-Türkiyə münasibətləri ilə
bağlı icmal xarakterli təhlil və mülahizələrini
də tədbir iştirakçıları ilə
bölüşmüşdür.
Vyana
Beynəlxalq İqtisadi Tədqiqatlar İnstitutunun
iqtisadçısı Vasili Astrov əsasən Azərbaycanın
qaz ehtiyatları, ölkənin bu sahədə fəaliyyəti,
dünyada şist qazı yataqlarının istismarının
sürətləndiyi və bunun təbii qazın hasilatı və
nəqlinə təsiri ilə əlaqədar
ehtimallarını diqqətə
çatdırmışdır.
Sənaye
və energetika naziri Natiq Əliyev Azərbaycanda neft-qaz sənayesinin
zəngin ənənələrə söykəndiyini və
böyük tarixə malik olduğunu bildirmiş, ölkəmizin
qlobal, habelə Avropanın enerji siyasətində rolundan bəhs
etmişdir. Dünyada sənaye üsulu ilə ilk dəfə
neftin Bakıda çıxarıldığını və
Azərbaycanın 160 illik dövrü əhatə edən
neft-qaz sənayesi tarixinə malik olduğunu vurğulayan nazir
son 20 il ərzində ölkənin ciddi iqtisadi və siyasi
inkişaf yolu keçərək, böyük uğurlar
qazandığını diqqətə
çatdırmışdır.
Enerji
təhlükəsizliyinin dünya iqtisadiyyatı və siyasətinin
əsas elementlərindən biri olduğunu və həyatın
bütün sahələrinə birbaşa təsir göstərdiyini
qeyd edən N.Əliyev Azərbaycanın Avropa
üçün həm etibarlı enerji
istehsalçısı, həm də karbohidrogen
ehtiyatlarının nəqli üçün marşrut təklif
edən tərəfdaş olduğunu bildirmişdir. Diqqətə
çatdırılmışdır ki, hazırda enerjiyə tələbatının
50 faizini idxal hesabına ödəyən və yaxın gələcəkdə
enerji idxalını 80 faizə çatdırmaq məcburiyyəti
qarşısında qalan Avropa, eyni zamanda, enerji məhsullarının
nəqli baxımından ciddi şəkildə asılı vəziyyətdədir.
Belə bir şəraitdə enerji mənbələrinin
şaxələndirilməsində Azərbaycan əvəzsiz
və neytral rol oynaya bilər.
Milli
Məclisin deputatı Elxan Süleymanov diqqəti Azərbaycanın
ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə yönəltmiş,
onun səbəb və xüsusiyyətləri barədə
danışmışdır. Müharibə və
münaqişə məfhumlarının bərabər
tutulmasını heç də düzgün yanaşma hesab
etməyən E.Süleymanov söhbətin iki tərəf
arasında münaqişədən deyil, Ermənistanın Azərbaycana
təcavüzündən, əraziləri hərbi güc vasitəsilə
işğal etməsindən getdiyini vurğulamış,
dünya ictimaiyyətini və beynəlxalq qurumları bu məsələdə
ədalətli mövqe tutmağa
çağırmışdır. Milli Məclisin deputatı
çıxışını təəssüf notları ilə
başa vuraraq bildirmişdir ki, münaqişəyə beynəlxalq
müstəvidə göstərilən laqeyd münasibətdən
hər iki ölkənin xalqı, xüsusilə də bir
milyondan artıq qaçqın və məcburi
köçkünü olan Azərbaycan ciddi əziyyət
çəkir.
Sonra
konfransda "Euronews" telekanalı tərəfindən
yayımlanmış "Azərbaycan: bir Qafqaz
mozaikası" reportajı nümayiş etdirilmişdir.
İsrailin
Azərbaycanın timsalında müsəlman dövləti ilə
yaxşı münasibətlərə malik olduğunu qeyd edən
səfir Aviv Şir-On bu təcrübənin digər ölkələr
üçün örnək ola biləcəyini söyləmiş,
Azərbaycanı tolerantlıq simvolu kimi səciyyələndirmişdir.
Avropada və dünyanın digər ərazilərində yəhudilərin
təqiblərə məruz qaldığı dövrlərdə
belə, Azərbaycanda yəhudilərə daim isti münasibət
göstərildiyi qeyd edilmiş, bu ölkədə yaşayan
yəhudilərin, eləcə də digər dini və milli
azlıqların hüquqlarının yüksək səviyyədə
qorunmasından məmnunluq ifadə olunmuşdur.
"Farefuturo"
Fondunun prezidenti, ticarət və sənaye nazirinin
keçmiş müavini Adolfo Urso öz məruzəsində əsasən
Azərbaycan ərazilərinin işğalı nəticəsində
yaranmış sosial problemlərdən, qaçqın və məcburi
köçkünlərin ata-baba yurdlarına geri dönməsinin
vacibliyindən, beynəlxalq təşkilatların bu məsələdə
Azərbaycanın hüquqlarını təsbit etməsindən
danışmışdır. İtaliyanın, eləcə də
digər Avropa ölkələrinin enerjiyə tələbatının
getdikcə artdığını qeyd edən natiq Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinə müsbət və
ciddi töhfə verəcəyinə inamını ifadə
etmişdir.
Milli
Məclisin deputatları Fazil Mustafa və Qüdrət Həsənquliyev
Azərbaycan-Avropa münasibətlərinin perspektivləri,
regionda gedən geosiyasi proseslər, Dağlıq Qarabağ
münaqişəsinin kökləri barədə məlumat
verərək, ölkəmiz ilə bağlı obyektiv həqiqətlərin
Avropa ictimaiyyətinə çatdırılmasında bu kimi tədbirlərin
mühüm əhəmiyyət
daşıdığını vurğulamışlar.
Konfransdan
sonra sənaye və energetika naziri Natiq Əliyev bir sıra
ikitərəfli görüşlər keçirmiş,
Almaniya, Fransa, İtaliya və Avstriyanın KİV nümayəndələrinə
müsahibələr vermişdir. Jurnalistlərin sualları əsasən
"Şahdəniz" konsorsiumunun TAP və Nabukko layihələrindən
hansını seçəcəyi ilə bağlı
olmuşdur. N.Əliyev danışıqların son mərhələdə
olduğunu nəzərə çatdırmış, Azərbaycan
hökumətinin, habelə "Şahdəniz"
konsorsiumunun sırf strateji və kommersiya baxımından daha əlverişli
layihəni seçəcəyini vurğulamışdır.
Konfrans
çərçivəsində Azərbaycan nümayəndə
heyəti tərəfindən tədbir iştirakçılarına
Xocalı soyqırımı və Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı kitablar
paylanmışdır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2013.- 12
iyun.- S.7.