Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin nümayəndə heyətlərinin konfransı keçirilmişdir

 

İyunun 11-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin nümayəndə heyətlərinin konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən İƏT, İSESCO, Körfəz Əməkdaşlıq Şurası, İnkişaf naminə İslam Həmrəyliyi Fondu, İslam İnkişaf Bankının təmsilçiləri iştirak etmişlər.

Konfransı açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu cür tədbirlərin bütün müsəlman aləmi üçün mühüm əhəmiyyət kəsb etdiyini demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışan Elmar Məmmədyarov İƏT-in daim ölkəmizə dəstək olduğunu xatırlatmışdır. Bildirmişdir ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin ərazilərinin 20 faizi işğal olunmuş, minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənistan hələ də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, İƏT-in qəbul etdikləri sənədlərin tələblərinə məhəl qoymur. Bu sənədlərə əsasən, Ermənistanın hərbi qüvvələri qeyri-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. İƏT bu münaqişədə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.

Tədbirdə İƏT-in baş katibi Ekmaleddin İhsanoğlu, Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amr, Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki və digər rəsmi şəxslər çıxış edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirmişlər.

 

Azərbaycan.-2013.- 12 iyun.- S.7.