Azərbaycan Dillər Universitetində Çin Mərkəzi açılmışdır
İyunun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin
Mərkəzinin və
açıq kitabxananın
açılışı olmuşdur.
AzərTAc xəbər verir
ki, açılış
mərasimində dövlət
və hökumət qurumlarının
nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar,
beynəlxalq təşkilatların
təmsilçiləri, səfirliklərin
əməkdaşları iştirak
etmişlər.
Tədbirdə ADU-nun rektoru, Milli
Məclisin deputatı,
professor Səməd Seyidov
ölkə universitetləri
arasında ilk dəfə
ADU-da yaradılmış açıq kitabxananın əhəmiyyətindən,
universitetdə fəaliyyət
göstərən mərkəzlərin
ölkələrarası münasibətlərin
inkişafında böyük
rolundan danışmışdır.
Yeni kitabxanada mindən çox kitabın açıq şəkildə
universitetin müəllim
və tələbələrinin,
eləcə də bütün maraqlananların
ixtiyarına verildiyini
qeyd edən S.Seyidov bu kitabların
sayının gündən-günə
artacağına ümidvar
olduğunu bildirmişdir.
Çin Mərkəzi haqqında məlumat verən rektor universitetdə dünyanın 15-dək ölkəsinin
tarixini, mədəniyyətini
əks etdirən mərkəzlərin yaradıldığını
və bu qurumların müvafiq dilləri öyrənən
tələbələrə böyük köməyini
qeyd etmişdir. Mərkəzlərin
xidmətindən universitetin
tələbə və
müəllimləri ilə
yanaşı, ölkənin
digər ali təhsil ocaqlarında təhsil alan gənclərin də faydalandıqları bildirilmişdir.
ADU-nun Çinin Siçuan Universiteti ilə əməkdaşlığından söz açan S.Seyidov rəhbərlik etdiyi ali
məktəbdə Çin
Mərkəzinin açılmasının
bu ölkənin universitetləri ilə əlaqələrin genişləndirilməsi,
ölkələrimiz arasında
qədim tarixə malik münasibətlərin
dərinləşdirilməsi istiqamətində atılmış
mühüm addım olduğunu vurğulamışdır.
Sonra rəmzi qırmızı
lent kəsilmiş, qonaqlar
Çin Mərkəzi
ilə yaxından tanış olmuşlar.
Çin Xalq Respublikasının
(ÇXR) ölkəmizdəki səfiri Xun Tsyui Azərbaycan-Çin diplomatik
əlaqələrinin qurulmasından
ötən 21 il ərzində iki ölkənin dostluq münasibətlərinin
daha da inkişaf
etdiyini, müxtəlif
sahələrdə əməkdaşlıq
çərçivəsində böyük uğurların
qazanıldığını söyləmişdir. Səfir
ADU-da Çin Mərkəzinin açılmasının ölkələrimiz
və xalqlarımız
arasında əlaqələrin
inkişafında və
möhkəmlənməsində əhəmiyyətli rolunu
diqqətə çatdırmışdır.
Diplomat Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud ikitərəfli münasibətlərin daha
da inkişaf etdirilməsi istiqamətində
bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.
Azərbaycan-Çin parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası
(YAP) sədrinin müavini-icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov ADU-da Çin Mərkəzinin
açılmasının tələbələrin
Çin dili və mədəniyyətini
daha dərindən mənimsəmələrinə kömək edəcəyini
bildirmişdir. Ə.Əhmədov
demişdir ki, bu mərkəz təkcə tədris guşəsi deyildir, o tezliklə Çin-Azərbaycan dostluğunu əks etdirən bir məkana çevriləcəkdir.
Azərbaycan və Çin arasında bütün sahələrdə, xüsusilə
siyasi sahədə səmərəli əməkdaşlığın
bərqərar olduğunu
qeyd edən YAP sədrinin müavini
1994-cü ildə ümummilli
lider Heydər Əliyevin, 2005-ci və
2008-ci illərdə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
ÇXR-ə səfərlərini xatırlatmışdır. Ə.Əhmədov əminliklə bildirmişdir
ki, ADU-da belə bir mərkəzin
yaradılması təhsilimizlə
yanaşı, dövlətlərarası
münasibətlərin inkişafına
da öz töhfələrini verəcəkdir.
Çinin dünya mədəniyyətinə
töhfələrindən, xalqlarımız arasında mədəni
əlaqələrin dərin
köklərindən danışan
Ə.Əhmədov hələ
XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin
"Yeddi gözəl"
poemasında Çin gözəlinin tərənnüm
olunduğunu xatırlatmışdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvü, akademik Ziyad Səmədzadə ikitərəfli
münasibətlərin bütün
istiqamətlərdə, o cümlədən
siyasi, iqtisadi və digər sahələrdə uğurla
inkişaf etdiyini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Çin
münasibətlərinin hazırda
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirmişdir.
Xalqlarımız və ölkələrimiz
arasında əlaqələrin
möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini qeyd edən Milli Məclisin komitə sədri Çinə səfərlərindən, bununla
bağlı təəssüratlarının
50-dək elmi məqalədə
və dörd kitabda əks olunmasından söz açmışdır.
Z.Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş
"Çin qlobal dünya iqtisadiyyatında"
kitabını ADU-nun Çin
Mərkəzinə hədiyyə
etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, Milli Məclisin deputatı, Çinin Siçuan Universitetinin fəxri professoru Asəf Hacıyev ADU-da Çin Mərkəzinin fəaliyyətə başlamasının
xalqlarımız və
ölkələrimiz arasında
əlaqələrin inkişafında
əhəmiyyətli rolundan
danışmış, belə
təşəbbüsləri yüksək dəyərləndirmişdir.
UNESCO-nun Sülh Mədəniyyəti
İnstitutunun rektoru,
"Avropa-Asiya" Beynəlxalq
Humanitar Akademiyasının
prezidenti, akademik Engel Tahirov müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların qovuşduğu təhsil məkanında olmasından
məmnunluğunu bildirmiş,
Çin Mərkəzinin
açılması münasibətilə
tərəfləri təbrik
etmişdir. Sonra E.Tahirov professor S.Seyidovun
"Avropa-Asiya" Beynəlxalq
Humanitar Akademiyasının
həqiqi üzvü seçildiyini bildirmiş
və akademik diplomunu azərbaycanlı rektora təqdim etmişdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərini əks
etdirən videosüjetlər, ADU-nun Çin Mərkəzinin fəaliyyəti ilə bağlı slaydlar nümayiş olunmuşdur.
Həmçinin Çin xalq mahnılarının mahir
ifaçısı, Çin
Xalq Respublikasının
birinci xanımı
Pen Liyuanın ifa etdiyi mahnıların klipləri göstərilmişdir.
Açılış
mərasimi ADU-nun regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin
çinşünaslıq ixtisasında təhsil alan tələbələrin
ifasında "Molixua" (Əyləncəli mahnı)
Çin xalq mahnısı ilə başa
çatmışdır.
Azərbaycan.-2013.- 13
iyun.- S.2.