TÜRKPA-nın 4-cü plenar sessiyasında

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının yaranmasından beş il ötür. Zaman baxımından qısa müddət olmasına baxmayaraq, ötən dövr ərzində bu təşkilat tam formalaşmış, beynəlxalq qurumlar sırasında nüfuzlu yer tutmuş, ən başlıcası isə türkdilli ölkələrin əlaqələrinin daha da möhkəmlənməsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Bu qurumun Türkiyənin paytaxtı Ankarada keçirilən 4-cü plenar sessiyası məhz TÜRKPA-nın 5-ci ildönümünə həsr olunmuşdu. Bu münasibətlə keçirilən tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti  iştirak etdi. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, Çingiz Əsədullayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Sessiyanın işində  Türkiyə, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla dörd ölkənin parlament nümayəndə heyəti iştirak edirdi. İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlər Birliyinin, Türk Şurasının, TürkSoyun, GUAM-ın, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Macarıstan Milli Assambleyasının, Mərmərə Fondunun, Dünya Türk Gənclik Birliyinin və digər beynəlxalq təşkilatların rəhbər nümayəndələri tədbirdə müşahidəçi və qonaq qismində iştirak edirdilər.

İyunun 10-da bütün nümayəndə heyətləri Anıtkabir Mavzoleyinə gedərək oranı ziyarət etdilər, Atatürkün məzarı önünə əklillər qoydular. Parlament sədrləri mavzoleyin xatirə kitabına ürək sözlərini yazdılar. Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Ankaradakı ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəldilər. Türk dünyasının bu böyük şəxsiyyətinin xatirəsinə ucaldılmış əzəmətli heykəl önünə əklil qoydular, xatirəsini ehtiramla yad etdilər. Parkın gözəlliyi bura gələn hər bir kəsi heyran edir. Burada aparılan quruculuq işləri isə bu gözəlliyə xüsusi çalar verir. Parkda çalışanlar nümayəndə heyətimizin üzvlərinə aparılan işlər barədə ətraflı məlumat verdilər.

TÜRKPA-nın 4-cü plenar sessiyası çərçivəsində bir sıra görüşlər keçirildi. Türkiyə Prezidenti Abdulla GülBaş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin rəhbərləri ilə görüşlərində ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, xalqlarımız və dövlətlərimiz arasında olan əlaqələrin dərinləşməsi TÜRKPA-nın fəaliyyəti, perspektivləri və digər vacib məsələlər ətrafında söhbətlər aparıldı.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin arasında keçirilən görüşdə hər iki ölkə, o cümlədən parlamentlər arasında mövcud əlaqələrdən və bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs olundu. Qeyd olundu ki, parlamentlər istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar müstəvisində daha səmərəli fəaliyyət göstərməli, xalqlarımızın və dövlətlərimizin tarixi köklərlə biri-birinə bağlı olan əlaqələrinə bundan sonra da daha böyük töhfələr verməlidir.

Sonra Assambleya Şurasının 4-cü iclasının açılış mərasimi oldu. TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğızıstan Jogorku Keneşinin sədri cənab Asilbek Jeenbekov nitq söylədi. TÜRKPA-ya sədrlik Türkiyəyə təhvil verildi.

Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək çıxış edərək yaranmış ənənələri davam etdirərək daha yüksək inkişafa nail olmağın vacibliyini bildirdi. Qeyd etdi ki, Türkiyə təşkilata sədrliyi dövründə bu qurumun daha da güclənməsinə tarixi köklərlə biri-birinə bağlı olan  xalqlarımız arasında sosial, iqtisadi, siyasi, mədəni  sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə çalışacaq.

Sonra Assambleya Şurası iclasının gündəliyi qəbul olundu və gündəlikdə duran məsələlər müzakirə edildi. Qırğızıstan Respublikası Jogorku Keneşinin Sədri Asilbek Jeenbekov Qırğız tərəfin sədrliyinin nəticələrinə dair hesabatı təqdim etdi.   TÜRKPA-nın baş katibi Ramil Həsənov TÜRKPA beynəlxalq katibliyinin 2012-ci il fəaliyyətinə və TÜRKPA beynəlxalq katibliyinin 2012-ci il büdcəsinin həyata keçirilməsinə dair məruzə etdi. Müzakirəyə çıxarılan məsələlər səsvermə yolu ilə təsdiq edildi. TÜRKPA beynəlxalq katibliyi tərəfindən 2014-ci il üçün hazırlanmış büdcə layihəsi və TÜRKPA-nın büdcəsinə nəzarət mexanizminin yaradılması ilə bağlı məsələlər öz təsdiqini tapdı. Sonra TÜRKPA-nın baş katibibaş katibin müavinləri vəzifələrinə namizədlər təsdiq olundu. TÜRKPA-nın beşinci plenar sessiyasının tarixiyerinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov məruzə etdi. TÜRKPA-nın 4-cü plenar sessiyasının yekun sənədi - Ankara bəyannaməsinin mətn layihəsi müzakirə olunduqdan sonra   4-cü plenar sessiyanın gündəliyi təsdiq edildi. Bununla da Assambleya Şurasının iclası öz işini yekunlaşdırdı.

İyunun 11-də isə TÜRKPA-nın yaranmasının 5-ci ildönümünə həsr olunmuş Türkdilli Ölkələrin Parlament Assambleyasının 4-cü plenar sessiyası öz işinə başladı. Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək TÜRPA-ya dair İstanbul razılaşması imzalanmasının 5-ci il dönümünə həsr olunmuş nitqi söylədi. Sonra 4-cü plenar sessiyanın gündəliyi qəbul edildi. İçlasda İstanbul razılaşmasının 5-ci ildönümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament rəhbərləri çıxış etdilər. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov əvvəlcə tədbirin keçirilməsinə yaradılan gözəl şəraitə və qonaqpərvərliyə görə Türkiyə parlamentinin rəhbərliyinə minnətdarlıq etdi. Əmin olduğunu bildirdi ki, qardaş türk yurdunda keçirilən bu mötəbər toplantı təşkilatın öhdəsinə düşən missiyasının yerinə yetirilməsi işinə dəyərli töhfə verəcəkdir.

O.Əsədov qeyd etdi ki, türk xalqlarının yaradıcılıq enerjisinin birləşdirilməsinə yönələn ümumtürk həmrəyliyinin və birliyinin yaradılması ideyası türk dünyasının mütəfəkkir insanlarını həmişə düşündürmüşdür. Bu ideyanın həyata keçirilməsi yolunu onlar "dildə, fikirdə, işdə birliyə" nail olmaqda görmüşlər. Əslində, ortaq kökləri, tarixi və mədəniyyəti bölüşən türkdilli xalqların sıx birləşməsi və əlbir hərəkət etməsi zamanın tələbidir.

Beş il öncə İstanbul şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının təməlinin qoyulması xalqlarımızın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Ötən dövrdə TÜRKPA özünü parlamentlərarası dialoqun demokratik forumu və xalqlarımız arasında əlaqələri möhkəmləndirməyin önəmli vasitəsi kimi təsdiq edə bilmişdir.

Ortaq Parlament Məclisi bölgəmizin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açılmışdır. Türkdilli Ölkələrin Parlament Assambleyası dövlətləri arasında siyasi əlaqələrin dərinləşdirilməsi, eləcə də ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi işinə dəyərli töhfələr vermişdir və verməkdədir.

Türk birliyi ideyasının gerçəkləşməsinin həm hökumət, həm də parlament səviyyəsində dəstəklənməsi türkdilli xalqların mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynayır. Azərbaycan dövləti bu günə qədər TÜRKPA çərçivəsində həyata keçirilən bütün tədbirləri fəal surətdə dəstəkləmişdir.

O, daha sonra qeyd etdi ki, üç ildən bəri Bakıda fəaliyyətini davam etdirən TÜRKPA-nın katibliyinə hərtərəfli qayğı göstərilir. Bu yaxınlarda TÜRKPA katibliyinin binasının tikilməsi üçün xüsusi ərazi ayrılmış və lazımi maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Bütün bunlar Azərbaycan dövlətinin və onun Prezidentinin təşkilata nə qədər böyük əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Müasir dünya siyasətində parlament diplomatiyasının getdikcə daha mühüm rol oynadığını qeyd edən Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının parlament diplomatiyasının böyük potensialının işə salınması üçün əlverişli platforma yaratdığını diqqətə çatdırdı.

Qeyd etdi ki, hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilmiş və gələcəkdə nəzərdə tutulan ikitərəfli və çoxtərəfli iqtisadi layihələr, qarşılıqlı sərmayə qoyuluşları, vahid nəqliyyat-kommunikasiya sisteminin qurulması, iqtisadi, energetika, maliyyə, kredit-bank infrastrukturunun yaradılmasına və digər məqsədlərin reallaşmasına yönəlmişdir.

Regional əməkdaşlığın gözəl nümunələri olan bu cür layihələr dövlətlərimizin və xalqlarımızın tərəqqisinə xidmət etməklə yanaşı, həm də türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasına kömək göstərir. Təəssüf ki, bölgəmizdə indiyədək həll edilməyən münaqişələr həm beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir, həm də inteqrasiya proseslərinin inkişafına mane olur.

Azərbaycanın qarşılaşdığı silahlı təcavüz və işğaldan danışan Oqtay Əsədov bildirdi ki, bizim dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında dinc vasitələrlə həll edilməsi yoluna sadiqdir. Bu məqsədlə Azərbaycan Respublikası həmin məsələni üzv olduğu beynəlxalq təşkilatların gündəliyində saxlamağa çalışır, BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzün verdiyi imkanları səmərəli şəkildə dəyərləndirir.

BMT-nin Baş Məclisi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Əməkdaşlığı Təşkilatının Parlament Məclisi kimi nüfuzlu parlament qurumları Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul etmişlər.

Bir sıra dövlətlərin qanunvericilik orqanları öz qətnamələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsinin zəruriliyini göstərmişlər.

O.Əsədov beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsində nümayəndə heyətimizi dəstəkləyən bütün ölkələrin, xüsusən türkdilli dövlətlərin təmsilçilərinə bir daha təşəkkürünü bildirdiqardaş türkdilli dövlətlərin bu sahədə səylərini artırmasının vacib olduğunu bildirdi.

Sonra tədbirdə qonaq və müşahidəçi qismində iştirak edən beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək ürək sözlərini söylədilər.

TÜRKPA beynəlxalq katibliyinin beşillik fəaliyyətinə həsr olunmuş video çarxın təqdimatından sonra Ramil Həsənov katibliyin 2012-ci ildəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. TÜRKPA nəzdində fəaliyyət göstərən komissiyaların nümayəndələrinin məruzələri də dinlənildi. Həmin məruzələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi. Şura iclasında qaldırılan bir sıra məsələlər də plenar sessiyada öz təsdiqini tapdı. Belə ki, TÜRKPA Beynəlxalq Katibliyinin 2014-ci il büdcəsi təsdiq olunduqdan sonra TÜRKPA-nın baş katibionun müavinlərinin seçilməsi məsələsi də müvafiq qaydalara uyğun həyata keçirildi.

Ankara bəyannaməsi səsvermə yolu ilə təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov TÜRKPA-nın 5-ci plenar sessiyasının yeri və vaxtı ilə bağlı fikirlərini açıqladı. 5-ci plenar sessiyanın  2014-ci ilin iyun ayının əvvəllərində Azərbaycanda keçirilməsi qərara alındı.

Burada keçirilən tədbirlər çərçivəsində milli parlamentlərin aparat rəhbərlərinin də görüşü keçirildi. Görüşdə parlamentlərarası əməkdaşlıq imkanları, təcrübə mübadiləsi,  birgə seminarların təşkili məsələləri və bir sıra digər məsələlər nəzərdən keçirildi. Plenar sessiyada bu görüşün nəticələri yüksək dəyərləndirildi.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, tədbir boyu bütün çıxışlarda Azərbaycanın üzləşdiyi ən ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində oldubu məsələnin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması vacib sayıldı. Çıxış edənlər öz ölkələrinin bundan sonra da Azərbaycanın haqq işinə dəstək verəcəklərini söylədilər. TÜRKPA-ya xüsusilə də onun katibliyinin fəaliyyətinə göstərilən diqqətə, katibliyin işinin  səmərəliliyinin daha da artırılması məqsədi ilə yeni inzibati bina tikilməsinə şərait yaradıldığına görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə minnətdarlıqlar ifadə olundu.

Tədbirin sonunda parlament nümayəndə heyətləri rəhbərlərinin mətbuat konfransı keçirildi. Bununla da  TÜRKPA-nın 5-ci ildönümünə həsr olunmuş qurumun  4-cü plenar sessiyası öz işini başa çatdırdı.

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

 

Azərbaycan.-2013.- 13 iyun.- S.3.