«Azərbaycanın idman
tarixində Heydər Əliyev mərhələləri»
kitabının təqdimat mərasimi keçirilmişdir
İyunun 12-də Milli Olimpiya Komitəsində (MOK) "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri" kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, 240 səhifədən, 8 fəsildən ibarət kitabın müəllifi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyevdir.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illər ərzində ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edilir.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə kitabın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin ölkədə gənclərlə işinin ayrılmaz tərkib hissəsi kimi idmanın formalaşıb inkişaf etdirilməsi daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılsa da, bu sahədə konkret addımlar yalnız müdrik rəhbərin hakimiyyətə qayıdışından sonra atılmışdır. Həmin dövrdə respublikada idman işinin səviyyəsi ulu öndər Heydər Əliyevi qane etmir və bu sahədə əsaslı dönüş yaratmaq tələb olunurdu. Dahi rəhbərin tövsiyəsi ilə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Elə o vaxtdan başlayaraq Azərbaycanda idmanın inkişafında mühüm dəyişikliklər baş vermişdir.
Ümummilli liderin idmançılarla keçirdiyi görüşlərdən danışan Ç.Hüseynzadə ulu öndər Heydər Əliyevin ölkə idmanının inkişafında misilsiz xidmətlərini diqqətə çatdırmışdır. Ümummilli liderin idmançılara diqqət və qayğı ilə yanaşdığını bildirən natiq bu dahi şəxsiyyətin Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı olduğunu vurğulamışdır.
Bildirmişdir ki, respublikamızda idman sahəsində qazanılmış beynəlxalq nailiyyətlərin məntiqi nəticəsi kimi 2015-ci il Avropa Olimpiya Oyunlarının məhz Azərbaycanda təşkil edilməsi də Heydər Əliyev dühasının təntənəsi və Prezident İlham Əliyevin bu istiqamətdə apardığı genişmiqyaslı fəaliyyətinin qələbəsi kimi qəbul edilməkdədir.
MOK-un baş katibi Ağacan Abıyev ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. Qeyd etmişdir ki, keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını məyusluq mənbəyi adlandırmaq ədalətsizlik olardı. Xüsusilə 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılmışdır. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də, kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlərin olduğu şəksizdir.
A.Abıyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdır. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğular, zallar tikilmiş, idman meydançaları salınmış, idman-sağlamlıq mərkəzləri yaradılmışdır.
Qeyd edilmişdir ki, ulu öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmana münasibət də kökündən dəyişmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanı xaos və anarxiya girdabından çıxardığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsini də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir.
MOK-un
İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab
Muzeyinin yaradıcısı və rəhbəri, əməkdar
incəsənət xadimi Zərifə Salahova ümummilli lider
Heydər Əliyevlə bağlı xatirələrini
danışmışdır. Ulu öndərlə
bağlı hazırladığı miniatür kitablardan
danışan Z.Salahova muzeydə 71 ölkədə çap
olunmuş 5 min 350 kitabın nəşr edildiyini diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, bu kitablar
arasında 37-si ulu öndərlə bağlıdır. Həmin
kitablar bir çox tədbirlərdə nümayiş
olunmuşdur.
Sonra
Z.Salahova ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş miniatür kitabı və medalı tədbir
iştirakçılarına təqdim etmişdir.
Digər
çıxış edənlər Azərbaycanın ali və
mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini diqqətə
çatdırmışlar. Qeyd etmişlər ki, bu, ölkəmizin
idman sahəsində uğurlarının, dövlətin bu sahəyə
qayğısının nəticəsidir. Bu tədbirlərin
Azərbaycanda keçirilməsi üçün ölkəmizdə
təşkilati baxımdan da yüksək şərait və
imkan vardır. Bunu dünya idman təşkilatları təsdiqləyir
və bu səbəbdən də belə mötəbər
yarışlar reallaşır. Bu gün bir sıra ölkələr
dövlətimizin idman sahəsinə qoyduğu
yatırımlara, dəstəyə qibtə edirlər. Bu isə
ölkəmizdə idmanın kütləviliyinin artmasına,
gəncliyin sağlam gələcəyinin inkişafına
kömək edir.
Müəllif
Dilqəm Quliyev ümummilli lider Heydər Əliyevin ölkə
idmanının inkişafı istiqamətində
gördüyü işlərdən danışmış və
kitabının təqdimat mərasiminin təşkilinə
görə minnətdarlığını bildirmişdir.
Azərbaycan.-2013.- 13
iyun.- S.3.