Azərbaycanda müstəqil dövlətçiliyi
yaradan və yaşadan – Ümummilli
Lider Heydər Əliyevin qadir siyasətidir
Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki
İstər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı, istərsə də
onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım
yalnız sizə - bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur.
Heydər Əliyev
Böyük missiyanı gerçəkləşdirən
siyasi düha
Dövlət qurmaq,
müstəqil yaşamaq bəşər tarixində heç
də bütün xalqlara nəsib olmur. Milli
quruculuğun lideri kimi xalqın böyük əzm və
etimadına layiq olmaq siyasətçinin, dövlət xadiminin
fədakar əməyini, böyük dühasını tələb
edir. Tarixdə vaxtı ilə dövləti olan, sonra
müxtəlif səbəblərdən varlığına son
qoyulan ölkələr də, zahirdə öz suverenliyini hissə-hissə
itirən (Ermənistan kimi) formal müstəqil dövlətlər
də az olmamışdır. Dövlətlərin yaranması və inkişaf
tarixi çox çətinliklərdən keçib,
çiçəklənmə və tənəzzül
fazalarını yaşayıblar.
Bütün bu proseslərdə danılmaz və
ümumi olan bir cəhət var. Bu, həmin proseslərin həlledici
bir amilə - "milli siyasi lider" faktoruna bağlı
olmasıdır. Hər bir dövlətin uğurları bu
konkret amildən asılı olur.
Tarixdə
adı dövlətçiliyin simvoluna çevrilən və
onunla qoşa çəkilən çox az
siyasi liderə rast gəlmək olar. Tanrının
və taleyin hökmü ilə müstəqil dövlətimizin
ən müasir tarixi də məhz belə liderin adı ilə
bağlıdır və dövlətçilik salnaməsinə
şanlı səhifələr məhz onun siyasi xətti ilə,
rəhbərliyi ilə yazılıb. XX əsr
tarixində, dünya siyasətində etiraf edilən fenomen
şəxsiyyət Heydər Əliyevin yaratdığı
milli dövlətçilik tarixin bizə bəxş etdiyi
milli sərvətdir və onun dəyərini dərk etməliyik.
İstər Azərbaycan tarixində, istərsə də
xalqın yaddaşında Heydər Əliyev müstəqil və
suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur
insan və ən böyük vətəndaş kimi
qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni
tarixində bütöv bir epoxanı özündə təcəssüm
etdirən, müstəqil dövlətin siyasi, iqtisadi,
hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan,
onların ardıcıl inkişafını təmin edən
siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bu gün biz azərbaycanlıların ölkəmiz
haqda danışanda fəxr edə biləcəyi, qürurla
öyünəcəyi çox uğurları var. Onların
istisna olmadan hamısı Heydər Əliyevin adı ilə
bağlıdır. Müstəqil Azərbaycanda
elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin
zəhməti olmasın.
Belə deyim var ki, insanlar yaxşıya tez
alışır, onları adi kimi qəbul edirlər. Eyni zamanda Azərbaycanı
əvvəllər görən, uzun zaman burada olmayan və
yenidən gələn insanlar onun nə qədər inkişaf
etdiyini görərək heyrətlərini sadəcə gizlədə
bilmirlər. Bu həmin qadir siyasətin təntənəsidir.
Milli dövlət və milli lider müasir tarixin fenomenləridir.
Ümumi
qənaətə görə, məhz XX əsrdə
"dövlət" və "şəxsiyyət"
anlayışları bir simada - "milli lider" simasında
cəmlənə bilmiş və həmin əsr tarixə
dünya şöhrətli liderlər bəxş etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev həmin lider şəxsiyyətlərdən biridir.
Milli lider olmağın meyarları və izahı
müxtəlifdir. Hələ Aristotel yazırdı ki,
"siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini
öncədən görmək və gördüyünü həyata
keçirə bilməkdir".
Adətən dünyanın klassik siyasi sistemlərində
(məsələn, ABŞ-da) dövlətin
konstitusiyasını yaradanlar millətin, xalqın lideri hesab
edilə bilərlər. Həmin konstitusiyalarda dövlət
başçısının, prezidentin səlahiyyət və
vəzifələri barədə yazılır. Onlar
dövlətin daxili və xarici siyasətini müəyyən
edən, onu beynəlxalq münasibətlərdə təmsil
edən ali vəzifəli şəxslər
kimi qeyd edilir.
Azərbaycan xalqı bilir ki, dövlətimizin ilk,
müstəqil və demokratik Konstitusiyasının - Ana Qanunun
müəllifi də Heydər Əliyevdir. Lakin o,
Ümummilli Lider zirvəsində təkcə buna görə qərar
tutmayıb. İlk əvvəl Konstitusiyada adı həkk
olunacaq "müstəqil Azərbaycan dövləti"ni yaratmışdır və onun bütün
sahələrdə sarsılmaz təməllərini müəyyən
etmişdir.
Onun xalq
üçün gördüyü, sadalanması mümkün
olmayan başqa neçə-neçə tarixi xidmətləri,
fədakarlıqları var. Təkcə bu misal Ümummilli
Liderin həm yaddaşımızda, həm də azərbaycanlıların
qəlbində tutduğu müstəsna tarixi yer haqda təsəvvür
əldə etməyə imkan verir. Həm də
göstərir ki, Heydər Əliyevin xidmətləri
dünya siyasi sistemlərində müəyyən edilən
"milli lider" çərçivəsinə,
hüdudlarına sığmır. Bu necə
baş verir?
Dövlətlər kimi, dövlət
başçıları da çoxdur və hər birinə
siyasi lider olmaq nəsib olmur. Siyasi liderliyin mahiyyəti
- dövlətinin milli maraqlarına cavab verən yeganə və
bənzərsiz inkişaf yolunu müəyyən etmək,
xalqını yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə
aparan siyasəti təmin etməkdir.
Buna görədir ki, həyata keçirilən siyasətin
nəticələri ayrıca dövlətin uğurlar tarixinə
çevriləndə sanki möcüzə baş verir. Milli lider həyatdan
getsə də, onun siyasi xətti institusionallaşır -
siyasi idarəçilik nəzəriyyəsinə, alternativi
olmayan dövlətçilik fəlsəfəsinə, milli
quruculuğun nəzəriyyə və təcrübəsinə
çevrilir. Daha dəqiq deyilsə, "əbədiyaşar
milli quruculuq elmi" zirvəsinə yüksəlir. Hər gələn nəsil yenidən və yenidən
bu siyasi irsi öyrənməli olur. Onların həyatda ən
böyük nailiyyəti kimi yeni dövlətçilik,
müstəqil respublika, yeni Konstitusiya, əvvəlki heç
bir idarəçilik formasına bənzəməyən
MİLLİ QURUCULUQ yolunun siyasi fəlsəfəsi sonrakı
nəsillərə nemət və irs kimi qalır.
Buna görədir ki, Heydər Əliyev aramızdan getsə
də, onun yaratdığı dövlətçilik fəlsəfəsi
hər gün bizimlə qoşa, bizdən öndə
addımlayır, yaşayır.
Dünya tarixinin təcrübəsi göstərir ki,
böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə
baş verən hadisələrə çox ciddi təsir
göstərir. Bu baxımdan milli liderin
dünyagörüşü, həyat təcrübəsi və
siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini
şərtləndirir, ən çətin məqamlarda optimal
seçimlər etməyə imkan verir.
XX əsrin sonu Azərbaycan xalqının həyatında
taleyüklü bir dövrdür. Tarixin bu dövründə
baş verən hadisələr dahi tarixi şəxsiyyəti -
Heydər Əliyevi siyasi səhnəyə gətirmişdir.
Dünya siyasi tarixində baş verən hadisələrin
mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin
məhvi, digərlərinin yaranması baxımından XX əsrin
sonları heç bir dövrlə müqayisə edilə bilməz.
Azərbaycan mövcud olduğu coğrafiya, zəngin
təbiəti, Şərq və Qərb arasında ortaq-sintez
sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində
olmuşdur və belə bir dövlətin lideri olmaq daha da
çətindir.
Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək
üçün ilk növbədə onun hakimiyyətə gəlişi
zamanı mövcud olan dəyişiklik və inqilab
dalğasının nə qədər güclü mənbələrdən
yönəldildiyini yada salmaq kifayətdir. Xarici və
daxili siyasi milli gündəlikdə duran məsələlərin
mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin
son dərəcə fəallaşması səhv etmək
imkanlarını tükəndirmişdi.
Əsrin sonlarında sivilizasiya qarşısında duran
problemlər həm tarixi miqyası, həm də mürəkkəbliyi
baxımından, demək olar ki, bütün dünya ölkələri
üçün "yeni" problemlər idi. Onların
başlıca spesifikası isə bu sahədə tətbiq
edilə biləcək universal beynəlxalq təcrübənin
olmaması idi. Başqa ölkələrin
təcrübəsi isə konkret məkanların siyasi, mədəni-tarixi
spesifikası ilə üz-üzə gəldikdə yeni-yeni
problemlər spektrini şərtləndirirdi.
Milli dövlətin yaranmasında və
inkişafında, milli birliyin və maraqların təmin edilməsində
milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki
bütün bu məsələlərin həlli onun şəxsi
keyfiyyətinə, inamına və təcrübəsinə əsaslanır.
Bu, inkaredilməz bir faktdır. Milli maraqlar millətin gələcək inkişaf məqsədlərinin
təyin edilməsi ilə səciyyələnir. Dövlət başçısı, bu məqsədlərin
və ona nail olmaq üçün vasitələrin
seçimini, fəaliyyət planının
hazırlanmasını təmin etməklə milli
maraqların müəyyənləşməsində əsas
rolu öz üzərinə götürür. O, riskləri
və mövcud vasitələri dəyərləndirir, ölkənin
xoşbəxt gələcəyini təmin edəcək yeni
perspektivlər haqqında qərarlar verir.
Azərbaycan xalqının dövlətçilik tarixində
mürəkkəb mərhələlər çox
olmuşdur. Tarix boyu bütün çətinliklərə rəğmən
heç bir qüvvə xalqımızın dövlətçilik
arzularını, ənənələrini məhv edə bilməmiş,
hər dəfə tarixi şəraitə müvafiq olaraq
milli, müstəqil respublika yaratmaq yönündə səylər
qarşısıalınmaz sel kimi yenidən baş
qaldırmışdır.
Məhz Heydər Əliyevin xidmətləri sayəsində
Azərbaycanda dövlət müstəqilliyinin əsasları
gücləndirildi. Bu illərdə xalqımız qeyri-adi
cahanşümul tarixi proseslər içərisində oldu.
Bir dövlət quruluşu yox oldu, yerində
yeni milli dövlət yarandı, dünyanın siyasi xəritəsi
kökündən dəyişdi. Bu siyasi xəritədə
nüfuzu bütün dünyada etiraf edilən Azərbaycan
adlı məmləkət müstəqilliyini bərpa etdi.
Məlumdur ki, 90-cı illərin əvvəlində Azərbaycanın
daxilində və onun ətrafında yaranan siyasi vəziyyət
o zaman hakimiyyətdə olan insanların şəxsi
xüsusiyyətlərindən irəli gəlirdi.
Daxili çəkişmələr, Ermənistanın təcavüzü,
ölkəni idarə edənlərin təyin etdiyi siyasətin
doğurduğu fəsadlar böyük çətinliklər
yaratmış, dövlət müstəqilliyinin taleyini sual
altına almışdı.
Buradan aydın etmək olur ki, milli lider dövlətin
özünütəsdiqində, beynəlxalq siyasətin
formalaşmasında mühüm rol oynayan əsas amildir.
90-cı illərin çətin anlarında Ümummilli
Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan,
dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin
reallaşmasında və möhkəmlənməsində,
beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində
əsas aparıcı tarixi şəxsiyyət idi.
XX əsrdə ikinci dəfə müstəqillik əldə
etdikdən sonra Azərbaycanda demokratikləşmə milli
inkişafın vacib faktoru kimi dövlət siyasətinin
strateji prioritetinə çevrildi. 1995-ci ildə qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası insan hüquqlarının, fikir
plüralizminin, söz və məlumat
azadlığının, vətəndaş cəmiyyəti
institutlarının formalaşdırılması və
inkişafına etibarlı zəmin yaratdı.
Suveren Azərbaycan
dövlətinin yaradıcısı olan Ulu Öndərin
siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsinə
sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlısının
qürur ünvanı, cəmiyyət həyatının
bütün sahələrində milli intibahın qarantı
kimi sağlığında ikən əfsanəyə
çevrilən, həyatının hər məqamı bizlər
üçün örnək olan nadir dövlət xadimi kimi dərin
elmi təhlilini bir yazı ilə əhatə etmək
qeyri-mümkündür.
Azərbaycana həmişə yeni-yeni zəfərlərə
gətirəcək milli inkişafın bitkin nəzəri
konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan
modeli kimi təqdim edilmişdir.
Milli dövlətçiliyin təməl
əsasları
Müasir Azərbaycanın
otuz ildən artıq müddətdə dövlət
quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və
sosial həyatda tərəqqi dövrünü əhatə edən
bütöv bir epoxası Heydər Əliyevin adı ilə
bağlıdır. Təkcə sovet
hakimiyyəti illərində onun fəaliyyəti böyük bir
təcrübə xəzinəsi, dövlət idarəçiliyi
akademiyasıdır. Bu gün Azərbaycanın
istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni,
ictimai və sosial potensial məhz həmin illərdə Heydər
Əliyevin uzaqgörənliyi sayəsində
yaradılmışdır. Məhz həmin
illərdən xalqımızın şüurunda azərbaycançılıq
ideyası həmişəlik hökm sürməyə
başlamışdır.
Kommunist ideologiyasının şəriksiz hökm
sürdüyü sovet dövründə "milli dövlət"
anlayışı yasaq idi. Buna baxmayaraq, Heydər
Əliyevin respublikaya bacarıqla rəhbərlik etməsi sayəsində
Azərbaycan elitasının mənlik şüurunda "milli
maraqlar" anlayışı dərindən kök saldı.
Məhz sovet dövrü çərçivəsində
milli maraqların real siyasətdə ardıcıl gerçəkləşməsi
keçən əsrin 80-ci illərinin sonunda ölkədə
milli hərəkatın genişlənməsi üçün
zəmin hazırlamış, 1991-ci ildə dövlət
müstəqilliyinin qazanılması üçün baza
yaratmışdır.
Heydər Əliyev son dərəcə yüksək təhsilli
və dərin biliklərə malik bir insan idi. Onun şəxsiyyətində
Azərbaycan ziyalılarının bir neçə nəsli tərəfindən
formalaşdırılmış milli ideallar sistemi ümumbəşəri
dəyərlərlə ahəngdar şəkildə birləşmişdir.
Özünün nadir siyasi istedadı sayəsində o,
ümummilli dəyərlər və müqəddəs amallar
haqqında təsəvvürləri milli dövlətçiliyin
konkret fəlsəfi konsepsiyasında təcəssüm etdirməklə
yanaşı, həm də bizim müasir Azərbaycan
adlandırdığımız dövləti, onun
bugünkü reallıqlarını və sabahkı
günün etibarlı əsasını yarada bilmişdir.
Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin
sonunda keçmiş SSRİ-nin inzibati-ərazi vahidlərindən
biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə
də ictimai-siyasi həyatında təşviş doğuran
tam tənəzzül meyilləri aşkar
görünürdü. Sovet İttifaqının tərkibinə daxil olan
başqa müttəfiq respublikaların diqqəti cəlb edən
fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət
həyatının bütün sahələrində geriləmə
müşahidə olunur, mənfi meyillər və təzahürlər
getdikcə daha dərin kök salır, hakimiyyət uğrunda
səhnəarxası mübarizə ifrat dərəcəyə
çataraq eybəcər formalar kəsb edir, respublikanın
iqtisadi potensialının zəifləməsi isə xalqın
milli-mənəvi birliyinə vurulan zərərdən
heç də az olmayan təhlükəli miqyas alırdı.
Azərbaycanın ictimai-siyasi həyatındakı
böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir
göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə
hökm sürürdü. Milli kadrların
hazırlanması, milli dilin düşünülmüş
şəkildə inkişafı və onun tətbiq sahəsinin
genişləndirilməsi, dövlət orqanlarında milli
kadrların faizinin artırılması istiqamətində
heç bir ciddi addım atılmırdı. Siyasi amorfluq, təfəkkürdə və dövlətin
idarə edilməsində durğunluq halları milli mənlik
şüuruna, milli təfəkkürə və mentalitetə
malik olan kadrlar yetişdirilməsinə ciddi əngəl idi.
Respublikanı bürümüş böhranın ən
qısa müddətdə aradan qaldırılması,
sağlam mənəvi-psixoloji ab-hava və ictimai ovqat
yaradılması zərurəti ən ciddi, hətta
qeyri-standart qərarlar qəbul olunmasını tələb
edirdi. Lakin bundan daha vacibi çoxşaxəli dəyişikliklər
və yenilənmə proseslərini həyata keçirməyə
qabil olan şəxsiyyətin ölkə rəhbərliyinə
gəlməsi idi. Respublikanın rəhbəri
vəzifəsinə Heydər Əliyevin gəlişindən
sonrakı dövrün tarixi yekunları ona dəlalət edir
ki, Heydər Əliyevə üstünlük verilməsini təsadüf
saymaq olmaz.
Respublikada yaranmış iqtisadi, sosial, mənəvi-psixoloji
vəziyyət rəhbər seçimi məsələsinə
xüsusi məsuliyyətlə yanaşmağı tələb
edirdi. Rəhbərin şəxsi keyfiyyətlərinə,
onun istedadına maksimum sərt tələbkarlıq olmasa,
respublikanın qarşısında duran tarixi məsələlərin
uğurla həll ediləcəyinə hər hansı zəmanət
barədə danışmaq olmazdı. Təkcə
bu səbəbdən 1969-cu ildə Azərbaycanda qəbul
edilmiş siyasi qərar Heydər Əliyevin liderlik keyfiyyətlərinin,
dövlətçilik təcrübəsinin və
ustalığının etiraf edilməsi kimi qiymətləndirilməlidir.
O tarixi vaxtdan ötən bir neçə onillik ərzində
xalqımızın keçdiyi tərəqqi və azadlıq
yolu bu həqiqətin əyani təsdiqi olmuşdur.
İndi tam qətiyyətlə demək olar ki, milli mənliyin
ifadə edilməsinin bütün formalarının, Azərbaycanda
milli şüurun güclənməsinin geniş
inkişafına stimul yaradan sürətli inkişaf
strategiyasının seçilməsi və onun uğurla həyata
keçirilməsi Heydər Əliyevin rəhbərlik fəlsəfəsinin
ideya-siyasi prinsipinə çevrilmişdir. Bu fəlsəfənin
əsası keçən əsrin 70-ci illərində
qoyulmuşdur. Sübuta ehtiyac yoxdur ki, həyatın
bütün sahələrində sürətli yüksəliş,
istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın
tərəqqisi, bir sözlə, Heydər Əliyev hakimiyyətə
gələndən sonra respublikada ictimai-mənəvi
ab-havanı səciyyələndirən bütün amillər
əslində milli ruhun inkişafına, milli mənlik
şüurunun və milli qürurun yüksəlişinə
xidmət edən möhtəşəm planın tərkib hissəsinə
çevrilmişdir.
Başqa
imperiyalarla müqayisədə Sovet İttifaqını fərqləndirən
cəhət ondan ibarət idi ki, bu ölkəyə daxil olan
müttəfiq respublikalar iqtisadi cəhətdən bir-biri ilə
sıx bağlı idi və onların heç biri
ayrılıqda tam istehsal dövrəsinin infrastrukturuna, demək
olar ki, malik deyildi. Digər tərəfdən,
tarixi, milli mənəvi ənənələr, mədəni sərvətlər,
xalqın inamı kimi dəyərlər keçmişin
qalığı adlandırılır və vətəndaşlarımızın
şüurunda bu dəyərlərin kökü kəsilir, insanları
öz tarixi keçmişini unutmağa məcbur etmək cəhdləri
göstərilir, bununla razılaşmayanlar isə təqib
olunurdular. 1969-cu il iyulun 14-nə, yəni
Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnə
qədər ölkəmiz və xalqımız bu acı mənzərə
ilə üzləşmişdi.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, Heydər
Əliyevin idarəçilik fəlsəfəsi onun sələflərinin
və başqa müttəfiq respublikalardakı həmkarlarının
idarəçilik fəlsəfəsindən əsaslı
şəkildə fərqlənirdi. O, Azərbaycanda hakimiyyətə
Moskvanın canişini olmaq, respublikanı İttifaq
üçün istismar obyektinə çevirmək, xalqı
öz tarixi keçmişindən ayırmaq və "sovet
xalqı"nın bir seqmentinə
çevirmək üçün gəlməmişdi. Onun konkret missiyası, fəaliyyət proqramı Azərbaycana
xidmət etməklə bağlı idi. O, respublikanın
gələcəyini aydın təsəvvür edirdi. Nadir idarəçilik keyfiyyətlərinə,
xarizmatik lider məziyyətlərinə, fitri istedada,
böyük vətənpərvərlik hissinə malik olan Heydər
Əliyev hələ xüsusi xidmət orqanlarında işlədiyi
dövrdə sovet idarəetmə maşınının və
bütövlükdə bu sistemin formalarını və məzmununu,
onun bütün incəliklərini dəqiqliyi ilə öyrənmişdi.
O, sovet bürokratik aparatının total nəzarəti
altında Azərbaycanı inkişaf etdirməyə, hətta
öz ideyalarını reallaşdırmaq üçün mərkəzin
dəstəyini almağa çox gözəl nail olurdu.
Hakimiyyətdə olduğu elə ilk illərdə təxirəsalınmaz
sosial-iqtisadi məsələləri həll edəndən
sonra Heydər Əliyev SSRİ rəhbərliyinin Azərbaycanı
ilk növbədə xammal əlavəsi kimi saxlamaq siyasətinin
nəticələrini aradan qaldırmaq üçün
respublikanın mənafelərinə cavab verən tarazlı
milli iqtisadiyyat formalaşmasına yönəlmiş
ardıcıl tədbirlər həyata keçirməyə
başladı.
Bu məqsədlə əsas diqqət Azərbaycanda
maşınqayırma müəssisələri, olduqca zəngin
yerli xammaldan məhsul hazırlanması üzrə digər sənaye
obyektləri yaradılmasına yönəlmişdi. Bütün bunlar Azərbaycanı xammal əlavəsindən
müasir texnologiya əsasında hazır məhsul
istehsalını həyata keçirən və onu ixrac edən
respublikaya çevirməyə yönəlmiş uğurlu
addımlar idi.
İqtisadiyyatda sürətli artım əvvəlki
onilliklərdə yığılıb qalmış
çoxsaylı problemlərin həlli üçün zəmin
yaratmışdı. Bütövlükdə 1970-1980-ci illərdə
respublikanın inkişaf modelinin səciyyəvi cəhətlərindən
biri həyatın ayrı-ayrı sahələrinin kompleks
şəkildə inkişafı, irəliyə doğru
harmonik hərəkətin təmin edilməsi idi. Heydər Əliyevin nəzərində sosial-iqtisadi
inkişaf konsepsiyasının təməl daşı belə
bir müddəadan ibarət olmuşdur ki, istənilən
iqtisadi artım həmişə xalqın sosial-iqtisadi
ehtiyaclarının təmin edilməsi, insanların həyatının
yaxşılaşdırılması məqsədlərinə
tabe olmalıdır. Təsadüfi deyildir
ki, 1970-1980-ci illərdə qısa müddətdə sürətli
iqtisadi artım sosial sahənin də inkişafına təkan
vermiş, həyat səviyyəsində və tərzində
kəskin dəyişikliklərə səbəb olmuşdur.
Həmin illərdə qazanılmış bütün
iqtisadi nailiyyətlər rəqəmlər şəklində
ümumiləşdirildikdə, görülmüş işlərin
möhtəşəmliyi xüsusilə aşkar nəzərə
çarpır. Bu illər ərzində respublikanın milli gəliri 2,5 dəfə, sənaye istehsalının həcmi
2,7 dəfə artmış və ya əvvəlki 30 ildə
istehsal edilmiş məhsulun ümumi həcmindən iki dəfə
çox olmuşdur. Kənd təsərrüfatı məhsullarının
ümumi həcmi də 2,7 dəfə
artmışdır. İqtisadiyyatın inkişafına əsaslı
vəsait qoyuluşunun həcmi əvvəlki 50 il
üçün müvafiq göstəricidən 1,4 dəfə çox olmuşdur. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi
dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində
fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm
sürürdü. Məhz bütün
deyilənlərin nəticəsində yalnız Azərbaycan,
həmçinin keçmiş SSRİ respublikalarından
Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı.
Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik,
iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin
bazisini təşkil edir. Bu baxımdan
keçən əsrin 70-80-ci illərində Azərbaycanın
iqtisadi sahədə qazandığı nailiyyətlər
siyasi müstəqillik yolunda mühüm təməl hesab
edilməlidir.
Bu kontekstdə Heydər Əliyevin Sovet Azərbaycanına
rəhbərliyi ölkənin gələcək müstəqillik
perspektivinə hazırlığının ilkin mərhələsi
kimi səciyyələndirilə bilər, əsas işlər
isə 1990-cı illərin əvvəlində, Heydər Əliyev
müstəqil Azərbaycanın Prezidenti olanda
başlanmışdır. Milli tariximizin bu
dövrü milli dövlətçilik quruculuğuna o vaxt zəruri
olan qətiyyətli etatist yanaşmanın əsası, ilk mənbəyi,
onun bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi,
iqtisadi və sosiomədəni baxımdan səfərbər
edilməsinin prioritet komponenti sayılan Realpolitik olmuşdur.
Bu yanaşma Azərbaycanı siyasi maraqların
toqquşma arenası və müxtəlif kliyentalist
qrupların eksperimentlər keçirmək üçün
bir meydança kimi görənlərin siyasi romantizmə və
uzaqgörməzliyə əsaslanan səylərini alt-üst
etdi.
Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə
ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik,
dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən
çıxarmağa, onu sabit inkişaf səviyyəsinə
qaldırmağa nail oldu.
1993-cü ildən 2003-cü ilə qədər olan
onillik ən müxtəlif təhdidləri və təhlükələri
əhatə edirdi. Gənc respublikaya təzyiq həddən
artıq çox idi. Heydər Əliyevin
siyasi nüfuzu və onun vaxtında qəbul etdiyi qərarlar
Azərbaycanın simasız dövlət vəziyyətinə
düşməsi təhlükələrini heçə
endirdi. Bu on il ərzində Azərbaycan
dövlətçiliyin bərqərar olması, demokratik
tranzit və həmrəyliklə paralel surətdə
genişmiqyaslı iqtisadi islahatlar, ölkənin siyasi
sisteminin və sosial münasibətlərin humanistləşdirilməsi
yolu keçmişdir.
Dövlətçilik
və milli şüur, iqtisadiyyat və sosial quruluş, siyasi
sistem və identiklik staqnasiya və reqressiya dövrünü
yaşadığı o tarixi vaxtdan təxminən 20 il
keçəndən sonra cəsarətlə demək olar ki,
1993-2003-cü illərdə Heydər Əliyevin Prezident
olduğu on ilin əsas uzunmüddətli tərkib hissələri
aşağıdakılar olmuşdur:
- ölkənin həyatında çox zəruri
olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və
təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi
və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının
formalaşdırılması;
- cəmiyyətdə yeni davranış norma və
stereotiplərinin yaradılması, yeni - açıq və
demokratik vətəndaşlığın
formalaşdırılması;
-
1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs
rejimi şəraitində iqtisadi inkişafın əsas
prioritetlərinin formalaşdırılması;
- müstəqil dövlətin neft
strategiyasının yaradılması, bu strategiyanın əsası
olan "Əsrin müqaviləsi" sazişinin
imzalanması, ölkənin əsas regional energetik aktora
transformasiyasının başlanması;
-
"Böyük İpək Yolu" layihəsində fəal
iştirak etməklə Azərbaycanın regional logistik mərkəz
kimi rolunun dəyişməsi;
- həyat qabiliyyətli tarazlı xarici siyasət
modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli
ordunun yaradılması və s.
Heydər
Əliyev həm nəzəri səviyyədə, həm də
praktikada norma və dəyərlər məcmusunu
həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli
demokratiya modelinə çevrilmişdir. Heydər
Əliyevin Prezident olduğu dövrdə ölkənin
müasir inkişafı üçün möhkəm təməl
qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət
kimi qəbul olunması təmin edilmiş, gələcəkdə
Azərbaycanın müasir dünyaya inteqrasiyası
üçün şərait yaradılmışdır.
Dövlət dilimizin böyük
himayədarı
Azərbaycan dilinin
dövlət dili kimi yaşaması, möhkəmlənməsi,
inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə dil məsələsi
deyil, həm də azərbaycançılıq məsələsidir.
Heydər
Əliyev
Bütövlükdə Heydər Əliyev epoxası
yüksəliş epoxasıdır. İqtisadiyyatdan
başlamış mədəniyyətə qədər
müxtəlif sahələrdə yüksəliş. Məsələn,
hazırda hamının obyektiv olaraq Azərbaycanda müasir
renessans dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər
o vaxta qədər xalqın qəlbində və ən
ülvi niyyətlərində illərlə gizli qalan milli
ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan
dövləti ideyasının dirçəldilməsi, onun
ideya-mənəvi özək və gələcək milli
azadlıq hərəkatının hərəkətverici
qüvvəsi səviyyəsinə yüksəlməsi
üçün əlverişli zəmin
yaratmışdır.
Bu illərdə Azərbaycanda milli mənlik şüuru
xüsusilə güclənmişdi. Heydər Əliyev bu
prosesi çox böyük həssaslıq və uzaqgörənliklə
idarə edir və tənzimləyirdi. Sovet
sisteminin güclü təzyiqinə baxmayaraq, Azərbaycanın
gələcək milli dövlətçiliyi naminə
mühüm addımlar atılırdı. Bu fəaliyyətin ən mühüm istiqamətlərindən
biri Heydər Əliyev tərəfindən yaradılmış
milli dövlətçilik, xalqımızın ümummilli mənəvi
birliyi konsepsiyasında mühüm yer tutan Azərbaycan dilinin
hərtərəfli dəstəklənməsi olmuşdur.
Mübaliğəsiz
deyə bilərik ki, XX əsrin son 30 ilində Azərbaycan
dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi,
onun dövlət dilinə, rəsmi sənədlərin dilinə
çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən
istifadə edilməsi, beynəlxalq münasibətlər,
dünya diplomatiyası sahəsində tətbiqi və onun
hörmət qazanması - bütün bunlar Heydər Əliyevin
yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət
və qayğısının nəticəsi olmuşdur. O, Azərbaycan
dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi
və siyasi dünyagörüşünün əsasına
çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması
üçün nə etmək lazım olduğunu çox
gözəl bilir və hiss edirdi.
Bu halda onu da unutmamalıyıq ki, Azərbaycan dili
çox əlverişsiz inkişaf şəraitində
olduğu bir vaxtda ilk dəfə bu problemə Heydər Əliyev
müraciət etmişdir. Məlumdur ki, dil ona
qarşı zorakılığa dözmür, bu və ya digər
dilin istifadəsi və inkişafı sahəsini məhdudlaşdırmaq
arzusuna əsaslanan hər hansı siyasi kataklizmlərə son
dərəcə həssas reaksiya verir.
Bir sıra geosiyasi səbəblər üzündən
mürəkkəb tarixi proseslərin yol ayrıcında
olmuş Azərbaycan xalqı müxtəlif etnosların, mədəniyyətlərin
və konfessiyaların qarşılıqlı nüfuzu və
bir-birini qarşılıqlı zənginləşdirməsi
şəraitində bütün çoxəsrlik tarixi boyunca
dilə son dərəcə qayğıkeş münasibət
bəsləmişdir. Çox vaxt bu dil bilinqvizm şəraitində
mövcud olmuş, lakin xalq həmişə xüsusi məsuliyyət
hissi ilə yanaşmışdır ki, ən çətin və
qarışıq dövrlərdə Azərbaycan dili qorunsun və
inkişaf etsin. Heydər Əliyev əsrlərin və
minilliklərin kəsişməsində bu tarixi prosesləri
qiymətləndirərək deyirdi ki, biz hamımız əvvəlki
nəsillərin fədakarlığına görə minnətdar
olmalı və fəxr etməliyik, ən əvvəl ona
görə ki, tarixi kataklizmlər dövrlərində Azərbaycan
dili məhv olmamış, inkişaf və zənginləşməkdə
davam etmişdir.
Sovet ideologiyasının ən qızğın məddahları
bu ideologiya çərçivəsində milli dillərin hər
birini yeni tarixi birliyin - vahid dili rus dili olan sovet xalqının
formalaşması və təşəkkülü yolunda
yalnız maneə hesab edirdilər. Biz Heydər Əliyevin
Azərbaycan dilinin inkişafı və zənginləşməsi
ilə əlaqədar fədakar fəaliyyətini məhz
mürəkkəb tarixi şərait prizmasından qiymətləndirməliyik.
1960-cı
illərin axırlarından respublikaya başçılıq
edən Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi,
yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi,
mənəvi meyarlarımızı dərindən bilməsi
sayəsində milli dilin inkişafına və tətbiqinə
şərait yaratmış uzunmüddətli siyasət
işləyib hazırlamış və bütün əngəllərə
baxmayaraq, durmadan həyata keçirmişdir.
O, mərkəzdən
asılı olan, qapalı sistemdə yaşayan və üstəlik,
müsəlman-türk olan respublikamızda milli dil siyasətini
olduqca dərindən ölçülüb-biçilmiş
şəkildə həyata keçirirdi. Heydər
Əliyev heç vaxt ötəri imic yaradan tələsik
addımlar atmırdı. Onun bu keyfiyyəti
milli dilə münasibətdə daha parlaq şəkildə
ifadə olunmuşdu. Hər bir vətəndaş
və ilk növbədə yaradıcı ziyalıların nümayəndələri
dilə çox ağrılı, həssas münasibət
göstərirdilər. O, hər kəsin diqqətini bu
problemə cəlb etməklə onu gündəmə
çıxardı və təkcə rəhbərlik səviyyəsində
deyil, həm də zəngin tarixə və mədəniyyətə
malik olan bütün xalq səviyyəsində həll etdi.
Beləliklə,
Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi,
həmçinin Azərbaycan cəmiyyətində onilliklər
boyu yığılıb qalmış iqtisadi, siyasi və
sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin
sonunda Heydər Əliyev ölkə rəhbərliyinə gələndən
sonra bütün kəskinliyi və aktuallığı ilə
gündəmə çıxarılmışdır.
Yaşlı nəslin yaxşı yadındadır ki,
onilliklərlə həm Azərbaycanda, həm də digər
sovet respublikalarında bilinqvizm məişətdə məcburi
şəkildə tətbiq edilirdi. Dövlət müəssisələrində
isə rus dilinin geniş istifadəsi hər vasitə ilə təşviq
edilir, bu isə milli dilin dövlət dili kimi inkişafı
yolunda ciddi əngəllər yaradırdı.
Keçən əsrin 70-ci illəri Azərbaycan dövlətinin
tarixinə iqtisadiyyatın, sənayenin, tikintinin, rabitə, nəqliyyat,
sosial və mənəvi həyatın, mədəniyyətin
bütün sahələrinin sürətli inkişafı
dövrü kimi daxil olmuşdur. Bu dövr həm də
onunla səciyyəvidir ki, ölkədə bilinqvizmin qanuniləşdirildiyi
şəraitdə Azərbaycan dili tədricən rus dilinin
kölgəsindən çıxmağa başlamış,
ictimai şüurda və milli dövlətçilik
quruculuğunda öz yerini tutmuşdur.
Bu proses təkamül
yolu ilə gedirdi və onu dayandırmaq, yaxud geri döndərmək
mümkün deyildi. Həmin dövrə qədər
yalnız nominal mənada Azərbaycan Respublikasının
dövlət dili sayılan Azərbaycan dili artıq kağız
üzərində deyil, real həyatda layiq olduğu yeri
tutmağa başlamışdı. Bu illərdə
respublikada tamdəyərli ikidillilik şəraitinin bərqərar
olmasının tərəfdarı kimi çıxış
edən Heydər Əliyev həm rəsmi, həm də qeyri-rəsmi
tədbirlərdə Azərbaycan dilində nitq söyləməkdən
və danışmaqdan çəkinmirdi. Bu
isə mahiyyət etibarilə ana dilinin nüfuzunun
artmasını təsdiq edirdi. Yaradıcı təşkilatların,
xüsusən Yazıçılar İttifaqının
qurultaylarında, genişmiqyaslı yubiley tədbirlərində
çıxış edərkən Heydər Əliyev Azərbaycan
dilində səlis və gözəl danışmaq
bacarığını nümayiş etdirir, bununla da
ziyalılarımızın diqqətini ana dilinin inkişaf
etdirilməsinə cəlb edirdi. Şübhəsiz,
bu da, öz növbəsində, milli mənlik şüurunun
sürətlə inkişaf etməsinə şərait
yaradırdı.
Ana dilinə
münasibətin ifrat dərəcədə siyasiləşdirildiyi
və çox vaxt əsassız siyasi ittihamlar
üçün zəmin olduğu illərdə Heydər Əliyev
Azərbaycan dilinin məişət və ədəbi dil səviyyəsindən
dövlət dili səviyyəsinə
çatdırılmasına yönəlmiş fəaliyyətlə
kifayətlənməyib, həm də öz şəxsi
nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun
elmi cəhətdən öyrənilməsi, geniş
yayılması üçün stimul yaradırdı. Məsələn, onun təşəbbüsü ilə
respublikanın bir qrup dilçi alimi Azərbaycan dilinin tədqiqi
sahəsində araşdırmalara görə Dövlət
mükafatına layiq görülmüş, respublikada ilk dəfə
müstəqil Dilçilik İnstitutu
yaradılmışdır. Bu da ana dilinin
ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək
edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər
problemlərə dair fundamental tədqiqatlar aparılmasına
imkan verirdi.
Əlbəttə,
respublikada milli mənlik şüurunun inkişafı prosesi
sovet rəhbərliyinin müqaviməti ilə üzləşdiyi,
milli mənlik şüurunun artmasına imkan yaradan yeni ab-hava
və təşəbbüslərin qarşısı sərt
şəkildə alındığı bir şəraitdə
yuxarıda sadaladıqlarımızın hamısının həyata
keçirilməsi Heydər Əliyevdən böyük cəsarət,
qətiyyət, prinsipiallıq və dönməzlik tələb
edirdi. Lakin Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlməsi ilə Azərbaycanda başlanmış milli-mədəni
dirçəliş heç də həmişə müsbət
qarşılanmır və müxtəlif dairələr,
xüsusən ermənilər tərəfindən əsassız
siyasi ittihamlar, yalan və böhtan kampaniyaları ilə
müşayiət olunurdu. Onlar
bütün mümkün vasitələrdən istifadə edərək
İttifaq rəhbərliyini Azərbaycana qarşı yönəldir,
türkdilli azərbaycanlılara etimadsızlıq və
şübhə yaratmağa çalışırdılar.
Məhz ana dili məsələsində Heydər Əliyevin
prinsipiallığı və qətiyyəti sayəsində,
onun aktiv fəaliyyəti nəticəsində Azərbaycan
Respublikasının 1978-ci ildə qəbul edilmiş
Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan
Respublikasının dövlət dili olması haqda məşhur
73-cü maddə daxil edildi. O dövrdə milli dilə
Konstitusiya səviyyəsində dövlət dili statusu
vermiş üç keçmiş sovet respublikasından biri
və yeganə müsəlman respublikası Azərbaycan idi.
Şübhəsiz, bu uzaqgörən tarixi addım Heydər
Əliyevin ana dilinə dövlətçilik münasibətinin
və siyasi qətiyyətinin parlaq ifadəsi idi. Heydər Əliyev o
dövrü belə xatırlayardı: "Bu maddə Moskvada
çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər
ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi,
Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin
danışıqlar aparırdım. Sübut
etməyə çalışdım ki, biz dövlət
dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza
yazmalıyıq və yazacağıq".
Bu gün
inamla demək olar ki, 1970-1980-ci illərdə Heydər Əliyevin
milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda
milli dirçəliş, milli mənlik şüurunun
inkişafı prosesini sürətləndirmiş və mahiyyət
etibarilə Azərbaycan xalqını milli müstəqillik və
milli dövlətçilik qazanmağa
hazırlamışdır. Müstəqillik bərpa
ediləndən sonra isə Azərbaycan dili
xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni
həyatında rəsmi dövlət dili kimi müstəsna əhəmiyyət
kəsb etməyə başlamışdır.
Prezident Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinə rəhbərlik etdiyi ilk günlərdən
etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə
uyğun olaraq Azərbaycan dilinə göstərilən diqqət
və qayğı həm siyasi, həm də praktiki
baxımdan fərqlənirdi. Əvvələn, bir
fakt göz qabağında idi ki, Azərbaycan dili ölkənin
şəriksiz və qeyd-şərtsiz dövlət dili
olmuşdur. Müstəqillik illəri
Prezidentin ana dilini nə dərəcədə mükəmməl
bilməsini və onun imkanlarından həm öz
çıxışlarında, həm də əhali ilə
görüşlərində necə bacarıqla istifadə
etməsini göstərdi. Digər tərəfdən,
Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində
Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə,
siyasi dialoq və diplomatik danışıqlarda istifadə
edilmiş, onlarca ölkədə səslənmiş və hər
yerdə dövlət başçısının öz ana
dilinə məhəbbətini əks etdirmişdir.
Heydər
Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" və "Azərbaycan Respublikasında
dövlət dili haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsinə dair" fərmanları sayəsində
ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişlənmiş,
onun müxtəlif üslublarının potensialı bir daha
aşkar edilmiş, bütövlükdə bizim dil mədəniyyətinin
qarşısında yeni üfüqlər
açılmışdır.
Müstəqillik illərində Heydər Əliyev ana
dilinə münasibətini televiziya və informasiya
texnologiyaları da daxil olmaqla, həyatımızın
bütün sahələrində Azərbaycan dilinin
mövqeyinin möhkəmləndirilməsinə dair xüsusi
fərmanlarda və qərarlarda son dərəcə aydın
ifadə edərək, eyni zamanda öz
çıxışlarında da bu mövzuya müraciət
etmişdir.
Onun bu mövzuda çoxsaylı fikirlərindən birini
xatırlatmaq istərdik: "Millətin milliliyini saxlayan onun
dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat
da, ayrı-ayrı tarixi abidələr də millətin
milliliyini təsdiq edir. Amma millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində
ədəbiyyat da olmaz. Azərbaycan dili
olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə
bağlıdır".
Müasir mərhələdə siyasi mübarizədə
və dövlətin idarə edilməsində dil amilindən
Heydər Əliyev kimi ustalıqla istifadə edə bilən
başqa bir dövlət başçısı, başqa bir
siyasi lider göstərmək çətindir. Bu, ilk növbədə
onun ana dilini, öz xalqının arzu və istəklərini
dərindən bilməsi ilə izah edilir. Bir dəfə
o demişdir: "Mən hər bir dilə öz hörmət
və ehtiramımı bildirirəm. Amma hesab edirəm
ki, öz dilimizlə - Azərbaycan dili ilə hər birimiz fəxr
edə bilərik. Çünki bu, zəngin
dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb,
respublikamızın adı da tanınıb, dilimizin adı da
tanınıb. Bu, reallıqdır".
İnamla demək olar ki, Heydər Əliyev
özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə
həm Azərbaycan dövlətinin, həm də Azərbaycan
dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun
müdrik rəhbərliyi ilə Azərbaycan dili
dünyanın siyasi xəritəsində öz yerini tutmuş
dövlətimizin rəsmi dilinə çevrilmişdir.
Burada xatırlatmaq yerinə düşər ki, 1992-ci ildə
Azərbaycanda bir sıra konstitusiya və hüquq normaları
pozulmaqla Azərbaycan dilinin adının dəyişdirilməsi
haqqında qərar qəbul edilmişdi. Bu, həmin təşəbbüsün
müəlliflərinin təfəkkürünün məhdudluğuna,
onların məsuliyyətsizliyinə və bu addımın
siyasi nəticələrini anlamamasına dəlalət edirdi.
Lakin o vaxt da, xalq öz seçimi ilə Heydər
Əliyevə Azərbaycan dövlətində ən yüksək
hüquqlar verəndə də o, səhvin düzəldilməsi
üçün birbaşa inzibatçılıq yolu ilə
getmədi. Elmi-tədqiqat müəssisələrində,
ali məktəblərdə, Elmlər
Akademiyasında çoxlu müzakirələr keçirildi.
Bu diskussiyanın gedişində sırf elmi arqumentlər
prioritet əhəmiyyət kəsb edirdi. Bununla belə,
son söz yenə xalqa verildi. Dilin
adının özü yeni konstitusiya layihəsində əks
etdirildi və referenduma çıxarıldı. Beləliklə, dünyada geniş
yayılmış "Azərbaycan dili"
anlayışının qanuni yaşamaq hüququ ona
qaytarıldı. Bu halda dövlətimizin
başçısı haqlı olaraq qeyd etmişdir ki, belə
bir qərar qəbul edilməsi "həm bizim
keçmişimizə böyük hörmət, həm də
gələcək nəsillər üçün böyük
dəyərdir. Hesab edirəm ki, biz
çox düzgün və əsaslandırılmış qərar
qəbul etmişik".
1991-ci ildə müstəqilliyimizin bərpası nəticəsində
Azərbaycan dilinin adı haqqında yaranmış diskussiya Azərbaycan
cəmiyyətində "biz kimik" sualı ətrafında
gedən debatların təzahürü idi. 1990-cı illərin lap əvvəlində
kollektiv identifikasiya formalarından biri - etnik identifikasiya
Ümumazərbaycan identikliyinin bu komponentinin yetmiş il ərzində rədd edilməsinə cavab
kimi prioritet əhəmiyyət kəsb etdi.
Lakin respublikada yaşayan millətlərin heç də
hamısı türk etnikliyinin daşıyıcıları
deyildi və buna görə də identifikasiyanın bu
formasının qəti seçimi cəmiyyətin
bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların
etnik və dil identifikasiyası barədə debatlarda
türkçülüyə üstünlük verilməsi cəmiyyətin
sabitliyini laxladır, onu etnik əlamətə görə
parçalanmaya sövq edirdi. Yalnız azərbaycançılığı
vətəndaşlığın dövlət forması kimi
etniklikdən üstün tutmuş Heydər Əliyevin bu
prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini
aradan qaldırdı. Bu halda millətin
dövlətin adı ilə eyniləşdirilmiş adı
saxlandı.
Beləliklə,
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
Respublikasında millətin özünütəsdiqi
üçün çox vacib olan, onun hələ keçən
əsrin 70-ci illərindən başladığı siyasət
uğurla davam etdirildi - dilimizə tamdəyərli dövlət
dili statusu verilməsi və ondan dövlət idarəçiliyinin
və ictimai həyatın bütün sahələrində fəal
istifadə olunmasının təmin edilməsi vəzifəsi
həyata keçirildi. Bu, yalnız
ardıcıl, çoxillik və ən başlıcası, hərtərəfli
düşünülmüş,
ölçülüb-biçilmiş dövlət siyasəti
sayəsində mümkün oldu.
Milli intibah
Xalq heç vaxt öz
kökünü yaddan çıxarmamalı, öz tarixini
öyrənməli, milli mədəniyyətindən heç
zaman ayrılmamalıdır.
Heydər
Əliyev
Geniş
yayılmış belə bir ifadə var: ölkələr də
insanlar kimidir. Həqiqətən də, gizli,
naməlum alın yazısı bəzən onları sevinc və
xoşbəxtlikdən məhrum edir, ağır imtahanlara
çəkir. Ölkələr zəifləyir,
xalqlar alçaldılır, fəlakətli təfriqə
fazası yaşayır, tarixi oriyentirlərini itirirlər.
Azərbaycanın ən yeni tarixində - 1969-cu
və 1993-cü illərdə, Heydər Əliyev həm birinci
və həm də ikinci dəfə ölkə rəhbərliyinə
gələndə də belə olmuşdu. Bu, ictimai münasibətlərin gözlənilmədən
kəskinləşməsi, dövlət idarəçiliyinin
fundamental əsaslarının dağılması,
düşüncələrdə və cəmiyyətin mənəvi
dayaqlarında ixtilaf məqamları idi.
Heydər Əliyev iki dəfə öz ölkəsinin
dövlət gəmisini dərin tarixi sarsıntılar
zolağından keçirə bilmiş, onun milli dəyərlərini,
insanların mənəvi sağlamlığını,
özünə inamını qoruyub saxlamışdır. Azərbaycan
tarixində o, iki dəfə siyasətdə və dövlət
idarəçiliyində bəsitliyə, səriştəsizliyə
və primitivliyə "yox" deməyi
bacarmışdır. Heydər Əliyev
onu tənqid edənlərdən və siyasi opponentlərindən
fərqli olaraq ölkənin siyasi, iqtisadi və ictimai həyatının
əsasını müəyyənləşdirən bir
çox problemlərin həlli yollarını tapmışdır.
Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətini
dərk etmək bir çox onilliklər ərzində Azərbaycan
ətrafında baş verən hadisələrin məğzini,
mürəkkəb ümummilli problemlərin həlli
yollarını aydınlaşdırır. O, əməli işi ilə
sübut etdi ki, dünyanı yalnız böyük dövlətlər
idarə etmir, rəyləri ilə hesablaşılan
kiçik xalqlar da vardır. O öz şəxsi nümunəsində
azərbaycanlıların mətin iradəyə və
sarsılmaz ruha, şanlı tarixi yol keçmiş
xalqının böyük energetik və intellektual potensiala
malik olduğunu bütün dünyaya nümayiş etdirdi.
Qeyd edildiyi kimi, 1960-cı illərin sonlarında Heydər
Əliyev birinci dəfə ölkə rəhbərliyinə gələndə
Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində
geriləmə var idi, respublikanın SSRİ-nin perspektivsiz əyaləti
olması fikri formalaşmışdı. Hakimiyyətə
yaxın dairələr səviyyəsində fikir var idi ki, məşhur
neft yataqları öz əvvəlki əhəmiyyətini
itirmişdir və neftə istiqamətlənmiş respublika
iqtisadiyyatı tənəzzülə məhkumdur.
İqtisadiyyatı dərin və uzunmüddətli
böhran keçirən respublikanı bu ağır vəziyyətdən
çıxarmağın yollarını tapmaq, onun prinsipcə
yeni konseptual səviyyədə inkişaf planını
işləyib hazırlamaq, xalq təsərrüfatında əsaslı
struktur dəyişiklikləri aparmaq, təsərrüfatçılıqda
və iqtisadi həvəsləndirmədə yeni metodlar tətbiq
etmək zərurəti yaranmışdı. Bununla belə,
1970-ci illərdən başlayaraq Azərbaycan iqtisadiyyatın
sürətli inkişafı və iqtisadi potensialın
gücləndirilməsi ilə bərabər, demək olar ki,
daxildə tədriclə təkamülün tarixən növbəti
mərhələsi kimi şərtləndirilmiş müstəqilliyə
və istiqlaliyyətə hazırlaşırdı.
Heydər
Əliyevin müstəqilliyə nail olmağa yönəlmiş
strateji proqramında diqqəti cəlb edən məhz odur ki, mənəvi,
bədii və estetik təkamül iqtisadiyyatda parlaq nailiyyətlər
və insanların rifahının keyfiyyətcə yaxşılaşması
ilə uzlaşaraq vahid kompleksdə reallaşır. O, Azərbaycan
xalqının potensialının inkişafı, onun
identikliyinin və milli özünüdərkinin
formalaşması üçün milli mədəniyyətin əhəmiyyətini
həmişə gözəl başa düşürdü.
Yaxşı
məlumdur ki, milli mədəniyyət millətin maddi və mənəvi
dəyərlərinin məcmusu kimi cəmiyyətin, dövlətin
həyat fəaliyyətinin praktik olaraq bütün sahələrində,
onun sosial təsisatlarının təşkilində, həmçinin
milli ənənələrdə, mənəvi dəyərlər
sistemində, düşüncə tərzində, dil
xüsusiyyətlərində və dində özünü
göstərir. Milli mədəniyyətin məhz
həmin milli birlik üçün səciyyəvi qəbul
edilən spesifik elementləri, eyni zamanda, diferensasiya və
inteqrasiya funksiyalarını yerinə yetirir. Bununla yanaşı, milli mədəniyyətin
yaranmasında başlıca rolu dövlətinin mənəvi
və siyasi inkişafı üçün məsuliyyəti
öz üzərinə götürən millətin
yaradıcı elitası oynayır.
Eyni zamanda tarix göstərir ki, milli mədəniyyətin
formalaşması çox zaman millətin və milli dövlətin
təşəkkül tapmasını qabaqlayır. Bu halda milli mədəniyyət
diferensasiya və inteqrasiya funksiyaları ilə birlikdə gələcək
milli dövlətçiliyin bünövrəsi rolunu
oynamağa başlayır.
1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev
iqtisadiyyatla yanaşı, məhz bu bünövrəni
qurmağa başladı. Bir tərəfdən o, keçmiş SSRİ-də,
sovet və partiya həyatında hökm sürən
bütün normalara son dərəcə dəqiq riayət
edirdi. Digər tərəfdən isə o,
sovet mədəniyyətinin ənənəvi "formaca milli,
məzmunca sosialist" formuluna tamamilə yeni məna verə
bilmişdi. O, hər nə edirdisə, formal olaraq
marksizm-leninizm ideologiyasının tələblərinə
uyğun idi. Lakin o, köhnə, standart stereotiplərə
elə bir şey tətbiq edə bilmişdi ki, həmin illərdə
bunu başa düşmək və dürüst ifadə etmək
çətin olsa da, son dərəcə dəqiq nəticələrə
gətirib çıxarırdı.
SSRİ-nin
digər respublikalarında rejimin əleyhinə çıxan
ayrı-ayrı elm və mədəniyyət xadimlərinin təqibə
məruz qaldığı və
sıxışdırıldığı bir vaxtda Azərbaycanda
ziyalılara yaradıcılıq üçün, fikirlərini
azad ifadə etmək, cəmiyyətdə, mədəniyyətdə
baş verən prosesləri öz düşündükləri
kimi yazmaq, əslində isə milli mənəvi dəyərlərin
təsdiq olunmasına aparan yolların axtarılması
üçün şərait yaradılmışdı. Azərbaycanda "dissident" axtarışları
aparılmırdı. Bu da şairlərə,
yazıçılara, incəsənət xadimlərinə
milli ruhda, milli tarixə və mədəniyyətə
uyğun əsərlər yaratmağa imkan verirdi.
O, nəinki
milli ruhun dirçəlməsinə, müasiri olduğu Azərbaycan
mədəniyyətinin inkişafına nail olmuşdu, həm
də bütün ziyalıların, bütün Azərbaycan
xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi.
Biz o illərdə nadir mədəniyyətimizin
bütün laylarını - Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını,
Azərbaycan tarixini, Azərbaycan musiqisini özümüz
üçün sanki yenidən kəşf edirdik, yenidən dərk
edirdik.
Eyni zamanda, Heydər Əliyev tərəfindən atılan
ilk addımlar olduqca sadə idi - o, müntəzəm olaraq Azərbaycanın
tanınmış şəxsiyyətlərinin yubileylərinin
keçirilməsinin əsasını qoydu. Bu, formal hadisə
deyildi, bədii əsərləri milli dəyərlərin təsdiqlənməsinə
hədəflənən Azərbaycan mədəniyyəti klassiklərinin
yaradıcılığının tarixinə və mahiyyətinə
əsl müraciət idi. Həmin dəyərlər
Heydər Əliyev siyasətinin prioritetini təşkil edirdi.
Yubileyləri təntənə ilə qeyd edilən
Azərbaycan mədəniyyəti nümayəndələrinin
bir çoxunun taleyüklü problemlərlə, xalqın keçmişi
və gələcəyi ilə bağlı mühüm
konseptual fikirləri bu və ya digər formada şərh
edilir, təhlil olunur və sistemləşdirilir, son nəticədə
böyüməkdə olan nəslin sərvətinə
çevrilərək onların yeni təfəkkür və
dünyagörüşünün əsasını
formalaşdırırdı.
O illərdə
ən çox diqqət yetirilən, Azərbaycan KP MK-nın
birinci katibinin himayəsində olan sahələrdən biri də
tarix elmi idi. 1969-cu ilə qədər olan Azərbaycan
tarixi tamamilə təhrif edilmiş,
saxtalaşdırılmış mənbələr və sovet
ideologiyası tərəfindən "zənginləşdirilmişdi".
Tarix elmi məhz Heydər Əliyevin sayəsində
ciddi dəstək və impuls qazandı, tarixçi alimlərə
keçmişimizi dəqiq öyrənmək, elmi cəhətdən
işıqlandırmaq üçün lazımi şərait
yaradıldı. Milli bənzərsizliyimiz,
xalqımızın formalaşma tarixi kimi mühüm məsələlər
Heydər Əliyevin bilavasitə nəzarəti altında ciddi
elmi tədqiqatların predmeti oldu.
Azərbaycanın şöhrətini yaymağa, onun
elmini və mədəniyyətini, adət və ənənələrini,
dünyada tanınmış şəxsiyyətlərini təbliğ
etməyə xidmət edən genişmiqyaslı tədbirlər
Heydər Əliyevin titanik fəaliyyətinin daha bir istiqaməti
idi. Tarixi
şəxsiyyətlərin adının əbədiləşdirilməsi,
tanınmış mədəniyyət xadimlərinə fəxri
adların verilməsi, keçmiş sovet respublikalarında,
xarici ölkələrdə Azərbaycan mədəniyyəti
və incəsənəti günlərinin təşkil edilməsi
bütün dünyaya göstərdi ki, Azərbaycan təkcə
neft, pambıq və üzüm diyarı deyil, həm də qədim
və yüksək mədəniyyətə malik olan ölkədir.
Azərbaycanın təkcə SSRİ çərçivəsində
deyil, bütün dünyada tanınmasına hərtərəfli
yardım göstərmək Heydər Əliyevin uzaqgörən
siyasətinin mühüm tərkib hissəsini təşkil
edirdi. Bu istiqamətdə böyük işlər
görülürdü. Məlum olduğu
kimi, ittifaq respublikaları SSRİ-nin xarici siyasətində
bilavasitə iştirak edə bilməzdilər. Lakin bütün maneə və məhdudiyyətlərə
baxmayaraq, Azərbaycanın xarici aləmlə elmi-texniki,
iqtisadi və mədəni əlaqələrinin genişlənməsi,
müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsi üçün maksimum səylər
göstərilirdi. Bakıda beynəlxalq
miqyaslı tədbirlər keçirilir, xaricdə yaşayan
azərbaycanlılarla əlaqələr qurmaq
üçün əməli addımlar atılırdı.
O illərdə Bakı dünyanın nüfuzlu elm və mədəniyyət
mərkəzinə çevrilmiş, xalqımız qədim
tarixə, özünəməxsus mədəniyyətə,
adət və ənənələrə malik xalq kimi
tanınmış, Azərbaycan isə Cənubi Qafqazın digər
respublikaları arasında mühüm mövqelərə
çıxmışdı.
Heydər Əliyev Azərbaycanı həm dirçəldir,
yenidən qurur, həm də onun gələcəyi barədə
düşünürdü. O, gənclərə böyük
diqqət yetirirdi. Kadr korpusunun gənclərin
hesabına yenilənməsi əvvəllər görünməmiş
sürətlə aparılırdı. Gənclər
respublikanın elmi-texniki və mədəni potensialını
yüksəltmək üçün son dərəcə vacib
olan ixtisaslara yiyələnmək məqsədilə Sovet
İttifaqının qabaqcıl ali məktəblərinə
göndərilirdi. Azərbaycanın elmi və
kadr potensialı möhkəmləndirilir, eyni zamanda gənclərimizin
bacarıqlı nümayəndələri vasitəsilə
milli mədəniyyətin, mənəvi dəyərlərin təbliği,
Azərbaycanın hüdudlarından kənarda onun layiqli
imicinin formalaşdırılması kimi mühüm məsələlərin
həllinə nail olunurdu. Bu gün biz qürur
hissi ilə deyə bilərik ki, o illərdə təhsil
almağa göndərilən gənclərin bir hissəsi
hazırda postsovet ölkələrində və Qərb
dövlətlərində Azərbaycan diasporunun ürəyini
və beynini təşkil edir, ölkəmizin və
xalqımızın maraqlarını ləyaqətlə təmsil
edir.
O illərdə
milli azadlığın və milli özünüdərkin təbliği
üçün yaradılan şərait sonradan öz bəhrələrini
verdi. SSRİ-nin
dağılması ərəfəsində Azərbaycanda milli
müstəqillik ideyalarının
daşıyıcısı olan geniş təbəqə əslində
formalaşmışdı. Bu ideya ilə dolub-daşan
insanlar xalqın bütün təbəqələrində -
ziyalılar, fəhlə və kəndlilər, tələbələr,
dövlət və partiya orqanlarının işçiləri,
o cümlədən yüksək vəzifə tutanlar
arasında az deyildi. 1980-ci
illərin sonlarında qondarma Dağlıq Qarabağ problemi
ortaya atılandan sonra xalqımızın yüz minlərlə
oğul və qızı respublikanın ərazi
bütövlüyünün müdafiəsinə qalxdı.
Bu, tədricən milli azadlıq mübarizəsinə
keçən geniş xalq hərəkatının
başlanğıcı idi. Danılmaz həqiqətdir
ki, bu hərəkatın siyasi, iqtisadi və mənəvi-psixoloji
bünövrəsi məhz 1970-ci illərdə, Azərbaycana
Heydər Əliyevin başçılıq etdiyi dövrdə
qoyulmuşdur.
Əgər xəyalən o illərə qayıtsaq,
qazanılan uğurların qəribə mənzərəsi
yaranır. Bu uğurların tam miqyasda əhəmiyyəti və
mənası yalnız bu gün başa düşülür.
Yalnız uzun illərdən sonra, səhv və
yanılmalardan keçən Azərbaycan xalqı mənfi təcrübə
sayəsində, 1980-ci illərin axırları, 1990-cı illərin
lap əvvəllərində qarşıdan gələn fəlakəti
hiss edib Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana
rəhbərliyi dövründə nələr etdiyini dərk
edə bildi. Aydın oldu ki, o, ilk növbədə
milli özünüdərki sovet ideologiya sisteminin
buxovlarından azad edə bilmişdi. Hər
şeyi və hamını inkar edən
qarışıqlıq dövründə Heydər Əliyevin
adını xalqın tarixindən və yaddaşından silməyə
çalışanların hər biri ürəyinin dərinliyində
gözəl başa düşürdü ki, onun siyasi və
dövləti fəaliyyəti xalqın milli dövlətçilik
barədə çoxəsrlik arzu və istəklərinin həyata
keçirilməsi üçün münbit zəmin
yaratmışdır.
Əslində Heydər Əliyev öz siyasəti ilə
bolşevizmin qırdığı müqəddəs zaman əlaqələrini
təmin etməyə çalışırdı və həqiqətən
də bu çox çətin məsələ 1969-1982-ci illərdə
onun tərəfindən həll olundu. Lakin onun Azərbaycan
xalqının milli dirçəliş fəlsəfi
konsepsiyası tam həcmdə, əlbəttə ki, yalnız
müstəqil Azərbaycanda həyata keçə bilərdi.
Burada onun fəlsəfi
baxışlarının əsasını ümumbəşəri
ideallarla milli dəyərlərin həmahəngliyi təşkil
edirdi. Bizim bütün tariximiz onun nəzərlərində
özünü əsl böyük humanizm dərsi, ən
yüksək tolerantlıq, mədəniyyət və sivilizasiyaların
ibrətamiz dialoqu kimi göstərirdi. Azərbaycanın
nadir geosiyasi mövqeyi Heydər Əliyev tərəfindən
təkcə Böyük İpək Yolunun bərpası kimi
irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsində
istifadə olunmurdu. Bu mövqe həm də
Azərbaycan mədəniyyətinin tam dolğunluğu və
müxtəlifliyi ilə əsl mənasının fəlsəfi
dərkinin əsasını təşkil edirdi. Heydər
Əliyevin prezident postunda olduğu 10 il müddətində Azərbaycan
Respublikasının təqvimində faşizm üzərində
qələbə gününün bərpası kimi sadə
addımlardan tutmuş iqtisadiyyat, elm, mədəniyyət və
təhsil sahələrindəki islahatlara qədər
gördüyü bütün işlər onun milli dirçəliş,
azərbaycançılıq ideyasının
formalaşdırılması fəlsəfəsinin həyata
keçirilməsinə xidmət edirdi.
Eyni zamanda, o, bu milli mənəvi dəyərlərin
bütün dünyada populyarlıq qazanmasına böyük əhəmiyyət
verirdi. Məsələn, Heydər Əliyevin dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin
keçirilməsi ilə bağlı fikirləri bu gün də
öz aktuallığını saxlayır. Heydər Əliyev yubileyin məhz müstəqil Azərbaycanda
keçirilməsinin vacibliyini qeyd edərək
vurğulayırdı ki, "əsl poeziya bayramına, milli mədəniyyət
bayramına çevrilmiş bu şənliklər Azərbaycan
dövlətçiliyinin, Azərbaycanın müstəqilliyinin
bayramıdır".
Milli dirçəliş yolunda atılmış ən
mühüm addımlardan biri 1930-cu illərdən
"pantürkizm"i təbliğ edən əsər kimi
qadağan edilmiş misilsiz milli sərvətimiz olan
"Kitabi-Dədə Qorqud" eposunun xalqımıza
qaytarılmasıdır. "Kitabi-Dədə Qorqud" dastanlarının 1300
illiyinə həsr edilmiş təntənəli
yığıncaqdakı çıxışında o,
türk xalqlarının ümumi tarixi köklərinin "Dədə
Qorqud"la əlaqəsini qeyd etmiş, dastanın
bütün türk xalqlarına, lakin ilk növbədə Azərbaycan
xalqına məxsus olduğunu vurğulamış, qəhrəmanlıq
eposunu milli sərvətimizin ən möhtəşəm, ən
parlaq abidəsi kimi səciyyələndirmişdir.
Heydər Əliyevin onillik prezidentliyi dövründə
milli mədəniyyətin qorunması, inkişafı və təbliği
sahəsində çoxşaxəli fəaliyyəti əslində
ölkənin yeni vətəndaşının və milli
dövlətçiliyimizin prinsiplərinin ideya cəhətdən
formalaşmasına xidmət edirdi. Bu prosesləri diqqətlə
izləyən və çox vaxt onların təşəbbüskarı
və iştirakçısı olan Heydər Əliyev belə
bir fikri vurğulayırdı ki, "Azərbaycan
xalqının milli sərvəti və intellektual mülkiyyəti,
eyni zamanda, ədəbiyyat, mədəniyyətdir. Odur ki, biz öz müstəqil dövlətimizi
boş yerdə qurmuruq. İqtisadi
potensialla yanaşı, bizim intellektual potensialımız da
vardır. Bizim mənəvi
potensialımız - ədəbiyyat, mədəniyyət
intellektual potensialımızın əsasını təşkil
edir. Bütün bunlar xalqımızın
görkəmli nümayəndələri tərəfindən
yaradılmışdır. Onlar
yüzilliklərdən bəri bəşər mədəniyyətini
zənginləşdirən əsərləri ilə
bütün Azərbaycanın mülkiyyəti olan nəhəng
intellektual potensial yaratmışlar".
Bu gün
qlobal dünyaya inteqrasiya edərkən biz bilməliyik ki, Heydər
Əliyev Azərbaycan xalqının milli "Mən"ini, ənənələrini,
dilini, tarixini, sosiomədəni fonunu qorumağa necə
böyük əhəmiyyət verirdi. Qlobal mədəniyyəti
formalaşdıran xarici amillər cəmiyyətimizə nəzərəçarpacaq
təsir göstərir. Bunun nəticəsi
ondan ibarət olur ki, milli mədəniyyət, tarix, ənənələr
qlobal sosiomədəni koordinat sisteminin törəməsinə
çevrilir. Bu koordinat sistemi bütün
lokal dəyərləri əvəzləyir və milli sosiomədəni
amilləri vahid qlobal amillərə transformasiya edir. Deməli, biz ümumbəşəri dəyərlərə
doğru irəliləməyə kömək edən milli
xüsusiyyətlərimizi qorumaq uğrunda mübarizə
aparmalıyıq. Ona görə də nəinki
milli mədəniyyəti və ənənələri qorumaq,
həm də onların inkişaf etdirilməsi və gələcək
nəsillərə ötürülməsi üçün
şərait yaradılması mühüm əhəmiyyət
kəsb edir. Məhz belə yanaşma dahi
Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan milli
dövlətçiliyini inkişaf etdirməyə imkan yarada
bilər.
Azərbaycan dövlətçiliyi
milli ideyanın təcəssümü kimi
Müstəqil Azərbaycanın
əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti
ilə fəxr etməlidir, biz azərbaycançılığı
- Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi
dəyərlərini, adət və ənənələrini
inkişaf etdirməliyik.
Heydər
Əliyev
Azərbaycan dövlətçiliyi
minilliklər boyu təşəkkül, tərəqqi və tənəzzül
dövrlərini yaşamışdır. Bir
hissəsi bu gün Azərbaycan Respublikasının tərkibinə
daxil olan ərazilər uzun illər iri dövlətlərin təcavüz
obyekti olmuşdur. Ancaq bu gün biz öz
müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən
tanınan, sayca bir o qədər də çox olmayan xalqlardan
biriyik.
Lakin tarix göstərir ki, heç də bütün
xalqlar milli dövlətçiliyin qədir-qiymətini obyektiv
qavramaq iqtidarında deyillər. Bu da son nəticədə
onların yox olmasına və ya ümumdünya proseslərində
əhəmiyyətinin itməsinə gətirib
çıxarır. Digər tərəfdən,
hər bir dövlət öz taleyinin sahibi olmur, odur ki,
dünya geosiyasətinin adi obyekti kimi dəyiş-düyüş
vasitəsinə çevrilir. Bunun əsas
səbəblərindən biri millətin strateji fəaliyyət
proqramının, dövlətin və millətin
mövcudluğunun mənası, inkişafın məqsəd
və prioritetləri kimi çıxış edən milli
ideyanın olmamasıdır.
Milli ideyanı milli gerçəkliyə və tarixi
taleyə çevirən əsas qüvvə lider faktorudur. Dünya tarixi
də, müstəqillik tariximiz də bunu sübut edir. Xalqın dəstəklədiyi və siyasi liderin fəhmlə
duyduğu təməl dəyərlər məsələsində
konsensus dövlətin sabitliyi və inkişafının dəyişməz
şərtidir.
Heydər Əliyevin missiyası yalnız Azərbaycan
dövlətinin dayaqlarının möhkəmləndirilməsi,
müstəqilliyin inkişafı və dövlətçilik
tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin
edilməsi kimi şərəfli bir vəzifəni yerinə
yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan
dövlətinin yaradılması konsepsiyasını həyata
keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını
birləşdirən, xalqımızı beynəlxalq aləmdə
vahid amal, əqidə, məqsəd və məram ətrafında
səfərbər edən milli təlim - "azərbaycançılıq"
ideologiyasını da yaratdı. Xalqımızın
ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin təməlini qoymaqla müqəddəs bir
missiyanı gerçəkliyə çevirdi: milliliklə
dövlətçiliyi bir-birinə qovuşdurdu, onların
sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı
hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan
adlı məkanda da reallaşdı.
Azərbaycan milli ideyası mürəkkəb təşəkkül
yolu keçmişdir, öz spesifikasına malikdir, məzmunu,
universallığı, insanpərvərliyi, çevikliyi və
təbiiliyi ilə seçilir. Bunu XIX əsrin ikinci yarısı -
XX əsrin əvvəllərində milli ideyanın təşəkkülünün,
daha sonra Azərbaycan Sovet İttifaqının tərkibində
olarkən onun müəyyən transformasiyasının, nəhayət,
müstəqilliyin bərpası, milli dövlətçiliyin
qurulması və milli özünüdərkin sonrakı
inkişaf mərhələsində qəti
formalaşmasının tarixi təsdiq edir.
Məlum olduğu kimi, sovet dövrü cəmiyyətin
obyektiv əsasları olmayan və süni yaradılmış
yeni identifikasiyanın müəyyən olunması ilə
seçilirdi.
Milli siyasi təşkilatların
yaradılmasına qadağalar, həmçinin totalitar,
inzibati-amirlik idarəçiliyi sisteminin qurulması Azərbaycan
gerçəkliyinə milli təfəkkürün transformasiyaya
uğramış, sovet dövrünün tələblərinə
uyğunlaşdırılmış modelini gətirdi.
Kommunist ideologiyası proletar təfəkkür
haqqında müddəanı irəli sürərək əslində
milli özünüdərkin təkamülünə mənfi
təsir göstərirdi, orada milli təfəkkürə yer
yox idi.
Tələb olunurdu ki, hər halda tarix kommunist
partiyasının alternativsizliyi şəraitində milli təfəkkürün
və milli iqtisadiyyatın, mənəvi dirçəlişin,
əhalinin rifah halının və milli özünüdərkin
artması üçün baza olan təhsilin keyfiyyətinin
yaxşılaşmasına hesablanan siyasət yürüdə
bilən dövlət xadimini ön sıralara
çıxarsın.
Millətin inkişafı problemləri və milli maraqlar
Heydər Əliyev üçün həyatın mənası
idi. Perspektivə
hesablanan kadr potensialının formalaşması,
yaradıcı ziyalılara, elm nümayəndələrinə
qayğıkeş münasibət 1970-1980-ci illərdə millətin
yüksək elmi-texniki və mədəni potensialını əks
edən təşəbbüslərin yaranmasına və həyata
keçirilməsinə imkan verdi.
Milli dəyərlərin dirçəldilməsi, əhalinin
rifahının artması və təhsilin səviyyəsinin
yüksəlməsi insanların davranış modellərində
dəyişikliklərə əhəmiyyətli təsir
göstərdi. O illərdəki dəyişikliklər hər yerə,
ölkənin ən ucqar guşələrinə belə
yayılırdı. Doğrudur, ənənəvi
cəmiyyətin modernləşdirilməsi, hər şeydən
əvvəl, ölkənin sənaye mərkəzlərinin əhalisinə
təsir göstərir, sonra isə mərkəzdən əyalətə
doğru yayılırdı. Əlbəttə,
o dövrdə Azərbaycan cəmiyyətinin daxilində milli
ideyanın formalaşması məsələlərinə dair
geniş diskussiyaların aparıldığını söyləmək
olmaz. Lakin fakt odur ki, "milli maraqlar" ("milli
ideya"nın əsası kimi)
anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl
hissəsinə və Heydər Əliyev başda olmaqla hakim
elitaya yad deyildi. İttifaq dövləti çərçivəsində
real siyasətdə milli maraqların ehtiyatla və
ardıcıl reallaşdırılması ötən əsrin
80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində
ölkədə milli hərəkatın genişlənməsinə
zəmin hazırlamış, 1991-ci ildə dövlət
müstəqilliyini bərpa etmək üçün baza
yaratmışdır.
1991-ci ildə müstəqillik yoluna qədəm
qoyulması, düşünmək olardı ki, Azərbaycan
tarixində yeni səhifə açır, eyni zamanda, o vaxt
meydana çıxan problemlərin dərhal həll edilməsi
zərurətini ortaya qoyur.
Əfsuslar
ki, müstəqilliyin ilk illərində Azərbaycan dövlət
quruculuğunun zəruri vəzifələrinin heç
kiçik hissəsini də (xarici təcavüzün dəf
edilməsi, daxili siyasi kontekstin sabitləşdirilməsi, cəmiyyətin
tam xaos və vətəndaş müharibəsinə
sürüklənməsinin qarşısının
alınması, heç olmasa, minimum həyat qabiliyyətinə
malik iqtisadiyyatın yaradılması) həll etməyə
müvəffəq ola bilmədi.
İdarəçilikdə diletant metodlar və ölkə
rəhbərliyinin, xüsusilə də xarici siyasət,
müdafiə qabiliyyəti və iqtisadi islahatlar sahəsində
tam fərasətsizliyi Azərbaycan cəmiyyətində daxili
siyasi qarşıdurmanı son həddə qədər
qızışdırmış və separatçılıq
əhval-ruhiyyəsinin güclənməsi üçün zəmin
yaratmışdı. Bu cür şəraitdə hər hansı uzunmüddətli
plana nail olmaq üçün millətin birləşməsindən
söhbət gedə bilməzdi. Ölkə rəhbərliyi
də öz məqsədlərini aydın ifadə etmək
iqtidarında deyildi. Uğursuz siyasət nəticəsində
dövlət təsisatları və ictimai təsisatlar tamamilə
tənəzzülə uğramışdı. 1988-ci ildən 1993-cü ilə qədər olan
dövrü tam əminliklə qarışıqlıq,
hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar.
Tarixi
miqyaslı şəxsiyyət olan Heydər Əliyev ölkədə
yaranmış vəziyyəti dəqiq qiymətləndirərək
bütün Azərbaycan cəmiyyətini Azərbaycan dövlətinin
mövcudluğu baxımındın həyati əhəmiyyət
daşıyan məsələlərin, o cümlədən
hakimiyyət vakuumunun aradan qaldırılması,
separatçılıq və silahlı bandit dəstələrinin
təhdidlərinin qarşısının alınması,
döyüş qabiliyyətli ordu yaradılması məsələlərinin
həll edilməsi üçün səfərbər etdi. Azərbaycan xalqı Heydər Əliyevin yorulmaz
dövləti fəaliyyəti sayəsində cəmiyyətin
daxilindəki ziddiyyətləri həll etməyə və
yüksələn inkişaf üçün zəmin
yaratmağı bacaran, güclü məna potensialı ilə
yüklənmiş milli ideyaya sahib oldu.
Heydər Əliyevin onillik prezidentliyi dövründə
ölkə kökündən dəyişmiş, daxili və
xarici siyasətin bir çox istiqamətlərində əhəmiyyətli
uğurlar qazanılmışdır. Azərbaycan dövləti
uzunmüddətli yaşamaq qabiliyyətini, cəmiyyət isə
tarixi prosesin növbəti mərhələsində iştirak
etməyə hazır olduğunu nümayiş etdirmişdir.
Müasir Azərbaycan Respublikasının
müstəqilliyi həm ölkənin sadə vətəndaşları,
həm də qlobal miqyaslı mühüm güc mərkəzləri
üçün aksioma çevrilmişdir. Məhz Heydər
Əliyev şəxsiyyəti, onun xarizması, bəsirəti,
iradəsi, təcrübəsi göstərilən dövrdə
bizim üçün "millət", "dövlətçilik",
"idarəçilik sistemi", "hakimiyyət",
"inkişaf etmiş iqtisadiyyat", "mənəvi
dirçəliş", "liderlik",
"transformasiya", "çoxvektorluluq" kimi sistem dəyərlərin
təşəkkülündə və möhkəmlənməsində
mühüm rol oynadı.
1993-cü ilin ortalarından başlayaraq Azərbaycan
strateji seçimini müəyyənləşdirdi. O, müasir, dünyəvi,
beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara
sadiq olan ölkə kimi inkişaf etməyə başladı.
Siyasi modernləşmə sahəsində artıq ilk
addımlar iqtisadiyyatın güclənməsinə təkan verdi. Bu da yığılıb
qalan sosial problemlərin tədricən həll olunmasına gətirib
çıxardı. Hakimiyyət
özü üçün müəyyən etdi ki, səylərini
inkişafın yeni alətlərinin axtarışına
yönəltməlidir. Çünki
bilirdi ki, milli təhlükəsizliyin möhkəmləndirilməsində
uğur bir çox hallarda inkişaf etmiş iqtisadiyyat,
sosiumun mənəvi və intellektual səviyyəsi ilə
şərtlənir. Aydın idi ki, məhz
milli hisslər, milli ənənələrə (milli
identikliyin, özünəməxsusluğun dirçəlməsinə,
qorunmasına can atmaq, Qərb və Şərqin tarixi nailiyyətləri
ilə zənginləşmək zəminində cəmiyyətin
modernləşdirilməsi, güclü və müstəqil
Azərbaycan qura bilən milli çoxluğun
formalaşdırılması) dərindən
bağlılıq sarsılmaz və uğurlu dövlət
quruculuğunun rəhnidir.
Eyni
zamanda, Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan
cəmiyyəti 1990-cı illərin əvvəllərinin xaos
və özbaşınalığını arxada qoyaraq
özündə yeni inkişaf ideologiyası ilə ifadə
oluna biləcək dəyərlərə can atmaq həvəsi
hiss etdi. Yeni şəraitdə milli və
dövlət quruculuğu ideyalarına uyğun olan daha
etibarlı dəyərlər bazası və kollektiv
özünüdərk zərurəti yarandı. Cəmiyyət milli identikliyin inkişafı ilə bərabər,
ənənəvi dəyərləri saxlamaqla ölkənin rəqabət
qabiliyyətini təmin edən yeni inkişaf mənbələrinə
müraciət etməyə başladı.
Milli və dövlət müstəqilliyinin qorunması,
milli identikliyin inkişafı, dünya birliyinə inteqrasiya
bundan belə azərbaycanlıların milli özünüdərkinin
struktur hissəsinə çevrildi. Məhz müstəqil Azərbaycan
dövləti üçün qürur hissi, onun hadisələrlə
zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin
dünya tarixinə töhfə verməyə hazır
olması Heydər Əliyevi bu sözləri söyləməyə
ruhlandırmışdır: "Mən fəxr edirəm ki, mən
azərbaycanlıyam".
Bu kontekstdə "azərbaycançılıq"
dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin
bugününün və gələcəyinin müasir
ideoloji qavranması ilə sıx birləşir. "Azərbaycançılıq"
milli ideologiyanın əsası kimi müxtəlif xalqların,
mədəniyyətlərin, ənənələrin,
konfessiyaların üzvi surətdə birliyini təcəssüm
edir. O, milli maraqları ifadə edən güclü
dövlət hakimiyyətinə və yüksək milli
intizama, formalaşan milli özünüdərkə əsaslanır,
ən müxtəlif sosial təbəqələrdə
anlaşma axtarır, millətin və dövlətin öz
potensialından irəli gələn daimi, lakin qeyri-radikal
islahatçılığı təbliğ edir.
"Azərbaycançılıq"
xalqımızın iztirabları ilə yoğrulmuş tarixi
dəyərdir, real müstəqilliyə nail olunması, vahid,
bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi
üçün açardır. Bu gün "azərbaycançılıq"
milli həyatın, konfessiyaların harmoniyasının
çoxəsrlik ənənəsi, ölkədə
yaşayan bütün millət və etnik qrupların
qardaşlığının, qarşılıqlı əlaqə
və qarşılıqlı təsirinin tarixi, onların
ümumi taleyi və müstəqil Azərbaycanın
bütövlüyü uğrunda birgə mübarizələrinin
tarixi təcrübəsidir.
Beləliklə, "azərbaycançılıq"
ideologiyası etnik yox, siyasi və vətəndaşlıq
xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın
vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın
müstəqil dövlətçilik ideyasını əziz
tutanlara münasibətdə də öz birləşdirici
funksiyasını yerinə yetirir.
Nəticədə Heydər Əliyevin dünya azərbaycanlılarının
birinci qurultayında dediyi kimi, millətin və dövlətin
vəhdəti və bölünməzliyi ideyası əsas
götürülür. Heydər Əliyev demişdir: "Azərbaycançılıq
- öz milli mənsubiyyətinin saxlanılması, milli mənəvi
dəyərlərin saxlanması, eyni zamanda onların ümumbəşəri
dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi,
hər bir insanın inkişafının təmin edilməsi
deməkdir".
Bu gün Azərbaycan müsbət təcrübəni
uğurla mənimsəyir. Təsadüfi deyil ki,
"özünü azərbaycanlı hiss edən azərbaycanlı
sayıla bilər" tezisi yalnız azərbaycanlı
doğulanlar üçün deyil, ölkənin etnik
bağlantısı olmayan vətəndaşları
üçün də aktualdır. Azərbaycan
son illərdə bütün azərbaycanlılar
üçün vətən olmuşdur. Bu
da, ilk növbədə, Heydər Əliyevin Azərbaycan
diasporunu formalaşdırması üzrə səylərinin nəticəsidir.
Azərbaycançılıq məfkurəsi fəal
sosial təbəqələrin səfərbər edilməsində,
hakimiyyətin xalq kütlələri ilə inkişaf və
modernləşdirmə strategiyasının ətrafında
birləşməsində, ölkənin milli ideyasının
həyata keçirilməsində səmərəli vasitə
olmuşdur. Həmin strategiyanın hazırkı mərhələdə
leytmotivi Azərbaycanın müstəqil varlıq kimi dərk
edilməsidir.
Azərbaycan xalqının milli məfkurəsinin təkamül
prosesinin iştirakçıları ideoloji konsepsiyanın son
variantının formalaşmasına öz töhfələrini
vermiş parlaq şəxsiyyətlər olmuşlar. Bu
insanların öz xalqına sadiqliyi, milli maraqlar naminə
özlərini qurban verməyə hazır olmaları öz
böyük işlərinin dərk edilməsinə əsl
nümunədir. Onların fəaliyyəti
tariximizdə dərin izlər buraxmış, Azərbaycan
xalqının taleyini dəyişmişdir. Həyatı boyu Azərbaycana iki dəfə rəhbərlik
etməyə, ölkəni böhran vəziyyətlərindən
çıxarmağa, milli inkişafın əsas prinsiplərini
müəyyən etməyə
çağırılmış Heydər Əliyev də bu
cür şəxsiyyətlərdən idi.
Heydər
Əliyev hesab edirdi ki, milli əsas - azərbaycançılıq,
bərabərlik və Azərbaycanda yaşayan bütün
millətlərin əməkdaşlığı, milli birlik,
milli mənəvi dəyərlərin qorunması, ümumi
tarix və ünsiyyət dilinin ümumiliyi etnik mənsubiyyətindən
asılı olmayaraq hər bir azərbaycanlıya
özünü hamı üçün ümumi olan evin
tikintisinə səfərbər edilmiş dəyərli insan
kimi hiss etməyə imkan verir.
Gənc müstəqil dövlətin yaranması və
inkişaf etməsi bizim əsrdə çox çətin vəzifədir. Yalnız
öz gücünə və resurslarına arxalanaraq real
müstəqil daxili və xarici siyasət yürüdülməsi
olduqca çətin məsələdir. İllər,
onilliklər ötəcək, müstəqil və inkişaf
etmiş Azərbaycan vətəndaşlarının nəsilləri
dəyişiləcək, yeni çağırışlar
meydana gələcək, lakin Heydər Əliyevin milli
ideyanın reallaşdırılması üçün etdikləri
əbədi olaraq Azərbaycan xalqının kollektiv
yaddaşında qalacaqdır.
XIX əsrin
sonu - XX əsrin əvvəlində milli ideya özünün
ən ali məqsədini - milli birlik və
müstəqilliyi təmin edən qarşısıalınmaz
gücə çevrilə bilmədi.
Ötən əsin 90-cı illərində, müasir
dövrün siyasət dahisi, ümummilli lider Heydər Əliyev
milli ideyanı tarixin verdiyi çox qısa və çətin
zamanda milli varlığın təcəssümünə
çevirməyə nail oldu. Milli ideya ilə
bağlı məqalədə qeyd etdiyimiz kimi, "Proseslərin
gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı
tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən
yalnız sözün həqiqi mənasında tarixi
miqyaslı, həm Azərbaycan millətinə xas olan
mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü
rolunda, həm də qeyri-standart siyasi qərarların
güclü və iradəli mənbəyi rolunda
çıxış etməyə qadir olan şəxsiyyət
xilas edə bilər. Yalnız böyük
dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata
keçirə bilər".
Milli ideyanın tarixdə ilk dəfə suveren formatda
gerçəkləşdirilməsi dövlətçilik ənənəsində
etatizmdən - müstəqil dövlətin siyasi təşkilatlanmasından
güc alaraq daha qüdrətli zirvələrə yüksəlməsi
başlanğıcını götürdü. XX əsrin əvvəllərində
milli ideya öz ali məqsədini - etatizmi
həyata keçirə bilməmişdi. Suveren
dövlət statusunu qazanmaq kimi tarixi nailiyyətə
qovuşmaq - arzu olaraq qalmışdı. Yəni
milli ideyanın statusu, strukturu, prinsip və funksiyaları,
mükəmməl strateji və taktiki hədəflər
sistemi hələ formalaşmamışdı.
Ümummilli lider Heydər Əliyev bu cahanşümul məqsədləri
müstəqil Azərbaycan adlı ünvanda reallığa
cevirdi. Xalqımızın tarixi, siyasi uğurlarının
zəfər trayektoriyası artıq davamlı, kəsilməz
xarakter aldı. XX əsrin ikinci yarısında qlobal
transformasiya və sarsıntılarla paralel müşayiət
olunan zamanda, bəzi ölkələrin süqut, bəzilərinin
isə yenidən doğulduğu bir ərəfədə
dünya siyasi xəritəsində xalqımız şanlı
Azərbaycan tarixi adlı portretin cizgilərində
özünü tanıdı, milli özünüdərk və
mənlik mərhələlərini qət etdi. Milli
ideal - Ümummilli Lider nümunəsində ideyanın
missiyası bu dövr üçün qələbələrlə
başa çatdırıldı. Azərbaycanda
tarixdə ilk dəfə müstəqil milli dövlət
yaradıldı. İlk dəfə milli
ideya nəzəri sxem kimi qalmayıb dövlətçiliyin
varlığını təmin etdi, onu "əbədi,
sarsılmaz və dönməz" (Heydər Əliyev)
fenomeni kimi dünya tarixinə həkk etdi. Bütün bunlar ideya və zamanın mürəkkəb
münasibətlərini milli dühası ilə Azərbaycan
naminə fövqəlsəyləri ilə nizamlayan siyasi lideri
Heydər Əliyevi - Milli İdeala, Ümummilli Lider zirvəsinə
ucaltdı. Tariximizdə dəfələrlə
qısa və ya uzun müddətə müxtəlif səbəblərdən
milli ideyanın qarşısının alınmasına,
dövlətçilik ənənəmizin davamlı
inkişafına əngəl olan fasilə, məğlubiyyət,
süqut kimi xəstəliklərə birdəfəlik sədd
çəkildi.
Bunlar azərbaycanlıların neçə nəsilləri
durduqca onlar üçün Milli İdeal və örnək
olacaq Heydər Əliyev şəxsiyyətinin, XX əsrin
sonlarında milli ideyamızın nadir subyektinin tarixi xidmətləridir. Ümummilli
Lider tarixi təcrübə və nəzəri müddəaların
varisliyini təmin etməklə yanaşı, kollektiv və fərdi
identikliyimizin, dövlət ideologiyamızı - "azərbaycançılığı"
mərkəzi müddəa kimi önə keçirdi. Bunun mənasını isə Heydər Əliyevin
bütün fəaliyyəti, dövlətçilik və xalq
qarşısında xidmətləri nümunəsində dərk
etmək olar.
Müstəqilliyimiz Ümummilli Lider
Heydər Əliyevin nəsillərə əmanətidir
Heydər Əliyevin əsəri olan müasir Azərbaycan
dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli
inkişafa nail olacaqdır.
İlham Əliyev
Azərbaycan
xalqının əsas tarixi nailiyyəti olan dövlət
müstəqilliyinin 20 ili artıq arxada
qalmışdır. Azərbaycan tarixində
mahiyyətinə və əhəmiyyətinə görə
müstəsna səhifə olan milli müstəqilliyin
qazanılması xalqımızın azadlıq və müstəqillik
uğrunda çoxillik mübarizəsinin məntiqi nəticəsidir.
Milli ideyanı həyata keçirmək, dünya arenasına
müasir millət və müstəqil dövlət kimi
çıxmaq, öz taleyinin sahibi olmaq, azad və müstəqil
yaşamaq hüququ qazanmaq, heç şübhəsiz, asan
başa gəlmədi, xalqımız ziddiyyətli, həyəcanlı,
çətin sınaqlarla dolu tarixi mərhələlərdən
keçməli oldu.
Tarix baxımından qısa müddətdə Azərbaycana
rəhbərlik edən Heydər Əliyev ölkəmizin
inkişafının çox möhkəm əsasını
qoydu, bu inkişafın perspektivlərini işıqlandıran
ideya və prinsipləri müəyyənləşdirdi. Bizə və
gələcək nəsillərə bu dahi insanın,
Ümummilli Liderin, XX əsrin böyük ictimai və siyasi
xadiminin həyat və yaradıcılığını
yaxşı öyrənmək, ideyalarını mənimsəmək
və həyatımızda tətbiq etmək qalır. Xalqımızın xoşbəxt gələcəyi
bir çox hallarda bundan asılıdır.
Heydər Əliyev artıq 10 ilə yaxındır ki,
aramızda yoxdur. Lakin Azərbaycanın inkişafına və
modernləşdirilməsinə hədəflənmiş səmərəli
dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Heydər Əliyevin
dərindən düşünülmüş,
hazırlanmış və qətiyyətlə həyata
keçirilən daxili və xarici siyasət kursu bu gün
bütün istiqamətlərdə uğurla davam etdirilir.
Heydər
Əliyev gözəl başa düşürdü ki, siyasi
sabitlik, lazımi iqtisadi inkişaf və ictimai əmin-amanlıq
olmadan istənilən demokratiyanın ömrü az olacaqdır. Bu siyasəti son 10
ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri
və geosiyasi özəllikləri nəzərə alaraq
ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına
bacarıqla transformasiya edir.
Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycanda
yeni inkişaf strategiyası həyata keçirilir. İlham Əliyevin
daxili və xarici siyasəti nəticəsində təxminən
son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın
bütün sahələrində, hüquqi dövlət və
vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər
və uğurlar qazanılmışdır. Bir çox parametrlərinə görə Azərbaycan
sürətli inkişaf edən ölkəyə
çevrilmişdir. Regionların 2004-2008-ci il və 2008-2013-cü illəri əhatə edən
sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul
edilməsi və uğurla yerinə yetirilməsi
respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir. Bu müddətdə 40 mindən çox yeni
müəssisə yaradılmış, çoxu daimi olmaqla
ümumilikdə bir milyondan artıq yeni iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 2001-ci ildə
49 faizdən 2012-ci ildə 6 faizədək azalmış,
işsizlik isə 5,3 faizə enmişdir.
2012-ci ildə 2003-cü illə müqayisədə ÜDM
3 dəfə artmış, 2003-2012-ci illər ərzində
ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları sərmayə
yatırılmışdır. 2012-ci ildə ölkə
iqtisadiyyatına qoyulan investisiyanın həcmi 2003-cü illə müqayisədə
5,1 dəfə artmışdır. Hər nəfərə
düşən investisiya həcmi 2003-cü illə müqayisədə
2012-ci ildə 4,6 dəfə yüksəlmişdir.
2012-ci ildə xarici ticarət dövriyyəsi 2003-cü illə
müqayisədə 6,4 dəfə, o
cümlədən ixrac 9,2 dəfə artmışdır.
2012-ci ildə ölkəmizdə ümumi daxili məhsulun həcmi
70 milyard ABŞ dollarına yaxınlaşmışdır ki,
bu da Cənubi Qafqaz regioununda ümumi daxili məhsulun
3/4-nü təşkil edir.
Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi
adasıdır. O, gündən-günə inkişaf edir, daha da
inamlı olur. Bütün bunlar ölkəni və
Azərbaycan cəmiyyətini inkişafın daha yüksək
pillələrinə aparır.
Heydər Əliyev hər bir dövlətin
varlığının əsasını təşkil edən
iqtisadi inkişafı dövlət həyatının ən
vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət
qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat
normalarını, idarəçiliyi, qanunçuluğu,
sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və
s. vəzifələri o zaman dolğun və davamlı təmin
etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə
olsun və qarşıya qoyulmuş vəzifələrə
cavab versin. Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını
milli əxlaqa və güclü iradəyə malik, qlobal və
azad düşüncəli, təşəbbüskar, fəal,
ölkədaxili və beynəlxalq proseslərdən baş
çıxara bilən, təhsilli, ədalətli, vətəni
və xalqı üçün gərəkli insan kimi görmək
istəyirdi.
Heydər
Əliyevin sayəsində yeni yüzilliyə, həm də
yeni minilliyə müstəqil dövlət kimi qədəm
qoymaq tariximizdə ilk dəfə baş verdi
və bu, əbədi proses olacaqdır. Məhz
Heydər Əliyev müasir müstəqil Azərbaycanın
arxitekturasını yaratmış, milli dövlətçiliyimizin
ideya təməlini qoymuşdur.
Çox illər keçəcək, lakin çiçəklənən
Azərbaycanın vətəndaşları dövlət
müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın
gələcəyini təmin etmiş bu dahi insanı
unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi
ilə qoyulmuş bu dayanıqlı inkişaf İlham Əliyevin
dövlət xadimi istedadı sayəsində davam edir.
Həmin
inkişafın başlıca yekunlarından biri də dövlət
başçısı İlham Əliyevin bu sözlərində
bariz ifadəsini tapmışdır: "Azərbaycan bu illər
ərzində həm öz vətəndaşlarına, həm
də dünyaya sübut etdi ki, biz müstəqil ölkə,
azad xalq kimi yaşayırıq və yaşaya bilərik!"
Azərbaycan.-2013.- 13
iyun.- S.4-7.