Dağlıq Qarabağda
narkotik vasitələrin yetişdirilməsini
və narkoticarəti Ermənistanın
yüksək vəzifəli şəxsləri himayə edirlər
Nəzarətsiz
zona hesab edilən Dağlıq Qarabağda narkotik vasitələrin
əkilib becərilməsi və qanunsuz dövriyyəsi
geniş vüsət almaqdadır. Bunu Azərbaycan Milli Təhlükəsizlik
Nazirliyinin apardığı son əməliyyat tədbirləri
bir daha təsdiqləmişdir.
Siyasi
İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri,
politoloq Mübariz Əhmədoğlu AzərTAc-a müsahibəsində
bu haqda danışarkən demişdir ki, Ermənistanın
işğal etdiyi və hazırda nəzarətsiz ərazi
hesab edilən Dağlıq Qarabağda narkotiklərin becərilməsi
və tranziti xeyli müddətdir həyata keçirilir,
üstəlik burada terrorçular hazırlanır. Narkotacirlərin
istifadə etdikləri ən təhlükəsiz marşrut məhz
Ermənistandan və işğal olunmuş Dağlıq
Qarabağ ərazisindən keçir.
Politoloq
Azərbaycan tərəfinin bu məsələni Beynəlxalq
müstəvidə dəfələrlə
qaldırdığını, lakin adekvat tədbirlər
görülmədiyini təəssüf hissi ilə
vurğulayaraq qeyd etmişdir ki, dünya sanki Ermənistanın
əlində aciz qalmışdır. Vəziyyət hətta o
həddə çatmışdır ki, ermənilər əllərində
monitorinq mandatı olan beynəlxalq qurumların təmsilçilərini
belə həmin ərazilərə buraxmırlar.
Mübariz
Əhmədoğlunun fikrincə, Ermənistan rəhbərliyi
və separatçı rejim narkotik ticarətini birbaşa himayə
edir, bundan külli miqdarda qazanc götürürlər.
Problemin kökü məhz burada - Ermənistan rəhbərliyinin
işğalçı və avantürist siyasətində,
separatçı rejimin mahiyyətindədir.
Azərbaycanın
rəsmi nümayəndələrinin, təhlükəsizlik
xidməti orqanlarının bu təkzibolunmaz faktları ən
yüksək səviyyələrdə
açıqladıqlarını xatırladan politoloq
Dağlıq Qarabağda narkotiklərin becərilməsinin və
tranzitinin təkcə regional deyil, eləcə də qlobal
problem olduğunu diqqətə
çatdırmışdır. Qarabağda iri narkotik bitki
plantasiyalarının olduğu və separatçı rejimin
himayədarlığı ilə narkoticarətin
"çiçəkləndiyi" artıq təsdiqini
tapmış faktdır və bunu inkar etmək
mümkünsüzdür. Gözləyək görək, indi dünya buna necə baxacaq, - deyə
M.Əhmədoğlu vurğulamışdır.
Politoloq
daha bir neçə maraqlı mülahizə də səsləndirmişdir:
Ermənistan olduqca ağır, çıxılmaz bir vəziyyətdədir.
Hakimiyyətin kifayət qədər maliyyə problemləri
vardır. Elə Ermənistan rəhbərliyində təmsil
olunan şəxslərin özləri də haradan və necə
pul çıxarmaq haqqında düşünürlər. Doğrudan da, bu gün
Ermənistanda fabrik və zavod, heç bir təbii resurs yoxdur. Onlar öz ehtiyaclarını
narkoticarətdən əldə
olunan qazancla ödəmək istəyirlər.
Düşünürəm ki, bu işlər Ermənistan prezidenti Serj Sarkisyanın və bu ölkənin baş naziri Tiqran Sarkisyanın birbaşa göstərişi
ilə dövlət səviyyəsində həyata
keçirilir.
Azərbaycan.-2013.- 13 iyun.- S.8.