İşğal olunmuş ərazilərdə narkotik
maddə ticarətinə Ermənistan
hakimiyyəti səviyyəsində rəhbərlik və nəzarət
olunur
Azərbaycanın
ermənilər tərəfindən işğal edilmiş ərazilərində
narkotik maddələrin yetişdirilməsinə və qanunsuz
satışına bilavasitə Ermənistan hakimiyyəti rəhbərlik
və nəzarət edir.
Bunu
AzərTAc-a müsahibəsində Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədri Seymur Orucov demişdir.
S.Orucov
bildirmişdir ki, Ermənistan hakimiyyətinin Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə aparılan
danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş
etdirməsi və münaqişənin həllinə qəsdən
maneçilik törətməsinin səbəblərindən
biri də bu ərazilərdə həyata keçirilən
qanunsuz narkotik maddə ticarətinin külli miqdarda qazanc mənbəyi
olmasıdır.
YAP Gənclər
Birliyinin sədri qeyd etmişdir ki, Dağlıq Qarabağda
yaradılmış separatçı rejim heç bir beynəlxalq
təşkilat və dövlət tərəfindən
tanınmır, beynəlxalq münasibətlər sisteminin
subyekti deyil. Bu isə Dağlıq Qarabağ ərazisinin nəzarətdən
kənarda qalmasına şərait yaradır. Nəzarət
olunmayan ərazilər isə qanunsuz silah və narkotik maddə
alveri üçün münbit və olduqca əlverişli
mühitdir. Buna görə də münaqişənin həll
olunması Ermənistanın siyasi elitasının
maraqlarına cavab vermir.
Ermənistanın
yaxın qonşularına qarşı irəli
sürdüyü əsassız torpaq iddialarının onu təcrid
vəziyyətinə saldığını vurğulayan S.
Orucov demişdir ki, təbii sərvətlərinin
kasadlığı, iqtisadiyyatının tənəzzülü
və özünütəcrid siyasəti
işğalçı ölkənin əhalisini dilənçi
kökünə salmışdır. Yoxsulluq şəraitində
yaşayan insanları isə narkotika alverinə cəlb etmək
həm asan, həm də sərfəlidir.
S.Orucovun
fikrincə, bütün bunlar günün
reallığıdır, Ermənistan dövlətinin
apardığı siyasətin mahiyyətidir. Odur ki, Beynəlxalq
aləm Azərbaycanın ermənilər tərəfindən
işğal edilmiş ərazilərində narkotik maddələrin
yetişdirilməsinin və qanunsuz satışının
getdikcə daha geniş miqyas almasına göz yummamalı,
buna şərait yaradanlardan məsuliyyət tələb
olunmalıdır.
Azərbaycan.-2013.- 13
iyun.- S.8.