Amerika Ticarət Palatasının təşkilatçılığı ilə «Vergi partnyorluğu» mövzusunda konfrans keçirilmişdir

 

Amerika Ticarət Palatasının  (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi "Vergi partnyorluğu" mövzusunda  konfrans keçirilmişdir. Tədbirdə Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, Amerikanın  Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, eləcə də Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Amerika Ticarət Palatasının icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu tədbir iştirakçılarını salamlayaraq AmCham ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu, bu istiqamətdə göstərilən dəstəyə görə qurum adından Vergilər Nazirliyinə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, keçirilən tədbirin əsas məqsədi vergi ödəyiciləri ilə vergi orqanı arasında partnyorluğun yeni mərhələyə qaldırılması və cəmiyyətdə daha yüksək vergi mədəniyyətinə olan ehtiyacı müzakirə etməkdir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xariciyerli şirkəti özündə birləşdirən AmCham ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır: "Bu məqsədlə qurum artıq üçüncü ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür".

Sonra xanım N.Nəsrullayeva-Müdüroğlu qurumun hazırladığı və " Sənəd" kimi tanınan "Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr" adlı hər il dərc olunan sənədin növbəti sayı barədə məlumat vermişdir: "Bu sənəd AmCham-ın üzv olduğu 240-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələrini əhatə edən fəaliyyətini əks etdirir". 

Amerika Ticarət Palatasının rəsmisindən sonra vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov  çıxış edərək, ölkəmizin vergi sistemində aparılan islahatlarbu sahədə qazanılan uğurlar haqqında məlumat vermiş, AmCham və digər ictimai təşkilatlarla mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycanda uğurlu vergi siyasətinin həyata keçirilməsi ölkədə biznes mühitinin təkmilləşdirilməsinə yardım edir: "Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir".

Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanun layihələri hazırlanarkən ölkədə fəaliyyət göstərən yerlixarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyləri nəzərə alınır, hər bir təklifə diqqətlə yanaşılır.

Sonra konfrans işini sessiyalarda davam etdirmiş, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergitutma, vergi qanunvericiliyindəki dəyişikliklər və vergi güzəştləri, vergi mədəniyyəti, vergi ödəyicilərinə xidmət vasitələri, mühasibatlıq təcrübələri və onun vergi inzibatçılığına təsiri, Vergilər Nazirliyinin elektron xidmətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

 

Azərbaycan.- 2013.- 13 iyun.- S.9.