Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə tarixi
qayıdışının 20
illiyinə və Milli Qurtuluş Gününə həsr
olunmuş konfrans keçirilmişdir
İyunun
13-də Bakıda Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin hakimiyyətə tarixi
qayıdışının 20 illiyinə və 15 iyun - Milli
Qurtuluş Gününə həsr olunmuş konfrans
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransda dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, KİV nümayəndələri
və digərləri iştirak etmişlər.
Konfransı
açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov bir
neçə gündən sonra xalqımızın
ümummilli lideri Heydər Əliyevin hakimiyyətə
qayıdışının 20-ci ildönümü və
Milli Qurtuluş Gününün qeyd edəcəyini
bildirmiş, tədbir iştirakçılarını bu əlamətdar
tarixi gün münasibətilə təbrik etmişdir.
Vurğulanmışdır ki, Azərbaycanın müasir
tarixi ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra başlamışdır. Bu
qayıdış ölkəmizi xaosdan, anarxiyadan, vətəndaş
müharibəsindən və digər bəlalardan xilas etməklə
yanaşı, müasir inkişafımızın,
rifahımızın təminatı olmuşdur. Ölkədə
sabitliyin bərqərar olunması ilə bütün sahələrdə
uğurlu islahatlar həyata keçirilmiş, iqtisadi tənəzzülün
qarşısı alınmışdır. Ümummilli liderin həyata
keçirdiyi uzaqgörən siyasət nəticəsində
möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti
qurulmuşdur. Məhz ulu öndərin hakimiyyətə
qayıdışının nəticəsi inkişaf edən,
güclənən, haqqını tələb edən Azərbaycandır.
Ə.Əhmədov qeyd etmişdir ki, ümummilli liderin tarixi qayıdışının növbəti mərhələsi 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində ulu öndərin siyasətinin layiqli davamçısı İlham Əliyevin ölkəmizin rəhbərliyinə seçilməsi ilə başlamışdır. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda müşahidə olunan inkişaf, yüksəliş, tərəqqi 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycanın regionun ən güclü dövlətlərindən biri olduğunu vurğulayan Ə.Əhmədov qeyd etmişdir ki, insanların ölkəsinə, dövlətinə, Prezidentinə inamı artmışdır. Bu inamın nəticəsidir ki, Azərbaycan vətəndaşları İlham Əliyevin qarşıdan gələn seçkilərdə növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi qənaətinə gəlirlər.
İyirmi il bundan əvvəl ölkəmizin üzləşdiyi çətinliklərdən, Azərbaycanın həmin dövrdə qarşılaşdığı təhlükələrdən danışan Milli Məclis Sədrinin müavini Bahar Muradova xalqımızı bu bəlalardan xilas etmək üçün siyasi-ideoloji mərkəz rolunu oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması və fəaliyyəti tarixindən bəhs etmişdir. Vurğulamışdır ki, o zaman Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün məhz YAP bu proseslərin nüvəsinə çevrildi. Bu nüvənin ətrafında cəmləşən Azərbaycan xalqının ən müxtəlif təbəqələri ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təmin etmiş oldular.
Qurtuluş tarixinin ölkəmizə ən əsası müstəqillik kimi bir sərvət qazandırdığını vurğulayan B.Muradova iqtisadi uğurların və təbii zənginliklərin Azərbaycanın başlıca sərvəti olan xalqımızın rifahına və dövlətimizin inkişafına yönəldiyini diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi xalqımıza itirilmiş inamını qaytardı. Həmin dövr Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda qalacaqdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Milli Qurtuluş Gününün tarixinə nəzər salaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin bütün bəlalardan xilas olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, ümummilli lider 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırmaqla ikinci dəfə Azərbaycanın müstəqilliyinin əsasını qoydu.
Bildirilmişdir ki, 20 il bundan əvvəl bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən ulu öndər Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu. Ümummilli lider çox cəsarətli və uzaqgörən bir şəxsiyyət idi.
Qurtuluş
gününün müasir Azərbaycanın tarixində
dönüş nöqtəsi olduğunu qeyd edən
E.İbrahimov Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin uğurlu nəticələrinin
göz qabağında olduğunu vurğulamışdır. O
demişdir: "Hər birimiz sürətlə inkişaf edən
ölkəmizin nailiyyətləri ilə qürur duyuruq".
Azərbaycan.-2013.- 14 iyun.- S.4.