«İrəli» İctimai Birliyi bu il keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul etmişdir

 

İyunun 13-də Nizami Kino Mərkəzində Azərbaycanın ən böyük gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin (İB) hesabat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların təmsilçiləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra təşkilatın hesabat dövrü ərzində fəaliyyətindən bəhs edən videoçarx göstərilmişdir.

Daha sonra "İrəli" İB-nin son bir illik fəaliyyəti, həmçinin gələcək planları barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2005-ci ildə 6 nəfərlə fəaliyyətə başlayan təşkilat bu gün sıralarında 30 min gənci birləşdirir. Son bir ildə "İrəli" İB-nin sıralarına 3 min 380 gənc qoşulmuşdur. Təşkilatın hesabat dövründə həyata keçirdiyi layihələrin sayı 188-ə çatır. Bu layihələr 15 min 850 gənci əhatə etmişdir. Qurum tərəfindən bir il ərzində 16 sayt və bloq yaradılmış, 13 beynəlxalq layihə həyata keçirilmişdir.

Təşkilatın sədri Rauf Mərdiyev bildirmişdir ki, ötən bir il ərzində görülən işlərin arxasında gənclərin əməyi və yüksək fəallığı durur. O demişdir ki, "İrəli"nin üzvləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha parlaq gələcəyi üçün öz fəaliyyətlərini davam etdirəcəklər.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək yarandığı vaxtdan ətrafında fəal, intellektual səviyyəli, vətənpərvər gəncləri birləşdirməyi bacaran "İrəli"nin daim dövlətimizə sadiq bir qurum olduğunu bildirmişdir. A.Rəhimov demişdir ki, bu gün Azərbaycanın rayonlarında yaşayan gənclərin də ictimai sahədə və vətəndaşlıq məktəbi istiqamətindəki fəaliyyətlərinin genişləndirilməsinə yaxından köməklik göstərən bu təşkilat gündən - günə böyüyür. İndi bir çox beynəlxalq tədbirlərdə, eləcə də dövlət qurumlarında vaxtilə "İrəli"nin üzvü olmuş gənclərə rast gəlmək mümkündür.

A.Rəhimov öz sıralarında bilikli, yüksək dünya görüşünə malik gəncləri birləşdirən "İrəli" üzvlərinin növbəti prezident seçkilərində Azərbaycanı daim irəliyə aparan dövlət başçısı İlham Əliyevə səs verəcəklərinə əminliyini bildirmişdir.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov "İrəli"nin üzvlərinə müraciətlə demişdir ki, siz hərtərəfli inkişaf yolunu tutmuş, bütün sahələrdə uğurlu nəticələr qazanmış Azərbaycanda yaşadığınıza və fəaliyyət göstərdiyinizə görə xoşbəxtsiniz. Müasir Azərbaycan cəmiyyətinin siması bilikli gənclərdən asılıdır. İndiki gənclər yeniliyə daha çox can atırlar. Onlar həm də yenilikləri yaşlılara öyrədə bilirlər. Belə gənclərlə Azərbaycanın gələcəyini təmin etmək mümkündür.

"İrəli" üzvlərindən bir çoxunun  növbəti prezident seçkilərində ilk dəfə səs verəcəklərini deyən Ə.Əhmədov bildirmişdir ki, onlar Prezident İlham Əliyevə səs verməklə ən doğru seçimlərini edəcəklər. YAP sədrinin müavini vurğulamışdır ki, "İrəli" üzvləri bununla Azərbaycanın xoşbəxtliyinə və gələcəyinə səs verəcəklər.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etmişdir.

Qeyd etmişdir ki, "İrəli"nin bu gün öz sıralarında 30 min gənci birləşdirməsi bu təşkilatın qarşısına qoyduğu missiya ilə bağlıdır. Daim ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən "İrəli" bu missiyanı həyata keçirdiyi layihələrlə sübut etmişdir. Yarandığı gündən etibarən bu qurum ümummilli lider Heydər Əliyevin apardığı siyasəti dəstəkləmişdir. Bu gün isə təşkilatın üzvləri Azərbaycanı regionda lider dövlətə çevirən Prezident İlham Əliyevin ətrafında sıx birləşmişlər. Bu illər ərzində "İrəli"nin üzvləri  öz təşəbbüsləri ilə ulu öndər Heydər Əliyevin ideyalarının Azərbaycanın inkişaf yolu olduğunu öz həmyaşıdlarına çatdırmışlar. Gənclərimiz qarşıdakı seçkidə Prezident İlham Əliyevə səs verməklə öz xoşbəxt gələcəklərini təmin etmiş olacaqlar.

 E.Aslanov demişdir ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Bu gün Azərbaycan başqa dövlətlər üçün tolerantlıq nümunəsi, beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu nailiyyətlərin əldə olunmasında gənclərin də mühüm rolu vardır.

Ölkəmizin bu gün regionun lider dövlətinə çevrildiyini diqqətə çatdıran E.Aslanov demişdir ki, başlıca problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Şöbə müdiri torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilməsək, Ali Baş Komandanın əmri ilə hər bir azərbaycanlının əsgərə çevrilərək ərazilərimizi azad etməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə "İrəli"nin gənclər üçün uğur qapısı olduğunu bildirmiş və gəncləri Prezident İlham Əliyevin  siyasi xəttinə sadiq olmağa çağırmışdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva da "İrəli" üzvlərini təbrik edərək demişdir ki, təşkilat daim öz fəaliyyəti ilə fərqlənmişdir. Deputat vurğulamışdır ki, Azərbaycanda gənclərə dövlət tərəfindən  diqqət və qayğı göstərilir və gənclər bundan istifadə edərək öz gələcəklərini düzgün istiqamətdə qururlar.

Milli Məclisin deputatı Ceyhun Osmanlı isə bildirmişdir ki, bugünkü Azərbaycan gəncliyi dövlətimizin, onun seçilmiş hakimiyyətinin və qazanılan bütün uğurlarının qədrini bilməli, ona sahib çıxmalıdır.

Sonda konfrans iştirakçıları adından bu il keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.- 14 iyun.- S.4.