Sosial firavanlığa
aparan yol milli qurtuluşdan başlanır
Milli
Qurtuluş-20
Tarixin çətin sınağı
qarşısında qalan bir xalqı həmin sınaqdan
alnıaçıq çıxara biləcək ən vacib
amil o xalqın həmin şəraitdə nə qədər
müdrik qərar qəbul etməsidir. 1993-cü ilin iyun günlərində
də Azərbaycan xalqı taleyinin ən çətin,
ağır dönəmində, nəinki yenicə bərpa
etmiş müstəqilliyin, hətta ölkənin
özünün müqəddəratının sual altına
düşdüyü bir vaxtda məhz öz tarixi
müdrikliyinə söykəndi və son dərəcə
düzgün qərar qəbul etdi: dünya şöhrətli
siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi
respublika rəhbərliyinə dəvət etdi. Beləliklə
də 20 il bundan öncə ulu öndər Heydər Əliyevin
titanik siyasi kursu ətrafında sıx birləşən və
Milli Qurtuluşa, dövlət müstəqilliyinin xilasına
nail olan Azərbaycan xalqı bununla onu böyük gələcəyə,
sosial firavanlığa, xoşbəxt gələcəyə
aparan davamlı inkişaf yoluna səfərbər oldu.
Artıq
dövlət müstəqilliyinin bərpasının 22-ci
ilini yaşayan Azərbaycanın bu dövrdə əldə
etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi,
beynəlxalq nüfuzunun artması, respublika
iqtisadiyyatının dayanıqlı inkişafının təmin
olunması, xalqın rifah halının mütəmadi olaraq
yüksəlməsi və digər tarixi nailiyyətlər
silsiləsi məhz ümummilli lider Heydər Əliyevin
xalqın çağırışı ilə Azərbaycana
rəhbərliyə qayıdışından başlanır.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik
fəlsəfəsinin əsas prinsiplərindən biri "Xalq
dövlət üçün deyil, dövlət xalq
üçündür" tezisinə əsaslanmış,
sosial firavanlığın təminatı ulu öndərin
müdrik və uzaqgörən siyasi kursunun vacib tərkib hissəsi
olmuşdur. Azərbaycanda həyata keçirilən sosial siyasət
dahi şəxsiyyət Heydər Əliyevin xalqa
bağlılığından, respublika əhalisinə
qayğıkeş münasibətindən, onun mənsub
olduğu xalqı daim firavan görmək arzusundan qaynaqlanmışdır.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyev
həmişə Azərbaycanın milli dövlət
maraqlarına xidmət edərək respublikamızın
iqtisadi, siyasi, sosial, mədəni inkişafının
fundamental əsaslarını yaradıb. Eyni zamanda, həm
sovet dönəmində, həm də müstəqillik illərində
ulu öndərin Azərbaycana rəhbərliyi respublika əhalisinin
rifah halının yüksəlməsinə birbaşa təsir
edən sahələrin davamlı inkişafı ilə
müşahidə edilmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
yenidən ölkəyə rəhbərliyə
qayıdışı dövlət müstəqilliyinin xilas
edilməsi və bütün sahələri
bürümüş tənəzzülün tərəqqi
prosesləri ilə əvəz olunmasına gətirib
çıxarmışdır.
İctimai-siyasi sabitliyin bərpa olunması və
dövlət müstəqilliyinin bütün təhlükələrdən
xilas edilərək möhkəmləndirilməsi, iqtisadi tənəzzülün
qarşısının alınması və bazar
iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni
iqtisadiyyatın qurulması kimi olduqca çətin və vacib
bir tarixi missiyanı həyata keçirən ulu öndər
Heydər Əliyev eyni zamanda əhalinin rifah halının
yaxşılaşdırılmasını da diqqətdə
saxlamışdır. Dahi şəxsiyyət iqtisadi islahatlarda
sosialyönümlüyün təmin olunmasını daim
ön plana çəkmiş, əhalinin yeni iqtisadi sistemə
keçid dövrünün doğurduğu çətinliklərdən
müdafiə edilməsini əsas vəzifə kimi
qarşıya qoyaraq, "Biz islahatlarımızın sosial
yönümünə xüsusi fikir veririk və bundan sonra da
bu, bizim diqqət mərkəzimizdə olacaqdır", - deyə
bəyan etmişdir.
Respublikada planlı təsərrüfatdan bazar
iqtisadiyyatına müvəffəqiyyətlə keçid
prosesinə, iqtisadiyyatın tarazlı inkişafının təmin
olunması sahəsində kompleks tədbirlərin həyata
keçirilməsinə, bu proseslər fonunda əmək və
sosial müdafiə sahəsində islahatlara
başlanılmasına məhz ümummilli liderin həyata
keçirdiyi uğurlu siyasət sayəsində nail olundu. Bu siyasət eyni zamanda
artıq davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycan
iqtisadiyyatında sosialyönümlük prinsipinin ön plana
çıxmasını şərtləndirdi, bu da aparılan islahatların,
həyata keçirilən iqtisadi inkişaf proseslərinin
paralel olaraq sosial problemlərin uğurlu həllinə yol
açmasına zəmin yaratmışdır.
Ölkənin
davamlı iqtisadi inkişafından irəli gələn
imkanların ilk növbədə əhalinin sosial müdafiəsinin
gücləndirilməsinə yönəldilməsini diqqət
mərkəzində saxlayan ulu öndər demişdir:
"Müstəqil dövlət olan Azərbaycan hüquqi
demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində
islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar
edilməsi və dünya iqtisadi sisteminə inteqrasiya yolu ilə
gedir. Hamımızın məqsədi
insanların rifah halını yaxşılaşdırmaq,
insanların gündəlik tələbatını ödəmək,
insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir".
1994-cü
il 15 iyun tarixli "Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında" fərman həmin dövrdə
Azərbaycanda mövcud olan inflyasiyanın
qarşısının alınmasına xidmət etmişdir. Bundan sonra fərmanın icrası işlərinin
daha effektiv yerinə yetirilməsi üçün "Əhalinin
sosial müdafiəsi sahəsində əlavə tədbirlər
haqqında" növbəti sənədin imzalanması
respublika əhalisinin etibarlı sosial müdafiəsi
mexanizminin qurulmasında mühüm addımlardan biri oldu.
Bununla da 1994-cü il oktyabrın 15-dən
minimum əməkhaqqı artırılmaqla, pensiya, təqaüd
və müavinətlərin məbləğləri əməyin
ödənilməsinin minimum məbləğinə
uyğunlaşdırıldı.
Həmçinin
bu dövrdə sosial və işləməyən
pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin
əyani şöbələrində oxuyan tələbələrə
və texniki peşə məktəblərinin şagirdlərinə,
adambaşına aylıq gəliri minimum əməkhaqqının
iki mislindən az olan ailələrdə 16 yaşınadək
uşaqlara pul kompensasiyasının təyin olunması,
inflyasiyanın qarşısının alınması prosesinin
sürətlənməsi, Mərkəzi Bank tərəfindən
büdcə kəsirinin maliyyələşdirilməsi
praktikasına son qoyulması sosial inkişafın təmin
edilməsində mühüm rol oynayan tədbirlər oldu.
Dövlət
mülkiyyətinin özəlləşdirilməsi, azad
sahibkarlığın inkişafına şərait
yaradılması, iqtisadi islahatların ən mühüm tərkib
hissələrindən olan digər məqsədyönlü
proseslər əhalinin maddi rifah halının və sosial təminatının
daha da güclənməsinə təkan verdi.
Ümummilli
liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12
noyabrında referendum yolu ilə qəbul olunan müstəqil
Azərbaycanın ilk
Konstitusiyası demokratik dəyərləri
özündə birləşdirməklə, xalqın
rifahının yüksəldilməsini dövlətin məqsədi
kimi özündə təsbit etdi. Konstitusiyanın 16-cı
maddəsinin 1-ci bəndində deyilir: "Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına
qalır".
Əsas
Qanunun 35-ci maddəsinin müddəalarına görə, hər
bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst
surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri
seçmək hüququ vardır, heç kəs zorla işlədilə
bilməz, hər kəsin təhlükəsiz və sağlam
şəraitdə işləmək, heç bir
ayrı-seçkilik qoyulmadan öz işinə görə
dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır. Bu ali sənədin
37-ci və 38-ci maddələrinə əsasən, hər kəsin
istirahət, sosial təminat hüququ təsbit olunur, əmək
müqaviləsi ilə işləyənlərə qanunla
müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq
olmayan iş günü, istirahət və bayram günləri,
ildə azı bir dəfə 21 təqvim günündən az
olmayan ödənişli məzuniyyət verilməsi təmin
edilir.
Eyni zamanda Konstitusiyanın müddəalarına əsasən,
dövlətin sosial-iqtisadi hüquqlar sahəsində həyata
keçirilən siyasətlə vətəndaş cəmiyyətinin
yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət
tərəfindən sosial müdafiə olunmasına və
sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə
götürməsi əhalinin sosial müdafiəsi sahəsində
qanunvericilik bazasının güclənməsi
baxımından ən mühüm addımlardan biri kimi diqqəti
cəlb edir.
Ulu öndərin rəhbərliyi altında iqtisadi
yüksəliş dövrünə qədəm qoyan müstəqil
Azərbaycanda həyata keçirilən tədbirlər
maaşların, pensiyaların, digər sosial müavinətlərin
dinamik artımına səbəb olmuş, sənət
adamlarına, alimlərə, hətta tələbələrə
xüsusi prezident təqaüdləri təyin edilmişdir.
1997-ci ildə
pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər,
1998-ci ilin avqust ayının 1-dən pensiyaların yeni hesablanma
mexanizminin tətbiqi, minimum pensiya ilə daha yüksək
pensiya alanlar arasında uyğunsuzluğun aradan
qaldırılması üçün 1 yanvar 2000-ci ildən
pensiya sahəsində görülən işlər, 29 dekabr
2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan
olan bir qrup aztəminatlı vətəndaşa dövlət
yardımının artırılması haqqında" sərəncamla
ölkəmizi erməni təcavüzündən müdafiə
edərkən və 1990-cı il 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə verilən
aylıq müavinətlərin artırılması, növbəti
ildə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlərin
orta hesabla yenidən 50 faizə qədər
çoxaldılması və s. tədbirlər ulu öndərin
sosial müdafiə sahəsinə xüsusi diqqət və
qayğısının bariz ifadəsi olmaqla, sosial sahədə
müsbət dəyişiklikləri şərtləndirdi.
Bundan sonrakı dövrdə də bu sahədə tədbirlər
uğurla davam etdirildi və dövlət büdcəsinin xərclərinin
sosial xarakterli olması ilbəil ənənəvi hala
çevrildi.
Məsələn, 1997-2005-ci illərdə
büdcədən xərclənən vəsaitlərin orta
hesabla 50 faizdən çoxu əməkhaqqı, pensiya və
müavinətlərin verilməsinə yönəldilmişdir.
Ulu öndərin müdrik strategiyasının əsas məqsədlərindən
biri ölkəmizdə yoxsulluq probleminin aradan
qaldırılması olmuşdur. Nyu-Yorkda BMT-nin təşkilatçılığı
ilə 2000-ci ilin sentyabrında Minilliyin sammiti keçirilmişdir.
Sammitdə 147 ölkənin qoşulduğu
Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası
adından xalqımızın ümummilli lideri Heydər Əliyev
imzalamışdır. Bəyannamədə göstərilən
və 18 hədəfi, 48 göstəricini özündə əks
etdirən 8 qlobal məqsəddən birincisi məhz ifrat
yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin
sayının yarıyadək azaldılmasından ibarətdir.
Bəyannaməyə
qoşulan bir ölkə kimi Azərbaycan Respublikasında da bu
öhdəliyin ölkə şəraitinə uyğun şəkildə
icrasını təmin etmək məqsədilə 2003-cü il 20 fevral tarixində ulu öndər Heydər Əliyev
854 nömrəli Fərmanla "2003-2005-ci illər
üçün Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı"nı təsdiq etmişdir.
Sənəddə Azərbaycan hökumətinin
yoxsulluğun azaldılması üzrə strategiyasının
altı əsas strateji məqsədlərindən biri kimi həssas
qrupların daha səmərəli sosial müdafiəsi üzrə
ən mühüm və ilkin islahat işi olaraq ünvanlı
sosial yardım sisteminin yaradılması qərara
alınmışdır. Bununla da müvafiq qanunvericilik bazası
formalaşdırılmış və respublikada
ünvanlı yardım sisteminə keçidin əsası
qoyulmuşdur.
Konkret olaraq qeyd etmək lazımdır ki, müstəqil
ölkəmizdə sosial sahədə inkişafın təmin
olunması məqsədilə ulu öndər Heydər Əliyev
tərəfindən 60-dan artıq sənəd imzalanmışdır
ki, həmin sənədlərin hər biri ölkə əhalisinin
sosial rifahının yüksəlməsində mühüm
rol oynamışdır.
Müharibə
əlillərinin və şəhid ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması işlərinin
əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və bu proses ilbəil sürətlənmişdir.
Əgər 1997-ci ildə 81 əlil və şəhid ailəsi
mənzillə təmin olunmuşdusa, 2003-cü ildə bu
göstərici təxminən 2,5 dəfə
artaraq 200-ə çatmışdır.
Eyni zamanda ulu öndərin diqqət və
qayğısı əlilliyi olan vətəndaşların
avtomobillə, müxtəlif reabilitasiya avadanlıqları ilə
təminatının, əlillərin tibbi-sosial
reabilitasiyasına yönələn tədbirlərin ilbəil
yüksələn xətlə davam etməsini şərtləndirmişdir. Mənzillərin
və avtomobillərin təqdimat mərasimlərində, eləcə
də ayrı-ayrı sosial müdafiə tədbirlərinin
bir çoxunda ulu öndər Heydər Əliyevin dəfələrlə
iştirakı aztəminatlı insanlara yüksək səviyyədə
diqqətin real nümunəsi olmuşdur.
1995-ci il
yanvraın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin
kollektivi ilə görüşən, müəssisənin fəaliyyəti
ilə yaxından tanış olan ümummilli lider 6 noyabr
1997-ci il tarixdə Əlillərin III Respublika
yaradıcılıq sərgi-müsabiqəsinin, 15 noyabr
1997-ci il tarixdə Bakının 6-cı mikrorayonunda əlil və
şəhid ailələri üçün inşa edilmiş
81 mənzilli binanın, 30 noyabr 1998-ci il tarixdə Əlillərin
I Ümumrespublika bədii yaradıcılıq baxış
müsabiqəsi qaliblərinin yekun konsertinin, 10 oktyabr 1999-cu il
tarixdə Naxçıvanda Ticarət-tədris Mərkəzinin,
2 noyabr 2000-ci il tarixdə "Bakı Sos-Uşaq Kəndi"nin
açılışlarında, 30 iyun 2001-ci il tarixdə
Bakının Mehdiabad qəsəbəsində əlil və
şəhid ailələrinə 50 mənzilin təqdim
olunması mərasimində və digər sosial müdafiə
əhəmiyyətli tədbirlərdə şəxsən
iştirak etmişdir.
30 noyabr 1998-ci ildə Əlillərin I Ümumrespublika
yaradıcılıq sərgi-müsabiqəsinin
açılışı zamanı
çıxışında ümummilli lider "Azərbaycan
dövləti, Azərbaycan hökuməti, Azərbaycanın
bütün dövlət xidmət orqanları əlillərə,
xüsusən döyüşlərdə əlil olmuş
insanlara bundan sonra da bütün qayğıları göstərəcəklər"
deyə bildirmişdir. Ulu öndərin 15 noyabr 1997-cil tarixdə
Binəqədi rayonunda 81 mənzilli binanın əlil və
şəhid ailələrinə verilməsi mərasimində
dediyi "Biz sosial cəhətdən köməyə
ehtiyacı olan insanların yaşayışını nəzarət
altında saxlamalıyıq, onların hər birinin sosial təminatını
gündən-günə yaxşılaşdırmağa
çalışmalıyıq" fikri isə müstəqil
Azərbaycan dövlətinin daim güclənən sosial siyasətinin
əsas məramına çevrilmişdir.
Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə
xidmət edən sosial siyasət 2003-cü ildən ulu öndərin
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
dövrün tələblərinə adekvat şəkildə,
həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək
yeni keyfiyyət mərhələsinə daxil olmuş və
daha da güclənmişdir. Bu gün ölkəmizin ümumi
daxili məhsulun artım tempinə görə dünya
dövlətlərinin reytinq cədvəlinə
başçılıq etməsi, yoxsulluğun
azaldılması, regional və konkret sahəvi inkişafın
təmin edilməsi istiqamətində qəbul olunan
çoxsaylı dövlət proqramları, aparılan iqtisadi
islahatlar nəticəsində ötən illərlə
müqayisədə son 10 ilə yaxın müddətdə əhalinin
maddi rifah halının və yaşayış, eləcə də
məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə
yüksəldilməsi özünü göstərir.
Möhtərəm
Prezident İlham Əliyevin imzaladığı sərəncam
və fərmanlarda, təsdiq etdiyi digər sənədlərdə
çoxlu sayda yeni iş yerlərinin açılmasına
şərait yaradılması, sahibkarlığın
inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin,
keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli
dərəcədə artırılması, yoxsulluğun
azaldılması kimi vəzifələr daim ön planda
dayanır. Respublikanın iqtisadi potensialının daha da
gücləndirilərək onun kompleks şəkildə səmərəli
reallaşdırılması nəticəsində əməkhaqları
və pensiyaların, digər sosial müavinətlərin
mütəmadi artırılması, yeni iş yerlərinin
yaradılması və bunun daha çox qeyri-neft sektorunu əhatə
etməsi vətəndaşların sosial müdafiəsinin
daha da güclənməsinə səbəb olmuşdur.
Dövlət başçısının 2003-cü il 15
oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlardan
biri olan "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri
haqqında", həmçinin "Azərbaycan
Respublikası regionları sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" (2004-2008-ci illər)nın təsdiq edilməsi
haqqında" sənədlər ölkə
iqtisadiyyatının daha sürətlə inkişafını
təmin etməklə yanaşı, ölkə əhalisinin
sosial müdafiəsinin getdikcə güclənməsinə
imkan yaratmışdır.
Təkcə 2004-cü ildə ümumilikdə ölkə
vətəndaşlarına dövlət
qayğısını artırmaq və onların sosial
müdafiəsini gücləndirmək məqsədilə
möhtərəm Prezident tərəfindən 10-dan çox fərman
və sərəncam imzalanmış, nəticədə
maaşların, pensiya və müavinətlərin həcmi əhəmiyyətli
şəkildə artmışdır. Sonrakı illərdə
də dövlət başçısı tərəfindən
əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən
çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul
olunmuş bir çox dövlət proqramlarında bu məsələ
hər zaman diqqətdə saxlanılmışdır.
"Azərbaycan
Respublikasının məşğulluq strategiyası
(2006-2015-ci illər)", "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" və digər vacib sənədləri
buna misal kimi göstərmək olar.
Möhtərəm
Prezident İlham Əliyev 2005-ci il may
ayının 12-də Bakıda yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət
Proqramının icrasına dair keçirilən illik konfransda
demişdir: "Azərbaycanda heç kim yoxsulluq şəraitində
yaşamamalıdır. Yoxsul insan
olmamalıdır". 2008-ci il
sentyabrın 15-də isə Prezident tərəfindən
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda əhalinin
gəlir əldə etmək imkanlarının genişləndirilməsi,
yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə
azalmasına nail olunması, səmərəli sosial müdafiə
sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı
ailələrin və sosial cəhətdən xüsusilə həssas
qrupların sosial riskinin azaldılması,
qaçqınların və məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
tədbirlərinin sistemli şəkildə davam etdirilməsi
də əksini tapıb.
Ölkədə
son 9 ildə əksəriyyəti daimi olan 1 milyon 200 mindən
artıq yeni iş yeri yaradılmışdır ki, onların
böyük hissəsi regionların payına düşür.
Görülən tədbirlər nəticəsində
işsizlik səviyyəsi 5,2 faizədək
azalmışdır. Azərbaycan dünya
iqtisadiyyatını bürümüş böhranlı vəziyyətdən
minimum itkilərlə çıxa bilmişdir. MDB
üzvü olan bir çox ölkələrdə 2009-cu ildə
iqtisadi tənəzzül 6 faizdən yüksək olduğu
halda, Azərbaycan iqtisadiyyatı 9,3 faizlik artıma nail
olmuş və keçid iqtisadiyyatı dövrünü
uğurla başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsinə
qədəm qoymuşdur. Qlobal maliyyə-iqtisadi
böhranı şəraitində hətta inkişaf etmiş
ölkələr sosial proqramları təxirə
saldığı halda, Azərbaycanda bütün sosial layihələr
uğurla və yüksələn templə davam
etdirilmişdir.
Ölkə əhalisinin sosial müdafiəsi istiqamətində
həyata keçirilən tədbirlər silsiləsi də
2003-cü ildən etibarən möhtərəm Prezident
İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilmiş, beləliklə, müstəqil Azərbaycan
iqtisadi-sosial inkişafın təminatı, əhalinin sosial
müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər
əldə etmişdir. Son 9 ildə milli iqtisadiyyatın 3 dəfədən
çox artdığı, Cənubi Qafqaz iqtisadiyyatında 80
faizdən çox paya malik olan ölkədə yoxsulluq səviyyəsi
kəskin şəkildə azalaraq 6 faizə enmişdir.
BMT
İnkişaf Proqramının 2013-cü ilə dair
"İnsan İnkişafı Hesabatı"na
əsasən, ölkə insan inkişafı indeksinin orta illik
artım tempinə görə MDB məkanında ilk yerə
layiq görülmüşdür. Ümumiyyətlə,
2003-2012-ci illərdə İnsan İnkişafı
İndeksinin artım sürətinə görə Azərbaycan
orta dünya göstəricisini iki dəfə qabaqlayaraq
planetin top-15-liyinə daxil olmuşdur. BMT
yanında İnkişaf və Artım Komissiyasının son
məruzəsinə görə, 1950-ci ildən sonra yalnız
13 ölkədə belə sürətli inkişaf
müşahidə edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ümummilli lider Heydər Əliyevin sosial
firavanlığın təmin olunması ilə bağlı
ideyalarının və möhtərəm Prezident İlham Əliyevin
uğurlu sosial siyasət kursunun yüksək səviyyədə
icrası istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirir.
Məlum olduğu kimi, 2006-cı ilin iyul ayının 1-dən
etibarən respublikamızda ünvanlı dövlət sosial
yardımı sisteminin tətbiqinə
başlanılmışdır. Həmin
yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin
maddi rifah halının yüksəlməsində mühüm
rol oynayır və ildən-ilə bu yardımın verilmə
mexanizmi daha da təkmilləşdirilir. Yardımların
təyinatı işlərində daim ünvanlılıq,
şəffaflıq, bərabərlik və ədalətlilik
prinsiplərinin təminatına ciddi nəzarət göstərilmişdir.
Eyni zamanda ünvanlı yardım sisteminin təkmilləşdirilməsi
işləri həyata keçirilmiş, yardımların təyinat
müddəti 6 aydan 1 ilədək uzadılmış,
ünvanlı yardımın əhatə dairəsi genişləndirilmiş,
yardım üçün təqdim olunan sənədlərin
sayı azaldılmışdır.
Eyni
zamanda, potensialları olan aztəminatlı ailələrin
özünütəminetmə imkanlarına malik olması və
sosial reabilitasiyası üçün 2011-ci ilin aprel
ayından etibarən Tovuz, Masallı, İsmayıllı,
Xaçmaz, Daşkəsən, Ağstafa, Qazax, Ağcabədi,
Beyləqan, Füzuli, Ağdam, Bakının Nizami
rayonlarında və Sumqayıt şəhərində birdəfəlik
sosial yardım - "Özünədəstək" pilot
proqramının sınaqdan keçirilməsinə
başlanılıb. İxtisaslaşmış
QHT və vətəndaş cəmiyyəti
institutlarının iştirakı ilə həmin rayonlar
üzrə ümumlikdə 271 ailə seçilərək bu
proqrama cəlb edilib.
Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsi uğrunda döyüşlərdə fiziki
sağlamlıqlarını itirmiş insanlar və şəhid
ailələrinin mənzillə təminatı işləri
uğurla davam etdirilir. 2012-ci ildə Sumqayıt şəhərində 12 mərtəbəli
96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə
şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli,
Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli
36 mənzilli yaşayış binaları, ümumilikdə 411
mənzil müharibə əlilləri və şəhid ailələrinin
istifadəsinə verilmişdir.
Əlil və şəhid ailələri
üçün mənzil tikintisinin sürətlənməsinin
nəticəsi olaraq 1997-ci illə müqayisədə əlil
və şəhid ailələri üçün inşa
olunan mənzillərin illik sayı son illərə 10 dəfəyə
yaxın artmışdır. Məsələn,
1997-ci ildə 81 mənzil inşa olunduğu halda, 2010-cu ildə
bu rəqəm 715 olmuşdur. Ümumiyyətlə,
1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minədək əlil
və şəhid ailəsi dövlət hesabına mənzillə
təmin olunmuşdur.
Minik avtomobili ilə təmin olunan imtiyazlı əlillərin
sayı da ilbəil artır. Təkcə ötən il 325 minik
avtomobili Qarabağ müharibəsi və Böyük Vətən
müharibəsi əlillərinə verilmiş, indiyədək
3525 nəfər bu təbəqələrdən olan vətəndaş
dövlət hesabına minik avtomobili ilə təmin
olunmuşdur. Mənzillərin və avtomobillərin
təqdimat mərasimlərində Prezident İlham Əliyevin
dəfələrlə şəxsən iştirak etməsi bu
qəbildən olan insanlara qayğıkeşliyin real nümunəsidir.
Azərbaycan
Prezidentinin təsdiqlədiyi "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına töhfə olaraq
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində
Gözdən əlillər üçün Tədris Bərpa
Mərkəzi, yetkinlik yaşına çatmayanlar
üçün Sosial Reabilitasiya Mərkəzi və sosial
sığınacaq inşa edilir. Eyni zamanda, Bilgəhdə
yerləşən Müharibə və əmək əlilləri
üçün pansionatda əsaslı təmir və yenidənqurma
işləri yerinə yetirilməklə, pansionat
üçün beşmərtəbəli 170 yerlik ikinci korpus
inşa olunur. Ramana Gənc əlillər
Evində də əsaslı təmir və yenidənqurma
işləri aparılmaqla burada yaşayan əlillərin
peşə hazırlığının təşkili
üçün də münasib şərait
yaradılır.
Son illərdə
Şağan 3 saylı, Saray 7 saylı,
Buzovna 9 saylı internat evlərində nümunəvi
yaşayış şəraiti yaradılmışdır.
Eyni zamanda, yaxın vaxtlarda Penitensiar müəssisələrdə
cəza çəkmiş şəxslər üçün
Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə,
Respublika Əlillərin Bərpa Mərkəzinin təmirinə
başlanılacaqdır.
Bakı
şəhərində səfillər üçün 50
yerlik müvəqqəti Sosial Sığınacağın və
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati
binasının, Gəncə, Şəki və Masallı
şəhərlərində əlillərin texniki vasitələrinin
təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir
şəhərində Çernobıl əlilləri
üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin,
Gəncə şəhərində, Ağcabədi, Quba,
Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan
rayonlarında yetkinlik yaşına çatmayan kimsəsiz
uşaqlar üçün hər biri 30 yerlik
ixtisaslaşdırılmış reabilitasiya mərkəzlərinin
və hər biri 25 yerlik sosial sığınacaqların
tikintisi üçün, habelə 1 nömrəli
Şamaxı ixtisaslaşdırılmış ruhi-əsəb
internat evinin əsaslı təmiri və yeni korpusunun tikintisi,
Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin,
8 nömrəli Göygöl
ixtisaslaşdırılmış ruhi-əsəb internat
evinin, Şağan müharibə əlilləri
üçün müalicə pansionatının, Mərdəkan
Müalicə Pansionatının əsaslı təmiri
üçün layihə-smeta sənədləri
hazırlanmışdır.
Ölkədə bərpa-müalicə və sosial xidmət
şəbəkəsinin daha da genişləndirilməsi
üçün İsmayıllı və Quba rayonlarında
da əlillərin bərpa mərkəzlərinin, Xəzər
rayonunda ruhi-əsəb internat evinin tikintisi üçün
layihə-smeta sənədləri hazırlanmışdır. Digər sahələrdə
də nazirlik tərəfindən ölkənin ümumi
inkişaf dinamikasına uyğun işlər
görülür. Bütün bunlar
ölkə rəhbərinin Azərbaycanda sosial müdafiə
sisteminin daim təkmilləşdrilməsinə göstərdiyi
diqqət və qayğının real təcəssümüdür.
Göründüyü
kimi, möhtərəm Prezident İlham Əliyevin
apardığı uğurlu siyasət sayəsində ölkəmizdə
əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi
təmin edilir. Həmçinin sosial siyasətin
hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
davam etdirilir, əhalinin sosial müdafəisi sahəsində qəbul
edilmiş qanunlar, beynəlxalq öhdəliklər, milli
normaların beynəlxalq təcrübəyə
uyğunlaşdırılması prosesi uğurla həyata
keçirilir.
Hazırda möhtərəm Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan bütün sahələrdə
olduğu kimi, sosial firavanlığın təmin olunması
istiqamətində də böyük nailiyyətlərə
imza atan bir ölkədir. Əldə olunan nailiyyətlər xalq-Prezident
birliyinin daim möhkəmlənməsi ilə müşahidə
olunur ki, bu da respublikanın gələcəkdə həyatın
bütün sahələrdə daha möhtəşəm
uğurlar qazanması üçün ən mühüm
stimuldur.
İndi respublika ictimaiyyətinin bütün təbəqələri
cari ildə keçiriləcək prezident seçkilərində
məhz cənab Prezident İlham Əliyevin namizədliyini
yekdilliklə dəstəkləyir. Azərbaycan
xalqının Prezident İlham Əliyevə inam və
etimadı sonsuzdur. Son on ilə yaxın
müddətdə müstəqil dövlətimizin möhkəmlənməsinə,
dayanıqlı iqtisadi tərəqqinin təmin olunmasına,
ölkəmizin dünya birliyində mövqeyinin güclənməsinə
və dünyada nüfuzunun xeyli artmasına,
xalqımızın sosial rifah halının yüksəlməsinə
xidmət edən mühüm tarixi nailiyyətlər
qazanılmışdır.
Eyni
zamanda, son 10 ilə yaxın müddətdə respublikanın
sosial həyatında böyük irəliləyişlərə
nail olunmuş, sosial müdafiə sistemi xeyli gücləndirilmiş,
aztəminatlı vətəndaşlara dövlət
qayğısı dəfələrlə artırılmış,
yoxsulluq səviyyəsi 6 faizədək azaldılmış,
ölkədə keyfiyyətcə yeni inkişaf mərhələsinə
və müasir dövlət quruculuğuna uyğun olaraq aztəminatlı
vətəndaşların yoxsulluq vəziyyətindən
biryolluq çıxmalarına, onların sosial
reabilitasiyasına yönələn aktiv sosial müdafiə tədbirlərinə
başlanılmışdır.
Məhz
möhtərəm Prezident İlham Əliyevin ölkəni
daim irəliyə aparmaq, dünyanın inkişaf etmiş
ölkələri sırasına çatdırmaq
üçün nümayiş etdirdiyi siyasi iradənin,
yüksək əzmkarlığın, həyata keçirdiyi
məqsədyönlü tədbirlərin nəticəsidir ki,
bu gün Azərbaycan bütün sahələrdə
olduğu kimi, sosial müdafiə sahəsində də
artıq inkişaf etmiş ölkələrin təcrübəsini,
mütərəqqi dünya praktikasını bölüşən,
qabaqcıl texnologiyalara, müasir yanaşma və iş
üsullarına yiyələnən bir ölkədir.
Bütün
bunlar onu deməyə əsas verir ki, bu ilki prezident seçkilərinin
mütləq qalibi ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyev olacaqdır. Bu
isə o deməkdir ki, cənab İlham Əliyev növbəti
illərdə də Azərbaycan Prezidenti kimi ümummilli lider
Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi
böyük perspektivlərə doğru aparan uğurlu
inkişaf strategiyasını davam etdirəcək və
müstəqil Azərbaycan dövləti yeni-yeni zirvələr
fəth edəcək, xalqımızın rifah halı daim
yüksələcək.
Fizuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan.-2013.- 14 iyun.- S.5.