Qurtuluş xalqın özünəqayıdışı
idi
Milli
Qurtuluş-20
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin ölkəni bir sıra maneələr sınağa çəkirdi. Ermənistanın işğalçılıq siyasəti, daxildəki xaos və hərc-mərclik Azərbaycanı, sözün əsl mənasında, dirçəlməyə qoymurdu. Ölkə parçalanmaq, yenicə qurmağa başladığımız dövlətimiz məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Baş verən mənfi meyillər respublikanı uçuruma aparırdı. Onun səriştəsiz rəhbərliyinin idarəçilikdə yol verdiyi kobud səhvlər üst-üstə yığılaraq 1993-cü ilin iyun ayında ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Dövlətçiliyi məhv olmaqdan, insanları vətəndaş müharibəsi təhlükəsindən, mənəvi və psixoloji sarsıntıdan xilas etməyin yolunu xalqımız yalnız Heydər Əlyievin şəxsiyyətində görür, onun hakimiyyətə qayıtmasını tələb edirdi. Nəticədə ümummilli xarakter almış bu təkidlərin qarşısında Azərbaycanın ozamankı rəhbərliyi Heydər Əliyevi rəsmən Bakıya dəvət etməli oldu.
O dövrün hadisələrinə qayıtdıqda, 1993-cü ilin yayında Azərbaycanda ictimai-siyasi vəziyyətin necə gərginləşdiyini bir daha xatırlayırıq. Surət Hüseynovla hakimiyyət arasında yaranmış münaqişə bütövlükdə dövlətçiliyimizin taleyini təhlükə qarşısında qoymuşdu. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Hakimiyyətdəki AXC-Müsavat cütlüyü isə qarşıdurmanın aradan qaldırılmasına və vəziyyətin sabitləşməsinə nail olmaq üçün qəti tədbirlər görmək gücündə deyildi.
Buna görə də Heydər Əliyevin hakimiyyətə gəlməsi ciddi zərurətə çevrilmişdi. Xatırladaq ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı məsələsi hələ xeyli əvvəl, müstəqilliyin bərpasının ilk çağlarından aktuallıq kəsb etməyə başlamışdı. Lakin ilk vaxtlarda ulu öndər onun hakimiyyətə gəlməsinin vacibliyini ifadə edən çağırışlara cavab verməyərək dəfələrlə bəyan etmişdi ki, Azərbaycana hakimiyyət üçün qayıtmayıb. Lakin 1993-cü ilin iyun ayında vəziyyətin kəskin dərəcədə gərginləşməsi, ölkəni gözləyən real təhlükələr və xalqın təkidli tələbi nəticəsində Heydər Əliyev Naxçıvandan Bakıya gəlməyə razılıq verdi.
İyun ayının 9-da Heydər Əliyevin Bakıya gəlişi proseslərin inkişaf istiqamətini dəyişdi. Ulu öndər tərəfindən qarşıdurma aradan qaldırıldı və respublikada vətəndaş müharibəsi təhlükəsinə son qoyuldu. Heydər Əliyev hakimiyyətlə Surət Hüseynov arasında olan münaqişənin dövlətçiliyin məhvinə gətirib çıxarmasına yol vermədi. Əlbəttə, hadisələri güc vasitəsilə nizama salmaq yeni təhlükələr doğura bilərdi. Heydər Əliyev isə böyük müdriklik nümayiş etdirərək hərbi qiyamı silahın gücü ilə deyil, məhz praqmatik siyasi gedişlərlə yatırmağa müvəffəq oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi bu siyasət nəhənginin təkcə hakimiyyətə qayıdışı deyildi, əslində Azərbaycan xalqının qurtuluş və özünəqayıdış tarixi idi.
O narahat yay günlərində ulu öndər Heydər Əliyevin "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözləri hər bir azərbaycanlının qəlbində ümid və inam yaratdı. Artıq Heydər Əliyev bütün qüvvəsini Azərbaycanı ağır vəziyyətdən çıxarmağa, hərbi-siyasi sabitlik yaratmağa sərf edəcəyinə tam əmin idi. Ulu öndərin həmin il avqustun 23-də Bakıda ümumrespublika müşavirəsində etdiyi çıxışın və onun real nəticələrinin müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyəti nəinki özümüzü və dostlarımızı sevindirdi, hətta düşmənlərimiz, bədxahlarımız da bunu etiraf etməyə məcbur oldular.
Az bir müddət ərzində Azərbaycanda
demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun
etibarlı şəkildə qorunması təmin edilməklə
hərc-mərcliyə və özbaşınalığa son
qoyuldu. Dövlət quruculuğu prosesində demokratik prinsiplərin
yer alması ictimai-siyasi mühiti saflaşdırmaqla
yanaşı, sabitliyi təmin edən güclü amilə
çevrildi.
Dövlətin
xarici siyasəti milli maraqlara və uzaqgörən perspektivlərə
əsaslanan xətlə inkişaf etməyə başladı.
Ümummilli lider hesab edirdi ki, müstəqil dövlət kimi
mövcud olmaq üçün ölkədə ilk növbədə
sabitliyin bərqərar olması vacibdir. İctimai-siyasi
sabitlik olmayan yerdə nə nizami ordu qurmaq, nə demokratik
islahatlar aparmaq, nə də iqtisadi inkişafa nail olmaq
mümkündür.
Heydər
Əliyev Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini,
Ermənistanın məkrli niyyətini, arxasında duran
qüvvələri aydın görür və dərindən
bilirdi.
Odur
ki, xalqımızın tarixinə Milli Qurtuluş Günü
kimi yazılan həmin gündən etibarən ümummilli
liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü
başlandı.
Əlbəttə,
bu dövrdə qarşıda duran və tezliklə həllini
gözləyən məsələlərdən biri
dağılmış, talan edilmiş iqtisadiyyatı dirçəltmək,
inkişaf yoluna çıxarmaq idi. Bu vəziyyətdə Azərbaycan
iqtisadiyyatının gələcək inkişafını təmin
edə biləcək və əsas təkanverici mexanizm rolunu
oynayacaq yeganə sahə neft ehtiyatları və neft sənayesi
idi.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu möhtəşəm saziş Bakının dünyanın neft mərkəzi kimi şöhrətini bərpa etdi. Bu müqavilə Azərbaycanın bugününü yaratdı, gələcəyini müəyyənləşdirdi. Ölkənin paytaxtı ilə yanaşı, bütün regionlarının simasının dəyişməsini, iri sosial layihələrin reallaşmasını təmin etdi, Dövlət Neft Fondunun yaranmasına imkan verdi. Bu fondun vəsaitləri hesabına ölkənin ən təxirəsalınmaz problemləri həll edildi. Bir sözlə, "Əsrin müqaviləsi" Azərbaycanda yeni-yeni yolların, xəstəxanaların, stadionların, mehmanxanaların, qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin, digər obyektlərin inşasına, insanların maddi rifah halının yüksəlməsinə təkan verdi.
Sosial-iqtisadi inkişaf strategiyasının ulu öndər tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti bariz şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyevin dediyi kimi: "Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu dövrdə Azərbaycanda aparılan hüquqi, demokratik islahatlar ilk növbədə qanunun aliliyinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasına gətirib çıxarmış, ölkədə dövlət quruculuğu prosesini uğurla həyata keçirməyə şərait yaratmışdı. Sosial həyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların qəbulu, həyata keçirilən tədbirlər və görülən işlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın modern bir dövlət olaraq bütün dünyada tanınmasında müstəsna rol oynamışdır.
Heydər Əliyevin mühüm diqqət yetirdiyi sahələrdən biri də elmin və təhsilin inkişafı oldu. Beləliklə, elmə və təhsilə, milli-mənəvi dəyərlərə qayğı yenə də ulu öndərin fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Hələ respublikaya birinci rəhbərliyi dövründə (1969-1982) formalaşdırdığı zəngin elmi-intellektual potensiala istinad edərək özünün mükəmməl təhsil konsepsiyasını irəli sürdü. Milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemləri xüsusilə diqqət mərkəzinə çəkildi. Elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, irəli getməsi üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdı. Beləliklə, böyük şəxsiyyətin müstəqil Azərbaycan dövləti və xalq qarşısındakı misilsiz xidmətləri eyni zamanda ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində də aydın şəkildə öz təcəssümünü tapdı.
Ulu öndər Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, bu sahədə ardıcıllıqla mütərəqqi islahatlar həyata keçirdi.
Başqa sözlə, bu qayıdış Azərbaycanın malik olduğu həm iqtisadi, həm də mədəni-mənəvi sərvətlərin dağıdılması prosesini dayandırdı. Yeni quruculuq işləri varislik prinsipi əsasında, bütün əvvəlki mərhələlərdə xalqımızın əldə etdiyi nailiyyətlərin davamı kimi həyata keçirilməyə başladı.
1993-cü il sentyabrın 28-də ulu öndər ilk növbədə ölkənin intellektual elitası ilə görüşdü. Bu görüş respublikada siyasi böhranın mütləq həll ediləcəyi inamı ilə yanaşı alimlərin, yaradıcı ziyalıların, xüsusilə elm məbədi olan Elmlər Akademiyasının nüfuzunun qaytarılmasına zəmin oldu. Tezliklə akademiyanın statusu və taleyi ilə bağlı pərdəarxası diskussiyalara birmənalı şəkildə son qoyuldu. Fundamental tədqiqatların əhəmiyyəti və onların inkişafının təminatı sahəsində bir çox önəmli işlər görüldü. Ulu öndərin 1997-ci il yanvarın 31-də AMEA-da alimlərlə görüşü unudulmaz hadisəyə çevrildi. Bu görüşdə Heydər Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı prioritet vəzifələrin nədən ibarət olduğunu açıqladı.
2001-ci
ilin mayında ümummilli lider Heydər Əliyevin fərmanı
ilə Elmlər Akademiyasının dövlət statusu
möhkəmləndirildi. Həmin ilin iyununda AMEA-nın həqiqi
və müxbir üzvlərinin seçkiləri
keçirildi. 2002-ci il avqustun 7-də ulu öndər "Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin
təsis edilməsi haqqında" sərəncam imzaladı.
1998-ci
il martın 30-da ulu öndər "Azərbaycan
Respublikasında təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyası" haqqında sərəncam
imzaladı. Bu sərəncamda ölkənin təhsil sistemində
beynəlxalq standartlara uyğun islahatların aparılması,
təhsilin inkişafı və onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, təhsil sahəsində islahat
proqramını hazırlamaq barədə Dövlət
Komissiyası yaradıldı. 1999-cu il iyunun 15-də isə
"Azərbaycan Respublikasının təhsil sahəsində
İslahat Proqramı" ulu öndər tərəfindən
ayrıca sərəncamla təsdiqləndi. Həmin
proqramın yerinə yetirilməsi nəticəsində təhsilin
məzmunu yeniləşdirildi, yeni nəsil dərsliklər və
proqramlar hazırlandı, digər çoxsaylı tədbirlər
həyata keçirildi.
Xatırladaq ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dil məsələsinə baxışda da ayrı-ayrı, bir-birinə zidd fikirlər ortaya çıxmışdı. Bu hal özünü AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə xüsusilə qabarıq şəkildə göstərdi. O vaxt bəzi qüvvələr dilimizin "türk dili" adlandırılmasında iddialı idilər. Hətta 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanuna baxılmış və Azərbaycanda dövlət dilinin "türk dili" olması barədə səs çoxluğu olmadan qərar qəbul edilmişdi.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən Heydər Əliyevin təşəbbüsü və elmi ictimaiyyətin çoxsaylı xahişləri nəzərə alınaraq dövlət dilinin necə adlandırılması ilə bağlı yenidən müzakirələr başlandı. Müxtəlif fikirlər irəli sürüldü. Bu müzakirələrdə ölkənin elmi ictimaiyyəti, ziyalıların mütləq əksəriyyəti ana dili və dövlət dilimizin "Azərbaycan dili" adlandırılması fikrini dəstəklədi. Bu, 1995-ci ildə qəbul edilən Konstitusiyanın 21-ci maddəsi ilə təsbit edildi.
Ulu öndər həmçinin 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. 2001-ci il avqustun 9-da ulu öndər yeni mühüm bir sənəd - "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzaladı. 2003-cü il yanvarın 2-də daha bir fərmanla "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
Beləliklə, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də Azərbaycan dövlətinə və xalqına dəyən ziyan Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə getdikcə aradan qaldırıldı, bu sahədəki bütün narahatlıqlara son qoyuldu.
Təsadüfi deyil ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Prezident İlham Əliyevin 21 yanvar 2013-cü ildə imzaladığı sərəncamda deyilir: "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin Əsas Qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub- yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir.
Yeni Azərbaycan Partiyasının V qurultayında Prezident İlham Əliyev o dövrü xatırlayaraq və yüksək dəyərləndirərək demişdir: "1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır..."
Bəli,
ulu öndərin rəhbərliyi ilə Azərbaycan
1993-cü ildən sonrakı on il ərzində böyük və
şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə
sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə
qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları
qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim
etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində
Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və
iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir
neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə
böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan
belə bir möhkəm zəmin əsasında bu gün də
inkişaf edir.
Daim
vətənimizin, xalqımızın gələcəyini
düşünən ümummilli liderin əvəzsiz xidmətlərindən
biri də onun zamanı qabaqlayan parlaq siyasi zəkası və
böyük uzaqgörənliyi sayəsində Azərbaycanı
uğurla idarə edən xarizmatik lider yetişdirməsi oldu. Heydər
Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin
Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində
ictimai-siyasi həyatın bütün sahələrində
böyük uğurlar əldə olunmuş, xalq və
dövlət üçün taleyüklü layihələr
həyata keçirilmişdir. Azərbaycanın iqtisadi və
hərbi potensialı güclənmiş və əhalinin həyat
səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlmişdir. Odur ki, Azərbaycan iqtisadi inkişaf
sürətinə görə son illərdə dünyanın
lider dövlətləri sırasında addımlayır.
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor
Azərbaycan.-2013.- 14 iyun.- S.6.