Azərbaycan gəncliyinin dəyişməz
seçimi
Ölkəmizdə
keçiriləcək növbəti prezident seçkilərində
cənab İlham Əliyevin namizədliyinin irəli
sürülməsi 50 milyonluq dünya azərbaycanlılarının
istək və arzusudur
Hər bir xalqın gerçək potensialı yalnız yüksək liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər. Dahi filosof Mark Avrelinin bu müdrik kəlamı bütün mənalarda ömrünü xalqımızın və dövlətimizin xoş və parlaq gələcəyinə həsr etmiş ulu öndər Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətinin zənginliyində öz təsdiqini tapır.
Son iki əsrdə bir neçə dəfə dövlət müstəqilliyini bərpa etməyə çalışan Azərbaycan xalqı tarixin ağır sınaqlarından keçərək, nəhayət ki, öz zəngin potensialını, milli-mənəvi qüdrətini dahi Heydər Əliyevin müdrik və uzaqgörən təfəkkürünün timsalında təsdiqləyə bilmişdir.
Dövlət müstəqilliyinin bərpasının üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əiyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndər tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli inkişafının təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strategiya dayanır.
Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir. Ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması cənab Prezidentə xalqın böyük rəğbətini qazandırmışdır.
Prezident İlham Əliyevin fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Uğurla həyata keçirilən siyasət ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Eyni zamanda qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi ötən müddətdə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir. Bununla yanaşı, müstəqil dövlətimiz qlobal təhlükəsizlik sisteminin qorunması işinə, sivilizasiyalararası dialoqa öz səmərəli töhfələrini verir, geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi qəbul olunur.
Ötən illər ərzində cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü vaxt baxımından o qədər də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Postsovet məkanına daxil olan bir çöx ölkələrdə keçid dövrü hələ davam etməkdədir. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtisadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə tam bərqərar olmuşdur. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın tarixində görünməmiş yüksəliş reallığa çevrilmişdir. Bir cəhəti də fərəhlə qeyd etməliyik ki, respublikamızda yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən islahatlar sosial-iqtisadi modernləşməyə əsaslanaraq inkişafın Azərbaycan modelinin yaradılması ilə nəticələnmişdir.
Hazırda Azərbaycan özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Kapital idxal edən ölkədən kapital ixrac edən ölkəyə çevrilmiş Azərbaycan qeyri-neft sektorunun inkişafına nail olaraq iqtisadiyyatın modernləşməsi işini qarşısında prioritet vəzifə kimi qoymuşdur. Böyük dəyişikliklərə və yeniliklərə yol açan modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətlərini ölkənin uzunmüddətli dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalının stimullaşdırılması təşkil edir.
Azərbaycanın inkişaf siyasətinin mahiyyətində duran önəmli cəhətlərdən biri də ölkəmizin təkcə təbii sərvətlərdən yox, həm də malik olduğu digər potensialdan, elmi-texniki tərəqqinin nailiyyətlərindən, insan resurslarından faydalanması, təhsilin, elmin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən siyasətin tərkib hissəsi kimi son illərdə Azərbaycanda minlərlə yeni məktəb tikilmiş, yaxud yenidən qurulmuş, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilmişdir.
Son illər Azərbaycanın əksər şəhər və rayonlarında müasir olimpiya komplekslərinin inşa olunması, gənclər mərkəzlərinin açılması, idmanın və bədən tərbiyəsinin inkişafına göstərilən xüsusi diqqət və qayğı ölkəmizi dünyada idman oyunlarının keçirildiyi mərkəzlərdən birinə çevirib. Məhz 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilən qərar da Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.
Bu gün böyük fəxrlə deyə bilirik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət gənclər siyasəti Prezident İlham Əliyevin dövlət idarəçilik strategiyasının əsas prinsiplərindən birinə çevrilib. Cənab Prezident ölkəmizdə böyük intellektə malik olan gənclər ordusunun yaradılması prinsipini dövlət quruculuğu strategiyasının əsas prioritetlərindən biri hesab edir, müstəqil Azərbaycanın inkişaf etdirilməsində bu amilə daha böyük diqqət ayırır. Aparılan elm və təhsil islahatlarının davamlılığı, minlərlə gəncin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və bu fonda insan kapitalının formalaşması Azərbaycanın qarşısında daha geniş inkişaf imkanları açır. Məhz cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün azərbaycanlı gənclər dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alaraq xaricdə Azərbaycan həqiqətlərinin əsl təbliğatçılarına çevrilmişlər. Bu mənada böyük iftixar hissi ilə demək olar ki, artıq dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclər arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edərək inamla xoş gələcəyə sarı addımlayırlar.
Cənab İlham Əliyevin yeritdiyi uğurlu diplomatiya sayəsində təsir imkanlarını getdikcə artıran Azərbaycan bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bunlarla yanaşı, Azərbaycan xarici siyasətində də mühüm uğurlara imza atmışdır. Azərbaycanın uğurlu xarici siyasət kursu dövlətimizin milli maraqlarının prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünütəsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli təmin etməsinə təminat yaratmışdır. Bu strategiya müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Regionda sabitliyin və tərəqqinin əsas aparıcı qüvvəsi olan Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf etmiş, ölkəmiz BMT kimi nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beləliklə, son 10 ilin mənzərəsi göstərir ki, dünyada müasir və praqmatik siyasətçi kimi böyük hörmət və nüfuz qazanmış İlham Əliyev yüksək səviyyəli danışıqlarda və beynəlxalq görüşlərdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmiş, xalqımızın ona etibar etdiyi dövlətçilik prinsiplərini layiqincə yerinə yetirmişdir.
Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan diasporunun inkişafına xüsusi diqqət ayırır. Belə ki, xarici ölkələrə səfərləri çərçivəsində Azərbaycan diasporunun nümayəndələri ilə görüşməsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirə bilmişdir. Bu baxımdan ümummili liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı dünya azərbaycanlılarının fəxarət şüarına, Azərbaycan gəncliyinin isə qəlbini riqqətə gətirən həzin vətən elegiyasına çevrilib.
Son illər Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam müsabiqəsinin keçirilməsi, beynəlxalq caz festivalının təşkil olunması, müasir tipli orta məktəblərin, mədəniyyət və iaşə ocaqlarının inşa olunması xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin mədəniyyətinin, qədim adət-ənənələrinin inkişaf etdirilməsində mühüm amilə çevrilmişdir. Təbii ki, belə möhtəşəm tədbirlərin təşkil olunması dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada da böyüməkdə olan gənc nəslin milli ruhda tərbiyəsinə əsaslı təkan verir.
Bütün bu uğurlar göstərir ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçmiş, xalqımız maddi və mənəvi sərvətlərinin sahibinə çevrilmişdir. Azərbaycanda həyata keçirilən qlobal sosial-iqtisadi layihələr, çoxşaxəli islahatlar, insan kapitalının inkişafına göstərilən xüsusi diqqət və qayğı ölkəmizi beynəlxalq arenada böyük nüfuz sahibinə, Cənubi Qafqazda isə lider dövlətə çevirmişdir. Cənab Prezident dövlətimizin əbədi yaşaması, xalqımızın səadəti, rifahı naminə üzərinə götürdüyü ali missiyanı Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirmək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərmək üçün üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlmişdir.
Qazandığımız uğurlar deməyə əsas verir ki, bu gün Azərbaycanda qarşıdan gələn prezident seçkilərində YAP tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təkcə hakim partiyanın deyil, ümumilikdə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq azərbaycanlıların istək və arzularının ifadəsidir. Dünya azərbaycanlıları ötən 10 ildə müstəqil Azərbaycan dövlətinin sürətli inkişafına nail olan, öz əməli işləri ilə ölkəmizi dünyanın ən mötəbər forum və sammitlərinin keçirildiyi mərkəzinə çevirən, xalqımızın rifah halının yüksəldilməsinə nail olan Prezident İlham Əliyevə bu seçkilərdə alternativ görmür.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi bu il may ayının 19-20-də Odessa şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumunda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Ukraynanın 21 vilayət və şəhərindən, Azərbaycan və Avropanın 15 ölkəsindən 400 nəfər gəncin iştirak etdiyi forumda Prezident İlham Əliyevin vətənimiz naminə yürütdüyü məqsədyönlü siyasət alqışlanaraq bu siyasətin davam etdirilməsi üçün Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir. Əminəm ki, qədirbilən xalqımız qarşıdan gələn prezident seçkilərində yekdil olaraq dahi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə yenidən səs verməklə müstəqil Azərbaycanın gələcək inkişafına etimad göstərəcək.
Azərbaycan dövlətinin son 10 illik tarixi mühüm nailiyyətlərlə zəngindir. Qarşıda isə bizi daha böyük və mühüm hədəflər gözləyir. Əminik ki, cənab İlham Əliyevin növbəti prezidentliyi dövründə Azərbaycan bu hədəfləri inamla qət edəcək və müstəqilliyimizin üçüncü onilliyində tariximizə daha möhtəşəm səhifələr yazılacaq.
Anar TAHİROV,
Ukrayna Azərbaycanlı Gənclər
Birliyinin sədri, siyasi elmlər namizədi
Azərbaycan.-2013.- 14 iyun.- S.8.