Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilməsi və tranziti regional çərçivədən çıxaraq qlobal miqyas almaqdadır

 

Dağlıq Qarabağda narkotik bitkilərin yetişdirilməsi və işğal altında olan Azərbaycan ərazilərindən tranziti nəinki region üçün, həm də bütün dünya üçün real təhlükə mənbəyidir.

Bunu AzərTAc-a müsahibəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev demişdir. O bildirmişdir ki, Azərbaycanın işğal olunmuş nəzarətsiz ərazilərində narkomafiyanın mövcudluğu və narkoticarətin geniş miqyas alması faktı hamıya məlumdur. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidməti orqanları buna dair yetərincə dəlil-sübutlara malikdir. Bu təkzibolunmaz faktlar dəfələrlə ən yüksək səviyyələrdə açıqlanmış, əlaqədar beynəlxalq qurumlara lazımi  məlumatlar çatdırılmışdır. Təəssüf ki, beynəlxalq birliyin bu ciddi məsələyə reaksiyası hələ də gecikməkdədir.

N.Mehdiyev qeyd etmişdir ki, işğal altında olan Dağlıq Qarabağ və digər Azərbaycan əraziləri nəzarətsiz qaldığına görə Ermənistan rəhbərliyi və separatçı rejim orada istədiyini edir: terrorçu qruplar hazırlayır, silah alveri edir, narkotik vasitələr yetişdirib satır. Əfqanıstandan və digər ölkələrdən narkotik vasitələr gətirmək daha riskli olduğundan və baha başa gəldiyindən narkotik alverçiləri Qarabağa üz tuturlar. Üstəlik, buradan Avropaya yol daha qısa və təhlükəsizdir.

Assosiasiya sədrinin fikrincə, Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilməsindən  satışından əldə olunan külli miqdarda qazanc Qarabağdakı hərbi birləşmələrin və terrorçu qrupların maliyyələşdirilməsinə sərf olunur. Şübhə yoxdur ki, bu pulların bəlkə də daha çox hissəsi Ermənistan hakimiyyətində yüksək vəzifə tutan şəxslərin cibinə gedir. Buna görə də çox gəlirli biznes olan silah alveri və narkoticarət birbaşa onların himayəsi ilə reallaşır. Ermənistan dövləti Dağlıq Qarabağda narkotik vasitələrin becərilməsində və dövriyyəsində maraqlı tərəf olduğunu artıq heç cür ört-basdır edə bilmir.

Azərbaycanın rəsmi dövlət kanalları vasitəsilə, eyni zamanda digər vasitələrlə bu faktları təkidlə beynəlxalq dairələrə çatdırmaqda davam etdiyini vurğulayan N.Mehdiyev belə bir faktı xatırlatmışdır ki, Azərbaycan hökuməti Dağlıq Qarabağda narkotiklərin qeyri-qanuni kultivasiyası və tranziti ilə bağlı  narahatlığını hələ 2005-ci ildə ABŞ Dövlət Departamentinə bildirmişdi. O vaxt ABŞ tərəfi Azərbaycan hökumətinin bununla bağlı məlumatına dərhal reaksiya göstərərək Dağlıq Qarabağda monitorinq aparılmasına qərar vermişdi. Təəssüf ki, bu qərar kağız üzərində qaldı. Sonrakı illərdə ABŞ Dövlət Departamentinin hesabatlarında bu məsələlərə, ümumiyyətlə, yer ayrılmamışdır. Problemin dəfələrlə Avropa Birliyi platformasında da qaldırılmasına baxmayaraq, demək olar ki, ciddi reaksiya müşahidə olunmamışdır.

N.Mehdiyev belə hesab edir ki, gec-tez həm dünyanın aparıcı dövlətləri, həm də nüfuzlu beynəlxalq qurumlar işğal altında olan Dağlıq Qarabağ vasitəsilə narkotik vasitələrin tranziti məsələsinə münasibət bildirməyə və təsirli tədbirlərə əl atmağa məcbur olacaqlar. Çünki problem artıq regional çərçivədən çıxaraq qlobal miqyas almaqdadır.

 

Azərbaycan.-2013.- 14 iyun.- S.10.