Bakıda Azərbaycan qadınlarının IV qurultayı keçirilmişdir

 

İyunun 14-də Bakıda, Heydər Əliyev Sarayında "İnkişaf naminə birlik" devizi altında Azərbaycan qadınlarının IV qurultayı keçirilmişdir.

Qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lərin təmsilçiləri iştirak etmişlər.

Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yığıncaqda 1815 nümayəndənin iştirak etdiyini, yetərsayın olduğunu bildirmişdir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çoxsaylı qadın təşkilatlarının arzu və təklifləri əsasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyevanın "Ülviyyət" ictimai mükafatına layiq görüldüyünü vurğulamışdır. Qeyd edilmişdir ki, ülviyyət Mehriban xanım Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban xanım Əliyeva ölkəmizin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır.

Sonra qurultayın işçi orqanları - katiblik, mandat və redaksiya komissiyaları seçilmişdir.

Qurultayda "Azərbaycanda qadın siyasəti" filmi nümayiş etdirilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsi ilə çıxış edərək ötən qurultaydan keçən beş ildə ölkəmizin beynəlxalq nüfuzunun artdığını, sosial-iqtisadi inkişafının daha da sürətləndiyini vurğulamışdır. Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdıran komitə sədri, qadınlarımızın da reallaşdırılan möhtəşəm layihələrdə fəallıqları ilə seçildiklərini qeyd etmişdir. Ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində qadınların rolunun gücləndirilməsində mühüm addımlar atılmışdır.

Hicran Hüseynova Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu demişdir. Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultaylarında ölkəmizin qadın hərəkatı tarixində yeni səhifələr açılmışdır. Məruzəçi ulu öndərin bu sahədəki siyasətinin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirmiş, dövlətimizin başçısının müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulamışdır.

Məruzəçi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə ölkəmizin və qadınlarımızın nüfuzunu daha da yüksəklərə qaldırdığını qeyd etmişdir. Bildirilmişdir ki, Mehriban xanım Əliyevanın mədəniyyətimizin təbliği, milli mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, uşaq müəssisələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr humanizm prinsiplərinə söykənir.

Komitə sədri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya ədalət", IDEA beynəlxalq kampaniyaları çərçivəsində mühüm tədbirlərin həyata keçirildiyini də qurultay iştirakçılarının diqqətinə çatdırmışdır.

Hicran Hüseynova dövlətimiz tərəfindən 400 minə yaxın qaçqın və məcburi köçkün qadının cəmiyyətə inteqrasiyası, münasib işlə təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması sahəsində mütəmadi olaraq xüsusi tədbirlər görüldüyünü, qadınlara qarşı zorakılığın qarşısının alınması və profilaktikasının Prezident İlham Əliyevin və hökumətin diqqət mərkəzində olduğunu vurğulamışdır.

Bildirilmişdir ki, Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihəsi bu problemin həllinə yönəlmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabrında qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun bu problemin həllində mühüm addımdır.

Azərbaycanda siyasi, ictimai həyatın bütün sahələrində qadınların rolunun və sayının ildən-ilə artdığını qeyd edən məruzəçi demişdir ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də qadınlarımızın liderlik mövqeyinin yüksəldilməsinə, hakimiyyətdə və idarəetmədə onların iştirakının artırılmasına, cəmiyyətin bərabərhüquqlu üzvü kimi potensiallarını tam reallaşdırmalarına nail olmaqdan ibarətdir. Qəbul olunmuş dövlət proqramları qadınların bütün sahələrdə imkanlarının tam realizə edilməsinə təkan verir və ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında rolunu artırır.

Komitə sədri Azərbaycan hökumətinin erkən nikah və məişət zorakılığı ilə mübarizə istiqamətində tədbirlərinin ilk müsbət nəticələrinin artıq özünü göstərdiyini diqqətə çatdırmışdır. Son illərdə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət edir.

Qadınların cəmiyyətdəki rolundan danışan Hicran Hüseynova hazırda ölkəmizdə 200-dən çox qeyri-hökumət qadın təşkilatının fəaliyyət göstərdiyini demişdir. Bu gün qadınların müxtəlif partiyaların  sıravi və ya rəhbər orqanlarının üzvü olması onların siyasi fəallığını artırmışdır. Yeni Azərbaycan Partiyası üzvlərinin 49 faizini qadınların təşkil etməsi ən yaxşı nümunədir. Beynəlxalq təşkilatların dəstəyi ölkədə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində bir çox mühüm layihələrin həyata keçirilməsində rolu böyükdür.

Bildirilmişdir ki, Azərbaycan qadın hüquqlarının müdafiəsinə və gender bərabərliyinin təmin edilməsinə həsr olunmuş beynəlxalq müqavilələrin əksəriyyətinə qoşulmuşdur. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, "Azərbaycan ailəsi Strategiyası"nın, Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Milli Uşaq Strategiyasının hazırlanması və təsdiqi nəzərdə tutulmuşdur. Bununla da ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin dövlətimizin  siyasətinin əsas istiqamətlərindən olduğu bir daha təsdiqlənir.

Azərbaycanın bütün bölgələrindən qadınlarımızın ünvanladığı çoxsaylı müraciətdə seçkilərdə fəal iştirakın vacibliyinin vurğulandığını qeyd edən Hicran Hüseynova demişdir ki, bizim əsas vəzifəmiz qarşıdan gələn seçkilərdə seçicilərinin yarıdan çoxunu təşkil edən qadınlarımızın fəal iştirakına və düzgün seçim etmələrinə nail olmaqdır. Əlbəttə ki, biz müasir, güclü, daim inkişaf edən bir dövlətdə yaşamaq istəyirik. Belə bir dövləti isə güclü  şəxsiyyət idarə edə bilər.  Bizim belə bir güclü liderimiz vardır. Bu, Prezident İlham Əliyevdir. Əminik ki, Azərbaycan qadınları düzgün seçim edəcəklər. Biz sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəyik. Azərbaycan qadınları Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin beynəlxalq arenada mövqeyinin və respublikamızın iqtisadi inkişafının güclənməsi məqsədilə prezident seçkilərində "İnkişaf naminə birlik" devizi altında dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəklər.   

Hesabat məruzəsindən sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci  katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru xanım İrina Bokovanın qurultay iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin sədri xanım Nikole Amelin qurultay iştirakçılarına videomüraciətində dünyada mühüm problemlərdən olan gender bərabərsizliyinin və məişət zorakılığının aradan qaldırılması, qadınların cəmiyyətdə rolunun artırılması sahəsində ölkəmizin böyük irəliləyişlər əldə etdiyini bildirmiş, bu istiqamətdə Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulamışdır.

Türkiyənin ailə və sosial siyasət naziri xanım Fatma Şahin isə videomüraciətində Azərbaycan qadınlarının daim cəmiyyətin həyatında, gənc nəslin yetişdirilməsində mühüm rol oynadıqlarını vurğulamışdır. Qadınlarımızın həmişə təhsilə açıq olduqlarını vurğulayan türkiyəli nazir güclü cəmiyyət quruculuğunda təhsilli, müasir qadınların rolunun vacibliyindən danışmış, bu baxımdan ölkəmizin ön sıralarda olduğunu qeyd etmişdir.

Videomüraciətlərdən sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek çıxış edərək ölkəmizin qadın hüquq və azadlıqlarının təmin olunması, onların ictimai-siyasi fəallığının artırılması sahəsində mühüm nailiyyətlərin qazanıldığını bildirmişdir. Azərbaycanda gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunların qəbul edildiyini vurğulayan A.Broek ölkəmizdə həyata keçirilən dövlət proqramlarının, eləcə də BMT ilə birgə reallaşdırılan tədbirlərin, layihələrin qadınların rolunun artırılmasına istiqamətləndiyini diqqətə çatdırmışdır.

 Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qabaqcıl Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini, eləcə də Şərqdə ilk dünyəvi məktəbin yaradıldığını qeyd etmişdir. Azərbaycan qadınlarının zəkası, bacarığı ilə seçildiyini vurğulayan T.Pilz Avropa İttifaqının ailə, qadın və uşaq problemləri sahəsində ölkəmizlə yaxından əməkdaşlıq etdiyini demişdir.

BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Komitəsinin gender və sosial məsələlər üzrə məsul şəxsi xanım Malinka Koparanova qadınların cəmiyyətdəki rolundan danışmış, qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda mühüm tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranlar üzrə komitəsi sədrinin birinci müavini xanım Alla Kuzmina ölkəmizin, xüsusən də paytaxt Bakının son illərdə sürətlə inkişaf etdiyini bildirmişdir. Azərbaycanda qadınların dövlət idarəçiliyində iştirakına geniş imkanların yaradıldığını vurğulayan xanım A.Kuzmina ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Sonra mandat komissiyasının sədri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini komissiyanın hesabatını səsləndirmişdir.

"Qadın fəallığının artırılmasında hüquqi bazanın formalaşması" mövzusunda çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində Azərbaycan qadınlarının təhsili, onların ictimai-siyasi fəallığının artırılması məsələlərini diqqət mərkəzində saxladığını bildirmişdir.

Bahar Muradova çıxışında erkən nikah, qadınların təhsildən yayındırılması və məişət zorakılığına məruz qalmalarının qarşısının alınması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyindən danışmışdır. Bu gün Azərbaycanda müstəqil siyasət həyata keçirmək üçün güclü siyasi iradənin, xalqın dəstəklədiyi liderin olduğunu vurğulayan Milli Məclis Sədrinin müavini bütün qadınları 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmışdır.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva "Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin inkişafı" mövzusunda məruzə ilə çıxış edərək muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edən qadınlar dövlət orqanlarında, parlamentdə və biznes sahələrində fəal rol oynayırlar. Təranə Quliyeva vurğulamışdır ki, elm, mədəniyyət və digər sahələrdə bilik və bacarıqlarını nümayiş etdirən qadınlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.

 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Gender aspektində ənənəvilik və müasirlik" mövzusunda məruzə etmişdir.

Professor Nərgiz Paşayeva Azərbaycanda qadına münasibətin bütün dövrlərdə yüksək səviyyədə olduğunu bildirmişdir. Bildirmişdir ki, qadın məsələsi Azərbaycan cəmiyyətinin ictimai şüurunu müəyyən edən amildir. Hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin, XX əsrin əvvəllərində demokratik ədəbiyyatın nümayəndələrinin əsas mövzularından biri qadın məsələsi olmuşdur. Gender ənənələri bizim böyük mütəfəkkirlərimiz tərəfindən realistcəsinə qoyulmuşdur.

Təbiətən qadınların mühafizəkar, kişilərin isə daha operativ olduqlarını vurğulayan Nərgiz Paşayeva demişdir ki, onların  birliyi labüddür. Bəşəriyyətin nicatı bir çox amillərdən asılıdır. Qadına münasibət bu amillərin təməlində durur. Bu münasibət hər hansı bir quruluşun, dövlətin yüksək səviyyəsindən xəbər verir. Cəmiyyətdə   qadınların reproduktiv sağlamlığı, onların hüquqlarının müdafiəsi və iqtisadi fəallığı mövcud olarsa, gender məsələsi həmin dövlətlərdə  yüksək səviyyədə həllini tapa bilər. Azərbaycan tarixi bir daha sübut edir ki, qadınlar cəmiyyətdə öz mövqeləri ilə ali hisslərin və mənəvi idealların daşıyıcıları olmuş və olmaqdadırlar.

Qurultay iştirakçıları fasilə zamanı Heydər Əliyev Sarayının foyesində təşkil edilmiş sərgi ilə tanış olmuşlar.

Fasilədən sonra respublikamızın bölgələrindən qadınların qurultaya təbriklərini əks etdirən videoçarx nümayiş olunmuş, təbrik teleqramları oxunmuşdur.

Sonra Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova "Qadınların hüquqlarının müdafiəsinin müasir meyilləri", ombudsman Elmira Süleymanova "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması", iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova "Qadın sahibkarlığının dəstəklənməsində innovativ yanaşmanın tətbiq edilməsi",  Milli Məclisin deputatı Flora Qasımova "Qaçqın və məcburi köçkün qadınların cəmiyyətə sosial inteqrasiyası", Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva "Siyasi proseslərdə qadınların rolu", Bakı Şəhər Baş Səhiyyə İdarəsinin müdiri Elmira Əliyeva "Qadın sağlamlığının qorunması", APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı "İnformasiya cəmiyyətinin formalaşmasında qadınların rolu və yeri"  mövzularında məruzələr etmişlər.

Çıxışlarda qadınların hüquqlarının müdafiəsinin müasir meyillərindən, qadın sahibkarlığından, siyasi proseslərdə onların rolundan, cəmiyyətin inkişafında qadın QHT-lərin əhəmiyyətindən, ölkədə mədəniyyətin və incəsənətin inkişafında qadınların nailiyyətlərindən və s. bəhs olunmuşdur. Çıxış edənlər 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsinin vacibliyini bildirmişlər.

Sonra qurultay iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.

Qurultayda beynəlxalq təşkilatlara da müraciət, eləcə də yekun qətnamə qəbul olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurultaya yekun vurmuşdur.

Qurultay bədii proqramla davam etmişdir.

Bununla da Azərbaycan qadınlarının IV qurultayı başa çatmışdır.

İyunun 14-də axşam qurultay iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.2.