Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün etdiklərindən cild-cild kitablar yazılıb, yazılır və şübhə yoxdur ki, hələ neçə onilliklər bu mövzu öz aktuallığını qoruyub saxlayacaqdır. Uzun illər onun rəhbərlik etdiyi komandada təmsil olunan bir insan kimi mən də bu əlamətdar gün - 15 iyun Milli Qurtuluş Günü ərəfəsində bəzi məqamlara toxunmaq istərdim.

XX əsrdə Azərbaycan xalqının tarixində iki dəfə müstəqil, azad və demokratik cəmiyyət qurmaq və onu qoruyub saxlamaq şansı yaranmışdır. Birinci dəfə - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılsa da onu qoruyub saxlamaq mümkün olmadı və 23 aydan sonra Cümhuriyyət süqut etdi. Belə bir şans bir də 73 il sonra - 1991-ci il 18 oktyabr tarixində yarandı və Azərbaycan Respublikası yenidən öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi, aciz durumda idi. Bundan istifadə edib azğınlaşan erməni quldurlar 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər. Şəhər yerlə-yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.

Özünü xalqın aparıcı qüvvəsi hesab edən Müsavat və Xalq Cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldılar və Əbülfəz Əliyev (Elçibəy) müstəqil Azərbaycan Respublikasının ikinci prezidenti oldu. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qurmur, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu rayonların - Kəlbəcər və Laçının işğalını sürətləndirdi və digər ətraf rayonların zəbt edilməsinə şərait yaratdı.

Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən havadarlarının köməyinə arxalanan Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, bir tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Ölkənin sahibsiz qalması, ayrı-ayrı rəhbər işçilərin özlərini əvəzolunmaz şəxs kimi apararaq əhaliyə sayğısız münasibəti qısa müddət ərzində insanları bezdirmişdi. Vəziyyətin getdikcə daha da kəskinləşməsi ölkədə hakimiyyət dəyişikliyini və rəhbərliyə təcrübəli, dövlət quruculuğunda səriştəli, əhali arasında və xarici aləmdə tanınan və nüfuzu olan şəxsin gəlməsini zəruri edirdi. Bu şəxs həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyev idi.

Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdı. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı və tükənməz enerjisi sayəsində Azərbaycan Respublikası qısa müddət ərzində sosial-iqtisadi inkişaf səviyyəsinə görə keçmiş SSRİ məkanında geridə qalmış bir respublikadan qabaqcıl respublikaya çevrildi. Məhz həmin illərdə Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu. Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqil ölkə kimi fəaliyyət göstərməsinə zəmin yaratması üçün həmin illərdə gördüyü işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2008-ci ildə imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamda geniş əks olunmuşdur. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır".

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması İttifaq rəhbərliyinin diqqətini cəlb etdi və o, 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi müddətdə İttifaqda mövcud olan ən problemli sahələrin məsələləri ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, İttifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə M.Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verməyə məcbur oldu.

Bununla belə bütün qadağalara baxmayaraq Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz ümummilli lider Heydər Əliyev idi. Həmin vaxt o, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmişdi.

Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində, doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-in Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı il noyabr ayının 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin bərpasının əsası qoyuldu. Bundan başqa onun təklifi ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun muxtar respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın muxtar respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı.

Ali Məclisin sədri kimi o, İlk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar muxtar respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən belə təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin muxtar respublikaya hücumlarını mərdliklə dəf etməyə və  cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək muxtar respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdılar. Bakıda isə hökumətə itaətsizlik, iqtisadi və siyasi böhranın baş alıb getməsi, Azərbaycan ərazilərinin dalbadal işğalı əhalinin sosial durumunu günbəgün ağırlaşdırır, Müsavat-Xalq Cəbhəsi hakimiyyətinə etimadsızlığı gücləndirirdi. Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədi. Çünki, xalq Heydər Əliyevi müdafiə etməklə yanaşı, ona böyük hörmət və ehtiram bəsləyir, yeni dövlət quruçuluğunda fəal iştirak edirdi.

Bununla yanaşı, Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər, Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun uzaqgörənliyi sayəsində tezliklə Ermənistanla atəşkəs əldə olundu və həyata keçirilən düşünülmüş iqtisadi və siyasi islahatlar nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı. Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Məhz onun uzaqgörən siyasəti sayəsində ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, kimin kim olduğu aydınlaşdı, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı, yeni Konstitusiya qəbul olundu. Təbii ki, bütün bunlar asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş bu dövlətə və insanlığa zidd hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən balanslı xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ, həm də Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq  münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət-iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri kimi, mən ümummilli liderin Azərbaycanda aqrar sektorun inkişafı ilə bağlı gördüyü möhtəşəm işlərə toxunmaya bilmərəm. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti dövründə Azərbaycan Respublikasında aqrar-sənaye kompleksin yaranmasına nail olunmuş və onun bütün sektorlarının yüksək inkişafı və inteqrasiyası təmin edilmişdi. O, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra da kənd təsərrüfatını daim diqqət mərkəzində saxlamış, ölkəmizdə aparılan və MDB məkanında analoqu olmayan aqrar islahatlar da onun adı ilə bağlıdır.

Məhz bütün bunları və xalqımızın istək və arzularını nəzərə alaraq 1997-ci il iyunun17-də ilk dəfə olaraq parlamentdə çıxış edərək iyunun 15-nin Azərbaycan xalqının Milli Qurtuluş Günü haqqında qərarın qəbul olunması barədə təklif verdim. Bu təklif bir çox deputatlar tərəfindən dəstəklənsə də, qərarın qəbulu 1997-ci il iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da tələb olundu və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun- Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu. Həmin gün mənim həyatımda ən tarixi və yaddaşlara yazılan anlarımdan biri oldu və xalqımız hər il 15 iyun gününü Milli Qurtuluş bayramı günü kimi böyük sevinclə  qeyd edir.

Ulu öndər Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində - 1969-1982-ci illərdə Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli şəxsiyyət ölkəmizdə baş qaldırmış qardaş qırğınının qarşısını aldı. 1988-ci ildə separatçı ermənilər tərəfindən başlanmış Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail oldu. O, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Qüdrətli şəxsiyyət olan Heydər Əliyev müstəqilliyini bərpa edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun müstəqilliyini dönməz və əbədi etmişdir. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız ulu öndəri özünün ümummilli lideri elan etmişdir. Görkəmli ədibimiz Hüseyn Cavidin dillər əzbəri olan aşağıdakı misraları sanki onun üçün deyilibdir:

 

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!

 

 Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası artıq on ildir ki, hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul edilir. Şübhə etmirik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü, iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan.-2013.- 15 iyun.- S.3.