Dövlətçilik tariximizin
parlaq səhifəsi
20 il əvvəl Azərbaycan
xalqının istəyi ilə siyasi hakimiyyətə qayıdan
ulu öndər Heydər Əliyev Qurtuluş missiyasını
uğurla yerinə yetirdi
Öz
fəaliyyəti, həyatı və xalqı naminə göstərdiyi
xidmətlərinə görə tariximizdə dərin iz
buraxmış dahi şəxsiyyətin - Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər
birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın
hərtərəfli və sürətli tərəqqi mərhələsi
kimi səciyyələndirilir. Azərbaycanın müasir
tarixinə nəzər salarkən aydın görünür
ki, ölkənin və xalqın ən çətin
anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə
düşən böyük missiyanı uğurla yerinə
yetirən ulu öndər hər zaman ona bəslənilən
ümidləri layiqincə doğruldub.
Şərəfli
və mənalı ömür yolunu xalqının nicatına
həsr etmiş ümummilli lider Heydər Əliyev müasir
Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını
yaratmış, xalqı həqiqi müstəqilliyə
qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq
qazanmışdır. XX əsr Azərbaycan tarixinin ən
parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu
öndər Heydər Əliyevin siyasi obrazı
xalqımızın dövlətçilik şüurunun,
tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir. Tarixin ən sərt dolanbaclarından,
çətin sınaqlarından keçməklə əxz
etdiyi milli dövlətçilik ənənələrini məhz
Heydər Əliyevin rəhbərliyi altında vahid sistem
halına salaraq özünütəsdiq imkanı
qazanmış xalqımız həm də müstəqil
dövlətdə yaşamaq və özünü idarə
etmək haqqını qorumağı bacarmışdır.
Ötən
ay xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyini böyük təntənə ilə qeyd etdi. Hər
birimiz üçün əziz olan həmin günlərdə
insanlar Heydər Əliyevin Azərbaycan dövləti və
xalqı qarşısında xidmətlərinə nəzər
yetirməklə həm də bu böyük şəxsiyyətin
xatirəsinə ehtiramlarını ifadə etdilər.
Çünki ümummilli lider Heydər Əliyev fəaliyyətinin
hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin
və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan
torpağının, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının mənafeyi və bütövlüyü
uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin
möhkəmləndirilməsi, dövlətçiliyimizin
inkişafı, demokratiyanın genişləndirilməsi,
xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi görüb.
Bu günlərdə
isə xalqımız Heydər Əliyevin adı ilə
bağlı növbəti əlamətdar hadisənin - Milli
Qurtuluş Gününün 20-ci ildönümünü
böyük təntənə ilə qeyd edir. Axı 1991-ci
ilin oktyabrında dövlət müstəqilliyini bərpa
etmiş Azərbaycan 1993-cü il iyun ayına qədərki
müddətdə böhranlar, xaos və çaxnaşmalarla
qarşılaşmışdı. Həm A.Mütəllibovun,
həm də AXC-Müsavat iqtidarının hakimiyyəti
dövründə idarəetmədə müşayiət
olunan kobud səhvlər, yaranmış ağır
sosial-iqtisadi gərginlik və hakimiyyət davası ölkəni
vətəndaş müharibəsi təhlükəsi ilə
üz-üzə qoymuşdu. Cəbhədəki məğlubiyyətlər,
torpaqların itirilməsi yeni-yeni faciələrin baş verməsinə
səbəb olurdu. Gəncədə 1993-cü ilin iyun
ayında baş verən hadisələr vəziyyəti daha da
ağırlaşdırmışdı.
O
agır günlərdə xalqımızın Heydər Əliyevə
üz tutması təsadüfi deyildi. Çünki ölkədəki
hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri,
Gəncədə başlanmış qardaş
qırğınını, hərbi xəyanəti, qanunsuz
silahlı dəstələrin Bakıya
yürüşünü, yalnız o böyük insan aradan
qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən
xalqın qərarı Bakıya - ölkə rəhbərliyinə
Heydər Əliyevin gəlməsi idi. Hakimiyyətə rəhbərlik
edənlər də, müxalifətdə olan qüvvələr
də ölkəni saldıqları girdabdan xilas etmək
üçün Heydər Əliyevin Bakıya gəlməsini
arzulayırdılar. İflasa uğradıqları ilə
barışmalı olan cəbhəçilər vəziyyətdən
çıxış yolunu xalqın istəyi ilə
razılaşaraq Heydər Əliyevin Bakıya dəvət
edilməsində gördülər. Halbuki buna qədər
özlərinə əsas təhlükə, ən qorxulu rəqib
kimi xalqın içərisində böyük hörməti
və nüfuzu olan Heydər Əliyevi hesab edir və onu necə
sıradan çıxarmaq barədə
düşünürdülər. Bu niyyətin gerçəkləşməsi
üçün hətta 1992-ci ilin oktyabrında
Naxçıvanda Heydər Əliyevə qarşı
çevriliş etməyə, onu Naxçıvan Ali Məclisinin
sədri vəzifəsindən devirməyə cəhd
etmişdilər.
O dövrdə ölkəmizə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı, sapı özümüzdən olan baltaların rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Məhz belə bir vaxtda, xalqın çətin günündə ona kömək duracaq, bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi. Vəziyyətdən çıxış arayan Azərbaycan xalqı haqlı olaraq nicat yolunu yalnız və yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Elə bu istək və arzu Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi. Xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində artıq sönmüş dövlətçilik və müstəqillik ideyalarını yenidən alovlandırdı.
Ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra - iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımızın və parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Ən əsası Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Çünki Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Azərbaycanın 1993-cü il iyunun 15-dən başlanan qurtuluşu ilə möhtəşəm nailiyyətlərə imza atıldı. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi.
10 ilə yaxındır ki, Heydər Əliyev aramızda yoxdur. Lakin Heydər Əliyev daim xalqımızın qəlbində yaşayır. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, bu siyasətin müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir. Dövlət rəhbərinin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyinin bu regionda hesablaşdığı və önəm verdiyi ölkəyə çevrilib.
Qarşıdan növbəti prezident seçkiləri gəlir. Azərbaycan ictimaiyyətinin təmsilçiləri prezident seçkilərində Heydər Əliyev siyasətinin davamına səs verəcəklərini, cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən qurultayında ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən respublikamızın idman ictimaiyyətinin ürəyindən xəbər verdi. Bu il keçiriləcək prezident seçkilərində xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının və siyasətinin davamına səs verəcək. Çünki Heydər Əliyev siyasətinin yaşaması və onun ən layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi bütün Azərbaycan xalqının istək və arzusudur.
Vüqar NAMAZOV,
Ağırlıqqaldırmanın
pauerliftinq növü üzrə dünya və Avropa
çempionu
Azərbaycan.-2013.- 15 iyun.- S.6.