Uzun ömürdən səhifələr
Onunla görüşümüz Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkisindəki çıxışından sonra oldu. Akademiyanın ən qocaman üzvünün - İsmayıl İbrahimovun 98 yaşı var. Zəngləşərək "Sahil" metrosu ilə üzbəüz evində görüşdük. Pilləkənləri qalxa-qalxa haqqında öyrəndiklərimi bir daha yada salmağa çalışıram: İsmayıl Əli oğlu İbrahimov 1915-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. İki yaşından atasız böyüyüb. Əmək fəaliyyətinə 1930-cu ildə N.Nərimanov adına texnikumda təhsil alarkən laborantlıqdan başlayıb, 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu nəzarət-ölçü cihazları ixtisası üzrə bitirərək "Azenerqo" Birliyində böyük mühəndis vəzifəsində işləyib. İkinci Dünya müharibəsindən bir il sonra ordudan tərxis olunub. 1946-1997-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş laborant, assistent, baş müəllim, dosent, professor, kafedra müdiri, partiya komitəsinin katibi, rektor (1960-1970 və 1978-1988), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1970-1978), Neft və Kimya İnstitutunda elmi məsləhətçi (1988-1997) vəzifələrində çalışıb. 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sonra həqiqi üzvü, 1997-ci ildən isə AMEA-nın Ə.Hüseynov adına Kibernetika İnstitutunda elmi müşavir, İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərir.
1962-1988-ci illərdə ittifaq nazirliyinin elmi-metodik şurasının sədri, əmək fəaliyyəti dövründə Azərbaycan SSR yerli sovetlərinin (1950-1960), Azərbaycan SSR Ali Sovetinin (1960-1970; 1980-1990), SSRİ Ali Sovetinin (1970-1980) deputatı, Azərbaycan şəhər və rayon partiya komitələrinin üzvü (1952-1971), Azərbaycan KP MK-nın (1971-1990), bürosunun (1971-1978) üzvü, partiyanın respublika qurultaylarının nümayəndəsi olub. SSRİ-nin fəxri neftçisi, SSRİ Qaz Sənayesinin fəxri işçisi, əməkdar elm xadimi, iki Lenin, Oktyabr inqilabı, üç Qırmızı Əmək bayrağı, üç Böyük Vətən müharibəsi, Qırmızı Ulduz, Almaniya Respublikasının ordenlərinə, İgidlik və başqa medallara, fəxri fərmanlara layiq görülüb. Sosialist Əməyi Qəhrəmanıdır, SSRİ Dövlət, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin mükafatlarını alıb. Hazırda Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür. İsmayıl İbrahimov 1988-ci ildən Sovet Uşaq Fondunun Azərbaycan şöbəsinin, 1991-ci ildən isə Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. Ailəlidir, iki oğlu, bir qızı, nəvələri, nəticələri var.
"İndi dostlarımdan heç biri qalmayıb..."
Evini, mənzilini elə təsvir eləmişdi ki, tapmaqda heç bir çətinlik olmadı. Bu evdə 1960-cı illərdən yaşayır. Geniş otağa göz gəzdirib ayaqüstü ilk sualı veririk: "Kimlər qonağınız olub?" Suala sualla cavab verir: "Kimlər olmayıb ki?" Sonra 30-cu illərdən başlayaraq üzü bəri tanınmış insanların adlarını çəkir: "İndi onlardan heç biri qalmayıb. Bədbəxtliyim ondadır ki, dostlarım dünyadan tez gediblər. Mən isə həddindən artıq çox yaşamışam".
İsmayıl müəllim uzun illər dostluq etdiyi, ülfət bağladığı insanların - H.Seyidov, V.Vinoqradov və başqalarının adlarını çəkir. Fikir verirəm, ağsaqqal alimin evində valideynləri, ailə üzvləri ilə yanaşı, Heydər Əliyev, N.Alesin kimi şəxsiyyətlərin şəkilləri də var. Onların arasında İsmayıl İbrahimovun - ali məktəb rektorunun öz tələbəsi, Anqola Prezidenti Eduardo Duş Santusla şəkli də diqqəti cəlb edir. Onunla görüşmək üçün bir neçə il əvvəl İsmayıl müəllim yaşının çoxluğuna baxmayaraq, Afrikaya belə getmək arzusundan əl çəkməyib...
İsmayıl müəllim nə qədər çətin olsa da, həyatının ilk illərinə qayıtmağı xoşlayır. Çünki orada anası da var, atası da: "Anamın heç kəsi olmadığı üçün 9 yaşında ərə veriblər. Onun da 14 yaşında birinci övladı dünyaya gəlib, ümumilikdə 8 uşağı olub, 6-sı vəfat edib. Mən səkkizinci uşaq olmuşam. Bir də anamın birinci uşağı sağ qalıb. Bizi anamız böyüdüb. Anam ömrünün axırına qədər savadsız olub, amma buna baxmayaraq, hər ikimizi tərbiyə edib, dərzilik edərək bizi boya-başa çatdırıb. Hər ikimiz ali təhsil almışıq. Məndən 10 yaş böyük olan qardaşım elmlər doktoru, professor dərəcəsinə qədər qalxmışdı, 20 il əvvəl vəfat edib. Anam isə ondan xeyli əvvəl - 1960-cı ildə dünyasını dəyişib".
Döyüşə qocalar gedir
İsmayıl müəllimin uşaqlıq, eləcə də gənclik illəri çətin keçib, müharibə dövrünə düşüb. Ancaq keçib gəldiyi o dövrə, o çətinliklərə çox sakit yanaşır. Çünki şəxsi təcrübəsində gördüyü kimi, müharibənin özünəməxsus xüsusiyyətləri var və insanlar hər cür çətinliyə öyrəşdiyi kimi, buna da tez öyrəşirlər: "Müharibə sınağı adamları bir-birinə isnişdirib, yaxınlaşdırır, dinc zamanlardakı komandirlər və döyüşçülər arasındakı rəsmi münasibətlər ölümlü-itimli sınaqlarda quru inzibatçılıqdan uzaqlaşaraq həlimləşir, təbii insani ünsiyyət, ülfət, saf, səmimi duyğular üzə çıxır". Müharibənin ilk günündən başlayaraq Azərbaycan diviziyalarının tərkibində, müxtəlif xalqların övladları ilə birlikdə ümumi düşmənə qarşı döyüşlərdən keçən İsmayıl İbrahimov Qarabağ savaşlarını yada salaraq deyir: "İndi şanlı diviziyamızın sıralarında qanlı-qadalı müharibə yollarını çiyin-çiyinə kecdiyim köhnə cəbhədaşlarımla görüşəndə qonşu respublikanın bizi vadar etdiyi müharibədən necə acıdıqlarının şahidi oluram. Bircə misal çəkim: diviziyamızın 324-cü atıcı alayının sanitar həkimi, sabiq komandir, ən yaxşı şəfa ocaqlarından birinin baş həkimi olmuş Qüdrət İbrahimov dəfələrlə Bakıdan Qarabağ bölgəsinə, döyüş meydanına yollanıb, cəbhəyə, cəbhədəkilərə əlindən gələn yardımı göstərmişdir. Başçılıq etdiyi şəfaxanada Şuşadan, Xocalıdan, Laçından qovulmuş 500-dən artıq qadına, uşağa, qocaya sığınacaq verib".
İsmayıl müəllim hələ 70-ci illərdə on il dalbadal DQMV-dən Ali Sovetə deputat seçilib. Deyir ki, onda qaydalar tamam başqa idi: "İndi dünya ikili oyunlarla məşğuldur. Bir yandan deyirlər ki, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır, o biri tərəfdən millətlərin, xalqların öz hüququnu təyin etmək məsələsi irəli sürülür. Çox çətin məsələdir".
25 ildir Azərbaycan Uşaq Fonduna rəhbərlik edən İsmayıl müəllim üçün indiki müharibə daha dəhşətlidir, çünki burada bütün bəşəri dəyərlər ayaq altındadır. Qarabağ faciəsi ilə həmyaşıd olan Azərbaycan Uşaq Fondu imkan daxilində didərgin, kimsəsiz, alçaldılmış, əzilmiş, yurd-yuvasız qalmış, qara günlərin əzab-əziyyətini böyüklərlə birgə yaşayan yüz minlərlə uşağın, yeniyetmənin problemini həll etməyə çalışır. Uşaq Fondunun Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular kimi ağrı-acıları, qurumaq bilməyən göz yaşları var...
İsmayıl müəllim yaşının bu çağında öz nüfuzundan, imkanlarından istifadə edərək həmin uşaqlara kömək olmağa çalışır, uzun ömrün ona bəxş etdiyi ağılla, səbrlə, məntiqlə problemləri həll etməyə, çətini asanlaşdırmağa can atır. Ən amansız sınaqlarda, dar gündə, bərk ayaqda alicənablığı, mərdliyi, ləyaqəti, xeyirxahlığı özünə sipər edən İsmayıl İbrahimovun ömür yolundan danışan "Həyatımdan səhifələr" kitabına ön sözdə əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadənin yazdığı kimi: "Savad - həyata, əmək fəaliyyətinə vəsiqədirsə, savab - kimsəsiz, yetim balaları yaşatmaq, ağ günə çıxarmaq üçün bir vəsiqədir".
O vəsiqəni kimin verməsinin də əhəmiyyəti böyükdür. İsmayıl müəllim özünə verilən "həyat vəsiqəsi"ni də minnətdarlıqla xatırlayır: "Təsəvvür edin: özüm yetimliklə böyüyüb akademik olmuşam, hər iki oğlum xaricdə yaşayır, professordur, qızım isə elmlər namizədidir. Məni indi hökumət yaşadır. Dövlət mənə üç istiqamətdə ödəniş verir. Elə bunun özü maraqlıdır. Azərbaycan Uşaq Fondundan əməkhaqqı almıram. Dövlət mənə akademik kimi 1000 manat verir, həm də təqaüd ayırıb. Bir də 2005-ci il noyabrın 15-dən - həmin il 90 illiyim idi - Azərbaycan Prezidentinin fərdi təqaüdünü alıram".
Laborant,
kafedra müdiri, rektor və Nazirlər Soveti sədrinin birinci
müavini...
Müəllim
kimi, rektor kimi İsmayıl İbrahimovun diplom, vəsiqə
verdiyi tələbələrin, məzunların sayı minlərlədir.
O özü də hesab edir ki, ən böyük elmi nailiyyəti
məhz tədrislə, təhsil verdiyi tələbələrlə
bağlıdır. Onlara dünyanın hər yerində rast gəlmək
mümkündür. İsmayıl müəllim uzun illər tələbələrinə
təhsillə yanaşı, xeyirxahlıq, alicənablıq
hisslərini də aşılamağı bacarıb. Bunu
unutmayanlardan biri - Anqola Prezidenti İsmayıl müəllimin
nəvəsini öz yanında işləməyə dəvət
edib. Hazırda nəvə İsmayıl Anqoladadır: "Mən
bəzən tələbələri əmr verərək
institutdan çıxarmışam. Bu, institut binasında
siqaret çəkməyə görə olub. Ancaq sonucda, həmin
tələbələrdən bir nəfər də olsa,
institutu bitirməyən olmayıb. Yəni, mən tələbəni
institutdan çıxarırdım, o işə düzəlirdi,
sonra bərpa edirdim. Yaxud gəlib üzr istəyəndən
sonra bərpa olunurdu. Ancaq tələbələrin institutdan
çıxarılması əsasən təhsillə
bağlı olub. Təhsildə çox zəif nəticə
göstərənlər xaric olunub. Ümumilikdə isə belə
tələbələrin sayı çox az olub. Elə tələbələr
olurdu ki, onları axşam növbəsinə keçirirdik.
Bir dəfə bağımıza elektrik gəlmişdi. Dedi
ki, mən sizin tələbəniz olmuşam. Yəni,
işıqlara baxan da mühəndisdir, ali məktəbdə
dərs deyən də. Nəticədə cəmiyyətimiz bu
ali təhsilli adamlardan qazanır. İnstitutda dərs deyən
mühəndis də, elektrik sahəsinə baxan da
intellektualdır. Belə olanda cəmiyyətimiz intellektual cəmiyyət
olur. Rektor olduğum müddətdə 34.332 mühəndisin diplomuna
qol çəkmişəm. Mənim dövrümdə
yüzlərlə elmlər doktoru, minlərlə namizəd
yetişdirilib. Həm tədrislə məşğul
olmuşam, həm dərs demişəm. Həm də təhsilin
və elmin təşkilatçısı olmuşam. Bir də
onu deyim ki, elm inkişaf etdikcə, mən də elmlə
paralel inkişaf etmişəm. Yəni, hər dövrə
uyğun dərsliklər yazmışam".
10 il Azərbaycan Dövlət Neft
Akademiyasında rektorluqdan sonra İ.İbrahimov həmin illərdə
respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin
təklifi ilə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışıb: "Mən bu təklifi qəbul etdim,
nəticədə 8 il Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsində işlədim. Şadam ki, o
böyük insanın rəhbərliyi altında çox
iş görə bildik. Bir faktı yada salmaq istəyirəm:
o dövrdə Bakıda kondisioner, eləcə də radio
zavodların tikintisi ümummilli liderin səyləri nəticəsində
mümkün oldu".
İ.İbrahimov
hər bir azərbaycanlının həyatında dərin iz
buraxan bir məsələyə də toxunur: "1971-ci ildə
Moskvaya və digər şəhərlərə cəmi 37 tələbə
göndərə bilirdik. Həmin il Heydər Əliyev onlarla
görüşdən sonra dedi ki, çalışıb
bunların sayını heç olmasa yüzə
çatdırmalıyıq. Bununla əlaqədar hansı
ixtisaslara ehtiyac olduğunu dəqiqləşdirib Moskvaya getdim,
SSRİ təhsil naziri ilə görüşdüm. Həmin
il müsabiqədənkənar qəbul yolu ilə tələbələrin
sayını 170-ə çatdıra bildik. Sonrakı illər
bu rəqəm dəfələrlə artdı. Sonra Nazirlər
Sovetinin qərarı ilə həmin məzunlar
üçün ev də tikib istifadəyə verdik... 1978-ci
ildə yenə Neft və Kimya İnstitututuna qayıdıb
rektorluğa davam etsəm də, kənarda təhsil almağa
gedən tələbələrin problemləri ilə məşğul
olmaq yenə mənə həvalə olunmuşdu".
"Elm
dalınca Çinə də olsa, get..."
Peyğəmbərimizin
bir sözü var, deyir ki, elm hətta Çindədirsə,
ora get! Bu mənada elmi axtarışlardan yorulmaq bilməyən
İsmayıl müəllim getdiyi yolla Çini çoxdan adlayıb. O,
ilk dəfə dünya elminə möcüzələr gətirən
Yaponiyaya getdiyi günləri də məmnuniyyətlə
xatırlayır və Azərbaycan elminin indiki səviyyəsini
qiymətləndirərkən bir həqiqəti xüsusi
vurğulayır: "Bilirsiz, biz istənilən halda elmimizə
diqqəti artırmalıyıq. Çünki Sovet
İttifaqının tərkibində olanda SSRİ-nin vahid elm
sistemi var idi. O, həm də sovet elmini istiqamətləndirirdi.
İndi müstəqil Azərbaycan elmini yaradırıq. Bunun
üçün çox iş görmək lazımdır.
Xüsusən də gərək dəqiq elmlər üzrə
işlər aparaq. Yəni, elmimiz qarşısında
böyük vəzifələr durur. Ona görə bu sahəyə
vəsait də artırılmalıdır. Həmçinin bu
məsələnin ikinci tərəfi də var. Uzun illər
ali məktəbdə işləmişəm. Biz ali məktəbdə
olan potensialdan yaxşı istifadə etməliyik. Əvvəllər bundan istifadə
olunurdu. Ali məktəblər gücləndirilməli,
laboratoriyalar yaradılmalı, yəni bu sahəyə də vəsait
ayrılmalıdır. Eləcə də müəssisələrdə
elmi-tədqiqat işləri üçün laboratoriyalar
qurulmalıdır. Ali məktəblərimiz əvvəllər
bütün SSRİ üzrə mütəxəssis
hazırlayırdı və onların çoxu gedib başqa
respublikalarda işləyirdilər. Məsələn, Fərman
Salmanov, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov
vaxtilə bizim institutu qurtarıblar. Şadam ki, hələ
70-80-ci illərdən tanıdığım və
gözümün qabağında akademik rütbəsinə qədər
yüksələn, bu gün informasiya minilliyində Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə rəhbərlik
edən Əli Abbasov da mənim tələbəm olub".
İsmayıl
müəllim "köhnə ziyalılardandır" və
dövrünün tanınmış insanları, müxtəlif
millətlərdən olan nümayəndələrilə
dostluq əlaqələrini hələ də qoruyub
saxlamağa çalışır. Tale elə gətirib ki,
onun Rusiyada, Almaniyada, Kubada, hətta uzaq Afrikada həm tələbələri,
həm də dostları var.
İsmayıl
müəllimin respublikamızda müxtəlif sahələrdə
çalışan tələbələri də kifayət qədərdir.
İ.İbrahimov o fədakar ziyalılar nəslindəndir ki,
özlərini işdən-gücdən, fəaliyyətdən
kənarda təsəvvür edə bilmirlər. Onun tükənməz
enerjisi, gücü bu gün də özünü göstərməkdədir.
Hazırda AMEA-da İsmayıl İbrahimovun rəhbərliyi
altında işləyən bir qrup var: "Onlar işləyirlər,
mən də gedib orada oturum. Qısaca desəm, akademiyaya nə
vaxt lazımdır, o vaxt da gedirəm. Onlar işləyirlər,
mən onlara rəhbərlik edirəm, göstəriş verirəm...
İndi informatika əsridir, informasiya texnologiyaları ilə məşğul
oluruq. Bunun üçün AMEA-da Əlaqələndirmə
Şurası yaradılıb. Hazırda Kibernetika,
İnformasiya Texnologiyaları və Texnika üzrə Problemlər
Şurasının sədriyəm. Problem şuraları yaransa
da, Əsasnaməsi yox idi. Məni Əsasnamə yazmaq
üçün müvafiq komissiyanın sədri təyin
etdilər. Əsasnaməni yazıb təqdim etdim, artıq təsdiqlənib.
İndi bütün problem şuraları bu Əsasnaməyə
uyğun işləyirlər.
Orada biz təklif də vermişik ki, Azərbaycan elminin
özünü idarə etmək lazımdır. Bunun
üçün biz bir proqram da hazırlamışıq:
"Elektron elm". Bu proqrama əsasən, Azərbaycan elmi
elektron maşınlarla idarə olunacaq. Bundan başqa,
hazırda Kibernetika İnstitutunda "Neft Sənayesində
İnformatika Texnologiyalarının prinsipləri
haqqında" iş aparırıq".
Mobil
telefonlardan, internetdən bu gün çox
danışılır - xeyrindən də, ziyanından da. O
isə başqa cür düşünür: "Mobil
telefonları mən özüm işlətmirəm, ailəm
işlədir. Lazım olanda evdə deyirəm ki, filan nömrəni
yığın. İş vaxtı cibindən mobil telefonu
çıxarıb danışan adamlar var, mənim bundan
acığım gəlir. Amma bütün bunlar bizim elmi
nailiyyətlərimizin nəticəsidir. Oğlum hər
gün ABŞ-dan mənə zəng edir. Dünən zəng
vurmuşdu, deyir "üçüncü dəfə zəng
vurub düşdüm, düşə bilmirdim". Ona dedim ki,
"havadan nə istəyirsən? Sənin bütün
sözlərini göndərir, indi bir-iki dəfə də
havanın imkanı olmayıb, ondan inciyirsən". Mobil
telefon dünyanı hava vasitəsilə bir-birilə
danışdırır. Sim yox, heç nə yox... Həmçinin
internetin misli yoxdur. Bunların hamısı nəyin nəticəsidir?
Keçmişin davamının nəticəsi. Keçən əsrin
50-ci illərində biz yarımkeçiriciləri inkişaf
etdirirdik. Yarımkeçiricilərin yaranması, istifadəsi
və yarımkeçiricilər vasitəsilə texnikanın
inkişafı bizi bu gün gətirib mobil telefona, internetə
çıxartdı".
Ağrıdan doğan səhər
duası
"Bu
yaşda özünüzü necə hiss edirsiz" -
sualına cavabı ibrətamizdir: "Bilirsiz, insan 85-i
keçəndən sonra elə bil ki, xəstə bir yaşa
çatır. O demək deyil ki, xəstələnirsən.
Sadəcə, bu yaşın özü ağır
yaşdır. Çünki insan yaşa dolduqca qocalır.
Qocalanda isə insanın bütün elementləri qocalır:
sümüklər də qocalır, göz də qocalır,
burun da qocalır, diş də qocalır... hamısı
qocalır, başlayırlar işdən çıxmağa.
Bu isə insanın yaşayışına təsir edir. Ona
görə də yaş məsələsi mürəkkəb
məsələdir".
Ondan belə
çox yaşamağın sirrini soruşuruq. Çox
düşünmədən cavab verir: "10 il dalbadal Məryəm
xanımla birlikdə Karlovı-Varıya getmişik. Mədə-bağırsaq
üçün çox xeyirli sudur. Deyirəm, bəlkə
ona görə. Çünki mədə sağlamdırsa,
ürək və digər orqanlar da sağlam olar. Ürək
yaxşı işləyirsə, yaşayacaqsan. İndi Məryəm
xanımın 89, mənim 98 yaşım var. Sərbəst hərəkət
edirəm. Özüm müstəqil gəzirəm,
maşına minirəm, oturub-dururam. Mən ikinci mərtəbədə
oluram, pilləkənləri sərbəst şəkildə
düşüb-çıxa bilirəm. Bir də ən əsası
əsəbi deyiləm..."
Həyatda
ən çox kimə borclusunuz? - deyə soruşduqda xeyli
susdu, sonra belə dedi: "...Uşaqlıqdan atadan yetim qalan məni
24 yaşında dul qalmış anam, onunla birlikdə məndən
on yaş böyük qardaşım yaşadıb və tərbiyə
edibdir. Anam məni evləndirmiş, atamdan hədiyyə
qalmış qızıl heydərilərdən
hazırlanmış nişan üzüyü
bağışlamışdır. Ömrümün bu
çağında mənə ata-anamı, böyük
qardaşımı əvəz edən Məryəm xanıma
minnətdaram. Amma indi Məryəm xanım xəstədir, gəzə
bilmir, uşaqlarını görmək istəyir. Oğlumun
biri Amerikada, biri Türkiyədədir. Nəvələrimin
biri Anqoladadır, qayıdıb gəlmək istəmir. O biri
nəvəm Almaniyada təhsil alır. Fikrim-zikrim budur -
onların gələcəyi necə olacaq? Hamısı
üçün darıxıram..."
Faciə
faciədir və o, insanları seçmir, ayırmır. İsmayıl
İbrahimov bir müəllim kimi dərdin özünü də
öyrədə bilir. Bunu öz əlləri ilə
yazdığı kitabda ondan daha yaxşı ifadə eləmək
mümkün deyil: "Bu gün 50 gündür ki, onu
itirmişik. Qızım Ləman iki uşağı ilə
yenə öz doğulduğu evə köçmüş,
ata-ana hərarəti ilə yaşayır. Biz isə, - 90
yaşına daxil olmuş ata, mart ayının 21-də 80
yaşı tamam olmuş ana Samirin gözəl, intellektual, zəngin
mənəviyyatlı təmiz insanları, səmimi
ata-anası Akif və Tamilla xanımla bu faciəli günləri
göz yaşları ilə yaşayır, nəvələrimizə,
öz yetişdirdiyimiz ailələrə xöşbəxt həyat
arzu edirik. Qoy onlar da yetimlik həyatı keçirmiş mən
və Məryəm xanım kimi mənalı həyat yolu
keçsinlər. Bizim kimi ahıl yaşda fəlakətlə
rastlaşmasınlar". Bu sətirlər 2005-ci il may
ayının 6-da səhər saat 4.00 radələrində
yazılıb. Onu sanki bir dua oxuyurmuş kimi oxuyursan - hər
evə, hər birimizə ünvanlanmış sübh
duası...
Son olaraq
Gedərkən
döş cibindən kiçik bir Quran çıxarıb
göstərir: "Mən doğulanda kəndimizdən kimsə
Həccə gedirmiş. Atam çıxarıb ona pul verib ki,
orada bizim üçün dualar etsin. Həmin şəxs gələndə
bu Quranı gətirib. O vaxtdan bu günə kimi bu
gördüyünüz Quran mənimlədir. O da bütün
çətinlikləri mənimlə birlikdə keçib.
Şadlıqda da yanımda olub, kədərli günlərimdə
də. Pencəyimi dəyişəndə
birinci işim Quranı götürmək olur. Hələ o
illərdə bütün vəzifələrdə,
bütün iclaslarda həmişə yanımda olub. Fikirləşirəm,
bəlkə çox yaşamağım, hər cür çətinlikdən
üzüağ çıxmağım bununla
bağlıdır".
Sinəsində
Quran gəzdirən bu qeyri-adi ömür sahibini, Azərbaycan
tarixinin böyük bir dövrünü özündə
yaşadan İsmayıl müəllimi 100 yaşında da
görmək arzusu ilə...
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 15 iyun.- S.7.