Parisdə gənc azərbaycanlı
yazıçının kitabının təqdimatı
olmuşdur
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin, "Texnika Bank"ın, Fransada fəaliyyət göstərən "Ulduz" Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə gənc azərbaycanlı yazıçı Gunel Anarqızının fransız dilinə tərcümə edilmiş "Qarabağ hekayələri" kitabının təqdimatı olmuşdur.
Fransalı
deputatların və ictimaiyyət
nümayəndələrinin, Azərbaycanın UNESCO
yanındakı Daimi Nümayəndəliyinin əməkdaşlarının,
diaspor təmsilçilərinin və yerli jurnalistlərin
iştirak etdikləri tədbiri açan "UBİZNEWTV"
televiziya kanalının rejissoru Jil Trişar fransız və
Azərbaycan xalqlarının dostluğundan, Azərbaycan ədəbiyyatının
zənginliyindən, məşhur fransız
yazıçılarının əsərlərinin dilimizə
tərcümə edilməsindən bəhs etmiş, əsərin
müəllifi Günel Anarqızının
yaradıcılığı barədə məlumat
vermişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqımızın mədəniyyətinin qədim və zənginliyini, ədəbiyyat və musiqinin mədəniyyətin ən mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırmış, tanınmış Azərbaycan yazıçılarının öz əsərləri ilə təkcə Azərbaycan ədəbiyyatını deyil, eyni zamanda dünya ədəbiyyatını zənginləşdirdiklərini qeyd etmişdir.
Bir qədər əvvəl mədəniyyət mərkəzində Xll əsrdə yaşayıb yaratmış görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin təntənəli şəkildə qeyd edildiyini xatırladan səfir bu gün onlarla şairə və yazıçının M.Gəncəvi yolunu uğurla davam etdirdiyini bildirmiş, əsərinin təqdimatı keçirilən Günel Anarqızının ölkəmizdə yaxşı tanındığını, səkkiz kitabın müəllifi olduğunu, bir çox əsərlərinin müxtəlif dillərə tərcümə edildiyini vurğulamışdır.
G.Anarqızının təqdimatı keçirilən "Qarabağ hekayələri" əsərinin əsas mövzu qayəsindən bəhs edən E.Əmirbəyov kitabda Qarabağa sevginin təcəssüm etdirildiyini, Şuşa həsrətinin duyulduğunu bildirmişdir.
Kitabın yazılması səbəbindən danışan Günel Anarqızı əsərdəki hekayələrin yalnız Qarabağla bağlı olduğunu, 1981-ci ilin yayını Şuşada keçirdiyini, həmin günlərin onun uşaqlıq yaddaşında əbədi iz buraxdığını, Şuşada keçirdiyi günlərin təsiri altında 22 ildən sonra ilk dəfə "Şuşam" hekayəsini qələmə aldığını, əsrarəngiz təbiətə malik musiqiçilər diyarı Şuşanı cənnətlə müqayisə etdiyini, Parisdə əsərinin təqdimatı keçirilən ilk azərbaycanlı yazıçı olduğunu, fransız ədəbiyyatı və mədəniyyətinin xalqımız tərəfindən sevildiyini, kitabın təqdimatının iki xalq arasında mövcud dostluq körpüsünə öz töhfəsini verdiyini diqqətə çatdırmışdır.
Təqdimatı Azərbaycan ədəbiyyatını uzaq Fransada tanıtmaq istiqamətində bir addım kimi dəyərləndirən müəllif "Qarabağ hekayələri"nin beynəlxalq bir layihə olduğunu, rus və alman dillərinə tərcümə edilən kitabın Rusiyada və Almaniyada təqdimatının keçirildiyini, gələcəkdə isə İsveçrədə, Böyük Britaniyada, Türkiyədə və digər ölkələrdə təqdimatının təşkil ediləcəyini bildirmişdir.
Bundan əvvəl Fransaya səfər etdiyini xatırladan yazıçı mədəniyyət beşiyi hesab edilən ölkədən aldığı təəssüratla bağlı qısametrajlı film çəkdiyini və həmin ekran əsərinin televiziyada nümayiş etdirildiyini, baş redaktor olduğu "Pəncərə" jurnalında silsilə məqalələr çap etdirdiyini diqqətə çatdırmışdır. O, zəngin ədəbiyyatı və mədəniyyəti olan Azərbaycanı Fransada tanıtmaq istiqamətində ölkəmizin birinci xanımı, Mehriban Əliyevanın xüsusi rolunu yüksək qiymətləndirmişdir. Natiq Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun Fransada keçirdiyi möhtəşəm tədbirlərin iki xalq arasında mövcud dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Fransanın tanınmış aktyorları Alen Temoliyer və Tierri Bomanvin ifasında yazıçının iki hekayəsi qonaqlara təqdim edilmişdir.
Sonda
tanınmış fransalı pianoçu Alber Assayaqın
müşayiəti ilə Fransada yaşayan azərbaycanlı
müğənni Təranə Monbarbutun ifasında
"Alagöz" mahnısı səslənmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 15 iyun.- S.7.