Professor Çingiz İSMAYILOV: Dağlıq Qarabağdaişğal altındakı digər Azərbaycan ərazilərində baş verənləri araşdırmaq üçün Beynəlxalq monitorinq qrupu yaradılmalıdır

 

Müasir dünya qlobal xarakter almış terrorizm, qanunsuz silah və narkotik alveri kimi qorxunc təhlükələrlə üz-üzə qalmışdır. Mübarizənin effektivliyi isə ilk növbədə bunun mənbəyini üzə çıxarıb aradan qaldırmaqdan asılıdır. Belə təhlükə mənbələrindən biri də Ermənistanın 20 ildən bəri işğal altında saxladığı Dağlıq Qarabağ və digər nəzarət olunmayan ərazilərdir.

AzərTAc-a müsahibəsində bu haqda söhbət açan Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov bildirmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin mütəmadi keçirdiyi əməliyyat tədbirləri nəticəsində aşkar olunan faktlar Azərbaycanın işğal altında olan ərazilərinin terrorizm, silah və narkotik alveri yuvası olduğunu təsdiqləməkdədir. Bu ərazilərdə külli miqdarda narkotik vasitələr yetişdirilir və Dağlıq Qarabağdan narkotik maddələrin tranziti üçün istifadə edilir. Bu günlərdə Azərbaycanın təhlükəsizlik xidməti orqanları İran İslam Respublikasından narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə daşınması ilə məşğul olan daha bir cinayətkar dəstəni ifşa etmiş,  ümumilikdə 40 kiloqramdan çox narkotik vasitə aşkarlamışdır. Bu fakt problemin nə dərəcədə aktual və ciddi olduğunu, necə geniş miqyas aldığını bir daha təsdiqləyir. İzlər yenə də birbaşa Azərbaycanın işğal altında olan ərazilərinə gedib çıxır.

Professor Ç.İsmayılov Azərbaycanın bununla bağlı beynəlxalq səviyyədə dəfələrlə məsələ qaldırdığını vurğulayaraq təəssüflə qeyd etmişdir ki, beynəlxalq təşkilatlar problemə, nədənsə, lazımınca önəm vermirlər. Halbuki müasir dövrdə narkotiklərin yayılması və terrorizmlə mübarizə ən vacib məsələlərdən biri hesab olunur.

Bu gün Azərbaycanın erməni işğalı altında olan yeddi inzibati rayonundan üçü - Füzuli, Zəngilan və Cəbrayıl İranla həmsərhəddir. Təmas xəttinin uzunluğu 132 kilometr təşkil edir. Bu sərhədə nəzarət hazırda yalnız İran tərəfindən həyata keçirilir və yəqin ki, orada nələr baş verdiyindən İran tərəfi daha çox məlumatlıdır. Sərhədin digər tərəfi isə artıq 20 ilə yaxındır nəzarətsizdir. Bu da beynəlxalq hüquqa zidd əməllərə, bəşəri cinayətlərə, eləcə də narkotik vasitələrin yetişdirilməsinə və tranzitinə münbit şərait yaradır.

Ç.İsmayılov deyir ki, Ermənistanı buna həm də ölkənin ağır iqtisadi-sosial durumu vadar etmişdir. İşğalçı ölkə dərin böhran keçirir. Şübhə yoxdur ki, Ermənistan rəhbərliyi narkoticarəti bilavasitə himayə etməklə əldə olunan böyük pullar hesabına  vəziyyətdən qismən də olsa, çıxmağa ümid bəsləyir. Yəqin ki, Ermənistanın siyasi elitası da bu puldan öz payını götürür.         

Bəs çıxış yolu nədədir? Professor bu suala cavab verərək demişdir ki, Azərbaycanın hələlik bu nəzarətsiz ərazilərə əli çatmır. Ümid beynəlxalq təşkilatlaradır. Vaxt itirilmədən Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərdə nələr baş verdiyini araşdırmaq üçün tərkibinə Azərbaycan nümayəndələrinin də daxil edildiyi Beynəlxalq monitorinq qrupunun yaradılması məsələsi gündəliyə çıxarılmalıdır. Vəziyyət kifayət qədər ciddidir və ikili standartlara son qoymağı tələb edir. Dünya birliyi, nəhayət, anlamalıdır ki, problem artıq ölkə və region çərçivəsindən çıxaraq qlobal miqyas almışdır.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.10.