Bakıda Birinci Fransız-Azərbaycan
Universitetlərarası Forumu
keçirilmişdir
İyunun 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Birinci
Fransız-Azərbaycan Universitetlərarası
Forumu keçirilmişdir.
Forumda Azərbaycanın və Fransanın ali
təhsil sistemlərində
prioritet istiqamətlər,
iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın
genişləndirilməsi yolları
müzakirə edilmişdir.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.
Hafiz Paşayev xalqlarımız
və dövlətlərimiz
arasında səmimiyyət
üzərində qurulmuş
əlaqələrdən, siyasi,
iqtisadi və mədəni sahələrdə
səmərəli əməkdaşlıqdan
danışmışdır.
Tədbirin əhəmiyyətindən danışan
ADA-nın rektoru həm Fransa, həm də Azərbaycan tələbələrinin
bu forumdan yararlanacağına ümidvar
olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən
layihələrdən, xaricdə
təhsilin əhəmiyyətindən,
azərbaycanlı gənclərin
xarici ölkələrdə
təhsil almasına göstərilən dövlət
qayğısından və
bu sahədə görülmüş işlərdən
danışmışdır. Bildirilmişdir ki, təhsil
sahəsinin inkişaf
etdirilməsi ölkə
rəhbərliyi üçün
prioritet istiqamətlərdəndir.
Azərbaycanda digər sahələrdə
olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir və uzunmüddətli dövlət
proqramları hazırlanır.
Diqqətə çatdırılmışdır
ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel
tarixli sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
Təhsil Nazirliyi tərəfindən uğurla
həyata keçirilir.
İstedadlı gənclərimizin
xaricdə təhsilinin
təşkili istiqamətində
vahid sistemin yaradılmasını nəzərdə
tutan proqram çərçivəsində bu günədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif
ölkələrinin qabaqcıl
ali təhsil
müəssisələrində təhsil almaq üçün xaricə
göndərilmişdir. Ümumilikdə təhsil sahəsində həyata keçirilən
tədbirlər iqtisadiyyatın
inkişaf etdirilməsi
ilə yanaşı, güclü kadr potensialının formalaşmasında
da mühüm rol oynayır. Proqram çərçivəsində 1825 tələbə dünyanın
müxtəlif universitetlərində
təhsil almaq hüququ qazanmışdır.
Forum çərçivəsində
Fransanın aparıcı
universitetləri barədə
təqdimatlar keçirilmiş,
eləcə də ölkəmizin tələbələrinə
Fransada təhsil almaq imkanları, Azərbaycan və Fransa hökumətləri
tərəfindən təsis
edilən müxtəlif
təqaüdlər barədə
ətraflı məlumat
verilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 15 iyun.- S.12.