Liviya mətbuatı Azərbaycanın 15 iyun - Milli Qurtuluş Günündən yazır

 

Azərbaycan Respublikasının Liviyadakı səfirliyi Liviyanın aparıcı kütləvi informasiya vasitələrində 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı məlumatların yayılması məqsədilə yerli media nümayəndələri ilə bir sıra görüşlər keçirmişdir.

Səfirlikdən bildirmişlər belə görüşlərin nəticəsi olaraq geniş oxucu kütləsinə malik, nüfuzlu "Febrayer" qəzetinin 13 iyun  nömrəsində "Azərbaycanın Milli Qurtuluş bayramı. Çiçəklənmənin elan olunması və gələcəyə baxış" sərlövhəli məqalə dərc olunmuşdur.

Bir səhifəlik məqalədə 1991-ci ilin oktyabrında Azərbaycan xalqının müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı çətinliklər, ölkədəki hakimiyyət böhranı, habelə Ermənistanın hərbi təcavüzünün acı nəticələri barədə oxuculara ətraflı məlumat verilmişdir. Rəhbərliyə gəlmək üçün müxtəlif şəxslər və qruplar arasında gedən mübarizə, hakimiyyəti ələ keçirən xalq cəbhəsinin ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə respublikanı idarə edə bilməyəcəyini nümayiş etdirməsi, ölkədə real vətəndaş müharibəsi təhlükəsinin yarandığı da oxucuların diqqətinə çatdırılmışdır.

Vətənin belə ağır günündə xalqın ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsi, ulu öndərin bu dəvəti qəbul edib Bakıya gəlməsi və çox qısa bir müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alması xüsusi vurğulanmışdır.

Eyni zamanda, məqalədə deyilir ki, 1993-cü il iyunun 15-də müdrik siyasi xadim Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə bu gün tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri işğalçılıq siyasətindən də söz açılan məqalədə, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsi xüsusi vurğulanmışdır.

Azərbaycan tərəfinin sözügedən problemin sülh yolu ilə həllinə səy göstərməsi də məqalədə diqqəti cəlb edən məqamlardandır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 15 iyun.- S.13.