İran İslam Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

 

Hörmətli cənab Həsən Ruhani!

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən  qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. 

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 16 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 19 iyun.- S.1.