Bakıda Ombudsmanların XI Beynəlxalq
konfransı öz işinə
başlamışdır
İyunun 18-də Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının və UNESCO-nun birgə dəstəyi ilə Ombudsmanların XI Beynəlxalq konfransı öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, 18 iyun - İnsan Hüquqları Günü və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 iliyi münasibətilə keçirilən tədbir "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının təbliğində və müdafiəsində rolu" mövzusuna həsr olunmuşdur.
Konfransda Avropa, Asiya və Amerika qitələrinin 10-dan artıq ölkəsindən, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya Federasiyası və digər ölkələrdən nümayəndələr iştirak edirlər.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova müzakirə olunan məsələnin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, yeni minilliyin ilk onilliyi hərbi münaqişələr, terror aktları, siyasi qarşıdurmalar, kütləvi insan tələfatı və iqtisadi böhranlarla yadda qalmışdır. Belə ağır vəziyyətdə hər bir dövlət, hər bir xalq özünün davamlı inkişaf yollarını araşdırır, bunun üçün yeni konseptual yanaşmalar, strategiyalar və onların səmərəli təmin edilməsi üçün yeni mexanizmlər axtarır. İnsan hüquq və azadlıqları bunların ayrılmaz tərkib hissəsi və prioritetlərindəndir.
Qeyd olunmuşdur ki, davamlı inkişafın əhəmiyyətini nəzərə alaraq, 2000-ci ildən müxtəlif hökumətlər və beynəlxalq qurumlar BMT qurumları ilə birgə çalışmaq üçün müxtəlif təşəbbüslərlə çıxış etmişlər. Bunlardan Minilliyin İnkişaf Məqsədlərini və "Davamlı inkişaf naminə təhsil onilliyi"ni göstərmək olar. Bunlar ifrat yoxsulluğu aradan qaldırmaqla insan hüquqlarının, gender bərabərliyinin təmin olunmasını, ətraf mühitin müdafiəsi naminə qlobal tərəfdaşlığı genişləndirməkdədir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov respublikamızın son 10 ildə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini qeyd etmişdir.
Baş nazirin müavini 25 ildən artıqdır ki, davam edən erməni təcavüzünün nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün mövcud olduğunu, onların hüquqlarının pozulduğunu diqqətə çatdırmışdır. Dünyanın ən mötəbər qurumları tərəfindən bu istiqamətdə qərarların qəbul edildiyini deyən Ə.Həsənov həmin qərarların icra olunmadığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq səviyyədə həll olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov bildirmişdir ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi sistemi bu gün dünya və Avropa standartlarına cavab verir. Eyni zamanda, dövlətimiz demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində öz nailiyyətlərini ardıcıl olaraq artırır. Ümummilli liderin siyasətinin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Azərbaycan dövləti insanların rifah səviyyəsinin, onların cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Ç.Əsgərov "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə bağlı bir sıra ciddi tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Azərbaycan-UNESCO əlaqələrindən danışan Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva demişdir ki, bu əməkdaşlıq yüksələn xətlə davam edir. Bu əlaqələrin əsası Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən qoyulmuşdur.
G.Əfəndiyeva bildirmişdir ki, UNESCO təşkilatı Ombudsman Aparatı ilə birlikdə 18 iyun - İnsan Hüquqları Günü münasibətilə növbəti dəfədir ki, tədbir keçirir və artıq bu ənənə bir zərurətə çevrilir.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek Ombudsman Aparatının təmsil etdiyi qurum ilə əməkdaşlıq çərçivəsində həm paytaxtda, həm də bölgələrdə bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbir öz işini plenar iclasda davam etdirmişdir .
İclasda
"İnsan hüquqlarının inkişafı üzrə
strateji sənədlər və onların implementasiyasında
ombudsmanın rolu", "Davamlı inkişaf və Fövqəladə
Hallar Nazirliyinin fəaliyyəti",
"İnformasiya-kommunikasiya texnologiyalarının müasir
idarəetmədə rolu", "Yaxşı idarəetmə
və şəffaflığın təmin edilməsi
üçün sistemli araşdırma və texnologiyadan
istifadə" və "Davamlı inkişaf kontekstində
dövlət xidmətlərinin göstərilməsində
"ASAN xidmət"in rolu və əhəmiyyəti"
mövzularında məruzələr dinlənilmişdir.
İyunun
20-dək davam edəcək beynəlxalq konfransda Bakı Bəyannaməsi
qəbul olunacaqdır.
Azərbaycan.-2013.- 19 iyun.- S. 5.