İsmayıllıda konfrans keçirilmişdir

 

İsmayıllıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Nəcəfli və başqaları gənclərin vətənpərvərlik tərbiyəsində, milli ideologiyanın formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar.

Natiqlər ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının müstəqil Azərbaycan dövləti üçün tarixi əhəmiyyətini vurğulamışlar.

Diqqətə çatdırılmışdır ki, yenidən hakimiyyətə qayıdan ulu öndər ilk günlərdən etibarən gənclər siyasətinin təməlini qoymuş, qədim tarixi köklərə söykənən milli ideologiyanın formalaşdırılması, yeni, müstəqil məfkurəli gənc nəslin yetişdirilməsi üçün tədbirlər görmüş, Gənclər və İdman Nazirliyinin yaradılmasına dair sərəncam vermişdir.

Bu gün öz sürətli inkişafı, sabitliyi ilə bir sıra ölkələri belə qıcıqlandıran Azərbaycan öz müasir gəncliyi ilə fəxr edir. Hamı kimi İsmayıllı gəncləri də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük, işıqlı gələcək uğrunda əllərindən gələni əsirgəmirlər.

Konfransda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda Heydər Əliyev adına parkda tanınmış musiqiçilərin ifasında möhtəşəm konsert və atəşfəşanlıq olmuşdur.

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 9.