Avropa Parlamenti növbəti dəfə qərəzli mövqe ortaya qoydu

 

Müstəqil siyasət yeridən Azərbaycana təzyiq göstərilməsi qəbuledilməz və qeyri mümkündür

 

 

Azərbaycan demokratik prinsipləri rəhbər tutaraq inkişaf edən hüquq dövlətidir. Ölkə Konstitusiyasından irəli gələrək ayrı-ayrı qanunlarda vətəndaşların hər bir hüquq və azadlığı əksini tapıb. O cümlədən, ölkə vətəndaşlarının sərbəst toplaşmaq azadlığı ilə bağlı hüquqları qanunvericiliklə tam təsbit olunub. Bununla yanaşı, ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə, icazəsiz aksiyalara çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi də hər bir mütərəqqi və demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz insan hüquq və azadlıqlarının aliliyinə əsaslanan hüquqi dövlət quruculuğu yolunu seçmişdir. Bu yolda zaman-zaman qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan demokratik dəyərlərə sadiq olmuş, Avropaya inteqrasiya siyasətini əzmlə davam etdirmişdir. Son illərdə isə Azərbaycan dinamik və davamlı inkişaf yoluna qədəm qoymuşdur. İstər siyasi, istər iqtisadi, istərsə də sosial, idman, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlər respublikamızın regional və beynəlxalq nüfuzunun artmasına, dünyada daha yaxından tanınmasına böyük töhfələr verməkdədir. İndi Cənubi Qafqazın lideri olan, Avropanın və bir sıra aparıcı dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanla dünyada hesablasır, mövqeyini bölüşürlər.

Lakin Azərbaycanın yüksəlişi, qazandığı saysız-hesabsız nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi, ölkədə geniş islahatların həyata keçirilməsi, qanunun aliliyinin təmin edilməsi, xalqın sosial rifahının yaxşılaşması və digər uğurlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsini və möhtəşəm uğurlarını, o cümlədən Avropaya inteqrasiyasını istəməyən dairələrdə həyəcan doğurur. Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzu artdıqca, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımıza qənim kəsilənlər də ortaya çıxır və onlar hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar. Bunu son vaxtlar ölkəmizə qarşı antiazərbaycançı dairələrin siyasi xarakterli hücumlarının intensivləşməsi də sübut edir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə Avropa ölkələrində nəşr olunan mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları ölkəmizdəki insan hüquqlarının vəziyyəti ilə bağlı obyektivlikdən uzaq bəyanatlar verir, o cümlədən islamofobiya mövqeyində duran qüvvələr qərəzli çıxışlar edirlər.

Bu tendensiya xüsusən Avropa Parlamentinin (AP) fəaliyyətində daha yaxından hiss olunur. Təəssüflə qeyd etməliyik ki, AP-də antiazərbaycançı şəbəkəyə və erməni lobbisinin maraqlarına xidmət edən, qərəzli mövqeyi ilə seçilən bir qrup deputat tez-tez Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir, bir neçə nəfərin səsverməsi ilə bütövlükdə AP adından sənəd qəbul edirlər. AP-də bu günlərdə bir qrup deputatın iştirakı ilə "Azərbaycan: İlqar Məmmədov məsələsi" mövzusunda əsaslandırılmamış, qeyri-ciddi müzakirələrin aparılması və qətnamə adlandırılan sənədin qəbul edilməsi isə bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə ortaya qoydu.

Məlum olduğu kimi, antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən ölkəmizdəki sabitliyi pozmaqda maraqlı olan dairələr razılaşdırılmamış icazəsiz aksiyalar keçirməyə, insanları buna cəhd etməklə guya Azərbaycanda insan hüquqları barədə vəziyyətin pis olduğu barədə görüntü yaratmağa çalışırlar. İ.Məmmədovun həbsi də sırf bu motivlərlə bağlıdır. Belə ki, o, bu ilin yanvar ayında İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmişdir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan hüquq dövlətidir və ölkədə iğtişaş yaratmaq, itaətsizliyə, icazəsiz aksiyalara çağırış cəhdlərinə qarşı adekvat tədbir görülməsi hüquq prinsiplərinə uyğundur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi AP-də keçirilən müzakirələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Belə münasibət Aİ ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur. Sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir. Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib".

Əvvəlki dövrlərdə də biz AP-nin Azərbaycana münasibətdə qeyri-obyektiv münasibətinin şahidi olmuşuq. Antiazərbaycançı şəbəkənin və erməni lobbisinin əlində oyuncağa çevrilən AP əvvəllər də Azərbaycana qarşı bu səpkili "sənədlər" qəbul edib. Məsələn, ötən ilin mayında Azərbaycanda insan hüquqları və azadlıqları ilə bağlı heç bir hadisə baş vermədiyi halda bu mövzuda bir qətnamə layihəsinin AP-nin gündəliyinə təcili məsələ kimi daxil edilməsi bu qurumun antiazərbaycançı dairələrin maraqlarının müdafiəsinə dayandığını sübut etmişdi. AP-nin 754 deputatından cəmi 56-sının iştirakı ilə keçirilən iclasda belə bir qətnamənin qəbul olunması onun sifarişli olmasından xəbər verirdi. Hətta AP-nin bir çox deputatlarının bu qətnamənin doğru olmadığını bildirmələrinə və məsələni araşdırdıqdan sonra müzakirəyə çıxarılmasını lazım bildiklərinə baxmayaraq, qətnamə qəbul edilmişdi.

Daha sonra Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsi və ölkə Prezidenti tərəfindən əfv olunması ilə bağlı 754 üzvü olan AP-də erməni lobbisi tərəfindən ələ alınmış bir qrup deputatın təşəbbüsü ilə hazırlanan, cəmi 76 nəfər deputatın iştirakı ilə müzakirə olunanonlardan 58-nin lehinə səs verməsi ilə qəbul olunan qətnamə bütövlükdə qeyri-obyektiv olmaqla yanaşı, ermənipərəst mövqenin açıq şəkildə ortaya qoyulması idi.

AP-nin bu sənədlərinin hər biri başdan-ayağa iftira ilə doludur. Daim Azərbaycana qarşı qərəzli davranan təşkilatların hesabatları ilə AP-nin sənədləri arasında heç bir fərq yoxdur. Bu da həmin sənədlərin antiazərbaycançı şəbəkənin sifarişi ilə ölkəmizə qarşı aparılan çirkin siyasi kampaniyanın tərkib hissəsi olmasını tam açıqlığı ilə ortaya qoyur. Antiazərbaycançı şəbəkə isə bir çox hallarda öz xülyasını sapı özümüzdən olan baltalar vasitəsilə gerçəkləşdirməyə cəhd göstərir. Təəssüflə qeyd etməliyik ki, şəxsi ambisiyaları, vəzifə və hakimiyyət hərisliyi, vətənə xəyanəti, siyasi intriqantlığı səbəbindən bu gün Azərbaycan dövlətinə düşmən gözü ilə baxan özümüzünkülər də var. Antiazərbaycançı dairələrin təsirinə düşən belələrinin kimisi öz daxilimizdən, kimisi AmerikadanAvropadan, kimisi də Cənubdan və Şimaldan şirnikləndirilərək Azərbaycan əleyhinə riyakar siyasətin və təbliğatın ruporuna çevrilirlər. AP-nin Azərbaycana qarşı iftira ilə dolu qətnaməsi də belələrinin verdiyi yalan informasiyalar əsasında formalaşır.

Bu gün Avropaya inteqrasiya yolu tutan Azərbaycan həm də bütün bəşəriyyətə  təhlükə olan terrorizmlə mübarizə aparır. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən strateji tərəfdaşdır. Torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, cəmiyyətimiz öz tolerantlıq ənənələrini saxlayır və inkişaf etdirir. Lakin AP-nin bütün bunları görmək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində bir milyona yaxın soydaşımızın hüquqlarının pozulmasına münasibət bildirmək əvəzinə antiazərbaycançı şəbəkənin sifarişi ilə iftira dolu qətnamə ortaya qoyması sadəcə təəssüf doğurur.

Əslində AP-ni insan hüquqları və azadlıqları məsələsi qətiyyən narahat etmir. Əgər narahat etsəydi, insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində məsələ qaldırardı. Bu mənada AP Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarilə məsələlərə birtərəfli yanaşdığının fərqində olmalıdır. AP qanunçuluqdan, insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidir. Bütün bunları görməməzliyə vuraraq Azərbaycana qarşı sifarişlə qərəzli mövqe tutmaq nəticə etibarilə AP-nin özünün imicinə zərbə vurur.

Görünən odur ki, AP erməni lobbisinin əsirinə çevrilib, onun yalan iddiaları və təhrif edilmiş məlumatları əsasında hərəkət edir. Azərbaycan isə müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Müstəqil siyasət yeridən bir dövlətə təzyiq göstərilməsi həm qəbuledilməz, həm də qeyri-mümkündür.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 6.