Bəşəriyyəti uçuruma
sürükləyən erməni separatizminin qarşısı dünya birliyi tərəfindən
alınmalıdır
Narkotik
maddələrin becərilməsi, emalı, nəqli və
yayılması dünyada cinayətkarlığın və
zorakılığın artmasına birbaşa təsir edən
ən güclü amillərdən biridir. Bu sahədən əldə
olunan gəlirin müəyyən hissəsi bir tərəfdən
terrorçu təşkilatların maliyyələşdirilməsinə
və silahlandırılmasına, digər tərəfdən
də narkotik maddələrin bazarının genişləndirilməsinə,
dünyanı hörümçək toru kimi bürüyən
nəhəng narkoşəbəkənin fəaliyyətinin
qorunmasına sərf edilir. BMT-nin məlumatına görə,
Əfqanıstanda narkodilerlərin plantasiyaları 190 min
hektardan artıqdır. Taliblərin illik qazancı 100 milyon
dollara yaxındır. Bir kiloqram narkotik maddənin
yetişdirilməsi 10 dollara başa gəlirsə, son
satışdan əldə olunan qazanc milyonlarla
ölçülür. Məhz bu amil - müəyyən məbləğ
xərcləməklə milyonlar qazanmaq şansı opium səltənətinin
dəllallarını dünyanın varlı adamlarına
çevirir. Narkodilerlərin inkişafı üçün
münbit mühit isə nəzarətdən
çıxmış qanunsuz ərazilər, işğal
edilmiş torpaqlar və ərazilərində aramsız
müharibələr gedən dövlətlərdir. Məhz
belə ərazilərdə narkodilerlər qeyri-leqal biznes
strukturlarının geniş şəbəkəsini, istehsal
sahələrini yaradır, aramsız fəaliyyət göstərən
satış mərkəzlərini qurur, yayım coğrafiyasını getdikcə
genişləndirirlər.
Müharibələr,
münaqişələr insanların kütləvi şəkildə
yaşadığı ərazilərdən
köçürülməsinə və ya zorla qovulmasına
səbəb olur. Nəticədə min hektarlarla sahibsiz qalan
torpaqlarda tərkibində narkotik maddələr olan bitkilərin
nəzarətsiz əkini, istehsalı və
qaçaqmalçılığı asanlaşır,
narkobiznes yüksək gəlir gətirən sahə kimi
qeyri-qanuni hərbi birləşmələrin qazanc mənbəyinə
çevrilir. Beləliklə, narkotacirlərin
yazılmamış qanunları ilə idarə olunan "opium
imperiyası" yaranır.
Sərhədləri və məkanı bilinməyən "opium imperiyası" tərəfindən terrorçu təşkilatlar maliyyələşdirilir, münaqişələrin uzanmasına və dərinləşməsinə cəhdlər edilir, silah alveri, qaçaqmalçılıq, insanların oğurlanması, girov götürülməsi, çirkli pulların leqallaşdırılması və minlərlə başqa cinayət bu həyatın təzahürləri kimi ortaya çıxır. Üzdəniraq "xeyriyyə" təşkilatları vasitəsilə maliyyə vəsaitlərinin köçürülməsi, insan alveri, qaynar nöqtələrə muzdluların göndərilməsi, sifarişli qətllərin təşkili, qumarxana və əxlaqsızlıq yuvalarının fəaliyyəti üçün bu ərazilərdən istifadə edilir.
Bunlar təkcə bizim deyil, dünyanın gözü qarşısında baş verir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim narkotik maddələrin istehsalı, nəqli və satışı, insan və silah alverindən qazandıqlarını terrorizmin maliyyələşdirilməsinə yönəldən əcaib bir struktura çevrilmişdir. Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün əraziləri dünya birliyinin nəzarətindən kənarda qalaraq beynəlxalq terrorizmin və transmilli cinayətkarlığın tüğyan etdiyi məkana çevrilmişdir. Cinayətkar iqtisadi fəaliyyətin bütün dövriyyəsi bu ərazidə yaradılıb və geniş şəbəkəyə malikdir. Çünki bu zonalara nə yerli, nə də beynəlxalq nəzarət var. Dağlıq Qarabağda və ona bitişik rayonlarda yerləşdirilən Ermənistan hərbi birləşmələri tərkibində narkotik maddələr olan bitkilərin böyük plantasiyalarının salınmasına, kultivasiyasına nəzarət edir. Məlumata görə, bu ərazilərdəki xüsusi düşərgələrdə xarici terrorçu qruplar həm təlim keçir, həm də narkotik maddələr əkib-becərirlər. Məhsulu topladıqdan sonra isə izi itirmək üçün bütün ərazilərə od vurub yandırırlar.
Bu günlərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan qrup aşkar olunub. Onlardan ümumilikdə 40 kiloqramdan çox narkotik vasitə götürülüb. Müəyyən edilib ki, bu narkotik vasitələrin əkilməsi, yetişdirilməsi, toplanması işğal altında olan Azərbaycan torpaqlarında təşkil edilib. Sonradan isə həmin narkotik vasitələr İrana keçirilərək Azərbaycana gətirilib. Qeyd edək ki, bu, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin aşkara çıxardığı birinci fakt deyil, neçə illərdir ki, belə hadisələr təkrar-təkrar baş verir. Dəfələrlə təsdiqlənib ki, Dağlıq Qarabağda yetişdirilən narkotik vasitələr ilk olaraq İrana, oradan da digər ölkələrə - Avropaya, hətta Uzaq Şərqə belə daşınır.
Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması nəticəsində nəzarətsiz qalan 132 kilometrlik sərhəd zolağından narkotik vasitələrin daşınması üzrə 3 beynəlxalq marşrut keçir. Bu marşrutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır. Lakin beynəlxalq marşruta daxil olmayan daha bir ərazi də var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır. Bu marşrutu BMT Dağlıq Qarabağı tanımadığı üçün hesabatlarına daxil etmir. Qeyd etdiyimiz kimi, narkomafiyanın genişlənməsi üçün ən münbit şərait nəzarətsiz ərazilər, münaqişə ocaqları, torpaqlarında müharibə gedən ölkələrdir. XX əsrin son onilliyi separatçı rejimlərin təşəkkül tapdığı qanunsuz ərazilərin yaranması ilə tarixə yazıldı. Nə yazıq ki, Azərbaycan torpaqlarının bir qismi belə separatçı rejimin nəzarəti altındadır.
Azərbaycan tərəfi işğal altında olan ərazilərində separatçıların narkotik bitkilərin plantasiyalarını salmaları ilə bağlı dəfələrlə beynəlxalq aləmi məlumatlandırıb, vəziyyətin ciddiliyi haqqında yazılı və şifahi müraciətlər edib. Narkotiklərdən əldə olunan vəsaitlə Ermənistan silah bazasını genişləndirir, narkotrafikin İrandan keçən marşrutlarından faydalanır.
Ölkəmizin bu məsələni hər zaman gündəmdə saxlamasına baxmayaraq, dünyanı o qədər də narahat etməmişdi. Halbuki diplomatların Vaşinqtona göndərdiyi məlumatlarda Azərbaycanın həyəcan təbili və ortaya qoyduğu faktlar sübut olunmuşdu. Orada bildirilir ki, Azərbaycanın tranzit yollarının üzərində yerləşdirilən beynəlxalq narkotik şəbəkəsi bu məkandan geniş şəkildə istifadə edir. O da vurğulanmışdı ki, Avropaya daşınan narkotik maddələrin böyük bir qismi Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağ ərazisindən keçirilir.
Hüquq-mühafizə orqanları nəzarət olunan ərazilərimizdən narkotik maddələr keçirən bütün cinayətkar dəstələri zərərsizləşdirə bilsə də, Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara nəzarət etmək məlum səbəblər üzündən mümkün deyil. Məhz bu amil erməni narkotacirlərinə böyük pullar qazanmağa imkan verib. Bu günlərdə aparılan əməliyyatlar dediklərimizin sübutudur. İndiyədək müşahidə olunan hadisələrdən görünən odur ki, beynəlxalq aləm bəzi ölkələrdə narkotik tranzitinə və əməliyyatçılarına, onların qanunsuz maliyyə dövriyyəsinə qarşı sanksiyalar tətbiq edir, ciddi tədbirlər görürlər. Dağlıq Qarabağa gəldikdə isə susur, cinayətlərə göz yummaqdan daha çox himayələri altına alırlar. Buradakı separatizm rejiminin himayədarlığı sayəsində erməni narkobaronlarının özbaşınalığı artır. Dünya bu ərazilərdə törədilən cinayətlərin, qeyri-qanuni narkotik dövriyyənin bütün dövlətlər üçün doğurduğu təhlükələri nədənsə görmək istəmir. Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar Ermənistanın həm narkotik vasitələrin yetişdirdiyi məkana, həm də terrorçu qüvvələrin təlim bazasına çevrilib.
Ermənistanda nəşr olunan "Joxovurd" qəzetində bir neçə gün öncə dərc olunan materialda yazılır ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin qubernatoru, prezidentin yaxın adamlarından sayılan Suren Xaçaturyan narkotik alverçisidir. O, narkotik alverinə Rusiyadan başlayıb: "Bu səbəbdən də Rusiyada onun barəsində cinayət işi qaldırılıb". Ermənilər İrandan da külli miqdarda narkotik daşıyırlar. Bu əlaqələr narkotik ticarətin dövriyyəsini artırır. Çox maraqlıdır ki, hətta Malayziyanın daxili işlər naziri də ölkəsinə gətirilən narkotik maddələrin Ermənistandan daşındığını bəyan edib. İrandan narkotik vasitələrin hava yolu ilə Dubay-Ermənistan-Kişi-Doxu-Kolombo marşrutu ilə Malayziyaya gətirildiyini deyib. Daxili işlər naziri Abu Seman Yusif həmçinin Malayziyada qısa müddət ərzində narkobizneslə məşğul olan İran vətəndaşlarının sayının durmadan artdığını bildirib.
Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalardan məlum olur ki, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistandan keçir. Terrorçu Ermənistan dövləti və separatçı Qarabağ rəhbərliyi narkotik ticarətinə birbaşa himayədarlıq edirlər.
Transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığa dair ayrı-ayrı dövlətlər arasında bağlanılan ikitərəfli və çoxtərəfli müqavilələrdə həmçinin qeyri-qanuni yolla qazanılan gəlirlərin leqallaşdırılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı nəzərdə tutulur. Təəssüf ki, bu sənədlərin əksəriyyəti hələ ki deklarativ xarakter daşıyır, orada nəzərdə tutulmuş öhdəliklər icra olunmur. Tam əsaslandırılmış şəkildə deyə bilərik ki, Dağlıq Qarabağın marionet rejimi terrorçuluğu fövqəlgəlirli biznes sahəsinə çevirmişdir. Terrorizmi dövlət siyasətinə çevirən Ermənistanla ona yaxın olan dövlətlərin narkobiznes şəbəkəsində cütləşməsi planetar miqyasda narkoterrorizmin dünyaya yayılmasına rəvac verir, sülhə can atan bəşəriyyəti yeni fəlakətlərin uçurumuna yuvarlayır.
Əlbəttə,
bu cür bəşəri bəlaya qarşı dünya
birliyi birləşib mübarizəsini gücləndirməlidir.
Rəsmiyyə RZALI
Azərbaycan.-2013.- 19 iyun.- S. 7.