Böyük Britaniyada ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətindən
bəhs edən kitab çap olunmuşdur
Böyük Britaniyada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi" adlı kitab çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, bir çox görkəmli dünya liderləri haqqında kitab yazan məşhur ingilis naşiri Graeme H.Vilsonun müəllifi olduğu kitabda dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi xarakterizə olunur, ulu öndərin böyük siyasi və dövlət xadimi kimi fəaliyyətinə nəzər salınır.
Nəşrdə ümummilli lider Heydər Əliyevin böyüdüyü mühit təhlil olunur. Bu mühitin ulu öndərin böyük şəxsiyyət və siyasətçi kimi formalaşmasına təsirindən bəhs edilir. Müəllif Heydər Əliyev şəxsiyyətinin formalaşması, onun sıravi bir azərbaycanlı ailəsindən çıxaraq keçmiş sovet elitasının zirvəsinədək yüksəlməsi və bu çətin yolda əldə etdiyi uğurlardan geniş söhbət açır.
Bundan əlavə, kitabda ulu öndər Heydər Əliyevin böyük siyasət xadiminə xas olan möhkəm iradə, uzaqgörənlik, xalqın yüksək etimadına nail olması kimi xüsusiyyətləri oxucunun diqqətinə çatdırılır.
Nəşrdə
dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanda
hakimiyyətə qayıdışından, bu istiqamətdə
gərgin siyasi mübarizədən və ulu öndərin Azərbaycan
dövlətçiliyinin formalaşması istiqamətində
gördüyü işlərdən bəhs olunur.
Azərbaycan.-2013.- 19 iyun.- S. 8.