Azərbaycanın Rusiya
Federasiyasındakı səfirliyində Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilmiş xatirə markasının rəsmi
möhürlənmə mərasimi olmuşdur
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş xatirə markasının rəsmi möhürlənmə mərasimi keçirilmişdir. "Müqəddəs Apostol Andrey Pervozvannı ordeni kavalerləri" seriyasından olan marka Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin nəzdindəki "Marka" Nəşriyyat və Ticarət Mərkəzi və Azərbaycanın "Azərmarka" şirkəti tərəfindən birgə buraxılmışdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimi açaraq bütün iştirakçıları Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təbrik etmişdir. Diplomat bildirmişdir ki, 15 iyun ölkəmizdə böyük bayramdır. Azərbaycan xalqı bu gün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışını qeyd edir.
Səfir P.Bülbüloğlu dahi lider Heydər Əliyevə həsr olunmuş markanı təqdim edərək demişdir: "Markanın üzərində Heydər Əliyevin şəkili və Rusiyanın gerbi təsvir olunmuşdur. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş və bizim hamımızın birgə yaşadığımız bu ölkə üçün çox işlər görmüşdür. Ona görə də Rusiyada belə markanın buraxılması qanunauyğundur. Heydər Əliyevin xidmətləri çox böyükdür. O həm təhsil, həm mədəniyyət, həm də nəqliyyat sahələrinə kuratorluq etmişdir. Onun tabeliyində Sovet İttifaqının 16 nazirliyi var idi. Belə markanın buraxılması görkəmli dövlət və siyasi xadimin xatirəsinə verilən lazımi qiymətdir".
Daha sonra görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr edilən poçt markasının təntənəli möhürlənmə mərasimi olmuşdur. Mərasimdə bildirilmişdir ki, 440 min nüsxə tirajla buraxılmış marka Rusiyanın və Azərbaycanın bütün poçt rabitəsi şöbələrinə daxil olmuşdur. Bu gün möhürlənən marka və zərflər də böyük filatelizm dəyərinə malikdir. Möhürlənmə mərasimindən sonra onlar müəyyən nöqteyi-nəzərdən nadir və yeganə olacaqdır.
Təntənəli möhürlənmə mərasimindən sonra Moskva Dini Qurumlarla Əlaqələr və Milli Siyasət, Regionlararası Əməkdaşlıq Departamentinin rəhbəri Yuri Artyux çıxış etmişdir. O demişdir: "Hər bir xalq üçün böyük xoşbəxtlikdir ki, onun tarixinin çətin vaxtlarında xalqını ağır vəziyyətdən çıxarmağı və birləşdirməyi, onu düzgün yola istiqamətləndirməyi bacaran bir lider gəlir. Bu gün Azərbaycan həmin yolla inamla irəliləyir. Bugünkü mərasim böyük insanın keçdiyi həyat yolunun çox vacib əksidir. Azərbaycan Rusiya üçün qardaş və dost ölkədir. Azərbaycan xalqı isə dostluq etdiyimiz, birlikdə, yan-yana yaşadığımız xalqdır".
"Marka" Nəşriyyat və Ticarət Mərkəzinin baş direktoru Artyom Adibekovun sözlərinə görə, dünyanın bütün ölkələrində markalar o ölkənin həyatında çox böyük və mühüm əhəmiyyət kəsb edən hadisələrlə əlaqədar olaraq buraxılır. Bugünkü buraxılış da istisna deyildir. A.Adibekov demişdir: "Heydər Əliyevin yubileyi bizim ölkəmiz üçün də mühüm hadisədir. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Rusiyanın da görkəmli siyasi xadimidir. Heydər Əliyev həm keçmiş Sovetlər İttifaqı üçün, həm də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onun gözəl əməllərinə və siyasi irsinə görə biz bu markanın buraxılmasını plana daxil etmək qərarına gəldik".
A.Adibekov
markanı azərbaycanlı həmkarları ilə birgə
buraxdıqlarını qeyd edərək bildirmişdir ki, bu
günlərdə "Azərmarka" şirkəti belə
markanı Azərbaycanda da təqdim etmişdir. O demişdir:
"Bu, Azərbaycan və Rusiya arasında dostluğun və
yeni birgə iş təcrübəsinin daha bir
sübutudur".
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 19 iyun.- S. 8.