ABŞ-da şəxsi kolleksiyada saxlanılan qədim xalçalarımız Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim olunmuşdur

 

Amerika vətəndaşı xanım Beverli Şilts mərhum həyat yoldaşı, ABŞ-ın Şərq Xalçası və Tekstili üzrə Çikaqo Cəmiyyətinin sabiq üzvü Qrover Şiltsin şəxsi kolleksiyasında saxlanılan iki ədəd qədim Azərbaycan xalçasını - "Əjdahalı"nı (Qarabağ, XVII əsrin sonu) və "Səlyan xiləsi"ni (Şirvan, XIX əsr) Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim etmək üçün Bakıya gətirmişdir.

AzərTAc xəbər verir ki, iyunun 18-də həmin nadir incəsənət nümunələrinin muzeyə təqdim olunması mərasimi keçirilmişdir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mənəvi sərvətlərin, o cümlədən qədim xalça nümunələrinin dünyanın müxtəlif məşhur muzeylərində, şəxsi kolleksiyalarında saxlanıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, dövlətimiz Azərbaycan xalqına məxsus xarici ölkələrdə saxlanılan mədəni sərvətlərin ölkəmizə qaytarılması üçün müvafiq tədbirlər həyata keçirir.

Bu baxımdan tədbirin əhəmiyyətini vurğulayan natiq qeyd etmişdir ki, bu gün Amerika vətəndaşı xanım Beverli Şilts mərhum həyat yoldaşı, ABŞ kolleksiyaçısı Qrover Şiltsin şəxsi kolleksiyasından iki ədəd qədim xalçamızı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə təqdim edəcəkdir. Bu, Azərbaycanın mədəni həyatında çox mühüm hadisədir.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin xanım Beverli Şiltsə təbrik məktubu oxunmuşdur. Təbrik ünvanı Beverli Şiltsə təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan  Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva dünyanın müxtəlif muzey və kolleksiyalarında saxlanılan Azərbaycanın incəsənət və qədim xalq tətbiqi nümunələrinin ölkəmizə gətirilməsi istiqamətində görülmüş işlərdən söhbət açmış və "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin qanunun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin müvafiq fərmanını xatırlatmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə bu qədim sənətə həmişə yüksək səviyyədə diqqət və qayğı göstərilmişdir.

Muzeyə təqdim olunan xalçalar haqqında məlumat verən direktor bildirmişdir ki, XVII əsrə aid Qarabağın "Əjdahalı" xalçasının muzeyə hədiyyə olunması əjdaha kompozisiyalı xalçanın və həmçinin onun çeşnisi əsasında toxunulmuş digər xalçaların Azərbaycan xalçası kimi təsdiqini tapmasında mühüm rol oynayacaqdır. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olacaqdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın nadirqeyri-adi, qədim xalça sənəti tarixində ana xalça olan XVII əsrə məxsus bu sənət nümunəsi bugünədək ölkəmizin heç bir muzey və kolleksiyalarında qeydə alınmamışdır və onların vətənimizə qaytarılması mədəniyyət tariximizdə çox mühüm hadisədir.

Bildirilmişdir ki, bugünkü təqdimat mərasimində ABŞ, Almaniya, İtaliya və digər xarici ölkələrdən 15 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin müxtəlif muzeyləri ilə tanış olacaqlar.

Tədbirdə tanınmış rəssam, xalça ustası Eldar Mikayılzadə, ICOC (Şərq xalçaları üzrə Konfrans) Akademik Komitəsinin sədri Alberto BoraleviICOC-un üzvü  Stefano İonesko çıxış edərək bugünkü tədbirin  xarici ölkələrdə saxlanılan maddi mədəni sərvətlərin öz vətənlərinə qaytarılması istiqamətində əhəmiyyətini xüsusilə qeyd etmişlər. Bildirilmişdir ki, Amerika vətəndaşının Azərbaycan mədəniyyətinə, həmçinin xalça sənətinə rəğbəti və humanist addımı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir.

Sonra mərhum ABŞ kolleksiyaçısı Qrover Şiltsin həyat yoldaşı xanım Beverli Şilts qədim Azərbaycan xalçalarını muzeyə təqdim etməsindən məmnunluğunu bildirmişdir.

Tədbir çərçivəsində  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Əjdahalı" xalçasının kompozisiyası əsasında yaradılıb inkişaf etdirilmiş, müxtəlif xalça məktəblərində toxunmuş "Azərbaycanın əjdahalı xalçaları" mövzusunda sərgi açılmışdır.

Həmçinin xalça kolleksiyaçısı Koos de Conqun xalça məmulatları haqqında "Əjdaha və at" kitabı muzeyə hədiyyə olunmuşdur.

Sonda qonaqlar muzeylə tanış olmuş və onlara hədiyyələr təqdim edilmişdir.

 

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 16.