Rabitə və informasiya
texnologiyaları naziri Şəkidə vətəndaşları
qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AzərTAc
xəbər verir ki, iyunun 19-da rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov Şəkidə bu rayondan,
eləcə də Balakən, Zaqatala Qax, Oğuz, Qəbələ
rayonlarından və Mingəçevir şəhərindən
olan vətəndaşları qəbul etmişdir.
Şəki Telekommunikasiya Qovşağının konfrans zalında nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, müraciətlərin bəziləri yerindəcə həllini tapmışdır.
Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirmişdir ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmalarına kömək göstərilməsi ilə bağlı olmuşdur. Nazir vurğulamışdır ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilmişdir. Müraciətlərin bir neçəsi ucqar kəndlərdə mövcud rabitə problemləri ilə bağlı olmuşdur. Nazir bildirmişdir ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Qəbul zamanı bir neçə valideyn isə ali məktəblərdə təhsil alan övladlarının təhsil xərclərinin ödənilməsinə kömək göstərilməsini xahiş etmişlər. Bu müraciətlər də demək olar ki, müsbət həllini tapmışdır.
Əli
Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə
aid olmayan məsələlərlə bağlı müraciətlərinin
də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini
diqqətə çatdırmışdır.
Azərbaycan.-2013.- 20 iyun.- S.3.