Nəqliyyat naziri Şirvan şəhərində vətəndaşları
qəbul etmişdir
İyunun 19-da nəqliyyat naziri Ziya Məmmədov Şirvan şəhərindəki mədəniyyət evində bu şəhərdən, eyni zamanda, Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.
AzərTAc xəbər verir ki, nazirliyin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda bu rayonlarda yaşayan sakinlərin müraciətinə baxılmışdır.
Görüşdə işə qəbul, kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən konpensasiyanın ödənilməsi, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.
Qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, vətəndaşların digər müraciətləri əlaqədar köməklik göstərilməsi məqsədi ilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bəzi
vətəndaşların nazirliyin səlahiyyətlərinə
aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri
isə müvafiq təşkilatlara çatdırılmaq
üçün qeydiyyata alınmış və nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2013.- 20 iyun.- S.3.