Ermənipərəst
«Freedom House»dan növbəti iftira
Azərbaycan
Respublikası qısa müddət ərzində siyasi, sosial-iqtisadi və digər sahələrdə
nail olduğu sıçrayışlı yüksəlişlə,
o cümlədən yerləşdiyi məkanın siyasi və
iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi
Qafqazın aparıcı dövlətinə çevrilib. O
cümlədən regionda və dünyada cərəyan edən
proseslərlə bağlı Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət Azərbaycanı regionun lider dövləti
edib. Hər ötən il Azərbaycan imkanlarını
dünyaya nümayiş etdirərək ölkəmizin beynəlxalq
imicini artıran mühüm hadisələrlə tarixə
qızıl hərflərlə yazılır.
Hazırda
Azərbaycan nail olduğu dinamik yüksəlişin
bütün parametrləri üzrə böyük inkişaf
yolu keçmiş ölkələrlə bir sıradadır.
BMT kimi dünyanın ən əsas təşkilatının Təhlükəsizlik
Şurasında təmsil olunan Azərbaycan həm də
dünyanın maraq göstərdiyi böyük miqyaslı
ictimai, siyasi, mədəni tədbirlərə ev sahibliyi etməkdədir.
Bütün bunlarla yanaşı, Azərbaycanda mütərəqqi
demokratik dəyərlərə sadiqlik, insan hüquq və
azadlıqlarının etibarlı müdafiəsinin təmini,
vətəndaş cəmiyyətinin inkişafı və
möhkəmləndirilməsi dövlət siyasətinin
prioritet istiqamətləridir. Demokratikləşmə, insan
hüquq və azadlıqlarının təsbit edilməsi
istiqamətində həyata keçirilən ardıcıl
dövlət siyasətinin mühüm tərkib hissələrindən
biri fikir və mətbuat azadlığının təmin
edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyəti və inkişafı üçün
münbit şəratinin yaradılması, bu sahədə olan
bütün maneələrin tamamilə aradan
qaldırılmasıdır.
Ölkəmizdə qeyri-hökumət
təşkilatlarının layihələrinin dövlət
büdcəsindən maliyyələşdirilməsi vətəndaşların
və ictimai qurumların fəallığının
artmasına böyük təkan verir. Bu gün Azərbaycanda
ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada
QHT-lərin sərbəst fəaliyyəti və mövqeyi
görünməsin. 2700-dən çox QHT-nin qeydiyyata
alınması bunu təsdiq edir. Vətəndaş cəmiyyətinin
mövcudluğunu şərtləndirən bütün
seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət
göstərir. Qeyri-hökumət təşkilatları və
kütləvi informasiya vasitələri ilə yanaşı,
siyasi partiyaların da fəaliyyəti üçün hərtərəfli
imkanlar yaradılmışdır. Cəmiyyətin hər bir
üzvünün hər hansı birlik, ittifaq, dərnək
yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ
ölkə Konstitusiyası və qanunları ilə tanınır.
Azərbaycanda
vətəndaşların sosial və iqtisadi hüquqları
müasir dövrün çağırışlarına
uyğun təmin olunur. Eyni zamanda bütün bu sahələrin
müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir
və inkişaf edir. Hər bir sahə üzrə "bir pəncərə"
sisteminin formalaşdırılması, "ASAN" xidmətinin
yaradılması bunun əyani təsdiqidir.
Lakin bir məsələni
də qeyd etməliyik ki, biz ölkəmizin yüksəlişindən,
xalqımızın rifahının yüksəlməsindən
nə qədər qürur duysaq da, müstəqilliyimizi
gözü götürməyən, dövlətçiliyimizi
istəməyən bəzi dairələr bu inkişafa
qısqanclıqla yanaşır, Azərbaycana qarşı
çirkin kampaniyalar aparırlar. "Freedom House" kimi
subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar
isə Azərbaycana qarşı aparılan qərəzli
kampaniyaların fəal iştirakçıları qismində
çıxış edirlər.
"Freedom
House"nin Azərbaycanda insan hüquqlarının müdafiəsi
və vətəndaş cəmiyyətinin inkişafı
istiqamətində görülən işləri görməzliyə
vurması və hazırladığı "Keçid
dövrü ölkələri-2013" adlı hesabatda Azərbaycanda
insan haqları və vətəndaş cəmiyyəti
üçün həyəcanlı vəziyyət hökm
sürdüyünü iddia etməsi isə bu təşkilatın
Azərbaycana qarşı nümayiş etdirdiyi növbəti
qərəzli mövqeyidir.
Əslində,
bu cür təşkilatların hesabatları hər bir ölkədə
vəziyyəti düzgün əks etdirməli, demokratiya və
hüququn aliliyi prinsiplərinin qorunmasına
hesablanmalıdır. Hesabatın əhatə etdiyi dövrdə
insanların hüquq və azadlıqlarının təmin
edilməsi istiqamətində atılan addımların dərin
təhlili apırılmalı və yekun nəticə hesabatda
yer almalıdır. Lakin "Freedom House" və onun kimi bəzi
təşkilatlar qarşılarına başqa məqsəd
qoyublar və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə,
qərəzli və yalan məlumatlar əsasında hər
zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa
cəhd göstərirlər. Azərbaycanın adının
hesabatlarda demokratik işartıların görünmədiyi
ölkələrlə bir sırada çəkilməsi bunu təsdiq
edir.
Əslində
"Freedom House"-dan başqa şey gözləmək də
olmaz. Çünki bu təşkilat Azərbaycana qarşı
daimi qərəzli mövqeyi ilə ermənipərəst və
antiazərbaycançı dairələrin sifarişini yerinə
yetirdiyini çoxdan sübut edib. Elə sonuncu hesabatda da Azərbaycanın
demokratik dəyərlərə önəm verdiyini görməzliyə
vurması, insanları qorxu və xof içərisində,
siyasi və mülki məhrumiyyətlər girdabında
yaşadıqları Ermənistanı isə üstün
tutması bu təşkilatın ermənipərəst
mövqeyinin növbəti təsdiqidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 20 iyun.- S.4.