«Zəngəzur toponimləri»
kitabının təqdimat mərasimi keçirilmişdir
İyunun 19-da "Park-Inn" mehmanxanasında Milli Məclisin deputatı, parlamentin Toponimiya komissiyasının üzvi, şair-publisist Musa Urudun (Quliyev) "Zəngəzur toponimləri" kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, akademik, əməkdar elm xadimi Teymur Bünyadovun elmi redaktorluğu ilə işıq üzü görən kitab müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə ithaf edilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı açaraq müəllifin şair, publisist, tədqiqatçı, siyasətçi kimi səmərəli fəaliyyətindən, qələmə aldığı əsərlərdən söz açmışdır.
Mübariz Qurbanlı bildirmişdir ki, Qərbi Azərbaycan ərazisindəki toponimlərin hamısı qədim türk adlarıdır, sonrakı dövrlərdə ermənilər bu yer adlarını dəyişdirərək tarixi saxtalaşdırmağa çalışmışlar. Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasından 25 il keçir. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Eyni zamanda bu faktı beynəlxalq səviyyədə qaldırmaq üçün işlər aparırıq. Bu kitab özü bizim əlimizdə bir faktdır.
M.Urudu vətənpərvər bir insan kimi xarakterizə edən natiq vurğulamışdır ki, o, bütün yaradıcılığı boyu Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurun tədqiqinə, onun tarixinin öyrənilməsinə böyük səy göstərmişdir. Təqdim olunan kitab da məhz müəllifin doğma yurda olan sevgi və istəyinin təzahüründən yaranmışdır.
Təqdimat mərasimində Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Milli Məclisin deputatı Fəzail Ağamalı və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışmışlar.
Bildirilmişdir ki, vətənimizin ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun yer-yurd adlarına həsr edilmiş bu kitab doğma diyar haqqında hər bir oxucuya zəngin məlumatlar verəcəkdir. Bölgədəki 838 toponimin ətraflı izahı verilən bu dəyərli kitabı müəllifin elmi-publisistik "Zəngəzur" əsərinin ikinci hissəsi də hesab etmək olar. Kitabda bizim eranın əvvəllərindən ta çağdaş dövrümüzə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xatirələr, habelə yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilmiş, bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, məişəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılmışdır.
Vurğulanmışdır ki, kitabda çox sayda toponimlər tayfaların adları ilə izah olunur. Əsər tarixi əhəmiyyət daşıyır və ermənilərin yalanlarının ifşa edilməsi baxımından olduqca əhəmiyyətlidir. Məhz bu səbəbdən də kitabın xarici dillərə tərcümə olunaraq yayılması olduqca vacibdir.
Diqqətə çatdırılmışdır ki, kitab bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sonda
mərasimin iştirakçılarına minnətdarlığını
bildirən Musa Urud demişdir ki, bu kitabın üzərində
işləyərkən Zəngəzurda orta əsrlərdən
müasir dövrümüzədək mövcud olmuş və
yazılı mənbələrdə, xəritələrdə
təsbit edilmiş bütün toponimləri imkan daxilində
araşdırmağa, dəqiqləşdirmələr
aparmağa, elmi və tarixi cəhətdən daha
düzgün hesab etdiyim yazılış formalarını
tapmağa çalışmışam.
Bu gün Zəngəzur torpağı düşmən tapdağı altındadır və bu işğal nəticəsində oradakı bütün azərbaycanlı yaşayış məntəqələri dağıdılmış və adları erməniləşdirilmişdir. Zəngəzuru gələcəkdə yerində tədqiq etmək istəyən alimlərimizə, eləcə də ata-baba yurdlarını ziyarət etmək arzusunda olanlara kömək məqsədi ilə toponimləri mümkün qədər coğrafi dəqiqliklə verməyə, rayon mərkəzindən hansı tərəfdə, hansı məsafədə olduğunu göstərməyə cəhd göstərmişəm.
Təqdimat
mərasimində ermənilər tərəfindən
işğal olunmuş Zəngəzur, eləcə də digər
yurd yerlərindən bəhs edən Musa Urudun müəllifi
olduğu sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan.-2013.- 20 iyun.- S.5.