Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir
İyunun 19-da Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumu keçirilmişdir
Biznes-forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması
naziri Erbolat Dosayevin rəhbərliyi ilə nümayəndə
heyətləri iştirak
etmişlər.
Tədbirdə hər iki tərəfdən rəsmi
şəxslərlə yanaşı,
sənaye, kənd təsərrüfatı, ərzaq
sənayesi, tikinti, turizm və digər sahələrdə
fəaliyyət göstərən
iş adamları təmsil olunmuşlar.
Mangistau vilayətinin akimi Alik Aydarbaev forum iştirakçılarını salamlamış, vilayətin
sosial-iqtisadi inkişafı
haqqında məlumat vermiş, Azərbaycan ilə yaranmış əməkdaşlığın inkişafı məsələlərinə
toxunmuşdur.
Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Erbolat Dosayev belə biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulamış, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu bildirmiş, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Qazaxıstan ilə ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu bildirmişdir. Nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını qeyd etmişdir.
Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, 90-dan çox sənəd imzalanmışdır ki, bunun da 20-si iqtisadi sahəyə aiddir. Əlaqələrin genişlənməsi sahəsində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının indiyədək 9 iclası keçirilmişdir.
Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanda Qazaxıstan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 37 şirkət uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitalı ilə işləyən 46 müəssisə qeydiyyatdan keçmişdir. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir bu biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya imkanları və işgüzar əlaqələri haqqında məlumat vermişdir.
Biznes-forum çərçivəsində AZPROMO ilə Mangistau vilayət akimliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
***
Aktauda keçirilmiş Qazaxıstan-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Yerbolat Dosayev və Mangistau vilayətinin akimi Alik Aydarbayevlə görüşmüşdür.
Ş.Mustafayevin A.Aydarbayevlə görüşündə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistika mərkəzlərinin yaradılması məsələləri müzakirə edilmişdir.
Sonra
biznes forumda iştirak edən Azərbaycan nümayəndə
heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanın və
Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti, eləcə
də vilayət tarix-diyarşünaslıq muzeyi ilə
tanış olmuşdur.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Aktau
Azərbaycan.-2013.- 20 iyun.- S.6.