Almaniyalı alimə AMEA Tarix
İnstitutunun fəxri doktoru diplomu təqdim olunmuşdur
İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının növbəti iclası olmuşdur. AzərTAc xəbər verir ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilmiş iclasda görkəmli alman tarixçisi, professor İohannas Rau da iştirak etmişdir.
İclasda Y.Mahmudov Azərbaycanın son illər qazandığı çox böyük uğurlardan, ümummilli lider Heydər Əliyevin qurucusu və memarı olduğu demokratik-hüquqi dövlətimizin bu illərdə daha da qüvvətlənməsindən, müstəqilliyimizin möhkəmlənməsindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin məqsədyönlü, dönməz siyasəti nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Almaniyalı professoru tədbir iştirakçılarına təqdim edən Y.Mahmudov demişdir ki, İ.Rau Azərbaycanı sevən, onun üzləşdiyi müsibətlərə biganə qalmayan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük səy göstərən bir alimdir. Alman alim Azərbaycan tarixinə dair "Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi", "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)", "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" kimi qiymətli tədqiqatların müəllifidir. O, "İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)" əsərində Azərbaycan Xalq Cümhuriyyətinin islam dünyasında ilk demokratik cümhuriyyət olduğunu faktlarla, arxiv materialları vasitəsilə əsaslandırmışdır. Müəllif əsərdə cümhuriyyətin tanınması ilə bağlı məsələlərə geniş yer vermiş və xalqımızın ozamankı tarixinə xüsusi məhəbbətlə yanaşmışdır.
Y.Mahmudov professor İ.Raunun əsərlərinin Azərbaycan və rus dillərinə tərcümə olunaraq nəşr edilməsi ilə bağlı elmi şuranın qərarını diqqətə çatdırmışdır. O, dəvəti qəbul edib ölkəmizə gəldiyi, xalqımızın tarixinə diqqət göstərdiyi üçün elmi şura üzvləri adından qonağa minnətdarlığını bildirmişdir.
Tarix İnstitutunun genişmiqyaslı fəaliyyətindən söz açan Y.Mahmudov vurğulamışdır ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edən minlərlə sənəd bu elmi müəssisə tərəfindən toplanmış və tədqiq edilmişdir. Tarix sübut edir ki, ermənilər qədim Azərbaycan torpaqlarına XIX əsrdə gəlmişlər. Əsl tariximizlə bağlı institutun əldə etdiyi mühüm nəticələr tariximizi saxtalaşdırmağa cəhd göstərənlərə tutarlı cavabdır.
Tədbir çərçivəsində institutun elmi şurasının qərarı ilə nəşr olunmuş "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı: təşkilatçılar və qatillər" kitabının təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, layihənin rəhbəri, kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, professor Y.Mahmudovdur.
Y.Mahmudov kitab haqqında ətraflı məlumat vermiş, onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etmişdir.
Sonra professor İ.Raunun Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzələri dinlənilmişdir. Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Y.Mahmudov görkəmli tarixçi-alim İ.Rauya Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında institutun elmi şurasının qərarını oxumuşdur.
Sonra İ.Rauya fəxri doktor diplomu və hədiyyələr təqdim olunmuşdur.
Professor
İ.Rau fəxri ada görə minnətdarlığını
bildirmiş, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün bundan sonra bütün gücünü sərf
edəcəyini vurğulamışdır.
Azərbaycan.-2013.- 20 iyun.- S.6.