Dünyada hər 4 saniyədə bir insan
qaçqına və ya məcburi köçkünə
cevrilir
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında zorla didərgin salınmış insanların sayının son 18 ildə ən yüksək həddə olduğu bildirilir. Didərginliyin əsas faktoru kimi hazırda Suriya böhranı özünü göstərir. Bu səbəbdən qaçqın və məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatmışdır. BMT QAK-ın illik hesabatında göstərilir ki, 2011-ci ilin sonlarında 42,5 milyon insan didərginlik vəziyyətində olmuşsa, 2012-ci ilin sonlarında bu rəqəm artaraq 45,2 milyona çatmışdır.
Əvvəllər olduğu kimi, bu problemin əsasını müharibələr və ondan yaranan səbəblər təşkil edir. Qaçqınların 55 faizi beş əsas ölkədən - Əfqanıstan. Somali, Suriya, İraq və Sudandandır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quteres vəziyyəti şərh edərkən belə demişdir: "Bunlar doğrudan da, həyəcan doğurucu rəqəmlərdir. Bunlar fərdlərin geniş miqyasda zərər gördüyünü əks etdirir, münaqişələrin qarşısının alınmasında və onlar üçün davamlı həll yollarının tapılmasında beynəlxalq ictimaiyyətin çətinliklərini əks etdirir".
Bütün bu faktlar barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə Bakıda dünən keçirilən 20 İyun Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə qaçqın və məcburi köçkünlərin acı həyatını əks etdirən fotostendə baxmışlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, onlar üçün müasir evlər tikilmiş, qəsəbələr salınmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyandan danışan Əli Həsənov qeyd etmişdir ki, təxmini hesablamalara görə bu rəqəm 300 milyard dollardan çoxdur və bu ziyanı erməni xalqı ödəməli olacaq.
Yeni nəşr olunan "Qaçqınların və məcburi köçkünlərin rifahı naminə" üçcildliyi barədə danışan Baş nazirin müavini qeyd etmişdir ki, kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördükləri genişmiqyaslı işlər öz əksini tapmışdır.
Tədbirdə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndiliyinin rəhbəri Daq Siqurdson statistik rəqəmlərə əsaslanaraq bildirmişdir ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir. Ötən il ərzində valideynlərindən ayrı düşmüş uşaqların sayı rekord həddə - 21 min 300 nəfərə çatmışdır. BMT Baş Məclisinin hər il 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi qeyd etməsi məhz bu problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 21 iyun.- S.3.