Peşəkar kadrlar dövlət
qulluğunun hərəkətverici qüvvəsidir
Müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir ki, onlar da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edirlər.
Danılmaz faktdır ki, güclü dövlətin güclü kadrları olmalıdır və elə kadrlar ki, həm yorulmadan işləməyi, həm də səriştəli rəhbərlik etməyi bacarsınlar. Hər bir hakimiyyətin başlıca nailiyyətlərindən biri də geniş və qlobal miqyasda düşünməyi və lokal şəkildə fəaliyyət göstərməyi bacaran kadrlardır. Onlar sürətlə dəyişən gerçəkliklərlə ayaqlaşmalı, keçmişin təcrübəsini unutmamalı, daim irəliyə baxmalı, baş verəcək hadisələri proqnozlaşdırmalıdırlar.
Dövlətdə yüksək intellektual səviyyəli peşəkar qulluqçuların olması ölkənin təhlükəsizliyi üçün güclü ordunun olmasından heç də az əhəmiyyətli deyildir. Əslində, yaxşı idarəetmə kadrları, intellektual və peşəkar kadr elitası olmadan yaxşı ordu da qurmaq mümkün deyildir.
Ümumiyyətlə, kadr siyasəti hər bir insanın Konstitusiya hüquqlarından istifadə etməsinə - cinsindən, yaşından, milliyyətindən, sosial vəziyyətindən, dini etiqadından asılı olmayaraq, onun səriştəsinə müvafiq surətdə öz imkan və qabiliyyətini tam açıb göstərməsinə xidmət etməlidir. Bu məqsədləri reallaşdırmaq üçün Azərbaycan dövləti kadr potensialından istifadənin müxtəlif forma və istiqamətlərinin tətbiq olunmasına, kadrların peşəkarlığının hər vasitə ilə yüksəldilməsinə ciddi əhəmiyyət verir.
Son illər respublikamızda dövlət qulluğunu dünya standartları səviyyəsinə qaldırmaq, dövlət qulluğu kadrları ilə işi yeni strateji formada qurmaq üçün çox iş görülmüşdür. Bu strategiya kadrların hazırlığının planlaşdırılmasından tutmuş onların işə qəbulu, qulluq pillələrində irəliləməsi, əməkhaqqı, attestasiyası, onlar barəsində vahid informasiya bazasının yaradılmasınadək çox müxtəlif məsələləri əhatə edir. Bu məsələdə təbiidir ki, dövlət qulluqçularının peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdırlar. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır".
Ümumiyyətlə, hər bir ölkənin uğurlu inkişafı onu idarə edən rəhbər kadrların uzaqgörənliyindən, strateji düşünmə qabiliyyətindən, bütövlükdə dövlət qulluğunda çalışanların ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirməsindən, öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, müasir dünyanın tələblərini bilməsindən, öz bilik və bacarığını daim təkmilləşdirməsindən çox asılıdır. Bu baxımdan dövlət qulluqçularına verilən tələblər çox yüksəkdir. Ölkə Prezidenti dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyini peşəkar və səriştəli kadrlar yaradacaqdır. Çünki həyat bunu tələb edir. İndi dövlət idarəetməsində insan potensialının üstünlüyünə, dövlət qulluqçusunun işgüzarlıq, mənəvi və intellektual keyfiyyətlərinə daha çox əhəmiyyət verilir. Bu, bir həqiqətdir ki, yalnız peşəkarlığı yüksək olan kadrlar sayəsində dövlət qurumlarının səmərəli fəaliyyətini təmin etmək olar.
Dövlət qulluğunda peşəkarlığın artırılmasına təkan verən amillərdən biri dövlət qurumlarında müasir idarəetmə formaları və sistemlərinin tətbiq edilməsidir. Tətbiq olunan yeni idarəetmə formaları işçilərin həmin forma və metodları mənimsəməsinə, öz bilik və bacarığını artırmasına, öz iş yerini, mövqeyini qorumaq, vəzifə pillələrində irəliləmək üçün müasir tələblərə uyğunlaşmasına səbəb olur.
Dövlət qulluğunun düzgün təşkili dövlət qulluqçularının peşəkarlıq səviyyəsini gündən-günə yüksəltməyə zəmin yaradır. Hazırda respublikada dövlət qulluqçularının peşəkarlığını artırmaq üçün bütün dövlət qurumlarında böyük işlər görülür.
Cəmiyyətin idarə olunmasında çalışanların peşəkarlığını təmin etmək üçün işlək mexanizmlər yaradılmışdır. Bu mexanizmləri aşağıdakı kimi səciyyələndirmək olar:
- xüsusi hazırlıq tələb edən fəaliyyəti təmin etmək sahəsində səmərəli norma və qaydalar işlənib hazırlanmış, peşəkar fəaliyyət sahələrində şəffaflıq, rəqabət prinsiplərinə əsaslanma gücləndirilmişdir;
- peşəkar fəaliyyət növlərinə müvafiq səriştəsi olan kadrların gətirilməsi əsasən təmin edilmiş və kadr xidmətlərinin məsuliyyət sistemi müəyyən edilmişdir;
- peşəkar fəaliyyət növlərində vətəndaşların məşğulluğu məsələlərində dövlət strukturları və peşəkar qurumlar arasında tərəf-müqabil münasibətləri inkişaf etdirilmişdir və sair.
Dövlət qulluğunda peşəkarlığın yüksəldilməsinin əsas şərtlərindən biri də savadlı kadrların seçilməsidir. Öz seçdiyi ixtisas üzrə zəngin biliyə, nəzəri hazırlığa malik olmayan işçinin peşəkar kadra çevriləcəyini demək olmaz.
Peşəkar kadrların seçilməsi üçün başlıca olaraq iqtisadi metodlar vasitəsilə lazımi şərait yaratmaq, cəmiyyəti və vətəndaşları qeyri-peşəkarlardan qorumaq, müxtəlif sosial qruplar arasında ayrı-seçkiliyə yol verilməsinin qarşısını almaq zəruridir. Bu baxımdan respublikamızda həyata keçirilən kadr siyasətində ölkənin bütün sosial təbəqələri nəzərə alınaraq kadr potensialı hərtərəfli təhlil olunur, hamının maraqlarının təmin edilməsinə səy göstərilir. Eyni zamanda, qadınlar və kişilər arasında bərabər imkanlar yaradılması unudulmur.
Bu baxımdan son illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xətti ilə keçirilən müsabiqə və müsahibələri xüsusi qeyd etmək lazımdır. 2005-ci ilin yanvarından fəaliyyətə başlamış komissiya dövlət qulluğuna qəbulun obyektivliyini, hamı üçün bərabər şərait yaradılmasını təmin etmək və ən hazırlıqlı şəxsləri bu sahəyə cəlb etmək üçün ciddi işlər aparır. İndi hər bir dövlət orqanında olan vakant yerləri doldurmaq üçün çox ciddi seçim aparılır, test imtahanları və müsahibələr əsasında ən yaxşılar dövlət qulluğunda işə cəlb edilirlər.
Komissiya tərəfindən 2007-2012-ci illərdə keçirilən müsabiqə və müsahibələrdə 153 dövlət orqanı üzrə 9736 vakant dövlət qulluğu vəzifəsinə 38010 namizəd qeydə alınmışdır. 3959 namizəd uğur qazanmış və onlardan 3331 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin edilmişdir. Komissiyanın fəaliyyəti dövründə 695 nəfər ehtiyat kadrlar sırasına daxil edilmiş, onlardan 245 nəfəri sonradan vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşlar.
Komissiya müsabiqələrdə iştirak edənlərin göstəricilərini vaxtaşırı ümumiləşdirərək müvafiq nəticələr çıxarır, bundan dövlət qulluğuna qəbulun təkmilləşdirilməsində səmərəli istifadə edir. Bundan başqa, komissiyanın internet səhifəsində hər bir vətəndaşa dövlət qulluğu ilə əlaqədar istənilən informasiyanı əldə etmək imkanı yaradılmışdır. Bu və digər tədbirlər təbiidir ki, dövlət qulluqçularının peşəkarlığının artırılmasına müsbət təsir göstərir.
Hazırda dövlət orqanlarında keçirilən attestasiyalar da dövlət qulluqçularının öz peşə ustalığını və peşəkarlığını daim artırmasına, idarəetmənin müasir texnologiyalarına yiyələnməsinə təkan verir. Eyni zamanda, dövlət orqanlarında tətbiq edilən ən müxtəlif təlim formalarından, o cümlədən əlavə kursların keçirilməsindən, seminar-müşavirələrdən və sair formalardan istifadə edilir.
"Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, respublika Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli qərarı ilə "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları" təsdiq edilmiş, dövlət orqanlarında dövlət qulluqçularının ixtisasartırma və yenidən hazırlanmaya olan tələbatı öyrənilmiş, müvafiq təkliflər hazırlanmışdır.
Azərbaycan dövləti ölkədə bütün sahələrdə peşəkar kadrların hazırlanması üçün zəruri təhsil və təlim bazasının yaradılmasına da xüsusi diqqət yetirir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə yanaşı, bir çox sahə akademiyaları yaradılmış və onlar uğurla fəaliyyət göstərirlər. Dövlət İdarəçilik Akademiyasında respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları üçün qiyabi və əyani təhsil kursları açılmış, müasir dünya təcrübəsinin, ən yeni idarəetmə prinsiplərinin öyrədilməsinə şərait yaradılmışdır.
İndi Azərbaycanda fəaliyyət göstərən müxtəlif sahə akademiyalarında təkcə azərbaycanlı mütəxəssislər deyil, hətta xarici ölkələrdən olan müdavim və tələbələr də təhsil alırlar. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında ən yüksək səviyyəli yerli və xarici mütəxəssislər cəlb olunmaqla ingilis dilində təşkil edilən ixtisasartırma kursları peşəkar kadrların hazırlanmasına böyük töhfə verir.
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin sentyabrında diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsində bu sahədə görüləcək işlərin istiqamətini müəyyənləşdirərək demişdir: "Biz irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və hətta bir ay, bir həftə gözləmək olmaz". Ölkə Prezidenti gənclərimizin ən müasir texnologiyaları mənimsəməsini təqdir edərək qürurla deyir: "Bəzilərinə təəccüblü gəlib ki, Azərbaycan kimi ölkədə kosmik sənaye necə ola bilər? Bizim istedadlı kadrlarımız, maliyyə resurslarımız və gələcəyə baxışımız vardır... Biz irəliyə gedəcəyik, istədiyimizə nail olacağıq".
Kadrların peşəkarlığının artırılmasında və ən müasir texnologiyalara yiyələnməsində dövlət qurumlarının özlərinin də təlim təşkilatına çevrilməsi konsepsiyasının tətbiqi son illərdə daha geniş vüsət alır. Bu konsepsiyanın meydana gəlməsi səbəbi bundan ibarətdir ki, sürətlə dəyişən şəraitdə iş üçün zəruri olan idarəçilik vərdişlərini ənənəvi təlim vasitələri ilə öyrənmək mümkün deyildir. Beynəlxalq korporasiyalar təlimin nəticələrini kəskin surətdə yüksəldən yollar axtarmaqda və planlar hazırlamaqda davam edirlər. Burada təkcə kəmiyyət yox, ən başlıcası, keyfiyyət ön plana çəkilir.
Belə təlimdə təkcə nəzəri biliklər və praktiki vərdişlər əldə edilməsi deyil, problemlərin həlli üçün yeni şəxsi keyfiyyətlər formalaşdırmaq əsas götürülür. Konkret nəticələrə istiqamətlənən və "ömürlük təlim" adlanan bu konsepsiyanın tərkib hissəsi "təlim təşkilatı" sayılır və əsas mahiyyəti budur ki, bütün mümkün ola bilən iş növlərini yerinə yetirmək vərdişlərini yaratmaq məqsəd kimi qarşıya qoyulmur. Təlim daha çox əsas ixtisaslara və əsas səriştələrə yönəldilir. Məsələn, liderlik, öyrənmək qabiliyyəti, informasiya ilə işləmək, qərar qəbul etmək, səmərəli ünsiyyət saxlamaq və əməkdaşlıq etmək, şəxsi təşəbbüs və məsuliyyət, çeviklik kimi xüsusiyyətlər aşılanması ön plana çəkilir.
Müntəzəm təlim konsepsiyasını dövlət strukturlarında həm istehsalatdan ayrılmaqla, həm də istehsalatdan ayrılmamaqla həyata keçirmək mümkündür. Yaxşı olardı ki, təlim sistemlərində ümumi və nəzəri məsələlərə fikir verilməklə yanaşı, sərbəst təlim metodundan da geniş istifadə edilsin. Sirr deyildir ki, bəzi dövlət qulluqçuları istehsalatdan ayrılmaqla təlim kursları keçməyə həvəs göstərmirlər. Onlar ehtiyat edirlər ki, öz iş yerinə qayıtdıqdan sonra ya əvvəlki vəzifəsinə bərpa edilməz, ya da ona aşağı vəzifə təklif edilər. Buna görə də ilk növbədə, dövlət qulluqçularının müntəzəm təhsil almaq, sərbəst təlim vasitəsilə öz səriştəsini artırmaq tələbatı stimullaşdırılmalıdır.
Bütövlükdə dövlət qulluqçularının təlim sistemində motivasiya mexanizminin rolu az deyildir. O elə qurulmalıdır ki, dövlət qulluqçusu daim öz biliklərini və vərdişlərini yeniləşdirmək və təkmilləşdirmək, peşəkarlığını artırmaq məcburiyyətində qalsın. Bu da o zaman mümkün ola bilər ki, peşəkarlığın inkişafı dövlət qulluqçusunun karyerası ilə əlaqəli olsun, onun fəaliyyəti obyektiv qiymətləndirilsin və mükafatlandırılsın.
Dövlət qulluqçularının öz səriştələrini artırmaq üçün müxtəlif təlim metodlarından istifadə etməyə həvəsləndirilməsi, yaxud özlərinin maraq göstərməsi həm də onların öz işlədiyi idarənin, yaxud təşkilatın təlim strategiyası və planlarını nə dərəcədə bilməsindən asılıdır. Bəzi hallarda dövlət qulluqçuları işin çoxluğunu bəhanə gətirərək öz biliklərini artıra bilmədiklərini deyirlər. Buna görə də dövlət qulluqçularının bütün kateqoriyaları üçün elə təhsil formaları tapmaq lazımdır ki, onlar öz səriştələrini artırmağa maraq göstərsinlər.
Etiraf etməliyik ki, dövlət qulluqçularının peşəkarlığının artırılması üçün son illərdə xeyli iş görülsə də, hazırda istifadə olunan proqramlar heç də həmişə istənilən nəticəni vermir. Bu proqramlar əsasən mühazirə prinsipi üzərində qurulur ki, bu da onlara daha çox müəyyən həcmdə informasiya və nəzəri biliklər verir. Bu formalarla yanaşı, treninq və digər interaktiv təlim formalarından daha çox istifadə etmək səmərəli olardı.
Bəzi ölkələrdə dövlət qulluqçuları arasında aparılan sorğular zamanı onların əksəriyyəti, təqribən 90 faizi öz bilik səviyyələrini kifayət hesab edir, ancaq 10 faizi hesab edir ki, onların bilikləri kifayət qədər yüksək deyildir. Dövlət qulluqçuları öz tabeliyində olan işçilərin biliklərini qiymətləndirməyə daha tənqidi yanaşırlar. Onların 25 faizdən çoxu belə hesab edir ki, tabeliklərində işləyən işçilərin bilikləri qulluq vəzifələrini yerinə yetirmək üçün kifayət etmir.
Dövlət qulluqçuları üçün daha çox hansı biliklərin vacibliyi sualına gəldikdə isə respondentlər qanunvericilik blokunu, xüsusilə Konstitusiya hüququnu və əmək hüququnu, informasiya texnologiyalarını, sənədləşməni, adamların davranışının idarə edilməsini və əmək ehtiyatlarından istifadə olunmasını qeyd edirlər.
Əsas vərdişlər kimi xidməti məktubların, arayışların, cavab məktublarının, sorğuların və analitik məlumatların tərtib edilməsi və rəsmiləşdirilməsi bacarığının, işgüzar ünsiyyət vərdişləri, vaxtdan səmərəli istifadə etmək, iş prosesini planlaşdırmaq, danışıq aparmaq, kollektivi idarə etmək və onunla işləmək, idarəetmə qərarları qəbul etmək, prezentasiyalar və müşavirələr keçirmək, kütləvi çıxışlar etmək bacarığının zəruriliyi daha vacib sayılır. Sadalananlara əlavə olaraq, stresləri aradan qaldırmaq və münaqişələri həll etmək bacarığının da zəruriliyi göstərilir. Beləliklə, sorğularda iştirak edənlər yuxarıda qeyd olunan cəhətləri rəhbər heyət üçün daha vacib sayırlar.
Aparılan tədqiqatlar göstərir ki, dövlət qulluqçularının bəziləri daha asan təlim növlərini - mühazirələri və xaricdə stajkeçməni üstün tuturlar. Görünür, bu da onların attestasiya zamanı öz vəzifəsini itirməsini və ya vəzifəsinin aşağı salınmasını istəmədiklərindən irəli gəlir. Burada iş vaxtının düzgün planlaşdırılması da vacibdir. Çünki dövlət qulluqçusunun sərbəst təhsillə məşğul olması üçün də vaxt qalmalıdır. Bu, bir daha belə bir tezisi təsdiq edir ki, hazırda bəzi dövlət qulluqçuları öz karyerasını gördüyü işin nəticəsi ilə bağlamır. Müasir təlim texnologiyalarının şüarı belədir - öyrənmək bacarığını öyrətmək. Ümumiyyətlə, dövlət qulluqçularının əksəriyyəti öz təkliflərində bildirirlər ki, təlim fasiləsiz, vaxtaşırı, müntəzəm və qabaqcıl dünya təcrübəsindən istifadə edilməklə, səmərəli təlim metodları tətbiq edilməklə keçirilməli və təlim onların konkret vəzifələrinə və iş problemlərinə söykənməlidir.
Bu baxımdan respublikanın bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında "Dövlət qulluğu haqqında" qanuna və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na uyğun olaraq, işçilərin vəzifə təlimatlarının hazırlanıb təsdiq edilməsinin əhəmiyyəti böyükdür. Bu vəzifə təlimatları müvafiq orqanın və onun struktur bölməsinin funksiyalarına uyğun olaraq işçinin yerinə yetirməli olduğu vəzifələri, həmin vəzifəni tutmaq üçün zəruri sayılan iş, bilik və peşə vərdişlərini, digər tələbləri özündə əks etdirir.
Son illərdə dövlət strukturlarında kadrların xüsusiyyətlərini təhlil edərkən belə qənaətə gəlmək olar ki, bu strukturlarda işləyən kadrların məhsuldarlığı ildən-ilə artır. Dövlət sektorunda kadrlarla işin yeni strateji formada qurulması bu gün daha çox diqqət yetirilən məsələlərdəndir. Dövlət strukturlarında işçilərin say tərkibini artırmadan peşəkarlığın yüksəldilməsi, kadr hazırlığının kifayət qədər düşünülmüş şəkildə planlaşdırılması və bu məsələlərin həllində şəffaflığın artırılması müşahidə olunur. Artıq heç kəsdə şübhə yoxdur ki, istər özəl sektorda, istərsə də dövlət sektorunda əsas ehtiyat insanlardır, yəni kadrlardır və ölkənin rifahı onların öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, səriştəsindən çox asılıdır.
Təəssüf ki, dövlət qulluqçuları arasında bəzən lazımi tələblərə tam cavab verməyən şəxslərə də təsadüf edilir. Bəziləri unudurlar ki, dövlət xalq üçün mövcuddur. Ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq, dövlət qulluğunu idarə edən rəhbər orqanlar buna qarşı ciddi mübarizə aparır, belələrinə qarşı sərt tədbirlər görürlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, məmurlar öz vəzifə borcuna məsuliyyətlə yanaşsınlar. Ölkə Prezidentinin məmurlardan qətiyyətli tələbi budur: "Birbaşa xalqla ünsiyyətdə olan məmurlar elə etməlidirlər ki, insanlar onların fəaliyyətindən razı olsunlar. Diqqətli olmalıdırlar, yaddan çıxarmamalıdırlar ki, biz xalq üçün çalışırıq. Bizim vəzifəmiz xalqa xidmət etməkdir".
Dövlət qulluqçularının rəhbər heyətinin düşünülmüş şəkildə inkişaf etdirilməsi və peşəkarlığının artırılması bütövlükdə dövlətin uğuru sayıla bilər. Müasir dövrdə rəhbər işçidən tələb olunan əsas xüsusiyyətlərdən biri də kollektivlə və kollektivdə işləmək bacarığı, idarəetmənin təşkilinin əsaslarını bilməsi və təşkilatçılıq qabiliyyətidir. Təşkilatçılıq qabiliyyəti isə kollektivin işini təşkil etməyi, tabeliyində olan işçilərin fəaliyyətini istiqamətləndirməyi, əlaqələndirməyi və ona nəzarət etməyi bacarmaq, idarəetmənin müasir metodlarını və texnikasını bilmək, şəraitə uyğun olaraq düzgün istiqamət seçmək və qətiyyətli olmaq kimi xüsusiyyətlərdən ibarətdir.
Eyni zamanda, yüksək işgüzar keyfiyyətlərin: tapşırılmış iş üçün məsuliyyət hissinin, işgüzar münasibətləri qurmaq bacarığının, əzmkarlığın, dəqiqliyin, təşəbbüskarlığın, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlığın, operativliyin, müstəqil qərarları əsaslandırmaq və qəbul etmək qabiliyyətinin, başlanmış işi axıra çatdırmaq və öz işini, eləcə də kollektivin işini tənqidi qiymətləndirmək bacarığının olması zəruridir.
Dövlət qulluğu kadrları üçün etik normaları bilmək, xüsusi məsuliyyəti dərk etmək zəruridir. Bu, konkret şəkildə belə ifadə oluna bilər: "Mən adamların etimadını doğrultmalıyam". Şübhəsiz ki, yüksək səriştəli kadr elitasını axtarıb tapmaq, öyrətmək, tərbiyə etmək və ona qayğı göstərmək lazımdır.
Şəxsi keyfiyyətlərə qiymət verilərkən müstəqil düşünməyi bacaran, yüksək nizam-intizam və iş qabiliyyəti nümayiş etdirən kadrlara üstünlük verilməlidir. Bu zaman onun vicdanlılıq, düzlük, sadəlik, əməkdaşlarla ünsiyyət yaratmaq, obyektivlik, ətrafdakılara diqqət və yüksək mənəvi əxlaq nümayiş etdirmək kimi xüsusiyyətlərinin olması da vacib sayılmalıdır. Kadrların seçilməsi zamanı şəxsi sədaqət və dostluq münasibətləri əsas götürülə bilməz.
İşçinin peşəkarlıq, işgüzarlıq və şəxsi mənəvi keyfiyyətlərini qiymətləndirmək üçün artıq sınaqdan çıxmış aşağıdakı metodlardan istifadə edilə bilər:
- işçinin kadr sənədlərini öyrənmək və onun əsasında işçinin səriştəsinə və iş təcrübəsinə qiymət vermək;
- işçini onunla şəxsi ünsiyyət vasitəsilə öyrənmək və bilavasitə əmək fəaliyyəti prosesində onu müntəzəm müşahidə etmək, onunla söhbətlər aparmaq və ayrı-ayrı tapşırıqlar vermək;
- işçinin əməli fəaliyyətinin nəticələrinə, fərdi iş planlarının, vəzifə öhdəliklərinin və verilmiş tapşırıqların yerinə yetirilməsinə qiymət vermək;
- işçinin bilavasitə rəhbəri olan şəxslərin, onun tabeliyindəki işçilərin, iş yoldaşlarının və digər struktur bölmələri rəhbərlərinin onun barəsində fikirləri ilə tanış olmaq;
- xidməti attestasiyaların, peşə imtahanlarının nəticələrini təhlil etmək.
İşçinin keyfiyyətlərinin öyrənilməsi prosesində başqa metodlardan, o cümlədən sosioloji tədqiqatlardan, anketlərdən, testlərdən, ekspert qiymətləndirmələrindən, qrup halında keçirilən diskussiyalardan, işgüzar oyunlardan və başqa formalardan istifadə etmək olar. Unutmaq olmaz ki, məhz şəxsiyyətin belə hərtərəfli öyrənilməsi və alınmış nəticələrin məcmusu onun haqqında tam təsəvvür yarada bilər və obyektivliyi təmin edər.
İşçilərin nəyə qadir olduğunu öyrənmək üçün müxtəlif üsullar və formalar mövcuddur. Məsələn, işçinin zəruri əməli vərdişlər əldə etməsi üçün boş qalan vəzifələrə müvəqqəti təyin edilməsi, rəhbər işçi olmadıqda, onu əvəz etmək tapşırığının verilməsi, dövlət orqanları aparatlarında, habelə xaricdə staj keçməsi, seminarlarda, elmi-praktiki konfranslarda iştirak etməsi, müxtəlif qərar layihələrinin və xidməti sənədlərin hazırlanmasına, dövlət orqanlarının iclaslarının keçirilməsinə cəlb edilməsi və başqa tapşırıqlar verilməsi kimi üsullardan istifadə etmək olar.
İşçilərin şəxsi keyfiyyətlərinin göstəriciləri sırasında onların müxtəlif tədbirlərdə, o cümlədən konfranslarda, mühazirə və seminarlarda iştirakı, fiziki cəhətdən sağlam olması, xarici dilləri bilməsi, müasir texniki vasitələrdən istifadə edə bilməsi kimi cəhətləri göstərmək olar.
İndiki dövrdə ümumi işin nəticəsi vahid əqidə və ideya ətrafında sıx birləşmiş və düzgün təşkil olunmuş kollektivin fəaliyyətindən çox asılıdır. Belə kollektivlər isə yüksək səviyyəli mütəxəssislərdən yarana bilər. Bu kollektivlərdə əsas komanda rollarını oynaya bilən adamlar, liderlər, işlərin təşkilatçıları və əlaqələndiriciləri, ideya generatorları, ekspertlər, tənqidçilər, eyni zamanda, sülh qoruyucuları, yəni komandanın işində normal və əlverişli psixoloji iqlim yaradan adamlar olmalıdır. Eyni zamanda, ümumi məqsədin hər bir komanda üzvü tərəfindən aydın başa düşülməsi, öz rolunu dəqiq bilməsi, qarşılıqlı kömək və bir-birini əvəzetmə hissinin olması müasir şəraitdə daha da aktuallaşır. Buna görə də belə kadrların aşkar edilməsi, irəli çəkilməsi və onların peşəkarlığının artırılması məsələləri diqqət mərkəzində saxlanılmalıdır.
Bu gün respublikada kadrların mövcud hazırlıq sistemini, peşə texniki təhsilini təkmilləşdirmək, iqtisadiyyatın bazar şəraitində fəaliyyətinə uyğun mütəxəssislər hazırlamaq dövlətin diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Respublikada texnika və texnologiyalar sahəsində səriştəli kadrların hazırlanması və mütəxəssislərin səriştəsinin yüksəldilməsi sistemi ilbəil təkmilləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın yerinə yetirilməsi imkan verəcəkdir ki, ölkəmiz yaxın vaxtlarda çox güclü və peşəkar kadrlarla təmin olunsun. Artıq bu proqram üzrə təhsil almış gənclərin bir qismi respublikaya qayıdaraq müxtəlif idarə və təşkilatlarda çalışmağa başlamışlar. Ölkə Prezidentinin göstərişi ilə bu kadrlar xüsusi qayğı və diqqətlə əhatə olunmuşlar. Bundan başqa, indi gənclərimiz öz təşəbbüsləri ilə də dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl universitetlərində asanlıqla təhsil ala bilirlər.
Dövlət qulluqçularının hazırlanması spesifikasını ayrıca qeyd etmək lazımdır. Bütün bu məsələlər dövlət kadr siyasəti çərçivəsində hazırlanır və həll edilir. Əsas məqsəd budur ki, dövlət qulluğunda rəqabət qabiliyyətli, öz peşəsini yaxşı bilən və digər sahələrdən başı çıxan peşəkarlar çalışsın. Yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsi milli təhlükəsizliyimizin və sosial-iqtisadi inkişafımızın ümdə istiqamətlərindən biridir.
Müasir dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün biz, ilk növbədə, bilməliyik ki, respublika Prezidentinin dövlət orqanları qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün hazırda dövlət qulluğunda çalışan şəxslər hansı peşə vərdişlərinə və işgüzar keyfiyyətlərə malik olmalıdırlar. Bunun üçün kadr ehtiyatlarının bütün səviyyələrdə geniş təhlili aparılmalı, təkcə statistik göstəricilər deyil, onların təhsil səviyyəsini, qulluq pillələrində irəliləməsi prinsiplərini, kadrları təkmilləşdirmək və peşəkarlığı artırmaq üçün hansı formalardan istifadə edilməsini, gələcəkdə dövlət qulluğunun nüfuzunun artırılması üçün nələr etmək lazım gəldiyini müəyyənləşdirməliyik.
Azərbaycanın müstəqilliyini möhkəmləndirməyi və onu irəli aparmağı bacaran kadrlara getdikcə daha böyük ehtiyac duyulacağı aydındır. Ona görə bundan sonra da bu məsələlər daim diqqət mərkəzində olacaq, müvafiq kadr ehtiyatlarının formalaşdırılması davam etdiriləcəkdir.
Respublikada dövlət qulluğunun təkmilləşdirilməsi üçün ardıcıl və müntəzəm iş aparılır, islahatlar davam etdirilir. Dövlət qulluğunda islahatların əsas məqsədləri Azərbaycanın tarixi, mədəni, milli və digər xüsusiyyətləri nəzərə alınmaqla vətəndaş cəmiyyətinin inkişafı üçün onun səmərəsinin köklü surətdə artırılması, dövlətin möhkəmləndirilməsi və dövlət qulluğunun bitkin formasının yaradılmasıdır.
İnamla
deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin
dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə
və əbədi olmasına yönəlmiş uğurlu
siyasi xətti onun layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət
isə bütün sahələrdə olduğu kimi, dövlət
qulluğunun təşkilində də böyük nailiyyətlər
qazandırır və qazandıracaqdır.
Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının şöbə
müdiri, Dövlət Qulluğunu İdarəetmə
Şurasının üzvü
Azərbaycan.-2013.- 21 iyun.- S.4.