Azərbaycan yeni üfüqlər
qarşısında
Güclü
lider -güclü Azərbaycan!
Bir neçə aydan sonra ölkəmizdə Prezident seçkiləri keçiriləcək. İddiaçılar çox olacaq. Bu, təbiidir. Çünki hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya uyğun olaraq seçkilərdə öz namizədliyini irəli sürə bilər. Demokratik ölkədə belə bir mənzərənin olması normaldır. Başqa cür demokratiya olmaz ki?! Alternativsiz demokratik seçki mümkün deyil! Yekun söz seçicinindir!
Namizədlərin istəkləri başadüşüləndir. Ancaq insan daşıya biləcəyi yükü götürər, bacardığı işin qulpundan yapışar. Götürə bilmədiyi yük adamın bel sütununu qırar. Azərbaycanda Prezident yükü çox ağır bir yükdür. Bu yükü ölkəmizdə kim daşıya bilər? Bu suala cavab vermək üçün yaxın tarixin təcrübəsinə diqqət yetirək.
Rəqabətə
davamlı Azərbaycan dövləti yaradan Prezident
2003-cü ildə keçirilən Prezident seçkilərindən sonrakı dövr tarix baxımından qısa olsa da, həyata keçirilən tədbirlər, aparılan islahatlar və inkişaf baxımından bir çox ölkələrin yüz ildə keçdikləri yola bərabərdir. Bunu dərk etmək üçün hər şeydən əvvəl, Azərbaycanın həyatında baş verən bəzi əsaslı dəyişikliklərə nəzər yetirmək faydalı olardı. Prezident seçkilərində qələbə qazanan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyinin tarixində yeni bir dövr başladı. Bəs bu dövrün özünəməxsusluqları hansılardır?
Ötən 10 il Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla əlamətdar oldu. Bu illər Azərbaycan Respublikasında dövlət quruculuğunda və xarici siyasətdə varisliyin, böyük dövlət və siyasət adamı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davam etdirilməsi, ölkənin müasirləşməsi və onun tərkib hissəsi kimi modernləşməsi illəridir. Hakimiyyətə gəldikdən sonra İlham Əliyev milli-mənəvi köklərdən ayrılmayaraq, tarixi varisliyə dayanaraq ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu. Belə bir sual edilir: müasirləşmə Azərbaycana nə üçün lazımdır? Bu suala cavab vermək üçün tarixi keçmişə qısa nəzər yetirməkdə fayda vardır. Tarixin təcrübəsi göstərir ki, ölkənin zəngin təbii sərvətləri, çoxlu maliyyə vəsaitləri ola bilər. Lakin əgər dövləti idarə edənlər həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, ölkə digərlərindən geri qalır, rəqabətə tab gətirmir, zəifləyir və dağılmağa doğru gedir. Buna dair çoxlu nümunələr gətirmək olar. Məlum olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa bilmədikləri üçün və digər səbəblərdən hazırda dünyanın siyasi xəritəsində yoxdurlar! Yalnız tarix kitablarında adları qalıb! Zamanla uğurla ayaqlaşmağı, dövrün şərtlərinə uymağı və özüyaşayış şərtlərini irəli sürməyən xalqların çoxu hazırda söz sahibi deyillər. Arxa planda gəlirlər. Bir zamanlar Roma və Bizans imperatorluqları, Portuqaliya, İspaniya, Hollandiya, Osmanlı dövləti, Avstriya-Macarıstan dünya siyasətinə ya hökmranlıq edərdilər, ya da xeyli nüfuzlu idilər. Lakin zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqları, həm də amansız rəqabət şəraitində xarici güclərin təsiri altında zəiflədilər, bəziləri isə parçalandılar.
Beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu və təsiri artdı, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artdı. Dostları çoxaldı. Ötən illər göstərdi ki, Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir. O, yalnız öz maraqlarının yanında, daim haqq və ədalətin tərəfindədir.
Bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyuldu. Azərbaycan enerji təhlükəsizliyini təmin edən ölkə oldu. Ərazisi baxımından kiçik, əhalisinin sayına görə bir çox ölkələrdən az olmasına baxmayaraq, Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan və dünya siyasətində rolunu artıran kəmərlər oldular. Transavropa və Transasiya dəmir yollarını birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanı dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirəcək. Azərbaycan nəqliyyat təhlükəsizliyini təmin edən bir ölkədir.
Bir zamanlar Azərbaycan qonşu və bəzi uzaq xarici ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi. Ötən illər ərzində Azərbaycan uğurlu xarici ticarət siyasəti həyata keçirərək nəinki ərzaq təhlükəsizliyini təmin edən bir ölkəyə çevrildi, eyni zamanda xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac etməyə başladı.
Dünya siyasətinin, beynəlxalq münasibətlərin həm nəzəri, həm tarixi, həm də praktik baxımdan mahir bilicisi olması Azərbaycan Prezidentinə xarici siyasət sahəsində uğurlar gətirib. Planetar təfəkkürlü dövlət xadimi olan İlham Əliyev tariximizdə ilk dəfə olaraq "dövlət canlı orqanizmdir, daim genişlənməlidir" geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi. Bir zamanlar Azərbaycan borc istərdi, verməzdilər. Çünki sabaha ümid yox idi! İndi isə vəziyyət dəyişib. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib!
Azərbaycan ənənəvi bazarlardan əlavə yeni bazarlarda yer tutur. Bir zamanlar ölkəmizi əlverişli satış bazarına çevirmək istəyən bəzi ölkələrin özləri Azərbaycan məhsulları üçün satış bazarına çevriliblər. Azərbaycan dövləti və şirkətləri xarici ölkələrdə mülklər alırlar. Bizim tariximizdə bunlar heç bir zaman olmamışdı. Artıq xaricdə qazanılan pullar Azərbaycana gəlir.
İlham Əliyevin başlıca məqsədlərindən biri Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır! Bu da səbəbsiz deyildir! Çünki tarixi təcrübə sübut edir ki, yalnız dövlətin böyüklüyü böyük zənginliklər yaradır. Bu zənginliklər həyatın bütün sahələrinə aid olur. Təsir baxımından böyük olmayan dövlətlər böyük zənginliklər yarada bilmirlər. Azərbaycan Prezidentinin siyasəti nəticəsində Azərbaycan dövləti özündən böyük olan qonşu dövlətlərə təsir edən bir güc halına gəlib. Bəzi dövlətlər məhz Azərbaycan ilə yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etmək və ya özlərini qorumaqda maraqlıdırlar.
Ötən illər ərzində ərazisinin bir hissəsinin işğal altında, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Azərbaycan yenidən qurulan, inkişaf edən bir ölkəyə çevrildi. Ölkədə geniş inşaat işləri aparıldı, qaçqın və məcburi köçkünlər üçün evlər tikildi. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı, çox ağır bir vəziyyətə düşərdi.
Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini öz əlində cəmləşdirdi. İqtisadiyyatın neftdən asılılığına son qoymaq üçün addımlar atıldı.
Ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıldı. Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutdu.
İlham
Əliyev Azərbaycan xalqının minilliklər tarixində
Qurucu Prezident adını qazandı. Əslində, ötən
10 ildə bir möcüzə yarandı. Dünyaya yeni bir
model təqdim edildi. Bu, Azərbaycan möcüzəsi və
modeli oldu!
Siyasətin
məqsədi: Azərbaycan xalqının yaxşı
yaşaması
İlham
Əliyevin siyasətinin başlıca məqsədi xalqın
daha yaxşı yaşamasıdır. Bu məqsədlə
ictimai həyatın bütün sahələrində geniş
islahatlar həyata keçirildi. Sosial dövlətin
qurulması üçün başlanan islahatlar dərinləşdirildi.
Bərabər imkanların yaradılması üçün
ciddi tədbirlər reallaşdırıldı. Sovet
dövrü başa çatdıqdan sonra yaranmış
boşluqda Azərbaycan xalqının əməyi
yadırğamasının qarşısı alındı.
Yeni iş yerləri açıldı. Yoxsulluğun səviyyəsi
aşağı salındı. Azərbaycan kasıblar ölkəsindən
imkanlılar ölkəsinə çevrildi. Sabaha inam
artdı. Gənclərə xüsusi qayğı göstərildi.
Onların xarici ölkələrin ən qabaqcıl universitetlərində
təhsil almalarına şərait yaradıldı.
Milli-mənəvi dəyərlərə
qayğı
İlham
Əliyevin hakimiyyətinin ilk 10 ilində milli-mənəvi dəyərlərimizə,
qədim və zəngin Azərbaycan mədəniyyətinə
yeni bir nəfəs gəldi. Azərbaycan maddi və qeyri-maddi
irsinin bəzi nümunələri UNESCO-nun irs siyahısına
daxil edildi. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti
yaradan bir xalq olduğunu bir daha sübut edərək, ona
böyük imkanlar açdı. Bu illər Azərbaycan mədəniyyətinin
intibahı illəri oldu.
Ana
dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin
sahələrindən biri oldu.
Qloballaşma şəraitində dövlət dilimizin
qorunmasına dair sənədlər imzalandı.
Azərbaycan
dünyəvi dövlət olsa, din dövlətdən ayrı
olsa da, İlham Əliyev milli-mənəvi dəyərlərin
qoruyucusu oldu. Yeni məscidlər tikildi. Dini ibadət yerləri
bərpa edildi. Dinimizə və dini adət-ənənələrimizə qayğı dövlət rəhbərinin
fəaliyyətinin mühüm sahələrindən birinə
çevrildi. Din ilə dövləti qarışdırmadan
onlar arasında qızıl ortanı müəyyənləşdirib
hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin
böyük uğurlarından biridir.
Ölkəmizin
paytaxt şəhərində Bayraq meydanı və muzeyi
tikildi. Bununla da ölkədə bayraq ənənəsi
yaradıldı. Bu, Azərbaycanın dövlət müstəqilliyinin
daimi olacağına və bayrağının daim yüksəklərdə
dalğalanacağına bir işarə idi. Yürüdülən
siyasət nəticəsində xalqın milli ruhu yüksəldi
və özünə inamı artdı. Xalq ilə dövlət
arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli
əməkdaşlıq quruldu.
Demokratikləşdirmə,
vətəndaş cəmiyyətinin qurulması məqsədi
ilə geniş islahatlar həyata keçirildi.
Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi.
Azərbaycan bütün postsovet məkanında islahatların
ən geniş və uğurla aparıldığı bir
ölkə oldu.
Tariximizdə qürurverici İlklərə
imza atmış təkrarsız dövlət xadimi və
strateq
2003-cü
ildən bəri İlham Əliyev
tariximizdə bir sıra İlklərə imza atıb. O, BMT
Baş Məclisində çıxış edən ilk
Baş nazirimiz oldu. Etdiyi nitqində
bir sıra məsələlərlə yanaşı, Şərqi
Avropa ölkələri qrupundan bir dövlətin BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsini təklif etdi.
Bu təklifini
dövlət rəhbəri bir neçə il sonra gerçəkləşdirdi.
2011-ci ildə Azərbaycan BMT-nin 193 üzvündən 155-nin səsini
alaraq Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçildi.
İlham Əliyev Təhlükəsizlik
Şurasının iclasına sədrlik edərək və ən vacib dünya məsələləri
barədə nitq söyləyərək dünya müdiriyyətinə
rəhbərlik etdi. Bu, Azərbaycan dövlətinin beynəlxalq
nüfuzunun artmasının göstəricisi oldu, eyni zamanda,
yeni imkanlar qazandırdı.
Azərbaycanın
xəritədə axtarılmasına məhz İlham Əliyev
son qoydu. Məlum olduğu kimi, vaxtilə Heydər Əliyev xarici
ölkələrə səfərləri zamanı xəritə
qarşısında dayanaraq Azərbaycan
haqqında danışardı. Tarixində bəlkə də ən
mükəmməl şəkildə Azərbaycanda keçirilən
"Eurovision" mahnı yarışması zamanı
tariximiz, maddi və mənəvi mədəniyyətimiz ən
yaxşı bir şəkildə təbliğ edildi. Biz heç bir zaman belə təbliğ edilməmişdik!
Bu, qürurverici bir İlk idi!
İlham
Əliyevin hakimiyyətinin ilk 10 ilində Azərbaycan
işğal edilmiş ərazilər istisna olmaqla ərazisində
xarici hərbi baza və ya obyekt saxlamayan bir ölkəyə
çevrildi. Qəbələ Radiolokasiya Sisteminin fəaliyyətinin
dayandırıldığı
2012-ci ilin 10 dekabr günü müasir tariximizdə bəlkə
də 1991-ci ilin 18 oktyabrı qədər əhəmiyyətlidir.
Uzun illər keçdikdən sonra bu tarixin
böyüklüyü daha yaxşı bilinəcək.
Son
illərdə müasir tariximizdə bir zamanlar xəyalımıza
gəlməyən bir İlkə imza atıldı. Azərbaycan kosmosa ilk peykini göndərərək
Kosmos klubunun üzvü oldu. Bu, artıq ölkənin fərqli
bir inkişaf mərhələsi demək idi. Geosiyasətçilərin fikrincə,
səmaya nəzarət edən yerə də nəzarət edir.
Azərbaycan informasiya təhlükəsizliyini təmin edən
ölkə oldu.
İlham
Əliyev ölkə idmanına qayğı göstərərək,
onun dünyada uğrular qazanmasına müstəsna
qayğı göstərdi. Olimpiya oyunlarında və
dünya çempionatlarında Azərbaycan
idmançılarının qazandıqları medalların
sayı artdı. Üçrəngli, ay-ulduzlu
bayrağımız dünyanın müxtəlif ölkələrində
dalğalandı. Azərbaycanın 2015-ci ildə Birinci Avropa
Olimpiya Oyunlarına ev sahibliyi etməsi hər bir azərbaycanlı
üçün qururverici olacaqdır. Bütün
dünyanın gözü Azərbaycanda olacaq! Bu, həm
ölkənin təbliğatı, həm də millətin
fiziki tərbiyəsi
üçün bir təşviq vasitəsi olacaq.
Bəs bütün bunlara necə nail olunub? İş
üslubu
Bu
İlkləri gördükdən sonra insan
düşünür: bəs bütün bunlara necə nail olunub?
Axı, Azərbaycanın coğrafiyası, təbii sərvətləri
və insanı əvvəlki illərdəki kimi idi! Heç şübhəsiz, bütün bunlar
göydəndüşmə, birdən-birə olmadı.
İndiki vəziyyətə gətirən yol asan və
rahat deyildi! Ona nail olmaq üçün böyük əmək
sərf edilib! Bu səviyyəyə yalnız təbii
sərvətlərin hesabına deyil, onun milli sərvətə
çevrilməsi və səmərəli istifadə edilməsi
nəticəsində nail olunub. Bunlar isə
bilavasitə dövlət idarəçiliyi ilə
bağlı məsələlərdir.
Ölkənin
indiki inkişaf səviyyəsinə gəlib
çıxması Azərbaycan Prezidenti İlham Əliyevin
planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin,
ona məxsus olan yaradıcı
iş üslubunun nəticəsidir. İlham Əliyevin
fəaliyyəti göstərdi ki, o, milli-mənəvi köklərə
dayanaraq ölkəsinin müasir dünya ilə
ayaqlaşması üçün ən səmərəli və
faydalı tədbirləri düşünən və həyata
keçirən yenilikçi, dərin islahatçı
dövlət xadimidir. Ölkə həyatının
inkişafdan geri qalan, onunla ayaqlaşmayan sahələrinin
olduğunu təkcə mükəmməl deyil, eyni zamanda
onların inkişaf yollarını, problemlərin həlli
üsullarını dəqiqliklə bilən İlham Əliyev
yürütdüyü siyasət nəticəsində Azərbaycan
bu səviyyəyə
gəlib çatıb.
Tələbkarlıq,
ciddiyyət və qayğıkeşlik Azərbaycan Prezidentinin
iş üslübunun tərkib hissələrindın biridir. Dövlət rəhbəri məmurlara qarşı nə
qədər tələbkar və ciddidircə, xalqa münasibətdə
bir o qədər sadə və təvazökardır. O,
təkcə böyük dövlət xadimi deyil, eyni zamanda, əsl
sadə xalq adamıdır.
Azərbaycan
Prezidenti işin nəticəsini yerində yoxlayan, həyata
keçirilən hər hansı bir işdə əhalinin
maraqlarını, rahatlığını və istirahətini
nəzərə alan dövlət adamı
kimi rəğbət qazanıb.
Hamının Prezidenti
Azərbaycan
Prezidenti mövqeyi açıq, siyasəti isə çevik olan bir
dövlət xadimidir. O, ölkəsini digər dövlətlər
üçün qarşıdurmalar, intriqalar deyil, əməkdaşlıq
meydanına çevirib. Bununla da bir-biri ilə əsrlər
boyu didişən ölkələr Azərbaycanda bir araya gəliblər.
Yorulmazlıq Azərbaycan dövlət rəhbərinə
xas olan başlıca keyfiyyətlərdən biridir. Azərbaycan Prezidentinin dəfələrlə
Bakıda beynəlxalq toplantılarda iştirak etdikdən və
nitq söylədikdən sonra rayonlara səfər etməsinin,
yeni inşa edilmiş sənaye, kənd təsərrüfatı,
təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, xalq ilə
görüşlərinin şahidi olmuşuq.
Məlum olduğu kimi, tarix boyu insanlar həmişə ədalətli
hökmdar, rəhbər axtarışında olublar. Ötən 10 il İlham Əliyevin ədalətli dövlət
xadimi olduğunu göstərdi! Azərbaycan Prezidentinə düşmənçilik,
kin-küdurət yaddır! O, ona səs verənin də, verməyənin
də Prezidenti olmaqla Azərbaycan cəmiyyətinə yeni bir
nəfəs gətirib. Məhz onun hakimiyyətinin ilk 10 ilində
keçmiş prezidentlər haqqında qanun layihəsi
müzakirə edilərək qəbul edildi. Bu,
Azərbaycan cəmiyyətində bir-birinə qucaq açma və
dövlətçilik tariximizdə dərin ənənələrin
əsasının qoyulması oldu.
Avropanın
və dünyanın bir sıra ölkələrinin
böhrandan əziyyət çəkdiləri, iş yerlərini
ixtisar etdikləri bir zamanda Azərbaycanın inkişaf etməsi yalnız
yürüdülən siyasətin nəticəsidir. Lakin Azərbaycan
problemlərsiz də deyil! Bu, böhrandan, geriləmədən
deyil, inkişafdan doğan problemlərdir. İnsanlar bu
gün dünənkindən, sabah
bugünkündən daha yaxşı yaşamaq istəyirlər.
Buna isə yalnız sevinmək lazımdır.
Həyat standartları əvvəlki illərə
nisbətən xeyli yüksəlib.
Azərbaycanın başlıca problemi Ermənistanın
təcavüzü nəticəsində yaradılmış
Dağlıq Qarabağ münaqişəsidir. Bir məsələni
açıq söyləmək lazımdır: nəinki
Dağlıq Qarabağdakı separatçı rejimin, həmçinin
Ermənistanın özünün də əraziləri
işğal etmək gücündə olan insan, maliyyə
ehtiyatları, hərbi sənaye kompleksi yoxdur! Dövlətin
qüdrəti məsələsində heç Azərbaycana
yaxın da gələ bilmir! Onda soruşulur: bəs hansı
ölkə və nə üçün Azərbaycan ərazilərini
işğal edib? Cavab isə aydındır.
Azərbaycan Ermənistan ilə təkbətək
qalarsa, işğal altında olan ərazilərini qısa
müddətdə azad edə bilər. Ancaq münaqişənin indiyədək
həll edilməməsi məsuliyyəti bu məsələ
ilə məşğul olan qurumların üzərinə
düşür.
Alternativ varmı? Yoxdur!
Soruşulur:
Azərbaycanda yürüdülən siyasətin alternativi
varmı? Bu siyasətdən başqa hər hansı bir siyasət
Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək,
ölkəni və xalqı parçalamaq, vətəndaş
müharibəsinə sürükləmək, onu rəzil
günə salmaq yoludur! Azərbaycan xalqı həmin yolu
heç bir zaman qəbul etməz!
Ötən
illərin təcrübəsi göstərdi ki, Azərbaycanda
xalqın maraqlarına cavab verən bu davamlı sabit
inkişaf yolunun alternativi yoxdur! Ölkə və xalq xaos,
anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül
yolu ilə inkişaf etməlidir! Heydər Əliyevin
əsasını qoyduğu siyasi xətdən kənara
çıxmaq Azərbaycana böyük fəlakətlər gətirər,
həm də qonşu dövlətlər üçün
arzuolunmayan proseslərin başlanması olar. Bu siyasətin davam etdirilməsi həm Azərbaycan
xalqının, həm qonşu dövlətlərin, həm də
bütün demokratik ölkələrin maraqlarına
uyğundur.
Bəzi
inkişaf etmiş xarici ölkələrin ibrətamiz bir
seçki təcrübəsi var. Prezidentliyə namizəd
dostu, qonşusu, partiya yoldaşı
olsa da, səs verən şəxs son anda qərar qəbul
edərkən özünə belə bir sual verir: namizədlərdən
hansı xalqını və dövlətini beynəlxalq aləmdə
daha yaxşı təmsil edər, işi bacarar ki, onun hərəkətlərinə
və fəaliyyətinə baxarkən qürur hissi keçirə
bilərəm? Buna uyğun da səs verir.
Ötən 10 ildə İlham Əliyev atdığı
bütün addımları ilə millətimizə qürur verdi, başını uca etdi. İnanıram
ki, hansı siyasi partiyanın, hətta müxalifət
partiyalarının üzvü olmalarından asılı olmayaraq, bütün seçicilər belə hərəkət edəcək!
Tarixən
belə olub: işi səmimiliyini müəyyənləşdirmək mümkün olmayan "vətəni,
torpağı, xalqı sevirəm" kimi sözlər deyənlərə
deyil, onu bacarana, ustasına tapşırıblar. "Sevmək"
mücərrəd bir şeydir, sabah nifrətə
də çevrilə bilər! Bacarmaq isə danışmaq
deyil, milyonların gözlərinin önündə
görülən konkret işdir! Son 10 ilin təcrübəsi
belə bir ibrət verdi: İlham Əliyev
təkcə Azərbaycanı sevməklə kifayətlənmədi,
onu qabaqcıl bir dövlət və xalqını isə
böyük bir xalq etmək üçün nəhəng
işləri görməyi bacardı! Azərbaycanı yeni
üfüqlərin astanasına çıxardı!
Elə isə
bacaranlar iş başında olmalıdırlar!
Musa
QASIMLI,
Milli Məclisin deputatı, professor
Azərbaycan.-2013.- 21 iyun.- S.5.