İlham Əliyevlə daha uğurlu gələcəyə
doğru!
Azərbaycan gəncliyi
liderinə inanır, güvənir və daim onun
yanındadır
Bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq işləri davam edir. 4 aydan sonra keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürənlərin sayı artır. Seçkilərdə iştirak etmək niyyətində olan bütün siyasi təşkilatlar hazırlıq işlərinə start veriblər. Yeni Azərbaycan Partiyasının V qurultayında isə dövlət başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülüb.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün uğurla, qürurla davam etdirən Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan cəmiyyətinin alternativsiz sosial-siyasi sifarişidir. Dövlət başçısının qayğısı altında olan Azərbaycan gəncliyi məhz öz liderinə inanır, güvənir və daim onun yanındadır.
Gənclər nədən cənab İlham Əliyevi dəstəklədiklərini belə izah edirlər.
İmaməddin Quliyev, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri:
- Yeni Azərbaycan Partiyasının V qurultayında "Bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, rifahdır" söyləyən Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi milyonların istəyinin ifadəsi olmaqla yeni bir tarixi missiyanın, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının başlanğıcıdır.
Azərbaycan gəncliyi isə bu İnkişaf Konsepsiyasının uğurla həyata keçməsi üçün hər zaman Prezident İlham Əliyevin yanındadır. Çünki əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Bu sferada görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.
Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.
Bu gün gənclər Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın öz inkişafı ilə dünya arenasında böyük nüfuz sahibinə çevrilməsi, bir sıra nüfuzlu beynəlxalq qurumlarda təmsil olunması, yüksək kürsülərdən söz deməsi ilə qürur duyurlar. Dövlət başçısının hakimiyyəti illərində ölkəmizdə həyata keçirilən iqtisadi-sosial layihələr, regionların uğurlu inkişaf proqramı, xalqımızın sosial rifah halının bir neçə dəfə yaxşılaşdırılması, xarici ölkələrlə çoxşaxəli iqtisadi-siyasi, elmi-mədəni əlaqələrin dinamik inkişafı hər birimizdə böyük ruh yüksəkliyi yaratmışdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə böyük stimul olmuş və məhz bu səbəbdəndir ki, vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi etmişdir.
Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.
Mən də bir gənc olaraq, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü məqsədyönlü işləri dəstəkləyirəm. Azərbaycan xalqı isə müstəqil siyasət aparan, Azərbaycanı dünya birliyinin ən sayılıb-seçilən üzvü kimi tanıdan indiki iqtidarın siyasətini dəstəkləyir, Prezident İlham Əliyevin növbəti beş ildə də dövlətə başçılıq etməsini istəyir.
Hacıbəy Heydərli, Gənc fəal, "Azxeber.com" internet saytının təsisçisi:
- Cənab İlham Əliyevin prezidentliyə namizədliyini yenidən irəli sürməsi Azərbaycan xalqının tələbidir. Cənab İlham Əliyev Azərbaycan əhalisinin böyük etibarını və hörmətini qazanıbdır. Faktdır ki, bu gün Azərbaycanda bu böyük şəxsiyyətə alternativ ola biləcək siyasətçi yoxdur. Prezident İlham Əliyev təkcə Azərbaycanda tanınan siyasətçi deyil, onu artıq dünya tanıyır və qəbul edir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahının yüksəlişini təmin edib. Cənab İlham Əliyevin prezident olduğu 10 ildə Azərbaycanın beynəlxalq aləmdə, dünya siyasətində nüfuzu daha da artıb, ölkəmiz ən mötəbər tədbirlərə, beynəlxalq yarışlara, müsabiqələrə ev sahibliyi edib, xalqımızın rifahı daha da yüksəlib.
Bu gün Azərbaycan gəncləri də cənab Prezidentin yanındadırlar. Gənclər təşkilatlarının, ictimai birliklərin, QHT-lərin də cənab Prezidenti dəstəkləyən bəyanatlar verməsi Azərbaycanda gənclərin Prezidentin ətrafında sıx birləşməsinin bariz nümunəsidir.
Bu gün ölkəmizin inkişafı, rifahı bəzi antiazərbaycançı dairələri narahat edir və onlar müxtəlif üsullarla ölkəmizdə hökm sürən sabitliyi pozmağa çalışırlar. Həmin qüvvələr gəncləri yolundan azdırır və onları dövlətçiliyə qarşı fəaliyyətə səsləyirlər. Çox təəssüf ki, bəzi hallarda gənclər də həmin qüvvələrin təsiri altına düşür və xaricdən aldıqları qrantlarla dövlətə qarşı qeyri-sağlam mübarizəyə başlayırlar. Əminəm ki, biz gənclər Azərbaycan hakimiyyətinin, cənab Prezident İlham Əliyevin ölkəmiz üçün, dövlətimiz üçün gördüyü işləri həmin şəxslərin diqqətinə çatdırsaq, həmin insanlar gec-tez yanlış yolda olduqlarını anlayacaqlar. Təbii ki, heç bir xarici qüvvə, xarici təsir Azərbaycan dövlətinin inkişafını, vətəndaşların rifahını Azərbaycan xalqının səsvermə yolu ilə seçdiyi lider qədər istəyə bilməz. Bu gün Azərbaycan xalqının seçdiyi lider cənab İlham Əliyevdir və Prezidentin özünün də dediyi kimi, ölkəmizin gələcəyini, müstəqilliyini düşünməyən qüvvələrə Azərbaycanın siyasi səhnəsində yer yoxdur.
Düşünürəm
ki, qarşıdan gələn prezident seçkilərində
Azərbaycan xalqı öz namizədi olan İlham Əliyevin
prezident seçilməsinə, növbəti 5 il
üçün ölkəni idarə etməsinə birmənalı
müsbət münasibətini ortaya qoyacaq və hakim Yeni Azərbaycan
Partiyası yenidən möhtəşəm qələbəsini
bayram edəcək.
Fərid Şahbazlı,
"İslahatçı Gənclər" İctimai
Birliyinin sədri:
- Cənab
İlham Əliyevin yenidən ölkə prezidentliyinə namizəd
kimi irəli sürülməsi Azərbaycanda sabitliyi pozmaq,
ölkəni dünya hegemonlarının nəzarətinə
vermək istəyən qüvvələrə ən layiqli
cavab oldu. Sürətlə inkişaf edən, dünyanın
önəmli ölkələrindən birinə çevrilən
Azərbaycanın qazandığı hər bir uğur cənab
İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin
nəticəsidir. Prezidentin hakimiyyətə gəlişindən
sonra Azərbaycanda bütün istiqamətlər üzrə
genişmiqyaslı uğurlar əldə edilməyə
başlandı. Cənab İlham Əliyev regionda cərəyan
edən çox həssas və gərgin siyasi proseslərin
fonunda balanslı, yalnız Azərbaycan xalqının
maraqlarına xidmət edən siyasət yürütməklə
ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək
uğurlar üçün siyasi və iqtisadi platforma
formalaşdırdı. Bu gün Azərbaycan gəncliyi cənab
Prezidenti özünün ən böyük himayədarı hesab
edir. Prezident davamlı olaraq gənclərin ölkənin
ictimai-siyasi həyatında fəal iştirakını,
onların sosial rifah halının yüksəldilməsini təmin
etmək üçün konkret addımlar atır.
Ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
və ölkə başçısı tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasətinin
mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə
bağlı və dünyada gedən rəqabət prosesinə
tab gətirəcək səviyyədə intellektual bir
qüvvə kimi görmək istəyi dayanır. Tam məsuliyyətlə
demək olar ki, bu siyasət hər ötən gün daha
çox öz məqsədinə çatır. Lakin çox
təəssüf ki, ölkəmizdəki bəzi ifrat radikal
dairələr müəyyən gənclər qruplarından
siyasi kamikadze kimi istifadə edirlər. Ancaq unudurlar ki, gəncləri
öz çirkin əməllərinə alət edənlər
tarix qarşısında cavab verəcəklər.
Geniş dünyagörüşə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.
Qarşıdan gələn seçkilərdə ölkə gəncliyinin mövqeyi qəti və aydındır. Bizim yeganə namizədimiz cənab İlham Əliyevdir və onun seçkilərdə qələbəsi həm də Azərbaycan gəncliyinin qələbəsi olacaq. Prezident İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. O, bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. "İslahatçı Gənclər" İctimai Birliyi olaraq biz buna əminik. Bilirik ki, Azərbaycanın uğurlu gələcəyi məhz İlham Əliyevin adı ilə bağlıdır. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan siyasi mühitində ölkə başçısına alternativ ola biləcək ikinci bir güclü siyasətçi, siyasi lider, rəqib namizəd yoxdur.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 21 iyun.- S.6.