Naxçıvanlı gənclərin seçimi dəyişməzdir
Müasir Azərbaycan tarixinin bir qərinədən artıq mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçilik tarixinə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, xalqımızın, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə dünyanın siyasi xəritəsində Azərbaycan Respublikasının öz strateji mövqeyini təmin etməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri addımlar atılmışdır.
Bugünkü Azərbaycan gəncliyi də ümummilli lider Heydər Əliyevin vətənimiz qarşısındakı nəhəng xidmətlərini taleyüklü xidmət kimi dəyərləndirir, onun xalqımıza bəxş etdiyi əvəzsiz nemətlər içərisində Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, iqtisadi yüksəlişi, gəncliyə qayğını minnətdarlıq hissi ilə qarşılayır.
Ulu öndərin əsasını qoyduğu siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da dövlətimizi, xalqımızı layiqincə təmsil edirlər. Gənclərimiz fəxr və qürur hissi keçirirlər ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq dinamik sosial-iqtisadi inkişafa nail olmuşdur. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə tam formalaşdıran Azərbaycan dünyanın aparıcı dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərə yaratdığı şərait və verdiyi dəstək bütün Azərbaycan gəncliyinə fəaliyyətlərini genişləndirmək üçün böyük stimul olmuşdur. Məhz bunun nəticəsidir ki, vətənimiz böyük qələbələr qazanaraq beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi edir.
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər də ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ölkəmizin müxtəlif sahələrdə qazandığı böyük uğurları, hüquqi dövlət və vətəndaş cəmiyyətinin demokratik dəyərlər əsasında inkişafını yüksək qiymətləndirir, əldə olunan nailiyyətləri ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edirlər.
Muxtar respublikanın gəncləri cənab İlham Əliyevin növbəti seçkilərdə prezidentliyə namizəd irəli sürülməsini böyük ruh yüksəkliyi ilə qarşılayır, cənab İlham Əliyevin simasında Azərbaycan xalqının firavan gələcəyinin qarantını görürlər. Çünki ulu öndərin xalqımıza əmanəti olan müstəqil Azərbaycana idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçi rəhbərlik etməlidir.
Naxçıvan
Muxtar Respublikasında yaşayan gənclər dövlət
başçısının apardığı daxili və
xarici siyasəti alqışlayır, ölkəmizin
bugünü və gələcəyi naminə aparılan
siyasətin davam etdirilməsini zəruri hesab edir,
qarşıdan gələn prezident seçkilərində cənab
İlham Əliyevin namizədliyini dəstəkləyir. Əminik
ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
altında müstəqil Azərbaycan dövləti növbəti
beş ildə də uğurlu inkişaf yolu keçərək
dünyanın inkişaf etmiş ölkələri
sırasında mövqeyini möhkəmləndirəcək,
xalqımızın rifah halının yüksəldilməsi
istiqamətində mühüm uğurlara imza atacaqdır.
Orxan QULİYEV,
Naxçıvan şəhəri, güləş
üzrə Avropa çempionatının bürünc
mükafatçısı
Azərbaycan.-2013.- 21 iyun.- S.6.