Bakıda IV Azərbaycan Beynəlxalq
sığorta forumu keçirilir
İyunun 20-də Bakıda IV Azərbaycan
Beynəlxalq sığorta forumu işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, Azərbaycan Sığortaçılar
Assosiasiyasının təşkilatçılığı,
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi
ilə keçirilən forumda 20-dən çox ölkənin
sığorta, təkrarsığorta və broker şirkətlərinin
200-dən çox nümayəndəsi iştirak edir.
Forumun
açılışında çıxış edən Azərbaycanın
maliyyə naziri Samir Şərifov son illər ölkədə
gedən sürətli iqtisadi inkişafdan və bu tərəqqinin
sığorta sahəsinə birbaşa təsirindən söz
açmışdır. Nazir Azərbaycan prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkədə sosial-iqtisadi tərəqqiyə
nail olunduğunu, yoxsulluğun səviyyəsinin
azaldığını, insanların sosial rifah halının
daha da yaxşılaşdığını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, Cənubi
Qafqazda hasil olunan ümumi daxili məhsulun 70 faizi Azərbaycanın
payına düşür. Azərbaycan iqtisadiyyatı
dünyanın 46 ən rəqabətədavamlı
iqtisadiyyatları sırasındadır. İqtisadi nailiyyətlərə
baxmayaraq, görüləcək işlər də
çoxdur.
S.Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə qarşıdakı 8-10 ildə Azərbaycanda qeyri-neft ümumi daxili məhsulun 2 dəfə artırılması, o cümlədən ölkədə sığorta bazarının daha da inkişafı, sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin və sığorta məhsullarının çeşidinin artırılması, təkrarsığortanın, həmçinin həyat sığortasının və tibbi sığortanın tətbiqinin genişləndirilməsi əsas hədəf kimi qarşıya qoyulmuşdur.
S.Şərifov qeyd etmişdir ki, son illərdə ən vacib məsələ sığorta bazarında prudensial nəzarətin gücləndirilməsi və konsolidasiya işləri olmuşdur. 2003-2012-ci illərdə sığorta şirkətlərinin minimum nizamnamə kapitalı 5 dəfə artmışdır. Bu müddətdə sığorta şirkətlərinin kapitallaşması 16 dəfə artmış - 18,4 milyon manatdan 300 milyon manata çatmışdır. Sığorta bazarının həcmi son 2 ildə 2 dəfə artmış və 2012-ci ildə 350 milyon avro təşkil etmişdir.
Nazir ölkəmizdə xüsusilə aqrar və səhiyyə sığortası ilə bağlı addımların atılmasının vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi qarşıya qoyulmuş məqsədlərdən biridir. Forumun Azərbaycanda sığorta sahəsinin inkişafına təkan verəcəyini bildirən S.Şərifov bu sahədə beynəlxalq münasibətlərin möhkəmləndirilməsinin və birgə fəaliyyətin əhəmiyyətini qeyd etmişdir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan sığorta bazarının tarixi və inkişaf səviyyəsindən, indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır.
Sonra aqrar və tibbi sığorta ilə bağlı təqdimatlar olmuşdur.
İki gün davam edəcək forumda Böyük Britaniya, Fransa, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, həmçinin bu ölkələrin milli sığorta ittifaqlarının və Dünya Bankının təmsilçiləri, eləcə də ölkəmizin ən aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Forum iştirakçıları "Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri", "Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrar sığorta həlləri", "Kənd təsərrüfatı sığortası-dövlət tənzimlənmələri və bazar reallıqları", "Tibbi sığorta-köhnə problemlərin yeni həlləri", "Avtomobil sığortası" mövzularında müzakirələr aparılacaqdır.
2008-ci
ildən etibarən keçirilən Azərbaycan Beynəlxalq
sığorta forumu - Qafqaz regionunda sığorta və təkrarsığorta
bazarlarına həsr olunmuş ən mühüm tədbir
olmaqla, sözügedən regionun ən vacib istiqamət və
perspektivlərini özündə əks etdirir.
Azərbaycan.- 2013.- 21 iyun.- S.5.